Əlirza Əsgər oğlu Atayev

10.09.2012 20:36 ŞƏXSİYYƏTLƏR - Gəncə Ziyalıları
Çap

Gəncənin ilk mama-ginekoloqu

Azərbaycan Demokratik Respublikası Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru, həkim, tibb elmləri doktoru, professor Əlirza Əsgər oğlu Atayev 1898-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncədəki Rus-Tatar məktəbində təhsil aldıqdan sonra, 1917-ci ildə Tiflis ali kurslarında təhsilini davam etdirmişdir.

Əlirza Atayev ADR dövründə hökumət tərəfindən gənc mütəxəssislərdən ibarət qrupun tərkibində ixtisasını təkmilləşdirmək üçün Almaniya Federativ Respublikasına göndərilmiş və 2 il Leypsiq Universitetinin mamalıq-ginekologiya kafedrasında çalışmışdır.

Əlirza Atayev 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru olmuşdur.

ADR süqut etdikdən sonra Atayev 1921-ci ildə Moskva Dövlət Universitetinin tibb fakültəsinə daxil olaraq, Universiteti müvəffəqiyyətlə bitirmişdir.

Əlirza Atayev 1925-ci ildə Bakıya qayıdaraq qadın, ana və uşaqların sağlamlığının mühafizəsinə dair Azərbaycan dilində ilk dəfə məqalələr yazmış, 1000 sözdən ibarət mamalıq-ginekologiya terminləri lüğətini nəşr etdirmişdir. 1930-cu ildə tibb elmləri doktoru olan Əlirza Atayev 1936-cı ildə Azərbaycan Tibb İnstitutunun mamalıq və ginekologiya kafedrasının professoru seçilmiş, bir müddət Caparidze adına xəstəxanada, sonra isə Xalq Səhiyyə Komissarlığı Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasında müdir vəzifəsində çalışmışdır.

Əlirza Əsgər oğlu Atayev 1937-ci ildə repressiyaya məruz qalır. O, 8 il müddətinə azadlıqdan məhrum olunaraq Maqadana sürgün edilir. Cəzaçəkmə müddəti tez başa çatdığından 1944-cü il dekabrın 12-də Maqadan Şəhər Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Bu vəzifədə işlədiyi müddətdə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.

1948-ci ildə SSRİ Səhiyyə Nazirliyi tərəfindən Penza vilayət xəstəxanasına göndərilən Atayev tezliklə Penza vilayətinin baş mama-ginekoloqu seçilir və burada onun təşəbbüsü ilə Ümumittifaq mamalıq  və ginekoloqlar elmi cəmiyyətinin filialı yaradılır. 1956-cı ildə Atayevə bəraət verilmiş, lakin o, ağır xəstəliyə tutulduğundan elmi fəaliyyətini dayandırmalı olmuşdur

Əlirza Atayevin Oqtay və Rəna adlı iki övladı olmuşdur.

Əlirza Əsgər oğlu Atayev 1962-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 
ankara escort