• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Nizami Gəncəvinin yaradıcılığında zəhmət, əmək və əməkçi insanların tərənnümü

E-mail Çap PDF

 

 Nizami Gəncəvi çay kənarında düşünərkən. Naməlum rəssam öz əsərini Gəncədəki Nizami Gəncəvi kitabxanasına bağışlayıb.

Şərəfli əmək insanı ucaldar prinsipi əsas tutaraq Nizami Gəncəvi yaradıcılığının əsas süjet xətlərindən birini zəhmət, sənətkarlıq, ustalıq, yaradıcılıq təşkil edir. Şair bütün əsərlərində zəhmətə və əməkçi insanların yaratdıqları hər bir işi alqışlamış və bu qərara gəlmişdir ki, insan tutduğu hər bir vəzifədən asılı olmayaraq: “Vəzifə insana şan-şöhrət deyil, İnsan vəzifəyə şöhrət olmalı” devizini əsas tutmuşdur.

Nizami Gəncəvi şeirinin parçasında oxuyuruq:

İnsan yem dalınca qaçmasın gərək,

Quşdan ayıq olsun zirəkdən-zirək.

Çalış zəhmətinlə xalqının işinə yara,

Geysin əməlinlə dünya zər-xara.

Nizami Gəncəvi “Xəmsə”sinin birinci əsəri “Sirlər Xəzinəsi” bu baxımdan diqqəti cəlb edir. Əsərdəki qoca, yaşlı bir kişinin kərpic kəsərək öz əməyi və zəhməti ilə çörək pulunu qazanması, başqalarına əl açmaqdan daha üstün tutulur.

“Kərpickəsən kişi və cavan” hekayəsində bu fikri daha aydın görürük:

Şam şəhərində xeyli qoca bir kişi vardı,

Pəri kimi, cin kimi camaatdan qaçardı.

Toxuyardı özünə yaşıl otlardan köynək,

O, ruzi qazanardı hər gün kərpic kəsərək.

Cavan bir oğlanın kənardan buna diqqət yetirib, onun əziyyətinə qatlaşması qocaya acıması kimi səciyyələnir. Cavan qocaya deyir ki, səndən bir qarın çörəyi heç kəs əsirgəməz, özünə bu qədər əziyyət vermə. Müdrik qoca cavab verir ki, əlimi bu zəhmətə öyrətdim ki, heç kəsə əl açıb möhtac olmayım. Bu, əlbəttə şairin özünün ideyasıdır ki, insan öz zəhməti ilə ucalmalı və onun nəticəsində yaşayışını təmin edib, özgələrdən asılı olmamalıdır.

Nizami Gəncəvi “Xəmsə”sinin ikinci əsəri “Xosrov və Şirin” bu baxımdan daha da maraqlıdır. Filosof şair göstərir ki, sənətə, işə adi yanaşmaq olmaz. Əvvəlcə gərək onu sevib, onun sirlərini öyrənəsən sonra isə onu özünə meyar seçəsən. Şair əsərdə qeyd edir ki, Fərhad adi bir külüngü götürüb dağ çapan insan deyil, o, bu sənətin sirlərini Çində öyrənmişdir. Nizami Gəncəvi yazır:

Çində öyrəndik biz bu sənəti,

Şapur qələm götürdü, mənsə tişəni.

Şairə görə rəssamlıq və fəhləlik hər ikisi zəhmət tələb etdiyindən şərəflidir.

Nizami Gəncəvi “Xəmsə”sinin üçüncü böyük əsəri “Leyli və Məcnun”dur ki, şair burada ərəb şifahi xalq ədəbiyyatından bəhrələnmişdir. O, insanların əkinçi-biçinçiliyindən, böyük zəhmət hesabına səhra torpaqlarında min bir əziyyət çəkib məhsul yetişdirib öz yaşayışlarını təmin etməkdən qürur duyduqlarını böyük həvəslə qələmə almışdır. Bu sadə iş adamlarının işə münasibətini yüksək qiymətləndirmişdir. Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, bu hal Nizami Gəncəvi “Xəmsə”sinin bütün əsərlərində özünü bariz şəkildə göstərir.

“Yeddi gözəl” poemasına nəzər salsaq görərik ki, Şah camaatı cəzalandırmaq üçün yırtıcı itlər saxlatdırır. İtlərin baxıcısı bir gün düşünür ki, şahın qəzəbi məni tutsa, məni də bu itlərə yem etdirəcəkdir. Bu üzdən o, itlərə əlavə yemək verir, onlara yaxınlaşıb onları tumarlayırdı. Günlərin birində şahın öz it baxıcısına acığı tutur və əmr edir ki, onu itlərə atsınlar. Nökərlər belə də edirlər. Ancaq nökərlər baxıb görürlər ki, itlər baxıcıya dəymir və dövrəsində fırlanıb quyruq bulayırlar. Hamısı məəttəl qalıb bu xəbəri şaha çatdırırlar. Şah çaşıb qalaraq əmr edir ki, cavan oğlanı onun yanına gətirsinlər görək bu necə işdir? Oğlanı gətirirlər, şah soruşur indiyə qədər bu itlərin dəymədiyi yeganə adam sənsən. Necə oldu ki, bu itlər səni parçalamadılar? Oğlan cavab verir ki, mən onlara əlavə zəhmət çəkdim, qayğı göstərdim, onlar da bunu hiss edib mənə dəymədilər. Siz isə illərlə zəhmət çəkib sizə sidq ürəklə çalışdığıma baxmayaraq, mənim əməyimə qiymət verə bilmədiniz. Şah, zəhmət və əməyin insan həyatındakı mühüm yerini görüb oğlanı bağışlayır.

Nizami Gəncəvinin dahiliyi ondadır ki, öz öyüd, nəsihətləri ilə əmək və əməli işin insan həyatında xüsusi bir önəm təşkil etdiyini şeriyyətin cilvələnmiş gözəlliyi ilə verilməsidir.

Şairin sonuncu fəlsəfi əsəri “İsgəndərnamə” də bu nöqteyi-nəzərdən maraqlıdır. Nizami Gəncəvi yunan sərkərdəsi, dünyanın xeyli hissəsini fəth etmiş bir tanınmış şahı Azərbaycana gətirməklə bu yerlərdə yaşayan insanların vətəninə, torpağa, zəhmətə necə vurulduğunu göstərməyə nail olmuşdur. İsgəndər Azərbaycana gəlib buradakı insanların əkinçilik, maldarlıq, sənətkarlıq işləri ilə necə uğraşdığının şahidi olur. O, yolboyu insanların əmək cəbhəsində necə cəfakeşliklə işlədiklərini görür və bu ölkə haqqında tam müsbət fikirdə olmaq ideyasını özündə təsdiqləyir. Hər şeydən əvvəl Nizami Gəncəvi vətəni və vətəndaşlarını daim belə görmək istəyir. Atalarımızdan qalma bir misal var ki, “İş insanın cövhəridir” prinsipinə Nizami Gəncəvi çox dəqiq və həssas yanaşır. Elə “Xəmsə”sindəki misallar buna bariz nümunədir. Nizami Gəncəvi poeziyasının ana xəttini humaniz və əmək təşkil edir. Onun hər söz, kəlam, misra və beytində buna təsadüf edirik:

Eşqinlə atəşə dön, nifrətinlə buza dön,

Elm yolunda külə dön, aya dön, ulduza dön!

 

Hər əməlin üstündən sanma keçəndi dövran,

Hər yaxşını, yamanı gözəl seçəndi dövran!

 

Qana qəltan etsə də səni zəhmət tikanı,

Çalışmaqdan usanma, işə alışdır canı.

 

Bu nə tənbəllikdir, giriş bir işə,

Bekarlıq insanı sıxar həmişə.

Beytlərdən də göründüyü kimi Nizami Gəncəvi fəlsəfəsinin əsasını zəhmət, əmək təşkil edir. Şairə görə bu işdə çətinlik varsa, sonunda rahatlıq da mövcuddur. Bir sözlə Nizami Gəncəvi bəşəriyyətin rifahını çalışqanlıq, onu əmək və zəhmətsiz təsəvvür etmir.

Cahan Ağamirov

GDU-nun fars dili müəllimi, Nizamişünas

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort