İsmayılov Bəxtiyar Rəşid oğlu

10.10.2012 01:08 ŞƏHİDLƏR VƏ QAZİLƏR - Gəncə Qaziləri
Çap

 

İsmayılov Bəxtiyar Rəşid oğlu 22 avqust 1958-ci ildə Ağstafa rayonunun Köhnə-Qışlaq kəndində anadan olmuşdur. Bəxtiyar 2 yaşında olarkən ailəsi ilə birlikdə Gəncə şəhərinə köçmüşdür. Bəxtiyar təhsilini Gəncə şəhər 28 saylı orta məktəbdə (1965-1975) almışdır. 1976-1978-ci illərdə ADR, Frankfurt-Oder şəhərindəki 06192 saylı hərbi hissədə əsgəri xidmətdə olmuşdur. 1988-ci ildə erməni separatçılarının SSRİ-nin rəhbərləri tərəfindən dəstəklənməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönəlmiş məkirli planların həyata keçməsinə başlanması ilə əlaqədar olaraq Azərbaycan xalqının coşan qəzəbi və Azərbaycan kommunist rəhbərlərinin qətiyyətsizliyi xalq hərəkatının vüsət almasına, vətənin igid övladlarının meydana atılmasına səbəb oldu. Xalq özü-özünə müdafiə dəstələri yaratmağa başladı, bu dəstələr içərisində Bəxtiyar İsmayılov da var idi.

Bəxtiyarın ilk döyüşü 1990-cı ilin əvvəlində Gəncənin özünümüdafiə dəstəsində könüllü olaraq Çaykənd əməliyyatında olmuşdur. 1990-cı ilin martında M.Əsədovun xüsusi təyinatlı polis dəstəsinin tərkibində Gülüstan, Ağcakənd, Karxaput, Qaraçinar kəndlərinin erməni yaraqlılarından təmizlənməsi əməliyyatında iştirak etmişdir. 1991-ci ilin fevralında Xocalı könüllü özünümüdafiə dəstəsində xidmət etmiş, bir müddət Azərbaycanın Milli Qəhrəmanları rəhmətlik Əlif Hacıyev və Tofiq Hüseynovla çiyin-çiyinə döyüşmüşdür. O, sonradan Xocalıda əks-kəşfiyyat komandiri təyin edilir. Əsgəran yolunda xüsusi qəddarlıqla ana və 3 yaşlı körpə qızın qətlə yetirildiyini eşidən Bəxtiyar, bu qəddarlığı hansı erməni yaraqlısının törətdiyini öyrənməyə çalışır və erməni dilini yaxşı bildiyi üçün bu ona çətinlik törətmir. Həmin yaraqlının kim olduğunu başqa bir ermənidən öyrənən Bəxtiyar, 1991-ci ildə Xocalı yaxınlığında Noragux kəndində döyüş yoldaşları Əliyar Usubov, Kərim Quliyev və Elbrus Quliyevlə birlikdə əks-kəşfiyyata gedir. Ananı və 3 yaşlı körpəni qəddarlıqla qətlə yetirən erməni yaraqlısının toy məclisində olduğunu bilərək gizlicə məclisə daxil olur. Döyüş yoldaşları isə onu kənddən bir qədər kənarda gözləyirdi. Məclisdən 15 nəfər içkili erməni yaraqlısını əsir götürən Bəxtiyar qatil ermənini öz əlləri ilə güllələyir, qalan əsirləri isə dövlətə təhvil verir. Köməksiz qalan Xocalıdan əhalini hissə-hissə özünümüdafiə dəstələrinin əsgərləri müşahidə edərək çıxarmağa başlayırlar. 9 nəfərlik silahlı dəstəsi ilə Bəxtiyar 364 nəfər mülkü vətəndaşları şumluqla Naxçıvanikdən Şelli kəndi istiqamətinə doğru müşaiyət edirdi. 1992-ci ilin fevral ayının 26-ı saat 12 radələrində erməni silahlıları onları atəşə tutur, atəş kəsildikdən sonra məlum olur ki, mülkü vətəndaşlardan 21 nəfər düşmən gülləsinə tuş gəlib. Ən dəhşətli faciə isə Bəxtiyargilin dəstəsindən öncə gələnlərin başına gəlib. 26 fevral 1992-ci ildə qana susamış erməni quldurları ilə Sovet Ordusunun 366-cı alayı bütün hərbi texnikanın gücündən istifadə edərək Xocalıya hücum etdi. Özünümüdafiə dəstələrinin köməyində qalan Xocalı və qəfil hücumu gözləməyən dinc əhali qeyri-bərabər döyüşdə günahsız qurbanlara çevrildilər. Bu qanlı qətliamdan əhalinin yerdə qalan hissəsini xilas etmək üçün özünümüdafiə dəstələrinin üzvləri böyük fədakarlıq göstərirdilər. Gecə səhərəcən Naxçıvanikdən Ağdamın Şelli kəndi istiqamətinə doğru şumluqla əhalini dəstə-dəstə çıxarmağa başladılar. Səhərə yaxın Bəxtiyarın başçılıq etdiyi 9 nəfər silahlının müşayiəti ilə 364 nəfər mülkü vətəndaş ermənilərin silahlı basqısına məruz qalır. Bəxtiyargilin dəstəsi cavab atəşi ilə bir müddət müqavimət göstərərək əhalini oradan çıxarmağa müvəffəq olurlar. Lakin, mülkü vətəndaşlardan ibarət 21 nəfərin həyatını xilas etmək olmur. Özünümüdafiə dəstələrinin üzvləri sağ qalmış əhalini Ağdama yerləşdirərək yolda qalmış meyitləri gətirmək üçün geri qayıdırlar və onlar bəşər tarixində görünməmiş bir mənzərənin şahidi olurlar. Bu bütün dünyanı lərzəyə gətirən və hər il Xocalı soyqırımı kimi qeyd olunan rəhmətlik Çingiz Mustafayevin lentə aldığı, erməni vəhşiliklərinin törətdiyi qətillərin dəlil sübutu kimi televiziya ekranlarından 20 ildir ki, nümayiş etdirilir. Həmin çəkilişdə bir epizodu yəqin ki, hamı xatırlayır: "Çingiz Mustafayevin Bəxtiyar qaldır o uşağın üzünü göstər" deyə müraciət etdiyi şəxs, meyitləri götürməyə gəlmiş Bəxtiyar müsahibimiz Bəxtiyar İsmayılovdur.

Bəxtiyar 1991-1992-ci illərdə Ağdam, Ağdərə ətrafında döyüş əməliyyatlarında iştirak etmişdir. 1992-ci ilin oktaybrın 7-də Bəxtiyar İsmayılova eks prezident Əbülfəz Elçibəy "Milli Qəhrəman" fəxri adı versədə, Bəxtiyar bu mükafatdan imtina etmiş və döyüş meydanlarına atılmışdır.

Bəxtiyar İsmayılov 1993-cü ilin 20 noyabrında yaradılmış Kəpəz batalyonunun komandiri kimi Maruşavan ətrafında gedən döyüşlərdə iştirak edib. Murovdağda 1994-cü ilin əvvəllərində eks prezident Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun adını daşıyan N saylı hərbi hissədə döyüşmüşdür. Həmin ilin aprelin 24-də komandiri olduğu öz dəstəsilə Bəxtiyar 3 yüksəklik ələ keçirmişdir. Həmin yüksəkliklər bu gün də Bəxtiyarın adı ilə bağlıdır. Bəxtiyar 1994-cü ilin may ayının 7-də Murovdağda Milli Ordumuzun digər bir dəstəsini də mühasirədən xilas etmişdir. Bu əməliyyatda 20-dən çox erməni yaraqlısını, 2 tank, 2 rus snayperi məhv edilmişdir. Bəxtiyar İsmayılovun dedikləri bütün faktları N saylı hərbi hissənin komandiri Ə.Babakişiyevin imzası və möhürü ilə təsdiq olunmuş "xidməti xasiyyətnamə"sində yazılıb.

1994-cü ilin avqust ayının 20-də Bəxtiyar Rəşid oğlu İsmayılova "Azərbaycan Milli Qəhrəmanı" adının verilməsi və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikasının Prezidentinə təqdimat göndərilmişdir. Ancaq bu günə qədər hansısa səbəblərdən bu təqdimat cavabsız qalmışdır.

(Yazıda göstərilən bütün məlumatlar Bəxtiyar İsmayılovun söylədiyi faktlar əsasında qələmə alınmışdır).

 
ankara escort