• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Cahangir Nağıyev

E-mail Çap PDF

Gəncənin ilk filosofu

Cahangir Musa oğlu Nağıyev 1903-cü il mart ayının 31-də Gəncədə bağban ailəsində anadan olmuşdur. Onun atası çox tez, 1905-ci ildə vəfat etmişdir.

1910-cu ildə Cahangir Nağıyev Gəncədə ikisinifli ibtidai rus-tatar məktəbinə daxil olmuş, 1912-ci ildə oranı müvəffəqiyyətlə bitirib, 1919-cu ildə Gəncə kişi Gimnaziyasına daxil olmuşdur. Orada o, 6-cı sinifdən birbaşa 8-ci sinifə keçirilmiş və 1920-ci ildə həmin Gimnaziyanı əla qiymətlərlə bitirmişdir. 16 yaşlı C.Nağıyev Gimnaziyada oxuduğu illərdə dayısı Məmməd Xəlilovun vasitəsilə partiya sıralarına daxil olmuşdur.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra C.Nağıyev əvvəlcə Gəncədə Quberniya Komitəsinin, sonra isə Gəncə Dairə Komitəsinin məsul katibi işləmişdir. 1922-ci ilin yanvar ayında o, Azərbaycan KP Bakı Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və bu vəzifənin öhdəsindən layiqincə gəlmişdir.

1922-ci lin sonunda C.Nağıyev Azərbaycan KP göstərişi ilə Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə oxumağa göndərilir. O, 1924-cü ilədək burada oxuyur və fəlsəfəyə xüsusi maraq göstərir. Bunu nəzərə alaraq Azərbaycan KP MK-i, habelə Moskvada nəşr olunan “Kommunist” jurnalının zəmanəti ilə C.Nağıyev universitetin iqtisadiyyat fakültəsindən Qırmızı Professura İnstitutunun fəlsəfə fakültəsinə köçürülür. Az vaxt ərzində o, burada fəlsəfə sahəsində nadir istedada malik olduğunu nümayiş etdirmiş və onun bu qabiliyyəti institutun elmi şurasında da qeyd olunmuşdur.

Son kursda C.Nağıyev ağır xəstələnir. Buna baxmayaraq o, Qırmızı Professura İnstitutunun fəlsəfə fakültəsini müvəffəqiyyətlə bitirir və işləmək üçün Bakı şəhərinə göndərilir. Buradan isə həkimlərin məsləhəti ilə müalicə olunmaq üçün Almaniyaya və Fransaya göndərilir. Müalicə olunmaqla bərabər gənc alim Avropanın müxtəlif fəlsəfi məktəbləri ilə tanış olur və sonrakı elmi-tədqiqat işi üçün zəngin material toplayır. Avropa səfərindən sonra C.Nağıyev “Deşan fəlsəfi sistemi” haqqında rus dilində kitab nəşr etdirir.

Bakıya qayıtdıqdan sonra o, yenicə təşkil olunmuş Azərbaycan Elmi-Tədqiqat İnstitutunun fəlsəfə şöbəsinə başçılıq edir və Azərbaycan Dövlət Universitetində dialektik materializmdən dərs deyir, bir qədər sonra isə həmin universitetdə dialektik materializm kafedrasının müdiri olur.

1929-cu il noyabrın 15-də C.Nağıyev və arvadı Rozaliya Nağıyeva faciəli surətdə həlak olmuşlar.

Qısa ömür sürən, rus, alman, fransız dillərini mükəmməl bilən, fars və ərəb dillərini mənimsəyən C.Nağıyev öz dövrü üçün qiymətli olan zəngin bir elmi-fəlsəfi irs qoyub getmişdir.

Çox qısa, lakin mənalı həyat yolu keçən C.Nağıyevin təəssüf ki, övladı olmamışdır. Onun dörd qardaşı olmuşdur. Böyük qardaşı Süleyman Nağıyev C.Nağıyevə atalıq etmiş, onun vasitəsi və vəsaiti ilə oxuyub təhsil almışdır.

C.Nağıyevin ikinci qardaşı Hüseyn Nağıyev Gəncədə Gimnaziyanı bitirdikdən sonra Almaniyada ali təhsil almış, aqronomiya ixtisasını qazanmışdır. Sonra Gəncəyə gəlmiş və burada Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomiya fakültəsinin ilk dekanı olmuşdur. Gəncədə Kənd Təsərrüfatı Texnikumunun ilk yaradıcısı və onun ilk direktoru da Hüseyn Nağıyev olmuşdur.

C.Nağıyevin üçüncü qardaşı Ənnağı Nağıyev Gəncədə Gimnaziyanı bitirdikdən sonra Kiyev Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuş və oranı bitirdikdən sonra Gəncəyə qayıdaraq ömrünün sonuna qədər burada həkimlik sənəti ilə məşğul olmuşdur.

C.Nağıyevin dördüncü qardaşı Hacıbaba Nağıyev də Gəncədə Gimnaziyanı bitirdikdən sonra Moskvada ali təhsil almış, geodeziya ixtisası üzrə mühəndis adına nail olmuşdur. O, Gəncədə ali məktəb və texnikumlarda geodeziyadan dərs demiş və KTT-da direktor işləmişdir.

Qeyd olunanlardan aydın olur ki, istedadlı filosof Cahangir Musa oğlu Nağıyev görkəmli ziyalı ailəsinə mənsub olmuşdur.

Cahangir Musa oğlu Nağıyev 26 il yaşasa da, onun fikri, zehni, düşüncəsinin məhsulu olan saf-elmi fəlsəfəsi əsrlərlə yaşayacaqdır.

Vüqar Həsənbəyli 

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort