Gəncə AXC-nin ilk paytaxtıdır...

19.10.2012 20:33 TARİX - Gəncənin tarixi.
Çap

 

(Şəkil - 1919-cu il may ayının 23-də Azərbaycan Xalq Cümhuriyyətinin 1 illik yubileyi ərəfəsində Gəncə şəhərində çəkilmişdir.

1-ci cərgə: sağdan-sola Səlyanlı tarzən Şirin Axundov, Məşədi Cəmil Əmirov, kamançaçı Tatevos, qavalda Bülbül.

2-ci cərgə: sağdan 4-cü Azərbaycan qəzetinin ilk redaktoru Şəfi bəy Rüstəmbəyli, Parlament sədrinin 1-ci müavini Həsən bəy Ağayev, Baş nazir Nəsib bəy Yusifbəyli, Əks-İnqilabi Kəşfiyyat İdarəsinin rəisi Nağı bəy Şeyxzamanlı, ədəbiyyat müəllimi Səlman Əhmədli.

3-cü cərgə: Şair Əhməd Cavad və pedaqoq Əliqara bəy Məmmədov.

5-ci cərgə: pedaqoq Cavad bəy Rəfibəyli.

6-cı cərgə: sağdan 2-ci Sarı Ələkbər və onun dəstəsi).

Üç yüz ildən artıq hökmranlıq etmiş Romanovlar sülaləsinin 1917-ci il fevral inqilabı nəticəsində süqutu imperiyanın ucqarlarında yaşayan xalqlarının milli azadlıq hərəkatının oyanışına səbəb oldu. Bu hadisə Zaqafqaziyada daha çox əks-səda verdi. Zaqafqaziyada vəziyyət mürəkkəbləşmişdi. Beləki, nə Zaqafqaziya Komitəsi, nə də Zaqafqaziya Komissarlığı mövcud siyasi vəziyyəti sabitləşdirmək iqtidarında deyildi. Zaqafqaziya Seymini təmsil edən üç millətin nümayəndələri tam bir-birinə əks mövqe tuturdular. Azərbaycanda vəziyyət daha da çətin idi. Beləki, erməni-bolşevik koalisiyası azərbaycan türklərinə qarşı soyqırım siyasəti yeridirdi. Bu siyasət eyni zamanda Şərqi Anadoluda, Cənubi və Qərbi Azərbaycanda da türk-müsəlman əhalisinə qarşı aparılırdı. Belə bir vaxtda Azərbaycan iki yoldan birini seçməli idi: ya bir məmləkət kimi məhv olmalı, ya da milli müstəqillik əldə etməli idi.

Zaqafqaziya Seyminin buraxılmasından istifadə edən keçmiş seymin 44 nəfərdən ibarət müsəlman fraksiyası 1918-ci il may ayının 27-də Azərbaycan Milli Şurasını yaratdılar. Milli Şura yaranmış vəziyyəti təhlil etdikdən sonra 1918-ci ilin 28 mayında Tiflisdə canişin sarayının mavi salonunda İstiqlal bəyannaməsini imzalayaraq, müstəqil AXC-nin yarandığını elan etdilər. Müəssislər Məclisi çağrılanadək Milli Şuranın sədri Məhəmməd-Əmin Rəsulzadə, müvəqqəti hökumətin başçısı isə Fətəli xan Xoyski seçildi.

1918-ci il may ayının 16-da Məhəmməd-Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əhməd Cavad yığışıb məsləhətləşirlər və qərara gəlirlər ki, Azərbaycan Hökuməti üçün ən münasib yer Gəncədir. 1918-ci il iyun ayının 16-da Milli Şura-Azərbaycan Hökuməti müvəqqəti paytaxt elan edilmiş Gəncə şəhərinə köçürüldü. Bu heç də təsadüfi deyildi. Çünki, ən əvvəl Gəncənin hələ XI-XIII əsrlərdə Şəddadilər və Atabəylər dövlətinin paytaxtı, sonralar isə Gəncə xanlığının mərkəzi kimi kifayət qədər dövlətçilik ənənəsi və təcrübəsi vardı.

XX əsrin əvvəllərində Milli Oyanış Gəncədə xüsusi vüsət almışdı. Bakı isə bu dövrdə bolşevik-erməni koalisiyasının əlində idi. Azərbaycanın başqa bölgələrində müsəlman əhalisinə qarşı törədilən qırğınlar Gəncədən yan keçmişdir. Gəncədə "Difai" və "Müsavat" partiyalarının mövqeyi və təsirinin daha güclü olması onun paytaxt seçilməsinə şərait yaradan səbəblərdən biri idi.

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsində əvəzsiz xidmətləri olan Azərbaycan oğullarının çox hissəsi ya Gəncəlilər idilər, ya da öz fəaliyyətlərinə Gəncədən başlamışdılar. Bütün bu sadalananlar Gəncənin paytaxt seçilməsinə zəmin yaratdı.

Azərbaycan Demokratik Respublikası Gəncədə 3 ay fəaliyyət göstərdi. Lakin, bu az müddətdə şanlı və şərəfli bir yol keçdi.

Azərbaycan Demokratik Respublikasının liderlərinin çoxu Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Fətəli Xan Xoyski, İsmayıl xan və Adil xan Ziyadxanovlar, Ələkbər bəy və Xəlil bəy Xasməmmədovlar, Məmmədbağır bəy və Nağı bəy Şeyxzamanovlar, Musa bəy Rəfizadə və s. şəxsiyyətlər Gəncə torpağının yetirmələri idi.

Azərbaycan Xalq Cümhuriyyəti-ilkin vətəni olan Gəncədə müstəqil Milli Dövlət kimi formalaşdı.

 
ankara escort