İsax Əli oğlu Cəfərov

06.09.2012 11:54 ŞƏXSİYYƏTLƏR - Gəncə Ziyalıları
Çap

 

Görkəmli idman ustası, SSRİ-in əməkdar məşqçisi, Gəncədə güləşin əsasını qoyan İsax Əli oğlu Cəfərov 1928-ci ildə Gəncənin qədim Şahsevənlər məhəlləsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra İsax Cəfərov, o vaxtlar şəhərimizdə fəaliyyət göstərən Bədən Tərbiyəsi Texnikumunda təhsil almışdır.

1946-cı ildə idman həyatına qədəm qoyan gənc İsax həmin il Azərbaycan güləşi üzrə Gəncə çempionu adını alıb. Bir qədər sonra isə respublika yarışlarında iştirak etməyə başlayıb. 1947-ci ildə sərbəst güləş üzrə respublika birinciliyində bütün döyüşlərdə qalib gələn İsax Cəfərov yalnız, böyük təcrübəyə malik olan Rəşid Məmmədbəyova uduzub 2-ci yeri əldə etdi.

İsax müəllim güləşi çox sevirdi. Məhz buna görə də, həm sərbəst, həm də klassik güləşin texnikasına mükəmməl yiyələnməyə çalışırdı. 1948-ci ildən başlayaraq İsax Cəfərov 3 il dalbadal klassik güləş üzrə, 1951-ci ildən başlayaraq yenə də üç il dalbadal sərbəst güləş üzrə respublikanın çempionu adını alıb.

Bu istedadlı güləşçi respublikanın yığma komandası heyətinə daxil edilib, ölkə birinciliyi yarışlarında respublikamızın idman şərəfini qoruyub. Ümumiyyətlə, Respublika üzrə keçirilən Milli güləş yarışında mərdliklə güləşən ikinci bir güləşçini nəzərə gətirmək olmur.

1950-ci ildə Leninqradda Azərbaycan komandası 4-cü yeri tutduğu zaman İsax Cəfərov da kollektivimizin heyətində idi. İsax müəllim ölkə birinciliyində iştirak etdiyi illər ərzində bir çox görkəmli ustalarla görüşüb, öz təcrübəsini artırıb. Onun Estoniya nümayəndəsi, idman ustası Loara, Leninqradlı usta Kulikova, əməkdar idman ustası olan erməni Karaçetyana, Zimcenko, Kaub, Baskarov, Meyus, Musa Babayev kimi güclü pəhləvanlara qalib gəlməsi ustad güləşçinin peşəkar güləşçilik fəaliyyətindən xəbər verirdi.

İdmanla məşğul olmaq İsax Cəfərovu elmdən, təhsilə yiyələnməkdən yayındırmayıb. Əksinə idman ziyalımıza yaxşı oxumaqda da kömək edib. 1950-ci ildə AKTİ-na daxil olan görkəmli idmançı 1955-ci ildə bu təhsil ocağını müvəffəqiyyətlə bitirir. Eyni zamanda ziyalımız Kirov adına Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsində oxuyur. İsax müəllim öz çalışqanlığı sayəsində bu institutu da əla qiymətlərlə bitirir.

Güləşçilik fəaliyyətilə yetərincə uğura imza atan İsax müəllim hələ tələbəlik illərində məşqçilik fəaliyyətinə başlayır. Və bu fəaliyyəti onun növbəti uğurlarının təməli olur. İdmançı nailiyyətləri ilə Azərbaycan güləş sənətinə töhvəsini lazımınca verən İsax müəllim bu dəfə məşqçi kimi öz yetişdirdiyi tələbələrinin uğuruna sevinir. Ard-arda gələn qələbələr onu peşəkar məşqçi kimi də xalqın gözündə ucaldır.

İsax müəllim özü məşqçilik fəaliyyətinə başlamasını belə xatırlayır:

“1950-ci ildə AKTİ-na daxil olduğum vaxt burada güləşmə bölməsi yaradıb həvəskar gəncləri məşqlərə cəlb etdim. Bölmədə işlər yaxşı gedirdi. Gənclər həvəslə məşğul olur, güləşmənin müxtəlif fəndlərini mənimsəməyə cəhd edirdilər. Üç il ərzində bu bölmədə bir məşqçi kimi öz ixtisasımı artırdım. 1953-cü ildən isə “Dinamo”cəmiyyətində məşqçi vəzifəsinə təyin olundum".

Yeri gəlmişkən onu da qeyd edək ki, İsax müəllim Gəncə şəhərində yeganə SSRİ-nin əməkdar məşqçisi olub.

Ziyalımız Gəncədə gənclərin asudə vaxtlarını sağlamlıqları naminə keçirmələri üçün idman məktəblərinin yaranmasını zəruri hesab edib və bu yolda yorulmaz fəaliyyətlə məşğul olub. Əbəs yerə deyil ki, şəhərimizdə açılan yeni tipli idman məktəblərindən birinin yaradıcısı və rəhbəri də məhz İsax Cəfərov olub. 1980-ci ildən ömrünün sonunadək Gəncə şəhər 2 saylı Uşaq İdman məktəbinin direktoru olmuşdur.

Sevindirici haldır ki, hər il şəhərimizdə əməkdar məşqçi, idman ustası İsax Cəfərovun xatirəsini yad etmək, qonşu ölkələrlə idman əlaqələrini möhkəmləndirmək və idmançıların ustalıq səviyyəsini artırmaq üçün sərbəst güləş üzrə beynəlxalq turnirlər təşkil edilir. Bu gün İsax Cəfərov turnirində ölkəmizin adından güləş idman növündə ilk addımlarını atan gənclərimiz əminliklə söyləmək olar ki, sonralar Azərbaycan güləş tarixinə öz töhvələrini veriblər.

İsax Cəfərov Azərbaycan SSRİ-nin yığma komandası tərkibində 1951-ci ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində SSRİ çempionatında iştirak edib. O, respublikanın şərəfini layiqincə qoruyaraq mükafata layiq yer tutub.

O, məşqçilik illərində bir çox qəhrəmanlar yetişdirib. Dünya, Avropa və Olimpiya oyunlarının mükafatçısı Aydın İbrahimov, SSRİ çempionları Rəhim İsmayılov, Arif Həsənov, Kamal Cəmilov, Kəyan Abbasov, Fazil Həsənov, Çingiz Quliyev, Könül Cəfərov, Azərbaycanın əməkdar məşqçilərindən Səməd Şahniyarov, Ziyabil Abbasov, Nadir Rəhimov, Elçin Zeynalov, Azərbaycan Respublikasının Vergilər naziri, Güləş Federasiyasının prezidenti Fazil Məmmədov və yüzlərlə idman ustaları, Azərbaycan milli qəhrəmanı İsmət Qayıbov, milli qəhrəman Mədət Quliyev və 100-lərlə idman ustaları İsax Cəfərov məktəbinin yetirmələridir.

İsax Cəfərov Gəncənin ictimai həyatında da fəal iştirak edib. İki çağırış Şəhər Deputatları Sovetinin deputatı olmuşdur. İdmanın inkişafındakı göstərdiyi nailiyyətlərinə görə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Görkəmli idman ustası ömrünün 53-cü baharında, 1985-ci ildə dünyasını dəyişir və Gəncənin Fəxri Xiyabanında dəfn edilir.

 
ankara escort