Qambay Yusif oğlu Verdiyev

11.11.2012 03:18 ŞƏXSİYYƏTLƏR - Gəncə Ziyalıları
Çap

 

Verdiyev Qambay Yusif oğlu 1912-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Qambay Verdiyev 1933-cü ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1939-cu ildə həmin İnstitutu bitirərək memarlıq ixtisası üzrə diploma layiq görülmüşdür.
Həmin ili Qambay Verdiyev SSRİ Ağır Sənaye Nazirliyinin təyinatı ilə Gəncə şəhərində yerləşən Təmir-Tikinti-Quraşdırma İdarəsinə göndərilir. Q.Verdiyev qısa müddət ərzində həmin İdarənin baş mühəndis və rəis vəzifələrində işləyərkən şəhər təsərrüfatının yenidənqurması zamanı müxtəlif təyinatlı və həcmli binaların inşası şəhərin görünüşünə yenilik gətirdi. Onun təşəbbüsü ilə ağır şəraitdə odunla qızdırılan qır qazanlarında asfalt hazırlanaraq ilk dəfə Gəncənin Cavad xan küçəsinə döşənmişdir. Həmçinin onun rəhbərliyi ilə o dövrdə Gəncədə təhsil və səhiyyə binaları tikilirdi. Bu sırada 1 və 9 saylı orta məktəblər, Gəncə Dövlət Universitetinin binasını və s. göstərmək olar.

Gəncədə aparılan tikinti və quruculuq işləri Böyük Vətən Müharibəsi illərində kəskin surətdə azalır və əsas diqqət hərbi qospitalların tikilişinə, arxa cəbhənin təşkilinə və gücləndirilməsinə verilirdi.
Bu dövrdə Qambay Verdiyev günün birinci yarısını arxa cəbhədə müdafiə sahəsindəki mühəndis məsələlərini həll edir, günün ikinci yarısını isə xüsusi hərbi bölmənin komandiri kimi ön cəbhə üçün atıcı snayperlər hazırlayaraq Maxaçqalada formalaşan cəbhəyə gedən hərbi hissələrə təhvil verirdi. Qambay Verdiyevin həmin illərdəki fəaliyyəti bir neçə SSRİ-nin hərbi medalları ilə qiymətləndirilmişdir.

Müharibədən sonrakı dövrdə Gəncə şəhərində tikinti işləri tədricən yenidən vüsət alır. Bu dövrə aid şəhər üçün qeyri ənənəvi olan memorial qurğular diqqəti cəlb edir. Nizami Gəncəvinin 800 illik yubileyinə fərdi layihə əsasında Qambay Verdiyevin rəhbərliyi altında möhtəşəm məqbərə ucalmışdır. Onun digər peşakar nailiyyəti 1947-ci ildə dahi Nizami Gəncəvinin memarlar S.Dadaşov və M.Hüseynovun layihəsi əsasında ucaldılan monumental abidəsidir. Bu abidə milli memarlığımızın incisi olaraq SSRİ-nin Stalin mükafatına layiq görülmüşdür.
1951-ci ildə Gəncə vilayəti yaradılır və şəhər vilayət mərkəzinə çevrilir. Bununla əlaqədar şəhərdə tikinti və abadlıq işləri intensiv surətlə inkişaf etməyə başlayır. Yeni tikinti müəssisələri yaradılır, iri müəssisələrdən birinə, 2 saylı Tikinti-Quraşdırma İdarəsinə məhz Verdiyev Qambay Yusif oğlu rəis təyin edilir.
Həmin illərdə Qambay Verdiyevin rəhbərliyi ilə Gəncədə yaşayış, tədris, uşaq və mədəni-məişət, inzibati və ictimai təyinatlı binalar ucaldılır, ən məsuliyyətli, tanınmış memarların fərdi layihələri ilə tikilən binaların inşası yenə də Qambay Verdiyevə etibar edilirdi. Bu binalar şəhərin görkəmini dəyişərək ona yeni gözəllik verirdi. Buna misal olaraq şəhərin mərkəzi meydanının əsas memarlıq ansamblını formalaşdıran möhtəşəm binaları göstərmək yerinə düşərdi. Həmin meydanı bəzəyən İnzibati bina (memar A.İsmaylov və F.Leontyeva), Gəncə mehmanxanası, Mərkəzi Bazar (memar S.Əmirov), Nizami adına Kino-Teatr (memar S.Əmirov və L.Qasımova), mərkəzi istirahət parkındakı Kino-Konsert zalı məhz Qambay Verdiyevin rəhbərliyi ilə tikilən binalardır.
50-ci illərin sonunda ABŞ-la SSRİ arasında Nüvə müharibəsi xofu ölkəni bürüdüyü zamanda nüvə hücumundan qorunma məqsədi ilə Gəncədə xüsusi təyinatli yeraltı bunkerin tikintisinə başlanıldı. SSRİ Müdafiə Nazirliyinin sifarişi, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin nəzarəti altında inşa olunan bu mühüm və mürəkkəb hərbi obyektin tikilməsi Qambay Verdiyevə etibar olundu. Bunker vaxtından əvvəl, layihəyə tam uyğun və yüksək keyfiyyətlə təhvil verilmişdir.
1955-ci ildə Qambay Verdiyev Kirovabad Neft Texnikumunun bazasında yaradılan İnşaat Texnikumuna müdir təyin olunur. Həmin vaxt texnikumda cəmi 30 nəfərlik 2 qrup inşaat ixtisası üzrə təhsil alırdı. Texnikum Şah Abbas Karvansarasının az bir hissəsində yerləşirdi. Təbii ki, lazımı şəraitin olmaması şəhərin inşaatçı mütəxəssislərə artan tələbatını ödəmirdi və texnikumun inkişafına imkan vermirdi.
Qambay Verdiyev ilk növbədə Şah Abbas Karvansarasının yarısını tutan kiçik kustar emalatxanaların və sexlərin başqa yerə köçürülməsinə nail oldu və boşalan sahələr təmir olunaraq tədris otaqlarına çevrildi. Ərazi məişət tullantılarından təmizlənərək abadlaşdırıldı.
Yenidənqurma işlərinin aparılması, müəllim heyətinin savadlı və bacarıqlı mütəxəssislər hesabına gücləndirilməsi nəticəsində texnikumda təhsil alan tələbələrin sayı 10 dəfə artdı. Lakin Qambay müəllim və onun ətrafında topladığı güclü kollektiv hesab edirdilər ki, qədim Şah Abbas Karvansarası gündüz, axşam və qiyabi şöbədə oxuyan tələbələrin tələblərini ödəyə bilmir, texnikumun inkişafını, yeni ixtisasların açılmasını məhdudlaşdırır. Və 1963 -cü ildə tələbə şəhərciyinin layihəsi hazırlanır, lakin tikinti üçün vəsaitin, torpaq sahəsinin ayrılması üçün icazə verilməsi müşgül məsələyə dönür. Yalnız Qambay Verdiyevin Respublika yığıncaqlarından birində o vaxt ki, Nazirlər Sovetinin sədri Ənvər Alixanovun qarşısında cəsarətli çıxışından sonra tikintinin başlanmasına 1966-cı ildə icazə verilir.
1970-ci ildə Azərbaycanda ali məktəblərin belə həsəd apardığı 3000 nəfər üçün nəzərdə tutulmuş tələbə şəhərciyinin açılışı olur.
Şəhərcik yeni müasir tədris və təsərrüfat avadanlıqları ilə təchiz olunur, yeni ixtisaslar açılır-mülki-sənaye tikintisi, avtomobil yollarının tikintisi və istismarı, memarlıq, şəhərlərin yaşıllaşdırılması, hidrotexniki tikinti, qaz təsərrüfatı və s., cəmi 12 ixtisas üzrə ildə 1300 nəfər tələbə qəbul olunurdu. Respublikanın ən iri texnikumu adını yiyələnərək digər texnikumların təcrübə mərkəzinə çevrilib-Kirovabad Baza-İnşaat Texnikumu statusunu qazanır.
Həmçinin Qambay Verdiyevin rəhbərliyi altında yaradılan və fəaliyyət göstərən Memarlıq-Konstruktor və Smeta Bürosu Gəncə və ətraf rayonlarda aparılan tikinti, rekonstruksiya və abadlıq işləri üçün layihələr və smetalar tərtib edirdi. Bunların əsasında misal üçün, o zamanlar əhali arasında «İsti təndir çörəyi» kimi məhşurlaşan və şəhərin müxtəlif yerlərində inşa olunan mini fabrikləri və bir çox başqa layihələri misal göstərmək olar.

(Qambay Verdiyev və ömür-gün yoldaşı Balaxanım Pişnamaz-zadə)

Qambay Verdiyev tədris, idman, mədəni-kütləvi işlər, hərbi vətənpərvərlik işlərində qazanılan uğurlara görə şöhrəti SSRİ məkanına yayılır. Dəfələrlə Ümumittifaq müsabiqələrin və yarışların qalibi çıxaraq orden və medallara, diplomlara layiq görülmüşdür. Bunların sırasında Azərbaycan KP MK-nin keçici bayraqları, SSRİ Təhsil Nazirliyinin Bayrağını, SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisinin Qızıl və Gümüş medalları və bir çox digər mükafatları göstərmək olar.
Qambay Verdiyevin 33 illik fəaliyyəti zamanı ərzində 25 mindən çox mütəxəssis hazırlanaraq bütün keçmiş SSRİ ərazisində fəaliyyət göstəriblər.
1952-ci ildən 1987-ci ilə kimi Qambay müəllim keçmiş Kirovabad şəhər Sovetinin deputatı seçilərək, həmin sovetin Tikinti və Abadlaşdırma üzrə Daimi Komissiyasının sədri vəzifəsində doğma şəhərimizin inkişafında mühüm işlər görmüşdür.

Qambay Yusif oğlu Verdiyev 2011-ci ilin aprel ayının 2-də 99 yaşında vəfat etmişdir. Qəbri Gəncənin Səbiskar qəbristanlığındadır.

(Məqalədə Qambay Verdiyevin fəaliyyətinin əsas məqamları öz əksini tapmışdır).

 
ankara escort