• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Şeyx Nizaminin məzarı

E-mail Çap PDF

Şairin məqbərəsinin acı taleyi, ilginc faktlar!

  

Bu yerdə mənim tək yatanlar çoxdur,

Onları xatirə salan ki, yoxdur.

Təzə kəklik, yad et məni ürəkdən

Məzarım yanından ötüb keçərkən,

Görərsən üstümdə göyərmiş otlar,

Baş daşım uçulmuş, çökmüşdür məzar.

Qəbrimin tozunu sovurmuş yellər,

Dostlardan anan yox məni bir nəfər.

Bəlkə də dahi şair Nizami Gəncəvi hələ sağlığında ikən məzarının faciəvi bir tarix yolu keçəcəyini hiss edirmiş. Elə böyük mütəfəkkirin “ŞƏRƏFNAMƏ”sindən götürdüyümüz bu kiçik misralardan da göründüyü kimi qədim Gəncəyə doğru gedən cığırın növbəti anlarında dahi şairimizin məzarının keçdiyi faciəvi tarix yolundan və ümumiyyətlə Şıx düzündən söhbət açacağıq.

Böyük Nizaminin məqbərəsi, Qızıl Arslan tərəfindən Nizamiyə hədiyyə edilən Həmdan-indiki Əhmədbəyli kəndinin ərazisindədir və əbəs yerə deyil ki, bu əraziyə yerli əhali indi də “Şeyx düzü”, “Şıx düzü” deyir. ”Gəncənin dünəninə nəzər saldıqda Şıx düzünün ərazi vahidi olaraq, özünün də vaxtilə məhəllə olduğunun şahidi oluruq. Şıx düzü məhəlləsinin Şah Abbas Gəncəsinə köçürülməməsinə baxmayaraq, əsirlərdi yerli əhali Nizami torpağının bu güşəsini elə Şeyx düzü, Şıx düzü kimi yaddaşlarında saxlayıb.

“Şıx düzü”ndə aparılan arxeoloji qazıntılar sübut edir ki, bu ərazi vaxtilə Gəncə şəhərinin bir növ fəxri xiyabanı olub. Ümumiyyətlə isə, Nizami dövründə burada böyük qəbristanlıq yerləşib. Qəbristanlığın daha çox fəxri xiyaban olmasını söyləməyə əsas verən ən ümdə amil, Şeyx Nizaminin məqbərəsinin ətrafında Gəncə şəhərinin başqa hörmətli şəxslərinin də məqbərələrinin olmasıdır.

Böyük Nizaminin vəfatından az sonra, XIII əsrin əvvəllərində onun üçün məqbərə ucaldılır. Bu tikili öz təravət və əzəmətini XVIII əsrin axırları, XIX əsrin əvvəllərinə qədər qoruyub saxlayır, xalqın daimi ziyarət yeri olur. Nizami irsinin tədqiqatçısı, görkəmli alim, akademik Həmid Araslı məhz ilkin məqbərə haqqında yazırdı:

“Nizami öldükdən sonra qəbri ziyarətgaha çevrilmiş, onun öz kəndinin gəlirlərindən başqa bizə məlum olmayan hökmdarlar və ya bivaris ölən adamlar tərəfindən bu məqbərəyə vəqflər edilmişdir. XVI əsrdə bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və yoxsullara hər gün yemək verən, müdərrisləri təmin edən bir xeyriyyə ocağı olmuşdur. …məqbərə təkcə bir günbəzdən ibarət olmayıb, geniş bir ərazini əhatə edirmiş”

19-cu əsrin əvvəllərində dahi şairin nəinki qəbirüstü abidəsi, həmçinin məzarının faciəvi tarix yolu başlayır. Məhz o dövrdə Rusiya imperiyasının Qafqazda yeritdiyi işğalçılıq siyasəti nəticəsində Gəncə xanlığının süqutundan sonra, 1826-cı ildə “Şıx düzü”ndə baş verən məhşur Yelizavetpol döyüşü zamanı məqbərə ciddi zədələnir və təmir edilmədiyindən bərbad vəziyyətə düşür, ilkin görkəmini nəzərə çarpacaq dərəcədə dəyişir.

XIX əsrin 40-cı illərində tamamilə dağılmaq təhlükəsi qarşısında qalan məqbərənin ciddi təmirə ehtiyacı olduğunu görən Qarabağ xanlığının tarixçisi Mirzə Adıgözəl bəy XIX əsrin ortalarında məqbərəni təmir etdirərək onun uçmuş günbəzinin əvəzində yeni bir günbəz tikdirir. XX əsrin əvvəllərində isə Adıgözəl bəyin nəslindən olan və Gəncənin polis rəisi işləyən Əjdər bəy Adıgözəlov günbəzi təmir etdirir. Bundan sonra məqbərə tamamilə baxımsız qalır və uçub dağılır.

1875-ci ildə İran taxtının vəliəhdi Fərhad Mirzə Qacar böyük şairin ziyarətinə gəlişini və məqbərənin vəziyyətini özünün Yol bələdçisi” kitabında da belə təsvir edir: “Biz daha yeddi verst yol gedəndən sonra çox da böyük olmayan bir gümbəz gördük. Gümbəz yarıuçulmuş bir vəziyyətdə idi. Bu-şeyx Nizaminin məzarı idi. Buradan Gəncəyə yeddi verst qalırdı. Mən tələsə-tələsə məzara doğru getdim. Ancaq yaxınlıqdakı postun qarovulçuları gümbəzin üstünə o qədər ot yığmışdılar ki, içəri keçmək mümkün olmadı.” 

XIX əsrin sonunda Məkkə ziyarətinə gedən Seyid Əzim Şirvani Nizaminin məqbərəsini ziyarət edir və onun acınacaqlı vəziyyətindən təsirlənərək məhşur rübaisini söyləyir:

Ey Şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü – ehtişamı dağılan.

Olmayıbdır cahanda bir səninlə məntək,

Beyti, evi, məktəbi, kəlamı dağılan.

Həqiqətəndə bu Nizaminin məzarı haqqında insanda təəssüf doğuracaq ən qəlbətəsiredici şer parçasıdır.

1881-ci ildə Tiflisdə arxeoloqların V qurultayı kecirilir. Qurultayda Rusiyalı arxeoloqlarla yanaşı Avropadan gəlmiş qonaqlar da iştirak edirlər. Həmin dövrdə Avropalı arxeoloqlar Qafqazla ciddi maraqlanır və Çar hökümətinin razılıgı ilə bu ərazidə geniş qazıntı işləri aparırlar, elə dahi Nizaminin məzarının çökdüyü günlərdə bundan sonra başlayır.

Qurultay keçirilən ərəfədə avropalı arxeoloqlar Gəncəyə gələrək Nizaminin qəbri ilə maraqlanırlar. Yerli əhalinin sonralar söylədiyinə görə, arxeoloqlar qəbrin sirrini öyrənir və məqbərədən bir az aralıdan lağım ataraq oraya daxil ola bilirlər. Onlar məzardan bəzi şeyləri götürüb aparmaq istəyərkən, Əhmədli kəndinin əhalisi onlara mane olur və bu əşyaları onlardan alırlar. Bundan xəbər tutan çar hökuməti alınan əşyaların arxeoloqlara qaytarılmasını əmr edir. Bu əşyaların nədən ibarət olması və onların sonrakı taleyi bu günə qədər də sirr olaraq qalır.

Mirabbas Mirbağırzadə, 19 oktyabr 1923-cü ildə “Kommunist” qəzetində dərc olunan “Şeyx Nizaminin qəbri” adlı məqaləsində bu olayı özünəməxsus tərzdə ifadə edir.

“40-45 il bundan əvvəl Avropalı bir heyət gəlib lağım ataraq Nizaminin qəbrindən yazılı başdaşını aparmışdır…Nizaminin qəbrindən həmin başdaşı ilə bərabər, əski məqbərənin günbəzindən uçub tökülən qədim Kufi yazılı kərpiclər də yox olmuşdur…”

Nizaminin məzarı Gəncənin tərəqqipərvər ziyalılarını daim narahat edirdi, məzarın abadlaşdırılması üçün yollar axtarılırdı. Belə ziyalılardan biri də Gəncə gimnaziyasının ana dili və ədəbiyyat müəllimi, “Difai”çi Mirzə Məhəmməd Axundzadə idi. O, 1908-ci ildən başlayaraq müxtəlif mətbu orqanlarda müsəlman ziyalılarını və imkanlı adamları Nizami Gəncəvinin məqbərəsinin təmiri barədə düşünməyə çağırır. Bu məqsədlə elə ilk addımı da onun özü atır. Mirzə Məhəmməd Axundzadə 1909-cu ildə “Şeyx Nizami” kitabını yazır. Bu kitabın satışından toplanılan məbləğ Nizaminin məqbərəsinin təmiri üçün nəzərdə tutulurdu. “Şeyx Nizami” kitabınının titul vərəqəsində yazılır: «Bu kitabın satışından əldə olunan pullar Nizaminin məqbərəsinin bərpasına sərf olunacaq.»

Lakin toplanılan məbləğ məqbərənin təmirinə çatmır, yalnız məqbərənin ətrafında səliqə-səhman yaratmağa bəs edir.

”Molla Nəsrəddin” jurnalının 1908-ci ildə çıxmış 51-ci sayında görkəmli rəssam Şmerlinq tərəfindən çəkilmiş rəsmdə və V.Bartoldun 1912-ci ildə çap etdirdiyi ”Şair Nizaminin qəbri” məqaləsində Şeyx Nizaminin məzarının acınacaqlı vəziyyətindən ürəkağrısı ilə söz açılmaqla bərabər, məqbərənin qalıqlarının rəsmləri də çap edilir. XX əsrin əvvəllərində ”Tərəqqi”, “Yeni həqiqət”, “Yeni iqbal” qəzetlərində Nizami Gəncəvinin məzarının acınacaqlı vəziyyəti, məzarın ətrafında aparılan qazıntı işlərindən müntəzəm olaraq söhbət açılır.

Nəhayət, 1922-ci ildə Gəncə ziyalıları toplaşaraq, Mirzə Məhəmməd Axundzadə, tarixçi alim Cavad bəy Rəfibəyli və müəllim Mirkazım Mirsüleymanzadədən ibarət, “Nizami komissiyası” adlanan bir komissiya yaradılır. Komissiyanın qarşısına məqbərənin təmiri ilə məşğul olmaq tapşırığı qoyulur. Lakin sonradan komissiya tamam başqa mövqe tutur və heç kimlə məsləhətləşmədən Nizaminin məzarını Gəncə şəhərinin mərkəzinə köçürmək qərarına gəlir.

Bu məqsədlə müsamirələr, tamaşalar təşkil etməklə, əhalidən ianələr toplamaqla xeyli vəsait də yığılır. Nizaminin sümüklərini dəfn etmək üçün Şah Abbas məscidinin qabağındakı “Avara bağ” deyilən alqı-satqı meydanının ortasında qırmızı kərpicdən bir qəbir də hazırlanır.

1923-cü ilin mart ayında məqbərənin içərisində qazıntı işlərinə başlanılır. Məqbərənin içinə tökülən daş, torpaq qalağını təmizlədikdən sonra qapının ağzında bir qəbir aşkar olunur. Qəbirdən çıxarılan sümüklərin Nizamiyə aid olduğunu düşünərək onları taxta yeşiyə yığırlar. Lakin sümüklərin çox incə, ağ və kiçik olması komissiya üzvlərini şübhələndirir və onlar məqbərə səthini təzədən qazmağa başlayırlar. Birinci səthdən sonra, təxminən 71 sm dərinlikdə ikinci səthə çatanda, səthin ətrafında günbəzin bünövrə və qalıqları üzə çıxır. Məqbərənin dib tərəfində, divarın yanında hündürlüyü 45-50 sm olan, sadə bir daş aşkar olunur. Daşın yan tərəfində bir yerə ətrafın sarı torpağından fərqlənən göy qum töküldüyü diqqəti cəlb edir. Bu qum kütləsini qazıb çıxardıqdan sonra 1m 45 cm dərinlikdə daş hörgü aşkar olunur. Daşları sökdükdə yer altına açılan və üst qatları uçmuş bir lağım görünür. Uçub içəriyə tökülən daş və torpağı təmizlədikdən sonra aydın olur ki, Nizaminin cənazəsi kəfənə büküldükdən sonra üstündən tirmə ilə sarınıb və palıddan hazırlanan dörd ayaqlı bir tabuta qoyulub. Tabutun özünün də tirmə ilə sarınması cənazənin çox böyük ehtiram və hörmətlə dəfn edildiyindən xəbər verirdi. Tabutun taxta parçalarının üzərindən qoparılan tirmə parçaları hazırda Nizami adına Ədəbiyyat muzeyində saxlanılır.

Dahi şairimizin məzarının keçdiyi tarix yolu hər bir Azərbaycan vətəndaşının yaddaşında iz buraxmalıdır. Tariximizə, mədəniyyətimizə biganə münasibətimizin, düşünülməyən addımlarımızın hansı fəsadları törətdiyini dərindən düşünmək və anlamaq lazımdır.

Eylədilər bir biyabanda, uçuq qəbrimin altında əvət,

Yeddi yüz əlli il idi ki, yatırdım rahət.

El unutmuş məni, atmışdı kənara millət,

Bir əyadət, nə ziyarət, nə məhəbbət, hərəkət.

Dahi Nizaminin məzarının keçdiyi faciəvi tarix yolunu sonralar Əli Nəzmi bu cür təsvir edirdi. Elə bu deyimdən də göründüyü kimi Nizami məzarının keçdiyi tarix yolunun ən xırda detallarına nəzər salacağıq. Elə bu çərçivədə onu demək olar ki, Nizaminin məzarı ilə bağlı diqqət və maraq doğuran məsələlərdən, alimləri düşündürən amillərdən biri də şairin məzarının tipi və forması ilə bağlı olub.

MirAbbas MirBağırzadə “Şeyx Nizami” adlı məqaləsində böyük mütəfəkkirin məzarının quruluşunu bu cür təsvir edir: “Nizaminin cənazəsi qoyulan yer qazılıb adi, adəti-vəchilə qəbirlərdən olmayıb, türklər tərəfindən sapma qəbir deyilən əsgi üsulca, yeraltı bir daxmadan ibarət imiş.”

Bu təsvirdən Nizaminin qəbrinin, qədim türklərin hörmətli insanları dəfn etdikləri kurqan qəbirlərə daha çox bənzəməsi xüsusən maraq doğurur. “İmamzadə” ətrafındakı Gəncə qəbristanlığında belə sapma qəbirə bu gün də rast gəlinir. Bu barədə görkəmli alim Y.Qummel hələ 1931-ci ildə Bakıda çap etdirdiyi “Dəfn kurqanı” və “Qədim Gəncə” əsərində məlumat verir: “Şıx düzü”ndəki köhnə Gəncə qəbristanlığı bürünc dövrünə aid kurqan çölünə geniş yayılmışdır. Bu şəhərdə dəfn olunan başçıların, hərbi rəislərin kurqanlarının öyrənilməsi sübut edir ki, icma quruluşunun dağıldığı bu dövrdə cəmiyyət içərisindən döyüşçü dəstəsi ilə əhatələnən və qulları olan icma-tayfa başçıları meydana çıxır.” Bu kurqanlar üstü torpaq qatı ilə örtülən yeraltı bir tikili idi. Hələ o zamanlar Oğuz türkləri bu kurqanın üzərində orada dəfn olunan hörmətli şəxsə məxsus yaşayış yerinin-dairəvi çadırın modelini qururdular. Zaman keçdikcə onlar bunun davamsız olduğunu görüb, bu çadırları daş və kərpicdən tikilən türbələrlə əvəz edirlər. Şeyx Nizaminin qəbri də məhz bu üslubda qurulan kurqan-qəbirdən ibarət olub və onun üzərində XIII- XIV əsr memarlıq abidələri üslubunda qülləvari türbə ucaldılıb. 

Elə dahi şairin məzarının tipi və forması Nizamini fars şairi adlandıran bəzi tədqiqatçıların fikirlərini alt-üst edən ən ümdə göstəricidir desək, yanılmarıq. Dahi şairin məzarının ümumi quruluşu bir daha sübut edir ki, Nizami türk oğlu, Azərbaycan şairidir. Ümumiyyətlə, arxeologiyadan bixəbər, qeyri-peşəkar insanlar tərəfindən aparılan özbaşına qazıntı işlərinə sonralar Akademik Bartold “Özbaşına qazıntı və şərqşünaslıq” adlı məqaləsində öz ciddi etirazlarını bildirir. Azərbaycan Arxeologiya Komitəsinin İdarə Heyəti 26 avqust 1923-cü il tarixli iclasında nəhayət bununla bağlı qərar qəbul edir:

“Böyük Azərbaycan şairi Şeyx Nizaminin qəbrini özbaşına açıb onun sümüklərini şəhərdəki təzə qəbrdə basdırmaq məqsədilə götürən keçmiş Gəncə Arxeoloji Cəmiyyətinin üzvlərinə töhmət elan edilsin. Bütün işlərin yoxlanması üçün Azərbaycan Arxeologiya Komitəsinin üzvü Şeyxzadə Gəncəyə ezam olunsun.”

Şeyxzadədən sonra isə daha bir arxeoloq Yusifzadə Gəncəyə ezam olunur və 1923-cü il sentyabrın 19-da Arxeologiya Komitəsinin ümumi iclasında bu barədə məruzə edir. Komitə konkret qərar qəbul etməkdə çətinlik çəkir, hansı addımı atacağını bilmir. Komissiya sədrinin qəflətən vəfat etməsi və həmin dövrdə SSRİ-nin yaradılması ilə bağlı gedən proseslər işləri xeyli ləngidir. Nəhayət, Dadaş Bünyadzadənin işə qarışması ilə məsələ öz həllini tapır. Əli Razi Şəmçizadə “Kommunist” qəzetinin 1924-cü il 8 oktyabr tarixli nömrəsində “Bədbəxt şair” başlıqlı məqaləsində bu barədə yazırdı: “…Tiflisdən, yoldaş Dadaş Bünyadzadədən teleqraf alındı ki, Şeyx Nizamini yerindən tərpətməyin, öz qəbrində qalsın. Məqbərəsinin planını çəkib göndəriniz bütün məsarif öhdəmədir.”


Bundan sonra Arxeologiya Komitəsi Mirabbas Mirbağırzadəni oktyabrın 3-də Gəncəyə ezam edir və o, oktyabrın 6-da verilən tapşırığı yerinə yetirərək Şeyx Nizaminin 6 aya qədər açıq havada, taxta qutunun içində saxlanılan sümüklərini yığıb yenidən köhnə qəbrində dəfn etdirir. Mirabbas Mirbağırzadə gördüklərini “Şeyx Nizami” adlı məqaləsində belə təsvir edirdi: “…sümüklər, uzun yeşik kimi yapılmış adi bir taxta qutunun içində idi. Üç yerdən mismarlanmış qapağını açdım: Şeyx Nizaminin sümüklərini həmin qızın ağ sümükləri ilə qarışmış gördüm. Qəbirdən çıxarılan sandıq taxtasının parçaları və mıxları da qalan başqa şeylərlə bərabər sümüklərlə qarışmış idi…Şeyx Nizaminin qafa tası bir-birindən ayrılmış və ufaq-ufaq olmuşdu. Sümüklər yeni çürüməyə başlamış və qəhvə rəngini almışdı…”

Nizaminin qəbrinin acınacaqlı vəziyyəti barədə “Şeyx Nizaminin qəbri” (“Kommunist”19 oktyabr 1923-cü il) və “Şeyx Nizami” (”Yeni fikir “,Tiflis 1923, 25 noyabr ; N:256) məqalələri ilə çıxış edən Mirabbas Mirbağırzadə bu barədə Arxeologiya komitəsinin 28 noyabr 1924-cü il tarixli ümumi iclasında kiçik məruzə ilə çıxış edir və Nizaminin məzarı üzərində məqbərənin tikilməsi ilə əlaqədar Dadaş Bünyadzadənin arzularını idarə heyyətinin nəzərinə çatdırır. Yeni məqbərənin tikilməsi məqsədi ilə şairin qəbrini ətraflı tədqiq etmək üçün 1925-ci il iyunun 19-da bilavasitə Dadaş Bünyadzadənin tapşırığı ilə arxeoloq C.Aleksandroviç Nəsifi, epiqrafçı İ.Əzimbəyovla birlikdə Gəncəyə gəlir. O, Gəncədə Nizaminin qəbrini tədqiq etməklə bərabər, burada qəbrin açılmasında iştirak etmiş şair Əli Nəzmi ilə görüşür və ondan qəbirlə bağlı bir çox maraqlı məlumatlar alır. C. Aleksandroviç Nəsifinin tədqiqatlarının nəticələri onun “Gəncə və Nizaminin qəbri” məqaləsində ətraflı işıqlandırılıb.

Ancaq yenə də nədənsə şairin qəbrinin abadlaşdırılması yaddan çıxır. 1929-cu ildə Nizaminin qəbrini görmək üçün Gəncəyə gələn akademik İ.İ. Meşşaninov deyirdi: “Mən Nizaminin qəbrini görəndə, öz gözlərimə inanmadım, Nizaminin qəbrini belə bərbad görmək məni heyrətə saldı.”

1930-cu ildə Şeyx Nizaminin qəbri növbəti dəfə açılır və 1932-ci ildə nəhayət qəbrin üzərinə müvəqqəti abidə qoyulur. 1939-cu ildə Kiyev ziyalıları ilə görüşündə Stalinin “Xosrov və Şirin” poemasından bir parçanı əzbərdən söyləməsi, onun Nizami yaradıcılığına və şəxsiyyətinə münasibətini təsdiqləyirdi. Həmin görüşün iştirakçısı Mikola Bajan həmin hadisəni belə xatırlayırdı:

“Yoldaş Stalin bəşəriyyətin yaratdığı bütün dəyərləri əhatə edən geniş zəkası və hafizəsinə arxalanaraq , məhz bu şeri əzbərdən söylədi.”

İosif Stalinin Nizamiyə münasibəti aydınlaşdıqdan sonra hadisələrin inkişafı daha da sürətlənir və Nizaminin məzarı üzərində layiqli bir abidə ucaldılması məsələsi yenidən diqqət mərkəzində durur. Tikiləcək məqbərənin yerini son dəfə tədqiq etmək üçün 1940-cı ildə İ.P.Şeblıginin də iştirak etdiyi daha bir arxeoloji ekspedisiya Nizaminin qəbrində və onun ətrafında qazıntı işlərinə başlayır. Tarixi mənbələrdə rast gəlinən ən xırda detallardan tutmuş C.Aleksandroviç-Nəsifinin məqbərə ətrafındakı son tədqiqatlarına qədər məqbərə haqqındakı bütün materialları, arxeoloji ekspedisiyanın gəldiyi nəticələrlə uzlaşdıran İ.P.Şeblıgin böyük elmi dəyərə malik ”Nizami türbəsinin tarixinə dair” məqalə və “Nizami dövründəki Azərbaycan abidələri” adlı monoqrafiya ilə çıxış edir. Şeblıginin tədqiqatlarından aydın olur ki, Nizaminin XIII əsrdə tikildiyi təxmin edilən məqbərəsinin ümumi sahəsi 101,12 kv.m,özülünün qalınlığı isə 1m 72 sm olub. Bütün bunları nəzərə alan Şeblıgin Nizaminin məzarı üzərində XIII əsrdə tikilmiş məqbərənin çox nəhəng bir tikili olduğu qənaətinə gəlir. 1923-cü ildə aparılan son qazıntılara qədər məqbərənin sahəsi azalaraq 56,25 kv.m olur. O, məqbərənin forma və quruluşunu müəyyənləşdirərkən 1903-1905-ci illərdə İranın Tiflisdəki konsulu Hüseyn xan Rzazadənin sulu boya ilə çəkdiyi bir rəsm əsərini əsas kimi götürür. Şeblıginin Nizaminin məzarında apardığı qazıntı işləri sonralar 1970-80-ci illərdə yeni şaiələrin və söz-söhbətlərin yayılmasına səbəb olur. Mənbəyi məlum olmayan bu şaiələrdə iddia edilirdi ki, qazıntı zamanı Nizaminin kəllə sümüyü götürülərək surətinin yaradılması üçün məşhur alim Gerasimova göndərilib. Sonra isə guya naməlum səbəblər üzündən nə Nizaminin obrazı yaradılıb, nə də kəllə sümüyü geri qaytarılıb. Heç bir arxiv sənədində və akademik Gerasimovun gördüyü, yerinə yetirməyi planlaşdırdığı işlər siyahısında bu barədə heç bir məlumata rast gəlinmir. Görünür 1941-ci ildə Əmir Teymurun və oğlanlarının kəllə sümüyü əsasında onların obrazlarının yaradılması barədə məlumatlar belə bir əsassız şaiyənin yaranmasına səbəb olub. Çünki, 1939-cu il noyabr ayının 1-də Nizaminin 800 illik yubileyinə hazırlıq məqsədi ilə Azərbaycan SSRİ Xalq Komissarları Şurasının 4972 N-li qərarı ilə Nizami muzeyi yaradılır. Böyük şairin obrazının yaradılması üçün rəssamlar arasında müsabiqə elan edilir. Rəsm müsabiqəsinin qalibləri üçün I və II dərəcəli mükafatlar nəzərdə tutulur. 1941-ci ildə şairin 800 illik yubileyi ərəfəsində müsabiqəyə yekun vuran komissiya heç bir işi I mükafata layiq görmür. İkinci mükafat Qəzənfər Xaliqovun çəkdiyi portretə verilir. Sonralar bu portret əsasında məşhur heykəltəraş, SSRİ İncəsənət Akademiyasının həqiqi üzvü Fuad Əbdülrəhmanov şairin heykəlini hazırlayır.

Bu gün Bakıda, Gəncədə və Brüsseldə ucalan möhtəşəm heykəllərin müəllifi də Fuad Əbdülrəhmanovdur.

1925-ci ildən başlayaraq məzarın üzərində tikiləcək məqbərə üçün müxtəlif layihələr təklif edilir. 1926-cı ildə Azərbaycan Politexnik İnstitutunun tələbələri tərəfindən işlənən layihə müsabiqədə birinci yeri tutur və hökumət səviyyəsində bu layihə əsasında məqbərənin inşasına razılıq verilir.

Lakin, naməlum səbəblər üzündən bu iş də təxirə salınır və 1940-cı ildə Vaxutin və Sarkisovun layihələri əsasında məqbərənin tikintisinə başlamaq barədə göstəriş verilir. Böyük Vətən Müharibəsinin başlaması ilə məqbərənin tikintisi dayandırılır və nəhayət 1947-ci ildə məqbərə tikilib başa çatdırılır. Yerli ağ daşdan tikilən məqbərənin hündürlüyü 15,2 m, bünövrəsinin sahəsi 49 kv.m olur. Memarlar Nizami dövrünün və ondan sonrakı Elxanilər dövrünün qülləvari türbə ənənəsinə uyğun bir abidə yaratmağa çalışırlar. Bununla da böyük şairin məzarı ətrafında cərəyan edən xoşagəlməz əhvalatlara son qoyulduğunu güman etmək olardı…Lakin belə deyildi…

Əvvəl Nizaminin məzar daşlarının, sonra isə sinə daşının estampajının müəmmalı şəkildə yoxa çıxması, hansısa gizli bir qüvvənin Nizaminin bu məmləkətlə bağlılığının ya ən azı şübhə altına alınmasına rəvac verməsindən, ya da tamam başqa mətləblərdən xəbər verirdi.

Nizami komissiyası “Kommunist” qəzetinin 13 noyabr 1924-cü il tarixli nömrəsində dərc etdirdiyi “Unudulmuş yoldaşa cavab” sərlövhəli məqaləsində yazırdı: “Yoldaş Mirabbas getdikdən sonra, Maarif şöbəsinin müdiri yoldaş Kazımovdan Mərkəzi muzeyə bəzi daşlar və həm də böyük bir məruzə göndərilib, təəssüflər ki, bu günə kimi əncamsız qalmışdır.”

Nizami muzeyi yaradıldığı gündən orada baş mühafiz işləyən Sücaətdin Tağızadə danışırardı ki, Nizaminin məzarından bir neçə yazılı daş gətirib muzeyin foyesinə qoyublar. Daşlardan əlavə bura qəbrdən başqa əşyalar da gətirilib. Muzeydəki tirmə parçası da həmin əşyalar arasında olub. Sonra bu daşlar tarix muzeyinə verilir və ordan yoxa çıxır. Ancaq bu daşlar görünür Nizaminin məqbərəsi sökülən zaman üzə çıxan daşların hamısı olmayıb. Daşlardan bir hissəsi qəbrin yanında qalıb və sonradan – 1947-ci ildə yəni məqbərə tikildikdən sonra həmin daşları məqbərənin içinə yığıblar. Nizami muzeyinin əməkdaşı Sadıq Hüseynovun yazdığına görə 1963-cü ildə Nizaminin məqbərəsində səliqə-səhman yaradılması ilə əlaqədar, o vaxtlar Kirovabad şəhər Sovetinin sədri işləyən Ələsgər Əlizadə Nizaminin sinə daşının və orada olan başqa daşların Gəncə Tarix-Ölkəşünaslıq muzeyinə aparılması barədə göstəriş verir. Bu daşların Gəncə Tarix-Ölkəşünaslıq muzeyində isə həmin daşların harada olmasından heç kimin xəbəri yoxdur.

Bunlar azmış kimi Nizami muzeyinin fondundan Nizaminin sinədaşının estampajı da yoxa çıxır.

Estampajı muzeyə təqdim edən Əjdər Ələsgərzadə onun haqqında ilk dəfə 1945-ci ildə Elmlər Akademiyasında etdiyi məruzədə söz açıb və 1947-ci ildə rus dilində nəşr etdirdiyi “Azərbaycan memarlığı. Nizami dövrü” kitabında estampajın şəklini və tərcüməsini də verib.. 

Əjdər Ələsgərzadənin tərcüməsində kitabənin mətni bu cür səslənir: “Bu nurlu qəbir Şeyxlər şeyxi Əbu-Məhəmməd, ibn-İlyas, ibn-Yusif, ibn-Zəki, Nizaməddin Müəyyədindir. Orucluğun dördüncü günü, altı yüz beşinci il tarixində.”

Kitabənin bu cür oxunması, düzgün və sərrast tərcüməsi Y.E.Bertels, C.Alesandroviç Nəsifi, Şeblıgin və başqaları tərəfindən kəşf kimi qarşılanır. Görkəmli şərqşünas Dyakonov 1948-ci ildə kitaba yazdığı rəydə bunu belə qiymətləndirir: “Ə.Ələsgərzadə tərəfindən Nizami və Xaqani qəbrinin kitabələrinin oxunub Şərq epitafiyası sahəsində qəbul edilməsi xüsusilə qiymətlidir, demək olar ki, sensasiyadır.”

Lakin kitabədəki bir səhv bəzi alimləri şübhəyə salır və onun orijinallığını sual altında qoyur. Hətta bu kitabənin Ə.Ələsgərzadə tərəfindən uydurulduğunu iddia edənlər də tapılır. Təcrübəli nizamişünas Y.Bertelsin bu qüsuru məntiqi surətdə izah etməsi bütün şübhələrə son qoyur:

“Kitabədə səhv vardır. Şairin adı olan “İlyas” sözündən əvvəl “ibn” sözü durur. Şəxsən mənə elə gəlir ki, bu səhv kitabənin əsl olduğunu təsdiq edir, belə ki, saxta olsaydı əlbəttə ad düzgün yazılardı. Usta tələsidiyindən “ibn” sözünü çox asanlıqla yaza bilər.”

Gəncədə Alüminium zavodunun tikilməsi məqbərə üçün real təhlükəyə çevrilir. Alüminium tullantılarının yağışla bərabər türbənin üzərinə düşməsi nəticəsində məqbərənin aşağı hissələri yeyilməyə başlayır. 1981-ci ildə Nizaminin 840 illik yubiley tədbirləri zamanı məqbərənin acınacaqlı durumu, o zaman Azərbaycan KP MK-nın I katibi işləyən Heydər Əliyevin nəzərindən yayınmır və o, Nizaminin məzarı üzərində daha əzəmətli bir məqbərə ucaltmaq təklifi ilə çıxış edir. O vaxtlar Gəncə şəhərinin baş memarı işləyən Fərman İmamquliyev, Qorxmaz Sücəddinovla birgə Nizami məqbərəsinin yeni layihəsini işləyir. Onlar, artıq Gəncənin simvoluna çevrilən köhnə məqbərənin bəzi elementlərini Nizami dövrü memarlığının ənənələri ilə daha da yaxınlaşdıraraq qranit və mərmərdən tikiləcək, hündürlüyü 20,9 m olacaq məqbərənin layihəsini hazırlayırlar. Layihə bəyənilsə də Heydər Əliyevin Moskvaya getməsi ilə yeni məqbərənin tikintisi təxirə salınır. 1990-cı ildə Nizaminin 850 illik yubileyi ərəfəsində, məqbərənin tikintisinə başlamaq qərara alınır. Bu proses də itkisiz ötüşmür.

nizami9

Məqbərə ətrafında aparılan abadlıq işləri zamanı Nizaminin qəbri yerləşən kurqanın böyük bir hissəsi dağıdılır və minə qədər qədim qəbir məhv edilir. Layihə müəlliflərinin bütün səylərinə baxmayaraq, tikinti işləri də tələm-tələsik və başdansovdu aparılır. Məqbərənin daş və qranitdən hazırlanmasına baxmayaraq, tikinti zamanı istifadə olunan sement və yapışdırıcı materiallardan normalar daxilində istifadə olunmadığından türbənin kənarında bəzi daşlar sürüşür, günbəzin hidroizolyasiya qatı zəif olduğundan məqbərənin içərisinə su sızır. Buna görə də Abidələrin Bərpası Elmi-Tədqiqat Layihə İnstitutunda AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin rəhbərliyi altında hazırlanan layihə əsasında, məqbərə əsaslı təmirə hazırlanır.

Dahi şairin məzarının və qəbirüstü abidəsinin keçdiyi acınacaqlı tarix yoluna baxmayaraq bu gün Nizami məqbərəsi öz əzəmətli görkəmi ilə Gəncəyə gələn qonaqları qarşılayır.

Qazıntılar zamanı həmçinin, Nizami məzarının yanında bir qadın qəbrinin olduğu da üzə çıxır. "Bu kimin məzarı ola bilər" məsələsi başında da müxtəlif fikirlər söylənib. Vahid Dəstgerdi belə güman edib ki, bu, Nizaminin sevimli ömür-gün yoldaşı Afaqın məzarıdır. Bunu dahi şairin qızının qəbri hesab edənlər də tapılıb. Halbuki, Nizaminin qızı olması barədə etibarlı, dürüst məlumat yoxdur. Ümumiyyətlə, bu mülahizələrin heç birinin real əsası olmayıb. "Məhsəti və Əmir Əhməd" adlı əlyazmada isə Məhsətinin məzarının Nizami məqbərəsinin yanında olması barədə qeyd var.

Biz, 1923-cü ildə aşkarlanmış məzarın Afaqın, Məhsətinin və bir başqasının olması mübahisəsinin həllinə girişmək istəmirik. Həqiqət budur ki, Məhsətinin məzarı Nizami məqbərəsi ilə yanaşı olub və bizi indi düşündürən budur. Elə o yerlərdəcə Məhsətiyə bir məqbərə ucaltmaq şairəmizin xatirəsi qarşısındakı mənəvi borcumuzdur.

 

                                                                                                                                                                                                                                                                                    Ayaz Əbülfəzoğlu

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort