Azərbaycan Dövlət Bankının Gəncə şöbəsi

21.02.2012 03:00 TARİX - Gəncənin tarixi.
Çap

Azərbaycan Xalq Cümhuriyyəti dövründə maliyyə sisteminin mühüm tərkib hissəsi olan Azərbaycan Dövlət Bankının Gəncə şöbəsi 1919-cu ilin oktyabr ayının 25-də yaradılmışdır.

Gəncə həm geniş bir quberniyanın inzibati mərkəzi, həm də iri əkinçilik və sənaye şəhərinin mərkəzi idi. Quberniya ərazisində pambıqçılıq və onunla əlaqədar olaraq sənaye sahələri (pambıq təmizləmə, yağ emalı və s.) xeyli inkişaf etmişdi. Bağçılıq və üzümçülük məhsulları isə həm ticarət dövriyyəsini artırır, həm də iri sənayeni xammalla təmin edirdi. Bəzi yerlərdə mədən senayesi (mis və s.), habelə ipəkçilik inkişaf etmişdi. Əkinçilik və maldarlıq məhsulları da ticarət dövriyyəsini kifayət qədər canlandırırdı. Əhalinin əlində xeyli nəğd pul toplanmışdı ki, bu isə tədricən cari hesablara qoyulmaqla, bank əməliyyatlarına cəlb olunmalı idi. Bankın nəzdində və digər yerlərdə əmanət kassalarının açılması əhalinin vəsaitinin bank əməliyyatlarına cəlb olunmasını surətləndirməli idi. Bu şərtlər Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu ilin oktyabr ayının 25-də keçirilən 88-ci iclasında Dövlət Bankının Gəncə şöbəsinin açılması haqqında qərar qəbul etməsinə səbəb olmuşdur.

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvləri olmuş Hidayət bəy Niyazov Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin müdiri, Mir-Mahmud Ağamirov nəzarətçi vəzifəsini icra edən, Qafar Ələkbərov böyük mühasib, Yəhya Nəbiyev isə kassir təyin olundu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin açılması ölkənin bu bölgəsində bank-maliyyə əməliyyatlarının canlanmasına müəyyən təsir göstərmişdir.

 
ankara escort