Gəncə Müsəlman Milli Komitəsi

18.02.2012 01:53 TƏŞKİLATLAR - Gəncə Müsəlman Milli Komitəsi
Çap

Fevral inqilabından (1917-ci il) sonra Azərbaycanın Bakı və digər şəhərləri ilə yanaşı Gəncədə də Müsəlman Milli Komitəsi yaradılmışdı. Ölkədə hakimiyyətsizlik və anarxiyanın hökm sürdüyü 1917-1918-ci illərdə (Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Gəncəyə köçənə qədər) başqa yerlərdə olduğu kimi, Gəncədə də azərbaycan türklərinin vəziyyəti və onların müdafiəsi ilə əlaqədar bütün məsələlər bilavasitə bu komitə tərəfindən həll edilirdi. Gəncə Müsəlman Milli Komitəsinə “Difai” partiyasının fəal üzvü olan Nəsib bəy Yusifbəyli başçılıq edirdi. “Difai”çilərdən Ələkbər bəy Rəfibəyli, Xəlil bəy və Ələkbər bəy Xasməmmədov, Hacı Əli Hüseynzadə, Həsən bəy Ağayev, Aslan bəy Səfikürdski, Məmmədbağır Şeyxzamanlı, Məhəmməd ağa Pişnamazzadə (Komitənin dini məsələlər üzrə müavini), Əhməd Cavad və başqaları Milli Komitənin üzvləri idilər. Komitənin Gənclər Təşkilatının sədri Nağı bəy Şeyxzamanlı, müavini isə Əliqara bəy Məhəmmədov idi. Komitənin silahlı mühafizə dəstələri də yaradılmışdı. Qaçaq Qəmbər, Sarı Ələkbər kimi nüfuzlu qaçaqlar Komitəni müdafiə edirdilər.

1918-ci ilin birinci yarısında erməni-daşnaklarının xalqımıza qarşı soyqırımlarının qarşısını almaq üçün Gəncədəki Müsəlman Milli Komitəsi xüsusi fəallıq göstərmişdi. Məhz, Gəncə Müsəlman Milli Komitəsinin səyləri nəticəsində şəhərdə və qəzada ermənilərin törətdikləri qırğınların qarşısı alınmışdı. Onlar hətta, Şamaxı əhalisinin də köməyinə getmişdilər.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il iyun ayının 16-da Gəncəyə köçdükdən sonra, iyunun 27-də Gəncə Müsəlman Milli Komitəsinin sərəncamındakı bütün ərzaq ehtiyatının Ərzaq nazirliyinə təhvil verilməsi barədə qərar qəbul etdi.

Hökumətin 1918-ci il 7 iyul tarixli digər qərarı ilə Daxili İşlər, Maliyyə və Ərzaq nazirliklərinə Gəncə Müsəlman Milli Komitəsini ləğv etmək, onun əmlakını aşkarlamaq və qəbul etmək üçün xüsusi ləğvetmə komissiyası yaratmaq tapşırıldı. Hökumətin həmin gün qəbul etdiyi digər qərarında isə Daxili İşlər nazirliyinə tapşırılırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət hakimiyyət orqanları yaradıldıqca, həmin ərazilərdəki Milli Komitələri ləğv etsin.

 
ankara escort