Məşədi Cəmil Kərbəlayi Əmiraslan oğlu Əmirov

02.04.2012 04:06 ŞƏXSİYYƏTLƏR - Gəncə Ziyalıları
Çap

 

Tanınmış musiqi xadimi, bəstəkar, tarzən Məşədi Cəmil Kərbəlayi Əmiraslan oğlu 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini Şuşa şəhərində yerləşən mədrəsədə almışdır. Gənc yaşında atası Kərbəlayi Əmiraslanı itirən Məşədi Cəmil ailəni dolandırmaq məcburiyyətində qalır. Anası Yaxşı xanıma kömək etmək üçün Şuşa şəhərinin mərkəzi meydanında bişmiş noxud satmağa başlayır. Sonradan anası Yaxşı xanımın köməyi ilə dərzilik sənətinə yiyələnən Məşədi Cəmil tezliklə Şuşa şəhərində dərzi dükanı açır.

Məşədi Cəmil kişik yaşlarından tara çox böyük maraq göstərirdi. Bəstəkar, tarzən Mir Möhsün Nəvvabın (1833-1918) musiqi məclislərinin təsiri ilə formalaşmış Məşədi Cəmil 1907-ci ildə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçür.

Məşədi Cəmil Gəncə şəhər məclislərində Məşədi Məhəmməd Fərzəliyevi, Malıbəyli Həmidi, Musa Şuşinskini, Bülbülü və Seyid Şuşinskini tarda müşayiət edir.

1910-cu ildə Riqa şəhərində “Qramafon” firması tərəfindən Məşədi Cəmil Əmirov və digər Azərbaycan musiqiçilərinin birgə ifa etdikləri xalq mahnıları və muğamları vala köçürülmüşdür.

Məşədi Cəmil 1911-1912-ci illərdə Türkiyənin İstanbul şəhərində musiqi təhsili almış və orada “Heyratı” muğamını nota köçürərək nəşr etdirmişdir.

Gəncəyə döndükdən sonra Məşədi Cəmil 1915-ci ildə “Seyfəlmülk” operasının, 1923-cü ildə isə “Namuslu qız” və “Sərkərdənin qılıncı” musiqili dramını səhnəyə çıxartmışdır.

Məşədi Cəmil Gəncədə ilk muğam kursunu və dram truppasını yaratmışdır.

1923-cü ildə isə Məşədi Cəmil Gəncədə musiqi məktəbi açmaq üçün icazə alır və birinci ildə 39 tələbə musiqi məktəbinə qəbul edilir. Məşədi Cəmilin oğlu Fikrət Əmirov, Qənbər Hüseynli, Telman Hacıyev və başqa bir çox Gəncənin görkəmli şəxsləri məhz bu məktəbin yetirmələridirlər.

Məşədi Cəmil Kərbəlayi Əmiraslan oğlu Əmirov 1928-ci ildə Gəncədə vəfat edir və Gəncənin Səbiskar qəbristanlığında dəfn olunur.

 
ankara escort