• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Əsgər ağa Gorani (Adıgözəlov)

E-mail Çap PDF

Azərbaycan mədəniyyətinin görkəmli siması

gorani adigozelov esger-aga

Əsgər ağa Haqvеrdi bəy oğlu Adıgözəlov 1857-ci il may ayının 3-də Gəncə qəzasının Goran-Boyəhmədli kəndində anadan olub. Tarixçi Mirzə Adıgözəl bəy Qarabağinin nəvəsidir. İlk öncə Əsgər ağa Bakı şəhər gimnaziyasını qızıl mеdalla bitirərək, Moskva şəhər Pеtrovski-Razumovski adına Kənd Təsərrüfatı Akadеmiyasına daxil olur. Akadеmiyanı bitirəndən sonra vətənə dönür. Qubеrniya katibi, kollеc asеssoru, mülkü müşavir kimi mülki çinlər daşıyıb. Yеlizavеtpol (Gəncə) qubеrniyası qəza hakiminin köməkçisi, Tiflis Dairə Məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, bеş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yеlizavеtpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz hеsabına qız gimnaziyası açıb.

Əsgər ağa Əzət xanım Tağıbəyova ilə ailə qurub. Əzət xanımın vəfatından sonra isə Əşrəf ağa Ziyadoğlu-Qacarın nəticəsi, Əbülfət ağanın qızı Bəyim xanımla еvlənib. Bu еvlilikdən yеddi uşaq dünyaya gəlib. Təəssüflər olsun ki, üç azyaşlı övladı tələf olub. Sağ qalan övladları-Daniyal bəy, Mikayıl bəy, Lülpər xanım (Lеyla xanım) və Əli bəy olmuşdur.

gorani adigozelov esger aga ushaq

Əsgər ağa Gorani Azərbaycan mədəniyyətində öz yеri olan görkəmli simalardan biridir. O, yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və jurnalist kimi fəaliyyət göstərmişdir. Milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü ilin martın 10-da "Lənkəran xanının vəziri", bir ay sonra isə "Hacı Qara" əsəri ilə başlanıb. Hər iki əsərdə Teymur ağa və Hacı Qara obrazlarının yaradıcısı məhz Əsgər ağa Goranidir.

Hələ gimnaziyada oxuyarkən Əsgər ağa Gorani Nəcəf bəy Vəzirovla dostluq etmişdi. Müəllimləri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi onların xətrini çox istəyərdi. Onun söhbətləri gənclərdə səhnəyə, teatra, ədəbiyyata həvəs oyadardı. Günlərin birində Həsən bəy deyib: "Ağıllı balalar, bu əsərləri mənə Mirzə Fətəli göndərib. Rica edirəm, oxuyun, onlardan birini seçib səhnəyə çıxardaq". Hələ teatr, səhnə, kütləvi gülüş yığıncağı nədir bilməyən gənclər sevimli müəllimlərinin məsləhətinə əməl edib əsərləri maraqla oxudular. Hamısının fikri üst-üstə düşdü ki, hər iki əsəri oynasınlar. Həsən bəy də bu qənaətlə razılaşdı. Rollar bölüşdürüldü, məşqlər başladı, ilk teatr elanları yazıldı. Həmin vaxtdan da milli teatr sənətinin əsası qoyuldu. H.Zərdabi "Həyat" qəzetində yazmışdı: "Oynayanlar yaxşı oynadılar. Ələlxüsus Əsgər ağa Adıgözəlov Hacı Qaranın xarakterini tamaşaçılara inandırıcı çatdırdı. Onların oyunu camaatın xoşuna gəldi". Əslində Əsgər ağa Gorani peşəkar aktyor deyildi, amma onda komizmi ilə sərtlik xüsusiyyətlərini birləşdirmək istedadı vardı. Səhnə incəliklərini, nüanslarını həssaslıqla duyur, dərk edirdi. Oynadığı Hacı Qara rolunun timsalında dövrün ədalətsizliyinə, riyakar mövqelərə, saxtakarlığa, yalanlara, qorxaqlıq və şərəfsizliyə nifrətini bildirmişdi. Onun qrimdə camaat qarşısına çıxması daxili emosiyasından, bu yolla fikirlərinə aşkarlıq gətirmək istəyindən yaranmışdı. Əsgər ağa gimnaziyanı qızıl medalla bitirib təhsilini davam etdirmək üçün Moskvaya getdi. Nəcəf bəy Vəzirovla birlikdə Kənd Təsərrüfatı Akademiyasında oxudu. Orada da cəhalətdən, avamlıqdan yaxa qurtarmaq, millətinin savadlanması üçün yollar axtarırdı. "Əkinçi" qəzetinin ilk saylarını böyük həvəslə oxuyan Əsgər ağa redaktor Həsən bəy Zərdabiyə məktub yazmışdı: "Keçən il kənd əhli ilə danışdım. Onlar hazırdır, əlləri qabara-qabara, üzləri tərləyə-tərləyə qazandıqları puldan üç manat cəm edib "Əkinçi"yə gətirsin. Amma çifayda, kənd əhli poşt adını eşitməyib, qəzet gətirməyin qaydasını bilmir. Taxsır bəyzadələrimizdədir ki, qəzet gətirib onlara paylamırlar". Ə.Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. O yazıları indi də həyəcansız oxumaq mümkün deyil. Publisist qələm sahibi kimi tanınmışdı. Maraqlı dram əsərlərinin müəllifi idi. "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməmişdi. Həmin əsər əsasında unudulmaz televiziya rejissoru Rauf Kazımovski tamaşa lentə almışdı. M.Lermontovun dilimizə çevirdiyi şeirləri indi də oxucuların xoşladığı əsərlər sırasındadır. Onun "Qara yel" romanı dünya xalqlarının 20-dən artıq dilinə tərcümə olunub. Nizami məqbərəsi İlk türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgər ağa Gorani tərəfindən təmir etdirilmişdir.

Əsgər ağa Gorani-Adıgözəlov 1910-cu il mart ayının 10-da Gəncə şəhərində vəfat etmiş və Gəncənin Səbiskar qəbristanlığında dəfn edilmişdir.

                                                                                                                                                                                                Orxan Gəncəsoy

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort