• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Gəncənin Aşıqlar məhəlləsi

E-mail Çap PDF

 

 

Aşıqlar məhəlləsi M.Müşfiq küçəsinin Vatutin küçəsi ilə kəsişməsindən başlayıb, Eminbəyli küçəsinin kəsişməsində qurtarır. Məhəlləyə Şərəfxanlı küçəsinin bir hissəsi və I-dölmə aiddir. Məhəllə güneydən Mahrasa bağı, quzeydən Şahsevənlər, gün batandan Şahsevənlər məhəlləsinin VIII-dölməsi (Noraşen), gün çıxandan da Şahsevənlər məhəlləsi ilə əhatəyə alınıb. Məhəllənin yerləşdiyi ərazi vaxtilə Şahsevənlərin torpaqları olub. Məhəllə 1930-cu ildən sonra Toğana və ətraf kəndlərdən gələnlərin yığcam yaşadığı bir yerə çevrilib. Burada Şahsevənlər məhəlləsindən gələnlər də var. Məhəllənin ilk adı “Toğana”, “Qala” sonra “Aşıqlar” olub. 1956-cı ildən isə məhəllə Mikayıl Müşfiqin adını daşıyır.

“Toğana” sözünün mənasını araşdırarkən isə bunun aşağıdakı mənanı verdiyinin şahidi oluruq. “...Sultan Məsuda tabe olmayan Toğan Yürək oğlu Əbdürrəhmanın aradan götürülməsində mühüm rol oynamışdır”.

Qeyd: “Tonqa məlum olduğu kimi, “qaplan” cinsindən olan olan bir heyvanın adıdır. Bu ad insanlara da verilirdi. Tonqa Tikin, Alp Tonqa və s. Bu ad mətnlərdə Toğa Yürək şəklindədir. Burada “NĞ”-nın “F” şəklində tələffüzündən başqa bir şey deyil. Tanğrı-Tağrı və s. kimi”.

Faruq Sümer. “Oğuzlar” kitabı, səh 143.

Xorasanın bir hissəsinə hakim olan Ay-Aba oğlu Toğan şaha Səraxsı Bistan ilə dəyişməyi təklif edir. Toğan şah bu təklifi qəbul edir. Ancaq Toğan şah şəhəri müdafiə edə bilmədi. 1181-ci ildə (576 h/q) baş verən toqquşmada Sultan şah Toğan şahı məğlubiyyətə uğradır. Nişapur mərkəz olmaq üzrə Xorasanın bir hissəsinə hakim olan Ay-Aba oğlu Toğan şah 1185-ci ildə (581 h/q) vəfat etmişdir.

Faruq Sümer. “Oğuzlar” kitabı, səh 134-137.

Sözün Tuğan şahı girib meydana,

Qılınc verdi qələm Qaraxanına.

Nizami Gəncəvi. “Xosrov və Şirin”. səh 31.

Qeyd etdiyimiz bu misallardan görünür ki, “Toğan” igid, şücaətli, qorxmaz mənasını verdiyi üçün onu ad kimi insanlara da verirdilər. Pələng cinsindən olan “Toğan”ın (“Tonqa”nın) meşələrdə, cəngəlliklərdə məskən salması təbiidir. Dağlarda, səfalı meşələrdə yerləşən “Toğana” kəndi də çox güman ki, “Tonqan” (Toğan) adlı heyvanın məskəni olduğu üçün oranı belə adlandırıblar.

Gəncənin Aşıqlar məhəlləsində SSRİ-nin əməkdar məşqçisi İsaq Cəfərov yaşamışdır. Onun əsli Toğanalı idi. Məhəllədə aşıqlıqla məşğul olan aşıq Qara, aşıq Zeynal, aşıq Ağa Rza, balaban ifaçısı Bəylər, qaraçı oğlu (qaraca oğlan), aşıq İbrahim də əslən Toğana kəndindən idilər.

Qeyd: XVII yüz illik aşıq ədəbiyyatının qızıl dövrü sayılır. Qaraca oğlan XVII yüz illiyin ən istedadlı saz şairi olmuşdur. Bu dövr aşıqlarının ön sırasında Qaraca oğlan dururdu. Qaraca oğlanın həyatı haqqında ətraflı bilgi yoxdur. Bu istedadlı şairin həyatına dair bir çox rəvayətlər söylənmişdir. Görkəmli araşdırmaçılar aşığın şeirlərinə, xalq rəvayətlərinə, digər bilgilərə əsasən belə nəticəyə gəlmişlər ki, o, 1606-cı ildə anadan olmuş, 1679-cu ildə vəfat etmişdir. Şairin ölüm tarixini 1689-cu il kimi də göstərən bilgilər vardır. Özündən sonra gələn saz şairlərinə güclü təsir edən Qaraca oğlan türk aşıq ədəbiyyatının inkişafında misilsiz rol oynamışdır.

Ziya Göyalp. “Türkçülüyün əsasları” kitabı, səh 149.

Belə aşıqlar nəinki Gəncədə, hətta kənarda da məşhur el sənətkarı kimi şöhrət qazanmışdılar. El sənətkarı olan aşıqlıq Kitabi-Dədə-Qorqud dastanımızda da qeyd olunan Ozan sənətinin davamıdır. Bu sənət vətənimizin bütün bölgələrində özünəməxsus şəkildə inkişaf edibdir. Bu gün də aşıq toylarda, el şənliklərində çalıb-oxuyur, oynayır, dastan söyləyir. Onun musiqi sədaları altında gənc pəhləvanlar güləşir, gürz oynadırlar. Aşıq mahnıları insanları həyatda yaşamağa, ondan zövq almağa çağırır. Azərbaycan aşıqları da qədimdən bu günə kimi Orta Asiyada, Rusiyada, Türküyədə, İranda sevilməkdədir.

Gəncənin M.Müşfiq küçəsi şəhər həbsxanasının qarşısındakı boş ərazinin qərbindən başlayır. Yerli əhali bu bos hissəyə “Qala düzü” deyirlər. Ona görə də, bu küçə bir zamanlar “Qala” adlanıb.

Cəfər Qəmbər oğlu (1890-1973) Qafqaz Türk-İslam Ordusunun əsgəri

Əslən Şahsevənlər məhəlləsindən olub, sonra Aşıqlar məhəlləsinə köçən bir sıra şəxslər 1905-ci il erməni-müsəlman münaqişəsində iştirak ediblər. Şahsevənli olan Cəfər Qəmbər oğlu Qafqaz İslam Ordusunda xidmət edib, Azərbaycanın müstəqilliyi uğrunda döyüşmüşdür.

Məhəllə sakinləri “Tap Qışlaq” məhəlləsində yerləşən “Molla Hüseynqulu”, “Məşədi Məmmədtağı”, “Kərbəlayi Qənbər” dəyirmanlarından da vaxtilə istifadə ediblər. Məhəllə camaatı sənətkarlıqdan başqa fabrik və zavodlarda, habelə Stalin adına kolxozda da işləyirdilər.

Aşıqlar məhəlləsindən keçən “Şahsevənlər” kəhrizindən küçə sakinləri bu gün də istifadə edirlər.

                                                                                                                                                                              Hamlet Əli oğlu Allahverdiyev

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2021. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort