Cahangir bəy Kazımbəyli

25.02.2012 02:33 ŞƏXSİYYƏTLƏR - İctimai-siyasi xadimlər
Çap

 

Cahangir bəy Kazımbəyli 1888-ci ildə Gəncə şəhərində anadan olmuşdur. İlk öncə Gəncə gimnaziyasında təhsil almış sonradan Peterburqdakı hərbi məktəbi müvəffəqiyyətlə bitirmişdir. Çar Rusiyası ordusu sıralarında Birinci Dünya müharibəsində (1914-1918-ci illərdə) iştirak etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti (1918-ci il) elan olunduqdan sonra milli orduda xidmətə başlayan Kazımbəyli Cahangir bəy 1920-ci ilin əvvəllərində 3-cü Şəki süvari alayının komandiri təyin olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təchizat rəisi general-mayor Məhəmməd Mirzə Qacarın, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinskinin, süvari diviziyanın komandiri general-mayor Teymur bəy Novruzovun 1920-ci il Gəncə üsyanının təşkilinə cəlb edilmələrində Cahangir bəy Kazımbəylinin böyük rolu olmuşdur.

Üsyanda iştirak edən hərbi qüvvələrin Qaçaq Qəmbərin, Sarı Ələkbərin, Qacaq Məmməd-Qasımın, Ramazanlıların və başqalarının dəstələri və partizanlarla əlaqələrinin yaradılmasında da Cahangir bəyin mühüm xidməti olmuşdur. Sonralar özü yazdığı xatirələrindən göründüyü kimi o, Gəncə üsyanının gedişində öz alayının şəxsi heyəti ilə bərabər partizanların fəaliyyətinə də rəhbərlik etmişdir.

Cahangir bəy Kazımbəylinin fikrincə, 1920-ci il mayın 28-də Azərbaycan xalqı öz azadlığı uğrunda qurban getməyə hazır olduğunu bir daha nümayiş etdirdi: "28 may yalnız Milli Istiqlalımızın elanı günü kimi deyil, Vətən uğrunda şəhid verdiyimiz gün kimi də tariximizə yazılmalıdır. ...28 may günündə düşmənə cavabımız ruhumuzun yüksəkliyinin, mənəvi qalibiyyətimizin simvolu olacaqdır".

1920-ci il iyunun 3-dən 4-nə keçən gecə Cahangir bəy yaxın qohumlarını, həyat yoldaşını və oğlunu Gəncədən çıxarmağa nail olsa da, özü Qıraq Kəsəməndə düşmən qüvvələri ilə üzbəüz gəlmiş, qanlı döyüşlərdən sonra Tiflisə gedə bilmiş, təxminən bir ildən sonra İstanbulda yaxın qohumlarını, oğlunu, həyat yoldaşını və qayınatası Hüseynqulu xan Xoyskini tapmışdır.

1922-ci ilin əvvəllərində Cahangir bəy Kazımbəyli marşal Pilsudskinin dəvətilə ailəliklə Polşaya köçmüşdür.

Cahangir bəy Kazımbəyli mühacirətdə olarkən Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni daim davam etdirmiş, 1943-cü ildə azərbaycan türklərinin Berlində çağırılmış qurultayının iştirakçısı, Avropada yaranan "Milli Birlik" partiyasının əsas təşkilatçılarından biri olmuşdur.

Parisdə və Berlində nəşr olunan "Azərbaycan" məcmuələrində, "Milli Birlik" jurnalında müntəzəm olaraq məqalələrlə çıxış etmişdir.

İkinci Dünya müharibəsindən (1939-1945-ci illər) sonra Sovet əks-kəşfiyyatı tərəfindən izlənilən Cahangir bəy Kazımbəyli Misir kralı Fərruxun şəxsi köməyindən sonra Romada gizlənərək bir müddət rahatlıq tapa bilmişdi.

1954-cü ilin sonunda Münxendə "Azadlıq" radiosunun Azərbaycan şöbəsində fəaliyyətə başlayan Cahangir bəy Kazımbəylinin Dünya azərbaycanlılarını mübarizəyə səsləyən çağırışları diqqətdən yayınmamışdı.

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun alay komandiri olmuş, polkovnik, hərbi xadim, Gəncə üsyanının (1920-ci il) təşkilatçılarından biri Cahangir bəy Kazımbəyli 1955-ci ilin yazında Sovet əks-kəşfiyyatının əli ilə Berlində xaincəsinə qətlə yetirilmişdir.

 
ankara escort