• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Mirzə Abdulla Məhəmmədzadə (Abdulla Sur)

E-mail Çap PDF

 Gəncənin ədəbiyyatşünası və tənqidçisi

Abdulla Tofiq Sur 23 iyul 1877-ci ildə Gəncədə ruhani ailəsində doğulmuşdur. İlk təhsilini 1896-cı ildə Gəncədə Axund Hüseyn Pişnamazzadənin Xeyriyyə məktəbində (mədrəsədə) almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də mükəmməl öyrənmişdir. Çox gənc yaşda – 1889-cu ildə, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmış və şöhrət qazanmışdır.

İlk məqalələri 1903–cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus"qəzetində çap olunmuşdur. Həmin ildən etibarən Abdulla Sur Tiflisə köçərək, bu qəzetin baş redaktoru işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.

O, Qafqazın müxtəlif mətbuat orqanlarına A.Sur, Məhəmmədzadə, Qafqasiyalı, A.Tofiq, Gəncəli, Abdulla Məhəmmədzadə, Bir Adam və başqa imzalarla məqalələr yazmışdır. "Şərqi-Rus" qəzeti bağlandıqdan sonra, yenidən Gəncəyə qayıdan Abdulla Sur burada müəllimlik fəaliyyətini davam etdirir. O, eyni zamanda "Həyat" və "İrşad" qəzetlərinə ədəbiyyat və mədəniyyət mövzularında məqalələr yazır.

Çağdaşları bu yorulmaz və istedadlı gənci, həm də gülərüz, xoşxasiyyət, milliyətçi və bütün tələbələrinin sevimli müəllimi olaraq xatırlayacaqlardı.

1906-cı ildə Abdulla Sur İstanbula gedir. İki il yarım burada yaşayaraq, İstanbul Darülfünunda (Universitetində) ədəbiyyat müəllimi kimi çalışır. Türk qəzetlərində məqalələri çap olunur. Həyatının İstanbul vaxtında ən böyük və ən önəmli əsərini "Türk ədəbiyyatına bir baxış" kitabını yazmağa başlayır. Həcmi min səhifədən artıq olan bu kitabı bitirsə də, çap etdirmir. Hal-hazırda əlyazma halındakı kitabın çox hissəsi itmiş, yalnız ayrı-ayrı parçaları qalmışdır.

İstanbulda 1908-ci ilin noyabr ayına qədər yaşayan Abdulla Sur burada Osmanlı ədəbiyyatı haqda araşdırmalar aparmış, İbrahim Şinasinin "Şair evlənməsi" əsərini Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirmişdir. Kərbala vaqiəsinə dair geniş məqalələr yazmışdır. Rus dilində yazılmış olan coğrafiyaya dair bir kitabı da türkcəyə çevirmişdir. Bütün bunlardan əlavə üç cildlik bir antalogiya hazırlamağa da başlamışdır.

Azərbaycana qayıtdıqdan sonra Abdulla Surun vətəninin mədəniyyət həyatına daha böyük töhvəsi olmuşdur. O, 1910-cu ildə Gəncədə "Ədəbiyyat və Sənət" cəmiyyətini qurmuşdur. Bu cəmiyyətin əsas məqsədi istedadlı gəncləri üzə çıxarmaq, onların gələcək təhsillərinə kömək etmək idi. Cəmiyyət yeni ədəbiyyat və sənət əsərlərini ortaya çıxarmaq üçün müsabiqələr də təşkil edirdi.

Klassik və çağdaş Azərbaycan və Osmanlı türk ədəbiyyatının problemleri ilə davamlı şəkildə məşğul olan Abdulla Sur, dilin və üslubun sadəliyi, başa düşülən olması məsələsinə olduqca böyük önəm verirdi. Buna görə də o, əsərlərini ərəb, fars və türk dillərinin sintezindən ibarət bir dildə yazan Əbdülhaq Həmid,Tofiq Fikrət,Məhəmməd Hadi kimi görkəmli şair və yazıçıların yaradıcılığını tənqid atəşinə tutur, onların işlətdikləri süni dilin əsərlərindəki fikrin və düşüncələrin başa düşülməsinə əngəl yaratdığını iddia edirdi.

XX əsrin tanınmış şairlərindən olan Əhməd Cavad Gəncədə Abdulla Surdan ədəbiyyat dərsləri almış və təsirində qalmışdır. Sur isə Firidun bəy Köçərlini özünün müəllimi saymaqla bərabər "Azərbaycan Ədəbiyyatı" əsərinin yazılmasında ona kömək etmişdir.

Abdulla Tofiq Sur 1912-ci il may ayının 8-də “kor bağırsağın” iltibah etməsindən Tiflis xəstəxanasında dünyasını dəyişmiş və ayın 11-də Gəncədəki  Səbiskar qəbristanlığında dəfn olunmuşdur.

 

                                                                                                                                         Abdulla Surun məzarı

 

 

Orxan Gəncəsoy

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort