"Türk Ədəmi-Mərkəziyyət" Partiyası

18.02.2012 18:21 TƏŞKİLATLAR - Türk-Ədəmi Mərkəziyyət Firqəsi
Çap

"Türk federalistər partiyası" - Fevral inqilabından (1917-ci il) sonra keçmiş “Difai” partiyasının üzvləri tərəfindən yaranmış Azərbaycan milli partiyası.

(Türk-Ədəmi Mərkəziyyət Müsavat Partiyasının Mərkəzi Komitəsi (1917-ci il). Sağdan sola: Tağı Nağıyev, Məmməd Əli Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Məhəmməd Axundzadə, Nəsib bəy Yusifbəyli, Kərbəlayi Vəli Mikayılov və Abbasqulu Kazımzadə.)

1917-ci ilin mart ayında (Novruz bayramı ərəfəsində) Nəsib bəy Yusifbəyli başda olmaqla və Şəfi bəy Rüstəmbəyli, Həsən bəy Ağayev, Əliqara bəy Məmmədovun iştirakı ilə Gəncədə yaradılmışdı. "Qeyrət" partiyası ənənələrini davam etdirən partiya Rusiya məkanında federativ respublika yaradılması ideyasını irəli sürmüşdü. Partiyanın əsas dayağını bəylər, ziyalılar və kəndlilər təşkil edirdilər. Partiyanın ideoloji təməli türkçüluk idi. Partiya 1917-c ilin aprelin 2-də Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Gəncədə Şah Abbas məscidinin həyətində böyük mitinq təşkil etdi. Mitinqdə üzərində "Yaşasın demokratik respublika", "Yaşasın Azərbaycan muxtariyyəti" sözləri yazılmış qırmızı bayraqlar dalğalanırdı. "Kaspi" qəzetinin yazdığına görə, natiqlər gurultulu alqışlarla qarşılandılar. Qısa müddət ərzində partiyaya 500-dən çox üzv yazıldı. Partiya fonduna böyük məbləğdə ianə toplanmışdır.

Partiyanın proqramı 19, 20, 24 may tarixli "Kaspi" qəzetində dərc olunmuşdu. Proqramda deyilirdi ki, "Türk Ədəmi Mərkəziyyət firqəsi" demokratik partiya kimi zəhmətkeş xalq kütlələrinə arxalanır və Rusiyada islama etiqad edən bütün türk zəhmətkeş kütlələrinin iqtisadi-sinfi və milli-mədəni mənafelərini müdafiə etməyə çalışır. Partiya dövlətin federativ əsaslarla yenidən qurulması üçün "Dövlət quruluşu" adlı birinci bölmədə 9 tələb irəli sürürdü. Bütün türk xalqlarına, o cümlədən Azərbaycan, Türküstan, Qırğızıstan və Başqırdıstana ərazi muxtariyyəti verilməsi və beynəlxalq sülhün saxlanması üçün daimi qoşunun xalq milisi ilə əvəz olunması tələb edilirdi.

"Ümummilli məsələ" adlı ikinci bölmədə isə Rusiya türklərinin mədəni, milli ittifaqının yaradılması, onun forma, tərkib və funksiyasının müəyyən edilməsi üçün qurultay çağırılması nəzərdə tutulurdu.

"Dini məsələlər" adlı üçüncü bölmədə Rusiyanın bütün müsəlmanlarının şeyxülislamın başçılığı altında birləşdirilməsi fikri irəli sürülürdü.

Dördüncü bölmə muxtar qurum vətəndaşlarının cinsi, milli mənsubiyyəti və dini etiqadından asılı olmayaraq, bərabər hüquqlara malik olmasını nəzərdə tuturdu.

Proqram maliyyə və iqtisadi siyasət sahəsində mütərəqqi vergi sistemini məqbul hesab edirdi. "Aqrar məsələ" bölməsində partiya dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə olan bütün torpaq sahələrinin, əvəzi ödənilmək şərtilə, müsadirə edilib torpaq fondu yaradılmasını nəzərdə tuturdu.

Yeddinci bölmə "Fəhlə məsələsi" adlanırdı. Burada fəhlə qanunvericiliyinin yayılması və qanunun icrası üzərində fəhlə nəzarətinin qoyulması, 8 saatlıq əmək günü, qocalığa və iş qabiliyyətini itirməyə görə dövlət sığortası və s. kimi maddalər öz əksini tapmışdı.

"Məhkəmə icrası" bölməsi məhkəmənin hər cür təsirdən və təzyiqdən azad olmasını nəzərdə tuturdu.

"Məktəb məsələsi" adlı doqquzuncu bölmədə xalq maarifinin demokratik əsasda təşkili və azad tədrisi planlaşdırılırdı. Təhsil ibtidaidən aliyə birbaşa əlaqəli surətdə qurulması idi. İbtidai və orta məktəblərdə, türk və rus dilləri məcburi olmaq şərtilə, çoxluğun dili, ali məktəblərdə ümumi türk dili tədris olunmalı idi.

Qafqaz Müsəlmanlarının qurultayında (1917-ci il, 15-20 aprel tarixində) "Türk Ədəmi-Mərkəziyyət" və "Müsavat" partiyaları eyni mövqedən çıxış edirdilər. 1917-ci il iyunun 2-ci yarısında "Müsavat" partiyası ilə "Türk Ədəmi-Mərkəziyyət" partiyası birləşərək, "Türk Ədəmi-Mərkəziyyət firqəsi-Müsavat" adı altında fəaliyyətə başladı.

Partiyanın 8 nəfərdən ibarət Mərkəzi Komitəsi yaradıldı ki, bu isə Bakı və Gəncə bürolarını əhatə edirdi. Bakı bürosuna Məhəmməd Əmin Rəsulzadə, Məmməd Həsən Hacınski, Musa Rəfiyev, Mustafa Vəkilov, Gəncə bürosuna Nəsib bəy Yusifbəyli, Həsən Ağayev, Şəfi bəy Rüstəmbəyli və Mirzə Məhəmməd Axundzadə seçildilər. Bu iki partiyanın birləşməsi Azərbaycanda siyasi qüvvələr nisbətinin tənzimlənməsində, milli istiqlal uğrunda mübarizənin güclənməsində və bir məqsədə yönəldilməsində mühüm rol oynadı, Azərbaycan muxtariyyəti və sonra istiqlaliyyəti ideyasının gerçəkləşməsinin təməlini qoydu.

 
ankara escort