Gəncənin “İç Qala” məhəlləsi

12.04.2012 23:04 MEMARLIQ - Məhəllələr
Çap

 

XVI-XII əsrlərdə Səfəvilərlə Osmanlılar arasında uzun sürən müharibələr olmuşdur. Səfəvilər dövlətinin ağır daxili vəziyyətindən istifadə edən Osmanlılar qısa bir zamanda İranın tərkibində olan Azərbaycanın ərazisini zəbt etdilər. Özbək əyyanlarının İranın şərqinin bir hissəsi olan Xorasana basqınları Osmanlıların Qafqazı işğal etməsini asanlaşdırdı.

Məşhur dənizçi Xeyrəddin (Barbaros) tərəfindən tutulmuş kiçik yaşlı Venedikli qız saraya gətirildi. Nurbanu adı ilə saray cariyyələrinə qatıldı.

Sultan II Səlim xanın bu kölə qızla izdivacından şahzadə III Muradxan dünyaya gəldi.

21yanvar 1574-cü ildə Sultan II Səlim xan öldü.

Böyük oğlu III Murada bu xəbər çatanda o, Manisada idi. Murad xan ləngimədən təcili İstanbula gəldi və atasının yerinə taxta çıxıb, Şeyxülislamın fətvasına əsasən «Din və dövlətin ən yetkilik işilərinin əlində əsas olan bu yazılı buyruqlardan qüvvət alan vəzirlər II Səlimin beş şahzadəsini boğdurdular və padişah III Muradın önünə atdılar». (1. 521).

Ertəsi gün dinin, xalqın və ordunun halına acıdığını əsas gətirərək dəbdəbəli yığıncaqlar keçirən III Muradxan taxta outran kimi mərhum atasına yas tutaraq, öldürtdüyü qardaşlarının cənazəsi önündə ağladı.

Şahzadələrin dəfnindən sonra üçgün əsgərlərlə və dövlətin qabaqcıl məmurlarına 1 milyon 500 min duka qızılı imperatorluğa çatması münasibətilə ərmağan kimi payladı. Yalnız yeniçərilər 1 milyon duka qızılı mükafat (ülufə) şəklində aldılar. Sokolu Mehmet paşa Sədrəzəm (baş vəzir) kimi vəzifəsində qaldı.

Onun yaxın məsləkdaşı Budin bəylərbəyi Mustafa paşa əlli nəfərlik süvari mühafizə dəstəsi ilə bərabər Fərhad paşa tərəfindən öldürüldü.

Bu hadisədən Sokolu Mehmet paşa qayğılandı. Səhəri gün o, şikayətçiləri sarayda qəbul edirdi. Bu zaman bir nəfər dərviş qiyafəsində ona yaxınlaşdı və şikayət ərizəsini vermək istərkən bir an içində xəncəri onun köksünə soxdu. Sonra aydın oldu ki, bunun səbəbi torpaq üstə imiş. Səhəri gün dərviş qiyafəli canini 4 ata bağlayıb, 4 yana çəkərək parçaladılar.

Sədrəzəm Sokolu Mehmet paşa sultan II Səlim xanın bacısı Əsma sultanla evlənmişdi. Bu nigahdan onun övladı olmamışdı. Ancaq birinci arvadından iki oğlu var idi.

Osmanlı xanədanlığında belə düşünürdülər ki, dövləti-aliyyəni qorumaq, sərhədləri genişləndirmək üçün Sultanlara dövlət daxilində rəqib olmamalıdır. Rəqiblər isə onların doğma və ögey qardaşları ola bilərdi.

Sultan III Murad xanın ulu babası Sultan Səlim (Yavuz), babası Sultan Süleyman (qanuni), atası Sultan II Səlimxanda bu yolu tutmuşdular.

İran Səfəvilər dövlətində hakimiyyət uğrunda gedən mübarizə Türk Sultanlıq dövlətindən heçnə ilə fərqlənmirdi.

«557-ci il noyabrın 24-də şah II İsmayıl sərxoş vəziyyətdə paltarını dəyişib saraydan çıxdı… Gecə yarısı o, dincəlmək üçün Həsən bəyin evinə gəldi. Ertəsi gün isə elə oradaca onun meyidi tapıldı». (2. 126).

Şah II İsmayılın ölümü sarayda vəziyyəti gərginləşdirdi. Çünki, şahın qəfil ölümündən sonra qızılbaş əyyanlarının kimin şah seçilməsi maraq dairəsində idi. Qəzvində şah sarayında müşavirə çağrılırdı. Yığıncaqda vəzir Mirzə Salman, Türkmən tayfasının ağsaqqalı Əmirxanı, Üstaclı tayfasının başçısı gənc PirMəhəmməd xanla barışdırdı. Onlar sarayda vəzifə uğrunda mübarizə aparırdılar.

«… Onlar ata və oğul müqaviləsi bağladılar. Digər əmirlərdə onlardan nümunə götürdülər. Sonra taxt-tac varisi məsələsini həll etməyə başladılar». (3. 207).

Müşavirəyə yığılanlar şah II İsmayılın qardaşı Məhəmməd Mirzənin namizədliyi üzərində dayandılar. Qardaşı öləndə o, Şirazda idi. Onun zəif görməsi, mülayim və bacarıqsızlığı qızılbaş tayfa başçılarının çoxunu tam qane edirdi. Onlar gələcəkdə şah sarayında hakim mövqe tutmaq haqqında düşünürdülər. Vaxtilə Ərdəbil seyidlərinin ətrafında birləşən, tarixin keçmə-keçlərinə sinəgərib I İsmayılı şahlıq taxtına çıxaran Təkəli, Türkman, Üstaclı, Şamlı, Hülafə, Zülqədərli, Rumlubəyləri dövlətdə yüksək vəzifəyə sahib idilər.

Məhəmməd Xudabəndinin ögey bacısı Çərkəz qızından olan Pərixan xanımda onun şah olmasını istəyirdi. O, yaxşı bilirdi ki, qardaşı zəif iradəli, bacarıqsız bir şəxsdir. Onun bu çatışmamazlığından istifadə edib dövlətə rəhbərliyi öz əlinə aldı.

Şah arvadı Xeyranisə-Məhdi Ülya sarayda baş verən hadisələrlə barışmaq istəmirdi. İskəndər bəy Münşi yazır: « Əlahəzrət Məhdi Ülya dövlət işlərinin təşkilatçısı və qurucusu oldu. Onun göstərişi olmadan heç bir mühüm məsələ həll olunmurdu». (4. 82-83).

Bu iki qadın arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Belə vəziyyətlə razılaşmayan Qızılbaşlar Məhdi-Ülyanı aradan götürməyin bir yolu olduğunu yəqin etdilər. Günlərin birində onlar şahın arvadını sarayda boğub öldürdülər. Bununla kifayətlənməyib onun qoca anasını, dayısını da öldürüb dövlətlərini oğurlayıb qaçdılar. Məhdi-Ülya öldürüldükdən sonra Qəzvində xalq narazılıqlara və iğtişaşlara başladı. Qızılbaş əyanlarının bir qismi söz verdilər ki, nə qədər Məhəmməd şah sağdır ona tabe olacaqlar, əgər şahlıq boş qalsa vəliəhd Həmzə Mirzə taxt-tac sahibi olacaqdır.

Bu hadisədən sonra qızılbaş əyyanları dövlətin yenidən sahibi oldular. Onların bəziləri anlayırdılar ki, dövlətin qüdrəti və aliliyini qorumaq üçün güclü şah lazımdır. Məhəmməd Xüdabəndə hakimiyyətdən uzaqlaşdırılmalıdır, yerinə ikinci oğlu Abbas Mirzə gəlməlidir. «Belə bir şəraitdə 1587-ci ildə qızılbaş soylarından ən zorlusu olan Şamlı və Ustaclı soylarının əmirləri Məhəmməd Xüdabəndənin ikinci oğlu 16 yaşlı Abbas Mirzə Qəzvində şah elan edildi». (5. 160).

1579-cu ilin ortalarında Krım tatar xanı Məhəmməd Girey Osmanlı sultanının tələbi ilə Şirvana 100 minlik qoşunla hücuma keçdi və Şamaxıda Səfəvi sərkərdəsi Məhəmməd Xəlifənin azsaylı əskərləri ilə döyüşdə qalib gəldi. 23 oktyabr 1579-cu ildə «…Məhəmməd Girey xan Ərəş yaxınlığında Kürü keçərək Gəncəni, Qarabağı, Muğanı tutdu». (6. 150).

Dağıstan və Şirvanda Türklərin güclənməsini istəməyən qüvvələr var idi. Hələ I Təhmasibin hakimiyyətinin sonlarında saraya gəlmiş fars Mirzə Sarman sonralar II İsmayılın dövründə onun vəziri olmuşdu. Mirzə Salman Məhdi Ülyanın razılığı ilə Xüdabəndənin etimadını qazandı və vəzir oldu.

O, bununla kifayətlənməyib yerini möhkəmləndirmək məqsədilə qızını vəliəhd Həmzə Mirzəyə ərə verdi və oğlu Mirzə Abdullanı vəliəhdin vəziri rütbəsinə çatdırdı.

Mirzə Salmanın sarayda bu qədər nüfus qazanması və hadisələrin onların xeyirinə olmaması Qızılbaş əyyanlarını razı salmırdı, ona görə də vəziri xəyanətdə və fitnəkarlıqda müqəssir bilib öldürməyi qərara aldılar. 1583-cü ildə onlar saraya gəlib vəliəhdə bildirdilər ki, Mİrzə Salman Qızılbaş tayfaları arasında düşmənçilik və Xorasan əmirləri arasında itaətsizlik yaradır. Xorasanda baş verən üsyanların səbəbkarıdır. Əgər vəliəhd Mirzə Salmanı təslim etməsə onlar Abbas Mirzə ilə birləşəcəklər. Bundan sonra vəliəhd vəziri Qızılbaşlara verdi. Onlarda vəzirin əmlakını qarət edib özünü də öldürdülər.

Həmzə Mirzənin anası öldürüləndə o, 13 yaşında idi. Artıq onun 18 yaşı vardı. O, yaxın dostu Əmirxana anasının qatillərinin tapılması və cəzalandırılmasında ona kömək etməsini xahiş etdi. «Əmirxan Həmzə Mirzənin niyyətini bəyənmədi və buna əsaslandı ki, osmanlı sultanı kimi güclü düşmənlə qarşı-qarşıya dayanarkən nüfuzlu Qızılbaş sərkərdələrini öldürmək və bununla onların arasına düşmənçilik salmaq ağıllı iş olmaz». (7.165).

Bu sözdən sonra Əmirxanla şahzadə arasında bir soyuqluq yarandı və nəticədə onu 1585-ci ildə öldürtdü. Bundan narazı qalan Türkman və Təkəli əyyanları hökumətin əleyhinə qiyama qalxdılar. Bu zamanlar şahzadə Həmzə Mirzə atasını tamam sıxışdırmış və ölkəni tək idarə edirdi.

Qızılbaş əyanları şah sarayından üz döndərib Xorasan əmirlərinin tərəfinə keçdilər. Orada hakim olan Abbas Mirzəni şah kimi qəbul etdilər.

Həmzə Mirzə sağlığında Fərhad paşa ilə əlaqə saxlayıb Osmanlılarla sülh bağlamağa çalışırdı. Hətta kiçik oğlu Heydər Mirzəni İstanbula göndərməyə razı oldu. Onun əsas məqsədi İran torpaqlarının istilasının qabağını almaq və vaxt qazanıb dövlətin hərbi gücünü artırmaq idi.Lakin o, bu niyyətini həyata keçirə bilmədi.

«Həmzə Mirzə 10 dekabr 1586-ci ildə şəxsi bərbəri Xoylu erməni Xudaverdi tərəfindən Gəncəçayı kənarında Şeyx Nizaminin türbəsi yanında yatdığı zaman başını kəsdi». (8. 202).

Beləliklə 1586-1589-cu illərdə Osmanlı dövləti və onun başçısı Sultan III Murad Həmzə Mirzənin öldürülməsi və Qızılbaş əyanlarının bir-biri ilə çəkişmələrindən və Səfəvi dövlətinin daxili vəziyyətinin ağırlığından istifadə edib Azərbaycanın bütün torpaqlarını zəbt etdi. Onlar Məhəmməd xan Ziyadoğlunun tabeliyində olan Qarabağıda istila etdilər.

Osmanlı ordusunun komandanı Fərhad paşa 17 iyul 1588-ci ildə Gəncəni zəbt etdi. 1 sentyabr 1588-ci ildə Osmanlılar Gəncə şəhərinə gəlib «əsgərlər cəmi ətraflarını əhatə etdilər. Adəm oğullarından bir nəfər də tapmayıb boş şəhərdə dayandılar». (9. 35).

Sultanın Divani humayununda çalışan Selanikli Mustafa əfəndi 1588-ci ilin aprel-may aylarında Gəncəyə səfərə gəldilər və şəhər qalasının (İç Qalanın) tikilməsindəki xidmətlərinə görə aylıq məvacibi üç avca artırılır. O, Gəncə haqqında yazırdı:

«Gəncə kimi nazənin və gözəl yer görülməmişdir. Bağ-bostanları, ab-urəvanı və şəhər yanında iki münasib körpüləri nəzərə çarpan bütün dağları, ağac və meyvələri, gül və çiçəklərin həddindən artıq çoxluğu heç bir diyara bənzəməz. Elə bilin ki, Allah, sübhanahu ləzzətli meyvələrin növlərini başqa vilayətlərə buradan bəxş etmişdir. Buranın suyunun dadlı ləzzətini heç yerdə tapmazsan».(10.36).

1588-ci ildə Gəncə-Qarabağ bəylərbəyi Məhəmmədxan Ziyadoğlu Osmanlı ordusunun Gəncəyə yaxınlaşmasından bir neçə gün əvvəl tabeliyində olan 50 minə yaxın insanı və öz ailəsini Gəncədən çıxarıb Araz çayının kənarında yerləşdirsədə bura gələn Osmanlı ordusu onları tamamilə məhv etdi.

Sultan III Muradxanın göstərişi ilə Fərhad paşa burada möhkəmlənmək üçün 3 sentyabr 1588-ci ildə Gəncədən 6 km aralıda bir qala tikdirdi. Orada çoxlu döyüşçü qoyub geri qayıtdı. Qalanın tikintisində gil-palçıq, çaydaşı və Gəncə memarlığı üçün ənənəvi olan bişmiş qırmızı kərpicdən istifadə olunub. Qalanın ümumi uzunluğu 13,7 km, hündürlüyü 6 m, binanın qalınlığı 2,3m oldu. Burada nəzarətçi bürcü indiyə qədər qalıb. Qaladan şəhərə çıxmaq üçün yeraltı yol salındı. Bu yol qalanın quzeyində indi də durur. “İç Qalanın” şərq hissəsindəki qapısı «Qarabağ qapısı», qərbindəki qapı isə «Tiflis qapısı» adlanırdı. 2010-cu ildə «Sərdar» bağı yenidən qurulanda «İç Qala»nın yaxınlığında bir qəbir aşkar olundu. Çox güman ki, bu qəbir döyüşlərdə həlak olmuş bir əsgərə məxsus imiş.

Gəncə qalasının (İç Qala) inşaasındakı xidmətlərinə görə «Tarixi Selaniki 1563-1600» kitabının müəllifi Mustafa əfəndinin maaşı üç ağca artırıldı. «1589-cu ilin avqustunda İstanbula qayıdan Selaniki vəzifəsindən kənar edilmişdi. «…vəziri əzəm Səyavuş paşa Selaniki Gəncə səfərinə qatıb müxtəlif tapşırıqlar üçün gündə 45 akca maaş verməklə öz yanında saxlayıb».(11.4).

1587-ci ildə şahzadə Abbas Mirzə Xorasandan Qəzvinə gəlib atasını hakimiyyətdən kənarlaşdırıb, özünü şah elan etdi və 12000 islamı qəbul etmiş gürcü süvarilərini şah qvardiyasına qatdı. «Qardaşı Həmzə Mirzənin qətlini təşkil edənləri, atası Məhəmməd Xüdabəndiyə tabe olmayan Qızılbaşların bəzilərini öldürtdü. 1597-1598-ci illərdə paytaxtı Qəzvindən İsfahana köçürtdü». (12. 473).

Türkiyə Osmanlı sultanlığı ilə qardaşı Həmzə Mirzənin bağladığı sülh müqaviləsinin şərtlərinə əməl etmək məqsədilə Şah Abbasın yaxın qohumu Qara Həsənxan İstanbula gəlib ağır sülh şərtlərini qəbul etdi.

«Səfəvilər özlərinin qalan mülklərini saxlamaq üçün sultan sülh şərtlərini qəbul etməyə məcbur oldular. 1590-cı il İstanbul sülhünə görə Azərbaycandan əlavə, Ermənistan, Gürcüstan, habelə İranın qərb vilayətləri Osmanlı Türkiyəsinə verildi». (13. 179).

Şahın ağır sülh şərtlərinin bağlanmasına razı olmasında məqsədi vaxt qazanmaq, güc toplayıb itirilmiş ərazilərin yenidən almaq idi.

«… Qarabağın sabiq bəylərbəyi Məhəmməd xan Ziyadoğlu Qacar ətrafına 100 min nəfərlik süvari və piyada qoşun toplayıb, 1589-cu il martın 21-də hərəkət edərək Gəncə qalasını mühasirəyə aldı». (14.27).

Məhəmməd xan Ziyadoğlunun bu hərəkəti Şah Abbasın Osmanlılarla bağladığı sülh şərtlərini pozurdu. Ona görə də şah hücumu dayandırmaq haqqında xəbər göndərdi. Həmin fərmanda Məhəmməd xan Ziyadoğluya hərbi hücumu dayandırmaq və geri dönmək tapşırıldı. Qoşundakı döyüşçülərin əksəri Gəncəlilərdən təşkil olunmuşdu. Ona görə də Məhəmməd xan Ziyadoğlu Gəncədən geri dönmək istəmirdi.

Şah Abbas Qacar tayfası arasında böyük nüfuzu olan çolaq Şahverdi bəyi və tayfanın sayılan böyüklərilə Məhəmməd xan Ziyadoğluya II dəfə məktub göndərib ona hərbi əməliyyatdan əl çəkməyi bir daha tapşırdı. Məhəmməd xan Ziyadoğlu məcbur olub Gəncə qalasının mühasirəsini dayandırdı. Əsgərlər arasında parçalanma və ruh düşkünlüyü yarandı.

«Məhəmməd xan Ziyadoğlunun qoşun hissələri pərakəndə düşdükdən sonra gürcü çarı Aleksandrın təklifi ilə ona pənah apardı. Lakin Aleksandr xəyanət yolunu tutdu və onu Osmanlılara təhvil verdi. Məhəmməd xan Ziyadoğlu İstanbula aparılıb orada həbsxanaya salındı».(15. 28).

1590-ci ildə Osmanlılarla Səfəvi dövləti arasında bir daha sülh bağlandı. Sultan III Muradxan Məhəmməd xan Ziyadoğlunu həbsdən azad etdi və onu Bağdada, sonra isə Ərdəbilə göndərdi.

Şah Abbas isə hakimiyyəti ələ alan gündən dövlətin hərbi qüdrətini gücləndirməyə başladı. O, İranın cənubunda olan portəgiz hərbi birləşmələrini ərazisindən qovdurdu. Onun İngilislərlə bağladığı hərbi müqaviləyə rəğmən onlardan 500 ton 20 min fitilli tüfəng aldı. O, Fransaya, Rusiyaya nümayəndələr göndərib ticarət əlaqələri qurdu.

Şah Abbas dövlət daxilində olan çəkişmələrə son qoyduqdan sonra Osmanlıların zəbt etdiyi əraziləri geri almağa başladı. O, birinci növbədə Təbriz şəhərini aldı. Sonra Naxçıvan, Culfa, İrəvan və Şirvanı azad etdi. Sonra şah 1606-cı ildə Qarabağ, Gəncə və Tiflisi ələ keçirdi. «Ümumiyyətlə, Gəncə şəhəri 1588-ci il avqustun 14-dən 1606-cı il iyulun 3-nə kimi 18 ilə yaxın bir müddət Osmanlı dövlətinin işğal dairəsində olmuşdur». ( 16. 28).

1615-1616-cı illərdə şahın istibdadına və yerli xalqları başqa yerə köçürmə siyasətinə qarşı Şirvanda xalq üsyanı baş verdi. Şah Abbas şübhələndiyi tayfanı, nəsli vətənlərindən sürürdü. O, Gəncəyə də bir sıra tayfaları sürmüşdü. «Gəncə yaxınlığındakı Döngə vilayəti də üsyana qalxdı. Üsyançılar Qarabağ bəylərbəyi Məhəmməd xan Ziyadoğlunun əsgərlərini öldürüb, Şirvan üsyançıları ilə birləşdilər». (17. 165).

1666-cı ildə Fərhad paşanın inşa etdirdiyi qala, yeni salınan Gəncənin içərisində olduğu üçün bu qalaya «İç Qala» deyilib.

1616-cı ildə Gürcüstanda Osmanlılarla döyüşlərin birində Məhəmməd xan Ziyadoğlu Qacar öldürüldü. Xərabə vəziyyətində olan şəhəri yenidən abad etməkdənsə onu yeni bir yerdə tikmək haqqında I Şah Abbas memar Bahəddin Amili Qacara göstəriş verdi. 10 may 1616-cı ildə bu günkü Gəncənin əsası qoyuldu.

Baş plana uyğun olaraq şəhər Gəncə çayının sol sahilində salındı. Şəhərin baş meydanında məscid, karvansaray, dəyirman, hamam və s. inşa olundu. Şəhərin su təchizatı üçün «Qızılqaya»dan «Karxana» və «Şatır» arxları çəkildi.

«Şatır tayfa adı olub, türkdilli xalqlarda tayfanın adı «Şatır» və «Şatar» yazılarına rast gəlinir. Misallardan məlum olur ki, Azərbaycandakı qədim Qıpçaq tayfalarında «Şatır» sözü eramızın II-IV əsrlərindən bu günə kimi işlədilir». (18.19).

Şatırın Hun tayfasından olmasını tarixi mənbələr təsdiq edir. Hazırda Şatır tayfaları Türkiyədə və İran ərazisində yaşayır.

Gəncə şəhərinin baş meydanına yaxın bir yerdə yerləşən «İç Qala»nın ətrafında evlər tikildi, küçələr salındı. 1848-ci ildə Gəncənin general qubernatoru N.Nakaşidze Qafqaz canişininin şərəfinə 6 hektarlıq bir bağ saldırdı və bura «Sərdar bağı» adı verildi.

Şəhərin hərbi qubernatorunun inzibati binasının aynaları bu bağa baxır. Məhəlləyə indiki Ayna Sultanova adına küçə və Cavad xan küçəsinin VI dalanı aiddir.

XX əsrin əvvəllərində 1911-ci (1333 h/q) ildə Məhəmməd Hüseyn adlı şəxs bu məhəllədə qırmızı kərpicdən iki mərtəbəli ev tikdirdi. İndi bu bina şəhər Endekrinoloji xəstəxanasıdır.

Bu küçədə yerləşən 6 №-li ev 1908-ci ildə tikilib. Mülk qaçaq Qəmbərə məxsus imiş. Mərhum 1920-ci ildə Gəncə üsyanı zamanı həlak olub.

Türk Osmanlı zabiti Hüsaməttin Tuğac yazırdı: «Şəhərin nizam-intizamını saxlamaq üçün qurulan milis təşkilatına şöhrətli döyüşçü rəislərindən qaçaq Qəmbər və qaçaq İbrahim də dəstələri ilə birlikdə qatıldılar. Qaçaq Qəmbər bəzi rus idarə adamlarını öldürmüş, postda vurmuş və Sibiriyadan qaçıb dağa çıxmış cəsur, eyni zamanda milliyyətçi bir insandı. Hər biri mükəmməl nişançı olan, boşa silah atmayan insanlardan ibarət dəstəyə girdilər.Qəmbər və İbrahimin dəstələri birinci takımda idilər. Bunlar sözümdən çıxmazlardı». (19.148).

Cavad xan küçəsi VI dalandakı 10 №-li ev Gəncə də tanınmış mülkədar Hacı Tağıya məxsus olub.

Məhəllənin sonunda olan XIX əsrin sonlarında tikilmiş 18 №-li ev Qalalılar nəslinə məxsusdur.

XX əsrin əvvəllərində məhəllədə bir neçə tarixi bilinməyən fərdi evlər tikilib. Məhəllə sakinləri 1920-ci ilə kimi tacirlik, baqqallıq, papaqçılıqla məşğul olublar. Onlar içməli suyu əvvəllər Sərdar bağından keçən Cavad xan kəhrizindən, sonralar isə 1914-cü ildə çəkilmiş Hacı MirQasım ağa kəhrizindən götürürdülər.

ƏDƏBİYYAT

 1. A.Alhonsede Martini. «Osmanlı tarixi». İstanbul. 1991, səh.521.

2. Oqtay Əfəndiyev. «Azərbaycan Səfəvilər dövləti». Bakı. 1993, səh.126.

3. İskəndər bəy Münşi. «Tarixi aləmarayi Abbas». səh.207.

4. İskəndər bəy Münşi. «Tarixi aləmarayi Abbas». səh.82-83.

5. Mahmud İsmayılov. «Azərbaycan tarixi». Bakı. 1992. Səh.160.

6. Oqtay Əfəndiyev. «Azərbaycan Səfəvilər dövləti». Bakı. 1993, səh. 150.

7. Oqtay Əfəndiyev. «Azərbaycan Səfəvilər dövləti». Bakı. 1993, səh. 165.

8. «Kniqe Orudjbok Bada». Baku. 1988, str. 202.

9. «Tarixi Selaniki 1563-1600». Bakı. 1992, səh.35.

10. Selanikli Mustafa əfəndi. «Tarixi Selaniki 1563-1600». Bakı. 1992, səh.36.

11. Selanikli Mustafa əfəndi. «Tarixi Selaniki 1563-1600». Bakı. 1993, səh.4.

12. Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı. 1987, səh. 473.

13. Oqtay Əfəndiyev. «Azərbaycan Səfəvilər dövləti». Bakı. 1993, səh.179.

14. «Gəncə» tarixi oçerki. Bakı. 1994. Səh. 27.

15. «Gəncə» tarixi oçerki. Bakı. 1994, səh. 28.

16. Q.Əhmədov, S.Onullahi. «Gəncənin qədim və orta əsrlər tarixi». Bakı. 1994, səh. 28.

17. Mahmud İsmayılov. «Azərbaycan tarixi». Bakı. 1992, səh. 165.

18. Əsgər Məmmədov. «Şatırlı etnonimi haqqında». Elm və Həyat jurnalı. Bakı. 1987, səh.19.

Hamlet Əli oğlu Allahverdiyev

AMEA GREM-nin “Arxeologiya və Etnoqrafiya” şöbəsinin elmi işçisi

 
ankara escort