Hüseynqulu xan İsgəndər xan oğlu Xoyski

23.02.2012 16:54 ŞƏXSİYYƏTLƏR - İctimai-siyasi xadimlər
Çap

Azərbaycan Milli İstiqlal hərəkatının fəal iştirakçılarından biri

(Hüseynqulu xan Xoyski, həyat yoldaşı Şirinbəyim xanım Ziyadxanov və kürəkəni Cahangir bəy Kazımbəyli)

Hüseynqulu xan İsgəndər xan oğlu Xoyski 1869-cu il sentyabr ayının 22-də Gəncə şəhərində anadan olmuşdur. General-leytenant İsgəndər xan Xoyskinin oğlu, Fətəli xan Xoyskinin böyük qardaşıdır. Rusiya-Yaponiya müharibəsində hərbi mükafatlara layiq görülmüşdür. Gəncə dumasının və Şəhər İdarəsinin üzvü seçilmişdir. 1918-ci il may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xəbərini Gəncə camaatına ilk çatdıran Hüseynqulu xan Xoyski olmuşdur. Şəhərdə əmin-amanlığın bərqərar olunmasında, Ələkbər bəy Rəfibəyli və onun oğlu Xudadat bəylə birlikdə, Hüseynqulu xan Xoyski də böyük zəhmət çəkmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir müddət Gəncə Şəhər qubernatorunun müavini işləmişdir.

1920-ci ildə baş vermiş Gəncə üsyanının fəal iştirakçısı olmuş Hüseynqulu xan Xoyski, üsyan yatırıldıqdan sonra tüğyan edən bolşevik təqibindən qurtulmaq üçün böyük məşəqqətlə ölkədən çıxa bilmişdi. Həyat yoldaşı Şirinbəyim xanımı (Əbülfət xan Ziyadxanovun qızı), oğlanları Zahid xan və İsgəndər xanı, qızları Valiyyəni, Samini və nəvəsi Abbası yalnız bir ildən sonra gözlənilməz təsadüf nəticəsində İstanbulda tapmışdı.

Polşanın rəhbəri marşal Yuzef Pilsudskinin dəvətilə bir müddət Polşada yaşasa da, yenidən İstanbula, ailəsinin yanına qayıtmış və 1925-ci ildən sonra Atatürkün göstərişi ilə oğlu İsgəndər xanla birlikdə hərbi məktəblərdə tərcüməçi kimi çalışmışdır.

Türkiyədəki azərbaycan mühacirləri arasında böyük nüfuz sahibi olan Hüseynqulu xanın evini onların hamısı "ata evi" adlandırırdı. O, İstanbulda, Xəlil bəy Xasməmmədov, Nağı bəy Şeyxzamanlı, Məmmədsadıq Aran, Valiyyə xanım Kazımbəyli (Gəncə üsyanının rəhbəri olmuş Cahangir bəy Kazımbəylinin həyat yoldaşı), Şirinbəyim xanım və digər 12 qərib azərbaycan türkünün uyuduğu "Fəri köy" qəbiristanlığında dəfn olunmuşdur.

Hərbçi, pod-polkovnik Hüseynqulu xan dekabrın 7-i 1955-ci ildə İstanbulda vəfat etmişdir.

 
ankara escort