• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

Məhsəti Gəncəvi - 900

E-mail Çap PDF

 

mesheti_gencevi

Dünya ədəbiyyatı sivilizasiyasına Azərbaycan xalqının bəxş etdiyi orta əsr klassik şairlərinin ən uca zirvəsində duran xanımlar xanımı Məhsəti Gəncəvidir. Təsəvvür etmək çətin deyil ki, XI əsrdə dünyanın heç bir yerində bu qədər qüdrətli qadın şairəsinə rast gəlmək mümkün deyil. O, nəinki təkcə şairə, eyni zamanda ilk şahmatçı qadın, ədibə, musiqiçi və müəllimə kimi tarixə düşmüşdür. Onu demək yerinə düşər ki, Məhsəti Gəncəvi Azərbaycan intibahın yetişdirdiyi ən dəyərli sənətkarlarından biridir. Bu dövrdə yetişən Əbu-Üla Gəncəvi, Xaqani Şirvani, Fələki və Nizami Gəncəvi kimi söz ustadları yer almışlar. İntibahın bu dahilərin yetişməsində rolu olduğu qədər, onların da intibahın özünə verdiyi tövhələr göz qarşısındadır. Bu dövr Gəncə şəhərinin inkişafı və onun ipək yolu ticarət qovşağı olması ilə də səciyyəvidir. Bu şəhərdə sənətkarlıq və elm xüsusi bir yüksəlişdə olmuşdur.

Məhsəti xanım Gəncəviyə gəldikdə isə onu qeyd etmək lazımdır ki, o dövrün tam mənzərəsi barədə məlumatlar azdır. Məhsətinin həyat və yaradıcılığı haqda da elə mükəmməl məlumat yoxdur. Lakin ayrı-ayrı mənbələrdə və müxtəlif təzkirəçilərin yazdıqlarından müəyyən bilgilər almaq olar. Bu baxımdan bütün mövcud yazıları nəzərdən keçirmək məqsədə müvafiq hesab edilməlidir. XX əsrdə Nigar Rəfibəyli Məhsəti Gəncəvi rütbələrini 5 dəfə Azərbaycan dilində çap etdirmişdir.

Azərbaycan mənbələrinə istinad etsək, ilk öncə Firudin bəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi kitabı I cild və Həmid Araslının Azərbaycan ədəbiyyat tarixi və problemləri kitabı, eyni zamanda R.Hüseynovun “Məhsəti necə varsa” monoqrafiyası üzərində dayanmaq daha etibarlı olardı. Əsas odur ki, Məhsəti xanımın 1088-ci ildə Gəncədə anadan olduğu öz təsdiqini tapır. Azərbaycan alimləri içərisində Məhsəti xanım haqqında ən geniş məlumatı R.Hüseynov vermişdir. Rəfael müəllim onun farsca yazdığı bütün məlumatları dilimizə tərcümə etmiş və 245 mənbədən istifadə edərək elmi şəkildə Məhsəti Gəncəvi yaradıcılığını açmağa çalışmışdır. Lakin böyük İran alimi Taheri Şəhabın Tehranda dərc etdiyi Məhsəti Gəncəviyə həsr etdiyi kitab daha çox diqqəti cəlb edir. Belə ki, müəllifin əsərində bütün Şərq təzkirəçiləri və Avropa-rus alimlərinin elmi fikirləri Məhsəti həyat və yaradıcılığını əks etdirən nə varsa toplamışdır. Bizcə, Azərbaycan oxucusu üçün bu daha böyük marağa səbəb ola bilər.

Yazdığımız məqalə Məhsəti Gəncəvi - 900 yubiley xarakterli olduğu üçün istifadə olunmuş ədəbiyyat məqalənin sonunda göstərilmişdir.

Şəhab Taheri: Məhsəti Gəncəvi barəsində bir neçə söz.

Dünya ədəbiyyatının qadın şairlərindən bəhs edərkən öncə gözümüzün önündə fars dilli ədəbiyyatın ən parlaq nümayəndəsi Məhsəti xanım Gəncəvi dayanır. Məhsəti xanım buludlardan damlayan bir mirvari damcısıdır. O, yerdə Gülüstanın ən gözəl gülü kimi ətir saçmışdır. Məhsəti hicri tarixinin VI əsrində təsadüf edən söz ustasıdır. O, şeirlə bərabər musiqi sahəsində də poeziya məclislərini bəzəyirdi.

Ustad Səid Nəfisi: Məhsəti İran-İslam şair aləminin ən parlaq simasıdır. O dövrdə Şərq qadınları ancaq çadra altında olduqları halda, məhz Məhsəti xanım bunu atıb açıq söz deməyə cəsarət etmişdir. Maraqlıdır ki, Avropa qadınları o dövrdə kişilərlə yan-yana otursalar da cürət tapıb şeir deməyə cəsarət edə bilməmişlər.

Məhəmməd Həsən xan: fars dilində Məhsəti kimi hələ şeir yazan bir xanıma rast gəlməmişəm. Doğurdanda bu qadının fitri istedadı hamını heyrətə salır.

Dövlətşah Səmərqəndi: Öz təkirəsində Sultan Səncər Səlcuqi sarayında şeir söyləyən ilk qadın Məhsəti olduğunu yazır. Məhsəti xanım hətta kişi şairlərindən heç də geri qalmırdı.

Lütfəli Bəy Azər: Məhsəti bütün şeir dərnəklərində iştirak edir, bəzən sırf Gəncə qadınları məclislərinə qatılırdı. O, Gəncə xətibinin oğlu Tacəddin Əmir Əhmədin məşuqəsi olmuşdur.

Şeyx Nizami Gəncəvi də onlarla əsər yazmışdır, ancaq təəssüf ki, bu əsər bizə gəlib çıxmamışdır.

İsmayıl Əmir Xızı Təbrizi: Nizaminin Məhsətiyə həsr etdiyi kitab olmuşdur. Bu əsər 185 rübaidən ibarət olmuşdur. Burada Məhsətinin də 110 rübaisi toplanmışdır. Görünür Nizami, Məhsəti və Əmir Əhməd deyişməsini oxuyubmuş.

Həmdulla Mostufi: “Özünün seçilmiş tarix” kitabında Məhsəti rübailərindən söhbət açır. Onlardan bəzilərinin mahiyyətini açmağa çalışır.

Məhsətinin dövrü və həyatı necə idi? 

Məhsəti Gəncədə doğulmuşdur. Onun həyatı haqqında çox az məlumat var. Ancaq təzkirələrdə bəzi məqamlara toxunulur. Bizim də bunlarla kifayətlənməkdən başqa yolumuz yoxdur. Yazılanlara görə o, 14 yaşında 14 gecəlik ay kimi öz gözəlliyi ilə seçilir və şeirlərini yazmağa başlayır. Onun rübailəri çox şirin və qadın incəliyi ilə seçilir.

Məhsəti nə deməkdir?

Şairənin adının mənası haqqında müxtəlif fikirlər vardır. Mir Abbas Mir Bağırzadə yazır ki, onun mənası Mənicə və ya Mənijədir (şən şaqraq) deməkdir. Rəşid Yasəmiyə görə bu ad mürəkkəb söz olub “ən böyük varlıq” deməkdir.

Məhsəti dövrü və onun səciyyəsi.

Məhsətinin atası Gəncə ruhanilərinin biri olmuşdur. O, qızını dörd yaşında məktəbə göndərmişdir. Bu, Məhsətinin istedadlı olduğunun göstəricisidir. O, 10 yaşına qədər təhsil görür, Məhsəti bu məktəbdə musiqi təhsili alır, gözəl ud və çəng çalır. Digər tərəfdən gözəl nəğmələr oxuyur. Bununla bərabər rəqs etməyi də bilirdi. 12 yaşında atasını itirir. Anası ilə qalan Məhsəti məclislərə gedir və istedadı ilə diqqəti cəlb edir. Gəncə hakimi Məhsətini öz sarayına dəvət edir. Sultan Mahmud Məhsətiyə 3 buynuzdan şərab içməyi təklif edir. Məhsəti 2 buynuz şərab içib üçüncünü isə içə bilməyib dayanır. Şah deyir ki, nə üçün içmirsən? Məhsəti cavabında öküzün 2 buynuzu olar, mən də sizin əmrinizi yerinə yetirdim. Şah bu cavaba heyran qalır.

Əli Quyəm yazır ki, Məhsəti 28 yaşına çatanda əsrarəngiz gözəlliyə malik idi. Göz, kiprik, qamət, xurmayi saçları, qonçə dəhanı, qəmzəsi isə afəti – can idi.

Məhsətinin eşq məcarası Əhməd Əmirlə olmuşdur. Elə bunun bariz nümunəsi kimi onlar arasındakı deyişmələri bir divan olmuş və hazırda AMEA Füzuli adına əlyazmalar fondunda saxlanılır.

Məhsətinin cəsədi və qəbri haqqında bir neçə məlumat.

Bu barədə Mir Abbas Mir Bağırzadə yazır ki, (“Yeni fikir” qəzeti 256-cı nömrə 25 noyabr 1923-cü il) 1922-ci ildə bir dəfn komissiyası Nizami Gəncəvini yenidən dəfn etmək istəyirlər. Buraya Mirzə Məhəmməd Axundzadə, Cavad Bəy Rəfibəyov və Mir Kazım Mir Süleymanzadə daxil idi. Onlar Nizami cəsədini şəhərin xiyabanlıq hissəsində Şah Abbas məscidinə gətirmək və orada dəfn etmək istəmişlər. Yığılan şəhər əhalisinin pulundan bir qəbir inşa etmək istəmişlər. Lakin ruslar onu müayinə etmək bəhanəsiylə Sankt-Peterburqa aparmışlar. Nizaminin yanındakı Şeyx düzündəki ikinci qəbr isə Məhsəti olduğu güman edilir. Ustad V.Dəstgerdi isə o qəbrin Afaqa aid olduğunu söyləyir. Bəlkə Nizami Afaqı çox sevdiyi üçün öz vəsiyyətinə görə öz qadınının yanında dəfn edilmişdir. Hər halda tarix hələ öz sözünü deməmişdir. Deyilənlərə görə, Məhsətinin öz divanı olmuşdur. Bundan əlavə bütün Şərq şairlərinə xas olan məsnəvi, qəzəl, qəsidə və s. şeirləri də yox deyildir. Bizə gəlib çatan onun 200 rübaisidir ki, bu da şairə xanımımız haqqında, onun fəlsəfi fikir aləmi barədə çox mətləblərdən xəbər verir.

Məhsəti xanım məşhur İran şairi Ömər Xəyyamla bir dövrdə yaşamış və hər ikisi rübai ustadı kimi tanınmışlar. Məhsətinin qadın və Xəyyamdan bir qədər əvvəl yazdığını nəzərə alsaq, onda onun bir böyük məktəb qoyub getdiyinə heç bir şübhə yeri qalmır. Hər iki böyük sənətkardan bir neçə rübai misal gətirərək onların fəlsəfi fikirlərini anlamaq bizim üçün maraqlı olar.

Məhsəti xanımdan nümunələr:

Hicrinlə çəkdiyim qəmlərdən dünən,

Dost kimi ağladı halına düşmən.

Eşqindən o qədər nalə çəkdim ki,

Şam da əhvalına yandı ürəkdən.

 

Məni yerə yıxıb o qəssab kəsdi,

Dedi: güman etmə bu, son nəfəsdi.

Düşüb ayağıma o, üzr istədi,

Demə, ayağımdan soymaqmış qəsdi.

 

Hünərin səfası acıdır madəm,

Odur ki, hünəri içmir bir adam.

Alçaq insanların cəhalət odu,

Hünəri küləyə vermişdir tamam.

 

Ömər Xəyyam rübailərdən seçmələr:

Bilinməz nə vaxtdan hərlənir bu tas,

Nə vaxt pozulacaq bu gözəl əsas?

Belə incə mətləbləri əzizi-mən,

Insan ağlı ilə dərk etmək olmaz.

 

Əlimdə  olsaydı əgər iqtidar,

Bu qədim dünyanı kökündən yıxar,

Yenidən elə bir aləm qurardım,

Ki, hamı yaşardı azad, bəxtiyar.

 

Ruhuma aynadır yanağın sənin,

Gözümə sürmədir dodağın sənin,

Deyərdim gözümün üstündən yeri,

Qorxuram inciyə ayağın sənin.

 

Məhsəti və Xəyyam kimi böyük dahilər ancaq belə yaza bilərlər. Xəyyam sonda oxucusunu yormamaq üçün deyir:

“Dünyaya gəlməyimdən olmadısa xeyir ,

Mən dünyadan gedirəm, ziyan ha deyil?!”

Yox, gözəl Məhsəti və həkim Xəyyam!

Siz indi də, gələcəkdə də bəşəriyyətə lazımsınız.

Çatır qaşlarını xəyala dalır,

Siz gəncləşirsiniz, tarix qocalır...

 İstifadə olunmuş ədəbiyyatlar:

  1. Azərbaycan Ədəbiyyatı tarixi, Bakı, Elm 2007, II cild, 630 səh.
  2. Köçərli F. Azərbaycan Ədəbiyyatı tarixi, Bakı, 1984 I cild, 346 səh.
  3. Dünya uşaq ədəbiyyatı, Bakı, 1987, 323-353 səh.
  4. Araslı H. Azərbaycan ədəbiyyatı tarixi və problemləri, Bakı 1998, 77-82 səh.
  5. Rəfibəyli N. Məhsəti rübailəri, Bakı, 1940, 60 səh.
  6. Sultanov M. Rübailər aləmində, Bakı, 1989, 18–40 səh.
  7. Hüseynov R. Məhsəti Gəncəvi rübailəri, farsca, Bakı, 1985, 191 səh.
  8. Hüseynov R. Məhsəti necə varsa , Bakı 1989, 334 səh.
  9. Yusifli X. Məhsəti Gəncəvi, Bakı, 1984, 197 səh.
  10. Pişnamazzadə S. Məhsəti Gəncəvi, “Gəncənin səsi” Gəncə , 18 yanvar 2013
  11. Nağısoylu M. Məhsəti Gəncəvi əlyazmalarda, “Ədəbiyyat qəzeti” Bakı , 30 noyabr 2012.
  12. Əlibəyli Ş. Məhsəti Gəncəvinin dil xüsusiyyətləri, Bakı, 2012, 28 səh.
  13. Məcmulye şüəra, ərəb, fars, türkcə, Tehran, 1236, 276 səh.
  14. Məhsəti divanı, farsca 123 səh. Əlyazma.
  15. Məhsəti Gəncəvi və Əmir Əhməd divanı, 326 səh. əlyazma.
  16. Taheri Şəhab, Divane Məhsəti Gəncəvi, Tehran, 1336, 88 səh. 418 beyt.
  17. Bertels Y. Nizami və Füzuli, Moskva  1963, 77-81 səh.
  18. Yan Ripka, Məhsəti Gəncəvi, Praqa, 1967, 40 səh.
  19. Frist Meyer, gözəl Məhsəti, Visbaden, 1963, 165 səh.

 

Ağamirov Cahan Mirbaba oğlu

GDU-nun baş müəllimi

 

DİFAİ (Sənədli film)

E-mail Çap PDF

“Difai” sənədli-filmi ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlu və həmfikirləri tərəfindən yaradılan eyniadlı partiyanın fəaliyyətindən bəhs edir. Film XX  əsrin əvvəllərində azərbaycan türklərinin “Daşnaksütyun” partiyası, eləcə də onların çar Rusiyasında olan havadarlarına qarşı apardıqları mübarizədən danışır.

Filmin müəllifi Ayaz Əbülfəzoğlu, rejissoru Çinarə Hüseynzadə, elmi məsləhətçi Vüqar Həsənbəyli, quruluşçu operatoru Fuad Qulizadə, montajçı, dizayner isə Məhəmməd Hətəmli və Azər Nofəloğludur.

Film 2011-ci ildə Kəpəz TV-nin Sənədli-Filmlər redaksiyasında hazırlanmışdır.

 

Həsənov Nemət Arif oğlu

E-mail Çap PDF

 

Şəhidlər ölməz, Vətən bölünməz!

Nemət Arif oğlu Həsənov 1974-cü il may ayının 6-da Gəncə şəhərində anadan olmuşdur. Lap uşaq yaşlarından öz sakit və mülayim xasiyyəti ilə dostlarının sevimlisinə çevrilən Nemət Həsənov 4 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra ailə vəziyyətinə görə işləməyə məcbur olmuşdur. Kiçik yaşından ataları atıb getmiş və ana, 2 qardaş və bir bacının yükü Nemətin üzərinə düşmüşdür.
Cəbhədə şiddətli döyüşlər gedən bir vaxtda Nemət də 1992-ci ildə ordu sıralarına çağırılmış və Naxçıvanda N saylı hərbi hissədə xidmət etmişdir. Həmin vaxtlar Naxçıvanın sərhədlərində vəziyyət həddindən artıq ağır idi. Nemət Həsənov bir neçə döyüş əməliyyatında iştirak etmiş, igid kəşfiyyatçı kimi tanınmışdır. Həsənov Nemət 1994-cü ildə Sədərəkdə qəhrəmancasına şəhid olmuşdur.

“N” saylı hərbi hissənin komandiri Elşad Nağıyevin Nemətin valideynlərinə göndərdiyi məktub:

“ Hörmətli Güllü və Arif Həsənovlar. Sizin oğlunuz Həsənov Nemət Arif oğlu “N” saylı hərbi hissədə 5 sentyabr 1992-ci ildən 27 may 1994-cü ilədək xidmət etdiyi müddətdə özünü ancaq müsbət cəhətlərlə, nizam-intizamlı, əmrlərə tabe olan bir əsgər kimi göstərmişdir.Verilən tapşırıqları vaxtlı-vaxtında və keyfiyyətli yerinə yetirirdi. Öz tabeliyində olan əsgərlərə həmişə nümunə olmuş və hərbi xidmətində fərqlənmişdir. Zabit və gizirlərin hörmətini qazanmışdır. 1994-cü il 27 may tarixində 36 nəfərdən ibarət olan tağımla öz döyüş mövqelərində cəsarətlə və mərdliklə durarkən 400-450 nəfərə yaxın rus və erməni birləşmələrindən olan qoşunun hücumunun qabağını alaraq düşmənin çoxlu canlı qüvvəsini məhv edərək öz döyüş yoldaşlarının mühasirədən çıxarılmasına köməklik göstərmiş, 5 nəfər yoldaşı ilə bərabər yaralanmış və düşmən əlinə sağ keçməsin deyə özünü məhv etdikdən sonra meyidi düşmən əlinə keçmişdir. Naxçıvan MR Ali Məclisinin və komandanlığın köməkliyi ilə gün yarımdan sonra şəhidlərin cəsədi geri qaytarılmışdır.
Hərbi hissənin komandanlığı Sizin kədərinizə qoşularaq dərin hüznlə başsağlığı verir ”.

Yuxarıdakı baş-sağlığını imzalamış hissə komandiri polkovnik-leytenant Elşad Nağıyev də artıq bu gün yoxdur. O, Sədərək döyüş bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur.

 

Qafarov Elxan Aydın oğlu

E-mail Çap PDF

Şəhidlər Ölməz, Vətən bölünməz!

Elxan Aydın oğlu Qafarov 1962-ci il may ayının 21-də Gəncə şəhərində anadan olmuşdur. 1975-ci ildə Gəncə şəhər 25 saylı orta məktəbi başa vurmuş və 1979-cu ildə Hərbi komissarlıq tərəfindən avtomobil sürücülüyü məktəbinə göndərilmişdir. 1980-ci ilin noyabr ayından 1982-ci ilin noyabr ayına qədər Sovet ordusu sıralarında qulluq etmiş, 1987-ci ildən Orta Asiya respublikalarında neft-qaz kəmərləri idarəsində işləmişdir. 
Elxan Qafarov 1987-ci ildə Vətənə qayıtmış, qaçqınlar cəmiyyətinin nəzdində olan “Şəhriyar” kooperativində işləmişdir.
Qarabağda gedən döyüşlərdən gələn acı xəbərlərə dözməyən Elxan Qafarov 1992-ci ilin martında könüllü olaraq ordu sıralarına yazılmışdı. Elxan Gəncə şəhərində Hərbi Polisdə xidmətə başlamış, Todan, Tərtər və digər bölgələrdə gedən əməliyyatlarda da iştirak etmişdir. Lakin Elxanın döyüş yolu çox qısa olmuşdur. 
1992-ci ilin aprel ayının 22-də Gəncə yaxınlığında yerləşən Zazalı hərbi bazasında baş verən şiddətli atışmada Elxan Qafarov qəhrəmancasına şəhid olmuşdur.
Beləki, Elxan Aydın oğlu həmin əməliyyatda rus hərbi qüvvələrinə məxsus vertolyotdan atılan mərminin qəlpəsindən ağır yaralanmış, daha sonra düşmənin atdığı güllə yarasından həlak olmuşdur. Mərhum 3 uşaq atası idi. Qəbri Gəncənin "Şəhidlər Xiyabanında"dır.

 

Gəncədə sənətkarlıq və Nizami Gəncəvi

E-mail Çap PDF

 

 

 

Vahid Zaman oğlu Əliyev

E-mail Çap PDF

 

Fotoqraf Vahid

_Vahid_Zaman_olu_liyev

Əliyev Vahid Zaman oğlu 1955-ci il mart ayının 5-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olmuşdur. 1972-ci ildə Zəyəm qəsəbə kənd orta məktəbini bitirmişdir. Elə həmin ilin oktyabr ayında Zəyəm qəsəbə Kənd-Təsərrüfatı Maşınqayırma Zavodunda əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildə Azərbaycan Kommunist Partiyasının sıralarına qəbul olunmuşdur. V.Əliyev 1974-cü ildə Sumqayıt Kimya-Texnologiya Texnikumuna qəbul olunmuşdur. Texnikumda təhsil almaqla yanaşı Sumqayıt Kimya Birliyi Müəssisəsinin nəzdindəki Təmir Zavodunda çalışmışdır. Vahid Əliyev 29 noyabr 1974-cü ildən 1976-cı ilin dekabr ayına qədər Uzaq Şərqdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Vətənə qayıdan V.Əliyev Texnikumda və işlədiyi müəssisədə fəaliyyətini davam etdirmişdir. 1977-ci ilin aprel ayından 1978-ci ilin aprel ayına qədər çalışdığı müəssisədə partiya təşkilatının katibi olmuşdur.

Vahid Əliyev Texnikumda təhsilini başa vurduqdan sonra müəyyən səbəblərə görə Rusiyanın Orenburq vilayətinə getmişdir. Və Orenburqda bir müddət müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1982-ci ildə vətənə dönən Vahid Əliyev elə həmin ili ailə həyatı qurmuşdur. V.Əliyev 1982-ci ildə ilk öncə Gəncə şəhər Tikinti İdarəsində, sonra Gəncə şəhər Çini qablar Zavodunda çalışmışdır.

Vahid Əliyev 1985-ci ilin aprel ayının 20-də Gəncə şəhər Nizami rayon Hərbi Komissarlığının göndərişi ilə Özbəkistan Respublikasının Səmərqənd şəhərində Gizirlər məktəbində oxumuşdur. Gizirlər məktəbini bitirdikdən sonra 1985-ci ilin noyabr ayında hərbi xidməti davam etdirmək üçün Çexiya Respublikasının Praqa şəhərinə təyinatla göndərilmişdir.

Vahid Əliyev 1990-cı ilin dekabr ayında öz yazılı xahişi ilə Çexiyadan Qafqaz Hərbi Dairəsinə təyinat almışdır. Və 1991-ci ildə V.Əliyev Gəncə şəhərində yerləşən 23-cü diviziyanın tərkibində hərbi xidmətini davam etdirmişdir.

_Vahid_Zaman_olu_liyev_2

Sovet İmperiyası süqut etdikdən sonra Azərbaycanın Milli Ordusu yaranmağa başlandı. Və Vahid Əliyev də hərbi xidmətini Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə davam etdirir.

Vahid Əliyev Gəncə şəhərində xidmət etdiyi N saylı hərbi hissənin tərkibində 1993-cü ilin fevral ayından Ağdərə, Dronbon (Sərsəng Su anbarı) əməliyyatında, 1993-cü ilin aprel ayında Murovdağda yerləşən Güzgü deyilən yüksəklik uğrunda, 1993-cü ilin oktyabr ayında Tərtər istiqamətində yerləşən Talış kəndi, Madaqez yüksəkliyi ümumiyyətlə Tərtərin bir çox istiqamətlər uğrunda gedən döyüşlərində, 1994-cü ildə isə Goranboy ərazisində yerləşən Gülüstan, Qaranlıq Meşə deyilən yüksəklikdə uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına vuruşmuşdur.

Müharibədə Fotoqraf Vahid ləqəbi ilə tanınan Vahid Zaman oğlu Əliyev müharibədən sonra Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə qulluq etmişdir.

Vahid Əliyev 05 iyun 2000-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə təqaüdə çıxmışdır. Müharibə veteranı olan V.Əliyev hazırda ehtiyatda qalan zabitdir. Ailəlidir. Beş övladı, 2 nəvəsi var.

 

Toponimlər (Gəncə)

E-mail Çap PDF
 

Şeyx Nizami Gəncəvi türbəsi

E-mail Çap PDF

 

Nizami_turbe

Nizami_turbe_2

Nizami_turbe_3

Nizami_turbe_4

 

“Nizami Gəncəvi irsinin dünya ədəbiyyatına təsiri”

E-mail Çap PDF

 

 “Nizami Gəncəvi irsinin dünya ədəbiyyatına təsiri”

nizami_turbe

Şərq poeziyasının ecazkar qüvvəsi, onun müdrikliyindən söz düşəndə ilk növbədə dünya şeriyyatının aytək parlayan, günəştək nur saçan dahi Azərbaycan şairi Nizami Gəncəvi göz önünə gəlir. O hələ sağlığında özünə şeirdən əbədi bir mücəssəmə qoymuşdur. Ondan sonra yazıb-yaradan böyük sənətkarların hamısı Nizamini özlərinə müəllim, ustad kimi qəbul etmişlər.
Nizami şeriyyatı elə bir yüksək zirvəyə qaldırılmışdır ki, Azərbaycan ədəbiyyatında ondan 200 il sonra Nəsimi şair olaraq özünü biruzə vermişdir. Füzuli qədər əzəmətli şair ancaq 400 ildən sonra meydana çıxmışdır. Nizami, xalqımızı BMT-də YUNESKO xətti ilə tanıdan ilk şəxs olduğuna görə biz ona həmişə minnətdar olmalıyıq.
Şairin özü demişkən:
“Mənim xəzinəm var, “Məxzənül-əsrar”,
Boş sözlər deməyin nə mənası var?
Şeirlə ucalmaq umma dünyada,
Nizamiylə gəldi; onunla getdi o da.”
Nəzərə alsaq ki, Nizami dövründə yaşayıb-yaratmaq və hətta ondan da əvvəlki dövrdə yaşayan şairlərdən Əbü-Üla Gəncəvi, Məhsəti Gəncəvi, Qəvam Gəncəvi və Xaqani Şirvani kimi dövrünün tanınmış və görkəmli sənətkarları nəinki Nizaminin səviyyəsinə çatmamış, bəlkə də Nizami istedadı qarşısında lazımınca yüksələ bilməmişlər. Əgər bu şairlər ayrı-ayrı əsrlərdə yaşasaydılar, bəlkə də daha məşhur ola bilərdilər. Nizamidən çox sonralar yazıb-yaradan şairlərin dedikləri də elə bunu göstərir. Onlardan bəzilərinin Nizami barədəki fikirlərini bilmək bizim üçün maraqlı olardı.
Böyük Əmir Xosrov Dəhləvi fikrini belə izah edir:
“Nizami hər sözü demiş birinci,
Qoymamış cilasız qala bir inci.”
Tanınmış özbək şairi Əlişir Nəvai yazır ki, yer kürəsi daş, göylər də tərəzi olsa, yenə Nizami vəznini çəkə bilməz.
Nizamişünas rus alimi, akademik Bertels Nizamiyə belə qiymət vermişdir: “Nizami, bəşəriyyətin min illərlə düşünüb arzuladığı azadlıq, bərabərlik, sülh, demokratiya, humanizm, qadın azadlığı, əmək vasitəsiylə yüksəliş, doğru-düzgünlük haqqında hamıdan əvvəl və müfəssəl məlumat vermişdir. Biz daha ondan nə istəyə bilərik?”
Avropanın ən nəhəng filosof şairlərindən biri sayılan Hote, Nizamini poeziyanın allahı adlandırmışdır.
Bəs nə üçün Nizami bu qədər yüksələ bilmişdir? Əvvəla ona görə ki, o, dövrünün bütün elmlərini şeirə gətirmiş, ədalət və bəşəri hissləri tərənnüm etmiş, ən əsası insana hörmət və humanizm ideyalarını öz ölməz “Xəmsə”sində açıb göstərməyə nail olmuşdur. Digər tərəfdən dahi şairin rəvan dili və onun şairlik qabiliyyəti buna rəvac vermişdir. Heç şübhəsiz ki, nə özündən əvvəlki sələfləri, nə də ondan sonrakı xələflərinin heç biri hələ sağlığında “Dahi”, “Mütəfəkkir”, ”Filosof”, “Həkim” və “Şeyx” kimi ali titulları ala bilməmişdir.
Doğrudan da dünyanın bütün sirlərini açan, “Sirlər xəzinəsi” yaradan şair, bəşəriyyətin sevgi, eşq, mehr, məhəbbət tələbatın ödəmək üçün “Xosrov və Şirin” dastanı yazmaqla belə bir ülviyyətin gərəkli olduğunu vurğulayır. Şərq qadınının dəyanəti, sevgiyə sadiqliyi, onun bütün mərhumiyyətlərə dözməsi məhz “Leyli və Məcnun” əsərində öz təcəssümünü tapır. Nizami özü demişkən indi o, bir yerdə qala bilməzdi, ona görə də atını dünyanın yeddi məşhur ölkəsinə çaparaq “Yeddi gözəl” yaratdı. İndi söz meydanında toppuzunu möhkəm vuraraq öz fəlsəfi fikirlərini “İsgəndərnamə”də demiş olsun.
Yuxarıda göstərdiyimiz meyarlara əsasən böyük iftixar hissi ilə deyə bilərik ki, Nizami bu göstəricilərinə görə təkcə Azərbaycan xalqının deyil, ümumbəşəri şair olaraq bəşəriyyətin qəbul etdiyi bir simadır. Onun hər misrasından qopan öyüd və nəsihətləri bəşər övladı canlandıqca həmişəyaşıl ağacı kimi əbədi yaşayacaqdır.
Azərbaycan Nizamişünaslığından danışarkən qeyd etmək yerinə düşər ki, bu məsələ XX əsrin əvvəllərindən başlanmışdı. Bu cəhətdən M.M.Axundzadənin “Şeyx Nizaminin qəbri (Gəncə, 1909), F.B.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixinin materialları” (Bakı, 1925) kitabları diqqəti çəkir. Zaman keçdikcə Nizami yaradıcılığına maraq artır. Belə ki, M.Rəfilinin “Nizami yaradıcılığı“ əsəri bu sahədə Nizamiyə elmi yanaşmanın əsasını qoymuş olur. İlk dəfə Şərqdə Demokratik Cümhuriyyətin banisi M.Ə.Rəsulzadənin yazdığı “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” şairin həyat və yaradıcılığını öyrənmək baxımından çox faydalıdır. Əsası odur ki, M.Ə.Rəsulzadə cənabları Nizamiyə Türklük-Azərbaycançılıq prizmasıyla yanaşmışdır. XX əsrin II yarısından etibarən Nizaminin həyat və yaradıcılığını öyrənmək daha kütləvi şəkil almağa başladı. Bu xüsusda dahi şairimizin 800 və 850 illik yubileylərini əhatə etdiyindən buna dövlət səviyyəsində diqqət daha da artırıldı.
Təkcə onu demək kifayətdir ki, ulu öndər Heydər Əliyev 1979 və 1981-ci illərdə iki böyük fərman imzalayıb Nizami xəmsəsinin yeni tərcümələri üçün sərəncam vermişdir. Bu illərdə H.Araslı, Q.Əliyev, R.Əliyev, A.Rüstəmova, V.Arzumanlı və başqalarının Nizami haqqında daha ciddi işlərə imza atmaları özünü açıq şəkildə göstərmişdir. Lakin demək olmaz ki, bu bitməz-tükənməz xəzinədə hər şey yazılıb deyilmişdir. Fikrimizdə, yeni Nizamişünasların yetişdirilməsi vaxtı gəlib çatmışdır. Əlbəttə, çalışmaq lazımdır.
Ümumiyyətlə, Azərbaycan Nizamişünaslığı şərti olaraq üç mərhələyə bölünür.
1. XX əsrə qədərki dövr.
2. XX əsrin 40-50-ci illərini əhatə edən dövr.
3. Son dövr.
Bu illər ərzində Nizami yaradıcılığı ilə məşğul olan şair, yazıçı, tərcüməçi, alim kifayət qədər olmuşdur. Lakin bunların hamısına “Nizamişünas” demək doğru olmazdı. Dünya təcrübəsi onu göstərir ki, yalnız bu işlə şərqşünaslar məşğul olsalar, istənilən nəticəni almaq mümkündür. Hər şeydən əvvəl fars dilini nəinki yaxşı, mükəmməl bilmək gərəkdir. Azərbaycanca tərcümədən oxunan Nizami orjinal deyilsə “suyunun suyunun suyudur”. İndiyə qədər olunan tərcümələrdə nöqsanlar kifayət qədərdir. Bir neçə fakta nəzər salaq. “Sultan Səncər və qərarı” əslində orjinalda “qoca dul qadındır”. Bizim Nizamini təhrif etməyə haqqımız yoxdur. Bir beyti nəzərdən keçirək:
“Məndən söyləməkdir, səndən eşitmək,
Bir insan əliboş qalmasın gərək.”
Burada da “eşitmək” feli ümumiyyətlə orjinalda yoxdur. Əslində “iş görmək“dir. Bəli, Nizami yaxşı bilirdi ki, hər eşidilən sözə əməl olunmaz. Digər tərəfdən belə tərcümələr şeirin məntiqini pozur. Yenə demək istəyirəm ki, biz Nizamidən dəfələrcə az bildiyimiz üçün, onun məntiqini poza bilmərik.
Daha bir beyti nəzərdən qaçırmayaq:
“Konun bər bosəte soxənpərvəri,
Zənəm kus eqbale-Eskəndəri” (farsca).
Tərcüməsi: İndi kəlmələrdən bir büsat qurum,
Söz toppuzumu İskəndər inqilabına vurum.
Tərcümədə toppuz sözü təbil kimi verilmişdir. Görəsən Nizami nə vaxtdan təbil vuran olmuşdur? Bunların sayını artırmaq olar. Lakin belə düşünürəm ki, Nizami xəmsəsinin yeni, daha orjinal tərcüməyə ehtiyacı vardır. Çünki, respublikamızda kifayət qədər şərqşünaslar var ki, bu işin öhdəsindən layiqincə gələ bilərlər.
Şərq ədəbiyyatına Nizami Gəncəvinin təsir qüvvəsi daha bariz şəkildə özünü göstərir. Təkcə onu demək kifayətdir ki, yüzdən artıq şair Xəmsə yaratmağa çalışsa da, Nizamiyə çatmamışlar. Bunların içərisində böyük özbək şairi Əlişir Nəvainin türkcə (özbək türkcəsi) yazdığı Xəmsə qənaətbəxşdir. Ə.Nəvai dönə-dönə Nizamini özünə layiqli müəllim hesab edir. Onu qeyd etmək yerinə düşər ki, Şərqdə böyüklü-kiçikli 400-dən artıq “Leyli və Məcnun“ adlı dastan, hekayə və məqalə yazılmışdır. Bu da Nizami təsirini aydın şəkildə göstərir.
İran ədəbiyyatşünaslığında elə bir şair, yazıçı, ədəbiyyat tədbirlərində məruzəçiyə rast gəlinməz ki, Nizamidən söz açmasın. Onu demək kifayətdir ki, indiyə qədər 500 nəfərdən çox alim Nizami yaradıcılığına baş vurmuş, onun xəmsəsinin ingilis dilində dünyaya yayılmasına nail olmuşdur. Hazırda şairin 900 illik yubileyinə hazırlıq işləri gedir. Biz də öz tövhəmizi verməliyik.
Nizaminin dünya ədəbiyyatına təsirindən bəhs edərkən Qərb ölkələri özəl bir yer tutur. Şairin ümumbəşəri ideyalarından xəbərdar olan Avropa ölkələri Nizaminin humanizmi və demokratik düşüncələrindən aparıcı dövlətlərinin diqqətini dahi Azərbaycan şairi Nizaminin çəkməsi bu ölkələrin şərqşünaslarının payına düşür.

nizami_mezar
Nizami Gəncəvi ingilis şərqşünaslığında
Dünya şərqşünaslıq elmində ingilis şərqşünaslarının xüsusi yeri vardır. İngilislər Nizami irsinə dərindən maraq göstərməklə Şərq aləminə pəncərə açmışlar. “Kəlilə və Dimnə”, “Min bir gecə” kimi əfsanələr ingilisləri Firdovsi, Xəyyam, Sədi ilə yanaşı Nizamini öyrənmək təbii bir hal olaraq qəbul edilmişdir. XVII əsrdən başlayaraq Şərq ədəbiyyatı və onun böyük simalarına maraq daha da artır. Şərqşünas Krımskinin yazdığına görə Nizaminin “Leyli və Məcnun” poeması Şeksprin “Romeo və Cülyetta“ əsərində öz təsirini göstərir.
İngilis şərqşünası Blend ilk olaraq Nizami xəmsəsini tərcümə edib, onu öz xalqına təqdim etmişdir. Tanınmış ingilis şərqşünasları S.Robinson, E.Broun, A.Arberi, C.Malkolm və başqaları Nizami irsinə xeyli əsərlər yazmışlar. İngilis dilində danışan nəhəng Amerika dövləti XIX əsrin sonundan başlayaraq şərqşünasların köməyi ilə Nizami yaradıcılığına bələd olmuş, ondan faydalanmağa çalışmışlar. Amerikanın bütün universitetlərində Nizami irsinə dair xeyli işlər görülmüşdür. 1975-ci ildə P.Çelkovski “Gözəgörünməz dünyanın güzgüsü Nizami” əsərini Nyu-Yorkda çap etdirmişdir.
Nizami Gəncəvi alman şərqşünaslığında
Azərbaycan-Alman mədəni əlaqələrinin inkişafında Nizami Gəncəvinin özəl rolu vardır. Dünya klassikinin öyrənilməsində alman şərqşünaslarının əməyi danılmazdır. Jozef Hammer, Vilhelm Baxer, Fridrix Pükert, Frans Erdman, Jan Ripka kimi şərqşünasların bu sahədəki xidmətləri əvəzsizdir.
XIX əsrin sonlarında alman ədibləri V.Hote, H.Heyne Nizami yaradıcılığına müraciət etmişlər. Onların fikrincə əgər Nizamini dünya ədəbiyyatından təcrid etsək, o zaman ədəbiyyat yetim qalar.
Nizami Gəncəvi fransız şərqşünaslığında
Avropa dövlətləri arasında fransız şərqşünasları Nizami yaradıcılığına daha həssas yanaşmışlar. Onlar Nizamini XVII əsrdən başlayaraq tədqiq etmişlər. 1897-ci ildə Parisdə nəşr edilən “Şərq kitabxanası” əsəri bu sahədə dönüş nöqtəsi olmuşdur. İ.Byurno, A.Russo, K.Qotje, Lui Araqon kimi ədiblər Nizami yaradıcılığına maraq göstərmişlər. Bu sahədə tanınmış şərqşünas Anri Massenin xidmətləri böyükdür.
Avropa şərqşünaslarının Nizami yaradıcılığına bu qədər diqqəti tezliklə bütün qitə dövlətlərinə yayılmışdır. Polşa, Macarıstan, Çexiya, İtaliya, İspaniya, Estoniya, Litva, Latviya, Rusiya, Ukrayna, Gürcüstan, Orta Asiya dövlətlərində Nizami irsi ilə məşğul olan şərqşünas alimlər ordusu yaranmışdır.
Rusiyada Bartold, Marr, Bertels kimi alimlər Nizamini Azərbaycan şairi olduğunu vurğulamış və doğulduğu Gəncə şəhərini bütün dünyada tanıtdırmasından böyük fəxr ilə danışmışlar.
Nizami əlyazmaları demək olar ki, dünyanın ən mötəbər muzeylərində saxlanmaqdadır. Tehran Milli kitabxanası, Paris kitabxanası, Vyana Milli kitabxanası, Oxford Qodlian kitabxanası, Kembric, Pəncab və Kabulda, Britaniya muzeyində, Nyu-Yorkdakı Metropoliten muzeyi, Münhen, Dehli, Dublin, Kələküttə, Qahirə, Kopenhagen və s. muzeylərdə Nizami əlyazmalarına rast gəlmək olar.
Sevindirici haldır ki, Nizaminin yaşayıb yaratdığı Gəncə şəhərinə 15 ölkədən şairin 870 illik yubileyi ilə əlaqədar olaraq 150 əlyazması gətirilmişdir. Amerika alimi isə Tarix institutuna 250 nüsxə əlyazması bağışlamışdır. Demək gələcək şərqşünaslar üçün səmərəli işləmək və Nizami yaradıcılığını açmaq üçün yeni imkanlar vardır. Nizami onsuz da elə bir bitməz-tükənməz xəzinədir ki, nə qədər deyilib-yazılsa da sonu görünməyən bir laləzardır. Bu xəzinədən hamının istifadə etməsi gərəkdir.
Nəticə etibariylə belə qənaətə gəlmək olur ki, Nizami Gəncəvi təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın, bəşəriyyətin ən sevimli şairi olaraq şöhrət qazanmışdır. Onun yaratdığı obrazlar, ideyalar bəşəriyyətin hansı ölkəyə, hansı irqə və hansı millətə mənsub olmasından asılı olmayaraq, onun ruhuna, əqlinə və təfəkkürünə hakim olur. Nizami bəşəriyyət üçün nadir bir tapıntıdır. Bu qeydlər bir daha onu göstərir ki, Nizami yaradıcılığı həmişə aktual olmuş, bu gün də vacibdir və gələcəkdə də gərəklidir.

Cahan Mirbaba oğlu Ağamirov
Gəncə Dövlət Universitetinin Praktik Xarici
Dillər kafedrasının baş müəllimi
AMEA-nın Gəncə şöbəsinin dissertantı.

Джахан Агамиров
Влияние Низами Гянджеви на мирвую литературу.

Резюме

Произведение Низами “пяать поэм” являемся шедевром мировой литературы. Потому влияние Низами на мировую литературу естественно. Его гуманные мысли актуальны и сегодня. Низами Гянджеви поэт мыслитель веего человечества.

Jahan Agamirov
Nizami Gandjavi’s influence to the world literature.

Summary
Nizami’s creation was always in the center of attention of world peoples. His creation “Khamsa” reflected all the desires and wishes of mankind. Nizami is one of the rare genius of Azerbaijani people. There fore, peoples from all over the world read Nizami’s plays with great pleasure and love.

İstifadə olunmuş ədəbiyyat:
1. Ağamirov C. İran ədəbiyyatşünaslığında  Nizami Gəncəvi irsinin öyrənilməsi və tədqiqi. Bakı, 2011, 120 səh.
2. Arzumanlı V. Nizaminin dünya şöhrəti. Bakı, 1997, 184 səh.
3. Araslı H. Nizaminin həyat və yaradıcılığı. Bakı, 1967, 86 səh.
4. Bertels Y. Nizami, pyat poem. Moskva, 1968, 517 səh.
5. Dəstgerdi V. Xəmsəyə həkim Nizami Gəncəvi. Tehran, 1138, 278 səh.
6. Nəfisi S. Gəncineye Nizami Gəncəvi. Tehran, 1338, 192 səh.
7. Zərrinkub Ə. Pire Gənce Nezami Gəncei. Tehran, 1989, 326 səh.

 

Gəncəbasarda Almanlar

E-mail Çap PDF

 

1804-cü ildə Rus imperiyasının işğalından sonra Gəncə xanlığı ləğv edilərək bir dairə kimi imperiyanın tərkibinə ilhaq olundu. Rus işğalından sonra çar hökumətinin tələbiylə Gəncə dairəsinə müxtəlif millətlərin köçürülməsinə başlandı. 19-cu əsrin 1-ci yarısında Gəncə şəhəri və Gəncəbasar əhalisinin tərkibi müxtəlif idi. Burada yerli əhaliylə yanaşı buraya köçürülmüş ruslar, ermənilər, yəhudilər, ləzgilər və almanlar da vardır.

Gəncə mahalında Alman kolonistləri əsasən Gəncə çayının sağ sahili boyunca indiki Göygöl rayonuna kimi olan ərazidə və Şəmkir rayonunda yaşamışlar. 1818-ci ildə Şəmkirə köçürülən Vürtemberq almanlarına mahalın ən məhsuldar yeri hesab olunan torpaqlar verilmişdir ki, bu torpaqların da çoxu Şəmkir sultanlarının nəslindən olan Böyük ağaya mənsub idi. Şəmkirdə məskunlaşmış almanlar Gəncə şəhərinin 20 verstliyində, Şəmkir çayının sahilində Annenfeld koloniyasını salmışdılar. Həmin illərdə Gəncəyə köçürülmüş almanların digər bir qrupuna Gəncəbasarda ən məhsuldar yer sayılan, vaxtilə Cavad xana məxsus olmuş torpaqlar verilmişdi. Onlar Gəncənin 7 verst güneyində indiki Göygöl rayonunda koloniya salmışdılar və 1819-cu ildə koloniyanı böyük knyagina Yelenanın şərəfinə Yelenendorf adlandırmışlar. Gəncə almanları 1941-ci ilə kimi bu mahalda yaşamışlar. 1897-ci il məlumatına görə Gəncə vilayətində almanların sayı 4 min nəfərə çatırdı.

Almanlar əsasən üzümçülüklə məşğul olmuşlar. Gəncə üzümündən hazırlanan şərablar Almaniyaya və digər Avropa ölkələrinə satılırdı. Öz işlərinin ustası olan almanlar az müddət ərzində öz nüfuzlarını qazanaraq, böyük mənfəət qazanmışlar. Eyni zamanda almanlar özlərinə məxsus yüksək mədəniyyətlərinin Gəncəyə inteqrasiya olunmasında böyük xidmət göstərmişlər. Gəncədə texniki tərəqqinin yüksəldilməsində və əhalinin maddi mədəniyyətinin inkişafında xidmətləri əvəzolunmazdır. Elektrik dəyirmanlarının qurulması, şəhər teatrının və sinematoqrafiya binalarının inşası Gəncədə böyük bir mədəni inqilabın əsasını qoymuş və sənət adamlarının yetişməsində böyük rol oynamışdır.

Yaşadıqları dövr ərzində alman kolonistləri sənaye sahəsində də böyük işlər görmüşlər. Gəncəbasarın o vaxtki tarixini səhifələsək, Forer, Hummel və Simens qardaşlarının Gəncənin iqtisadiyyatında qazandıqları nailiyyətləri görə bilərik.

1883-cü ildə Gəncədə Forer qardaşları tərəfindən ikinci Buxar dəyirmanının əsası qoyuldu. 1902-ci ildə isə Forerlərin dəyirmanında İsveç maşınları yerləşdirildi. Bu dəyirmanda üç növdə istehsal olunmuş un nəinki şəhərin özündə, eyni zamanda başqa şəhərlərdə də satılırdı. 1905-ci ildə Forer qardaşları tərəfindən yeni bir sənaye müəssisəsinin, Rektifikasiya spirti istehsal edən zavodlardan birinin əsası qoyuldu. Yelenendorf alman koloniyasında fəaliyyətə başlayan “Forer və oğlanları” şirkətinin Gəncənin də iqtisadi həyatında böyük rol oynamışdı. 1913-cü ildə qardaşlar şirkətin əsasında “Forer qardaşları” ticarət evini yaratdılar. Qardaşların təkcə Gəncə şəhərində rektifikasiya spirti zavodunun 10-a yaxın anbar və zirzəmisi, eləcədə Gəncə Dəmiryol stansiyasında Forerlərin 6 şöbədən ibarət şərab satışı zirzəmisi var idi. O dövrdə Gəncədə Zərrabi məhəlləsində XIX əsrin ortaları üçün yeganə teatr binası olan “Forer” şəhər teatrı da fəaliyyət göstərirdi. Həmin teatr hazırda C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı kimi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur.

Gəncədə burjuaziya formalaşdıqca böyük nüfuz qazanmış Forer qardaşları və Hummel qardaşları yeyinti məhsulları istehsalının müxtəlif sahələrini öz əllərinə almışdılar. 19-cu əsrin əvvəllərində Gəncə qəzasına köçmüş alman kolonistlərindən olan Hummel qardaşları 1900-cü ildə Yelenendorfda “Hummel qardaşları” ticarət evində fəaliyyət göstərirmişlər. Onların Gəncəbasarda və Rusiyanın bir sıra şəhərlərində şərab-konyak istehsalı ilə məşğul olan müəssisələri və istehsal sahələri vardır. Lakin sonradan “Hummel qardaşları” ticarət evinə məxsus sənaye müəssisələri və torpaq mülkləri 1916-cı ildə yaradılmış “Zaqafqaziya şərabçılığı” səhmdar cəmiyyətinə satılmışdır. Forer və Hummel qardaşları ilə yanaşı Gəncə dairəsinin sənaye tarixində Simens qardaşlarının da böyük izləri vardır. 19-cu əsrin 50-ci illərində Simens qardaşları öz şirkətlərini yaratdılar. Simens qardaşları şirkətinin əsas sənaye müəssisələri Gədəbəy rayonunda idi. Gədəbəydə kəşf edilmiş mis filizi əsasında yaradılan Gədəbəy Mis Əritmə Zavodu sonralar Simens qardaşlarının əlinə keçmişdir. 1883-cü ildə isə Qalakənd Mis Əritmə Zavodu yaradılmışdır. Gədəbəy-Qalakənd zavodlarında istehsal olunan mis məhsulları və qızıl-gümüş Rusiya bazarlarına çıxarılırdı.

(Zinger qardaşlarının dükanı)

1902-1920-ci illərdə alman mexanikləri olan Zinger qardaşlarının firmasının istehsal etdiyi, o zamanın texnoloji uğurlarından olan tikiş maşınlarının Gəncədə də satış dükanı olmuşdur. Həmin dükanın yerləşdiyi binanın fasadında Zinger tikiş maşınının forması belə həkk edilmişdir. Bina sanki tikiş maşınının görkəmini xatırladır. Qeyd etmək istərdim ki, bu bina hazırda Gəncə şəhərində Cavad xan küçəsində bir iaşə obyekti kimi fəaliyyət göstərir və tarixi əsər kimi dövlət tərəfindən qorunur.

1914-cü ildə I Dünya Müharibəsi başlayanda çar Rusiyasının tələbiylə alman kolonistləri Gəncədən köçürüldü. Köçürülmə zamanı almanlar hakimiyyət tərəfindən haqsızlıqla üzləşdi. Hər alman dəbdəbəli evini 40 qızıla və adi evini 20 qızıla dəyişərək, heç nə aparmamaq şərtiylə köçməliydi. Bu haqsız qərarı yerli əhali yaxşı qarşılamır və həmin xeyir duasız evləri almaqdan imtina edirlər. Lakin şəhərin erməni əhalisi bundan sui istifadə edərək, həmin evlərə yiyələnirlər. Təəssüflər olsun ki, ermənilər XX əsrin 90-cı illərinədək həmin evlərdə yaşamışlar.

Alman kolonistlərinin vaxtilə yaşadığı Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında inşa etdirdiyi yaşayış evləri və dini abidələri bu günümüzədək qorunub saxlanılır. Gəncədə Gəncə çayının sağ sahilində yerləşən, qotik memarlıq üslubunda tikilmiş, vaxtilə dini mərkəzləri olmuş kilsə binası, hazırda “Kukla teatrı” kimi fəaliyyət göstərir. Göygöl rayonunda almanların dini mərkəzləri olmuş, hazırda Tarix Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən Müqəddəs Yelena kilsəsi Göygölün tarixi rəmzinə çevrilmişdir. Şəmkir rayonunda 1900-cü ildə tikilən alman kilsəsidə bu günümüzədək öz əzəmətini saxlayır. Sonda onu qeyd etmək istərdim ki, vaxtilə Gəncədə və Gəncə bölgəsində məskunlaşmış alman kolonistləri öz tarixi izlərini, mədəniyyətlərini və hazırda mahalın tarixi incilərinə çevrilmiş, avropa üslubunda inşa edilmiş əzəmətli binalarını miras qoyub getmişlər. Biz Gəncəbasarlılar isə öz mərdliyimizə sadiq qalaraq, almanların bizə miras qoyub getdiyi mədəniyyəti və mədəni abidələri yadigar olaraq qoruyub saxlamalıyıq.

Günel Məmmədova

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort