İshaq Məmmədrza oğlu Cəfərzadə

11.09.2012 11:48 ŞƏXSİYYƏTLƏR - Gəncə Ziyalıları
Çap

Gəncənin ilk arxeoloqu

Azərbaycanın ilk arxeoloq-etnoqraf alimlərindən biri, tarix elmləri namizədi, əməkdar elm xadimi İshaq Məmmədrza oğlu Cəfərzadə 1895-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası Məmmədrza Cəfər oğlu sərraclıqla məşğul olmuşdur. İshaq 6 yaşında olarkən Gəncə mədrəsəsində oxumağa başlamış, ərəb-fars dillərini mükəmməl öyrənmişdir. Sonradan İshaq Gəncə altıillik şəhər məktəbində rus dilinə yiyələnmişdir.

1927-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirən İshaq Cəfərzadə sonralar ADU-nun şərqşünaslıq fakültəsində oxumuşdur. Ali təhsil aldığı illərdə ictimai fəallığı ilə seçilən İshaq Cəfərzadə Azərbaycanın Qədim Abidələrinin Mühafizəsi Komitəsinin üzvü kimi də çalışmışdır.

1933-cü ildən İshaq Cəfərzadə həyatını elmə bağlamışdır. Azərbaycan SSR EA-nın Tarix İnstitutunda fəaliyyət göstərmiş, arxeologiya şöbəsinə rəhbərlik etmişdir.

İshaq Cəfərzadə ilk elmi axtarışlarını Gəncədə başlamışdır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar təşkil olunmuş qazıntı işlərinə İshaq başçılıq etmişdir.

İshaq Cəfərzadənin elmi fəaliyyəti nəticəsində Gəncənin yeri dəqiq müəyyənləşdirilmiş, qala divarları, sənətkar məhəllələri, müxtəlif məişət tikililəri aşkar edilmiş, çoxlu sayda maddi mədəniyyət nümunələri tapılmışdır.

İshaq Cəfərzadə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məzarını açmağı, böyük sənətkarın nəşini gün işığına çıxarmaq şərəfinə nəsib olmuşdu. Şairin nəşini yubiley günlərində yeni türbədə qara mərmər sənduqəyə qoymuş İshaq Cəfərzadə bu elmi araşdırmaların nəticələrini ümumiləşdirən "Qədim Gəncənin tarixi-arxeoloji oçerki" əsərini namizədlik dissertasiyası kimi 1944-cü ildə müdafiə etmişdir.

Bu gün İshaq Cəfərzadənin adı çəkiləndə Qobustan, Qobustandakı qayaüstü rəsmlər yada düşür. Həmin rəsmlər ötən əsrin 39-40-cı illərində aşkar edilmişdi.

Keçmiş SSRİ-də qayaüstü təsvirlərin görkəmli mütəxəssislərindən olan İshaq Cəfərzadə Qobustan qayaüstü təsvirlərini məzmunu və işləmə texnikasına görə təhlil edərək onları dövrlər üzrə qruplara bölmüşdür.

Mərhum İshaq Cəfərzadəyə görə, Qobustan qayaüstü rəsmlərinin ən qədim nümunələri çiyinlərindən kalman aşırılmış, ayaqüstə və ya yarım oturmuş vəziyyətdə silueti çəkilmiş insan təsvirləridir.

İshaq Cəfərzadə Qobustanda 5000-ə yaxın qayaüstu rəsm aşkar etmişdi. Həmin tarixi-mədəni yadigarların hamısı qeydə alınmaqla yanaşı, alimin ömür-gün yoldaşı, yaxın köməkçisi, Azərbaycanın ilk qadın rəssamlarından olan mərhum Səfiyyə xanım tərəfindən dəqiqliklə kağıza köçürülmüşdü.

Ümumiyyətlə, İshaq Cəfərzadə 100-dən çox maddi mədəniyyət abidəsi aşkara çıxarmışdır. 1938-40-cı illərdə Gəncə, Abşeron, Səbayıl, Qobustan, Xocalı, Yaloylutəpə, Orənqala, Çovdar (1939-1950) və s. arxeoloji ekspedisiyalarının təşkilatçısı və rəhbəri məhz Cəfərzadə olmuşdur.

Ona qədim Gəncənin xarabalıqlarını tapmaq, dahi Nizaminin müqəddəs türbəsini açmaq, səfalı Xaçbulaq yaylağının əfsanəvi qalalarını öyrənmək və Qobustanın min bir səhifəli daş kitabını oxumaq kimi şərəfli və qibtə ediləsi işlər nəsib olmuşdur. Azərbaycanın elə bir guşəsi tapılmaz ki, oraya bu görkəmli alimin ayağı dəyməmiş olsun. Alim xidmətlərinə görə Qırmızı Əmək Bayrağı ordeninə layiq görülüb.

Azərbaycan arxeologiyasının yaradıcılarından biri İshaq Məmmədrza oğlu Cəfərzadə 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 
ankara escort