Musa Əbdülrəhman oğlu Musayev (Pişnamazzadə)

04.11.2012 22:20 ŞƏXSİYYƏTLƏR - Gəncə Ziyalıları
Çap

 

AMEA-nın həqiqi üzvü, görkəmli elm xadimi, akademik, baytarlıq elmləri doktoru, professor, Zoologiya İnstitutunun direktoru Musa Əbdürəhman oğlu Musayev 1921-ci il dekabr ayının 27-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Musa Musayev Qafqaz Şeyxülislamı olmuş Axund Molla Məhəmməd ağa Pişnamazzadənin nəvəsidir.

Musa Musayev Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini bitirmişdir. Musa Musayev sonra Moskvadakı Baytaqlıq Universitetində aspiranturada təhsil alarkən Ümumittifaq Dövlət təqaüdünə layiq görülmüş, Azərbaycan Milli Elmlər Akademiyasının o vaxtkı prezidenti Yusif Məmmədəliyev Moskvada olarkən istedadlı gənc alimdən xəbər tutaraq ona AMEA-nın Zoologiya İnstitutunda işləməyi təklif etmişdir. 1949-cu ildən Zoologiya İnstitutunda işləyən Musa Musayev 61 illik əmək fəaliyyətinin 50 ilini (1960-cı ildən) Zoologiya İnstitutunun direktoru vəzifəsinə həsr etmişdir.

Musa Musayev 1959-cu ildə Azərbaycan Milli Elmlər Akdemiyasının müxbir üzvü və 1967-ci ildə isə həqiqi üzvü seçilib.

O, leptospirozun seroloji diaqnostikası, epizootologiyası, patologiyası və immuniteti haqda bir çox qiymətli məqalələr və monoqrafiyalar yazmışdır. Alimin 54 il bundan əvvəl təklif etdiyi “Leptospirozun seroloji diaqnostikası” üsulu indi də müasir immunoloji metodlarla yanaşı istifadə edilir. Onun növbəti monoqrafiyası qaramalın, o cümlədən camışların leptospirozunun tam tədqiqatına, bu sahədəki mövcud məlumatların sistematikasının yaradılmasına həsr edilmişdir. Musa Əbdürəhman oğlu Musayevin monoqrafiyası bu günədək leptospiroz haqqında dünya ədəbiyyatında mövcud olan məlumatların yeganə elmi ümumiləşdiricisi olaraq baytar işçiləri üçün bu gün də qiymətli vəsaitdir. Musa Musayev yaratdığı protozoologiya laboratoriyasının bazasında parazit-sahib münasibətlərinin biokimyəvi əsasları və protistologiya laboratoriyalarından ibarət protozoologiya şöbəsi təşkil edərək Respublikada ilk protozoologiya elmi məktəbi yaratmışdır. Azərbaycanda insanların kənd təsərrüfatı və çöl heyvanlarının hüceyrədaxili parazitləri olan koksidilərin və həmçinin səpbəst həyat sürən təkhüceyrəli heyvanların növ tərkibi, ekologiyası, sistematikası və taksonomiyası, parazit-sahib münasibətlərinin xüsusiyyətləri öyrənilmişdir.

Musa Musayevin səyi nəticəsində xeyli parazit və sərbəst yaşayan ibtidailərin (Protozoa) morfoloji xüsusiyyətləri və sistematikası tədqiq edilmişdir, ekoloji parazitologiyanın bəzi məsələləri işlənilmişdir. Məməlilər və quşlardan 150-dən çox elm üçün yeni koksidi növü təsvir edilmişdir, onlardan 15-nin həyat tərzi açıqlanmışdır. Koksidilər heyvanların bağırsaq, qan və başqa toxumalarında parazitlik etdikdə hüceyrə və orqanizm səviyyəsində parazit-sahib münasibətlərinin biokimyəvi və s. mexanizmləri tədqiq edilmişdir. Azərbaycanda zooloji tədqiqatların çoxillik nəticələri çap olunmuş monoqrafiyalarda ümumiləşdirilmişdir.

Akademikin 30-dan artıq elmi işi və «SSRİ-də yaşayan gəmiricilərin koksidləri» (1965), «Çöl siçanının parazit faunası və parazitosenozunun quruluşu» (1969) kimi monoqrafiyalarıadlı heyvanların koksidi və koksidiozlarının öyrənilməsinə həsr edilmişdir. Birinci monoqrafiyada 46 sahibdən 100-ə qədər yeni növ koksidisi təsvir edilmişdir. Ölkəmizdə təkhüceyrəli heyvanların qenofondu öyrənilərkən yeni 230-a qədər növ təsvir edilmiş, onlara azərbaycanlı gənc protozooloqların (E.Yolçiyeva, E.Köçəri, E.İbrahimova və s.) və digər yerli-coğrafi məkan adları (E. bakuensis, E. sachdagika, E. cahriensis, E. batabatika, E. badamlinica və s.) verilmiş, beynəlxalq kataloq və kitablara salınmışdır. Məhz akademik M.Musayevin elmi avtoriteti sayəsində keçmiş SSRİ-də yaradılmış protozooloqlar cəmiyyətinin 1971-ci ildə keçirilmiş birinci qurultayı Bakı şəhərində keçirilmişdir.

Bu fundamental tədqiqatların nəticələri 150-dən çox elmi məqalədə və o cümlədən «Ev quşlarının koksidiozlarında parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri» (1977) və «Ev quşlarının parazitləri onlara qarşı mübarizənin elmi əsasları» (1991) monoqrafiyalarında öz əksini tapmışdır. Musa Musayev şəxsi tədqiqatlarına, yaratdığı protozooloqlar məktəbinin və digər parazitoloq alimlərin əldə etdiyi elmi nəticələrə və onların heyvandarlıq və quşçuluq təsərrüfatlarında geniş miqyasda tətbiqinə aid silsilə əsərlərə görə bir qrup alimlə birgə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür (1991). Nəzəri və praktiki əhəmiyyətli bir çox elmi əsərlər, o cümlədən də «Azərbaycanda balıqların ibtidai parazitləri» (1966), «Azərbaycanda quşların qan parazitləri» (1994) kimi kitablar nəşr edilmişdir.

Musa Musayevin apardığı tədqiqatlar 400-ə yaxın elmi məqalə, tezis və monoqrafiyalarda öz əksini tapmış, onun şəxsi rəhbərliyi ilə 28 namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuş, 15 addan çox dərslik və dərs vəsaiti nəşr edilmiş, Qazaxstan, Özbəkistan, Belarus, Moldova kimi ölkələr üçün yüksək ixtisaslı protozooloq alimlər hazırlanmışdır. O, Zoologiya İnstitutu əməkdaşlarının kollektiv əsəri olan «Azərbaycan heyvanlar aləmi» üçcildliyinin əsas təşkilatçısı, müəllifi və elmi redaktoru olmuşdur. Görkəmli alim keçmiş SSRİ protozooloqlar cəmiyyətinin vitse-prezidenti və Azərbaycan bölməsinin sədri (1968-1991), «Bilik» cəmiyyətinin biologiya və kənd təsərrüfatı bölməsinin elmi-metodik şurasının sədri (1967-1989), keçmiş SSRİ EA Ümumi Biologiya Bölməsinin Elmi Şurasının üzvü və «Parazitologiya» (1967-1989) jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Musa Musayev Ali Attestasiya Komissiyasının biologiya və kənd təsərrüfatı elmləri üzrə ekspert şurasının sədri, «Azərbaycan Zooloqlar Cəmiyyəti»nin  prezidenti, 1959-cu ildən AMEA Biologiya Bölməsinin büro üzvü, 1997-ci ildən isə bu bölmənin akademik katibidir.

Akademik Musa Musayev xidmətlərinə görə bir sıra hökümət mükafatları ilə: «Şərəf nişanı» və «Qırmızı Əmək Bayrağı» ordenləri, «Böyük Vətən Müharibəsində Fədakar Əməyə Görə» medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət  Heyyətinin üç fəxri fərmanı ilə təltif olunmuşdur. O, «Azərbaycanın Əməkdar Elm Xadimi» fəxri adına və 2001-ci ildə Azərbaycan Respublikasının «Şöhrət Ordeni»nə layiq görülmüşdür.

Akademik Musa Əbdürəhman oğlu Musayev 2010-cu il dekabr ayının 4-də 89 yaşında Bakı şəhərində vəfat edib.

Musa Əbdürəhman oğlu Musayevin qəbri Bakıdakı II-ci Fəxri xiyabanda yerləşir.

 
ankara escort