• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Bala Məşədi

E-mail Çap PDF

Millət Fədaisi

ХХ-ci əsrin əvvəllərində erməni-daşnak qüvvələri tərəfindən Azərbaycan türkünə qarşı törədilən qırğın və ixtişaşların cəmiyyətdə vətənpərvər ziyalıların və bəylərin bir masa arxasında birləşməsi zərurətini tezləşdirdi. Məhz belə bir dövrdə xalqı qırğından qorumaq, müdafiə etmək üçün dövrün görkəmli ziyalılarının bir araya gəlməsinin və bir məqsəd altında birləşməsinin artıq zamanı idi. Bunun üçün də 1906-cı ilin yazında ilk demokratik ruhlu siyasi təşkilat olan «Difai» partiyası yaradıldı.

Bu təşkilatın rəhbəri əslən Şuşadan olan türkoloq Əhməd bəy Ağaoğlu idi. Təşkilatın Azərbaycanda bir çox yerli şöbələri fəaliyyət göstərirdi. Gəncə şöbəsinin rəhbəri Ələkbər bəy Rəfibəyli olmaqla, üzvləri Həmid bəy Usubbəyli, Nəsib bəy Yusifbəyli, Mirzə Məhəmməd Axundzadə, Həsən bəy Ağayev, Axund Məhəmməd Pişnamazzadə, Adil xan və İsmayıl xan Ziyadxanlı, Nağı bəy və Məmmədbağır bəy Şeyxzamanlı, üç qardaş Xəlil, Ələkbər və Ələsgər bəy Xasməmmədov, Dəli Alı, Məşədi İsmayıl və Sarı Ələkbər kimi bir çox görkəmli şəxsiyyətlərdən ibarət idi.

Bu şəxsiyyətlər arasında xüsusi xidmətləri ilə seçilən, 1905-ci ildə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı mərdlik göstərən Bala Məşədi Azərbaycanın salnaməsi tarixində dərin bir irs qoymuşdur. O, «Difai» partiyasının ən fəal üzvlərindən biri olmuşdur. 

Qasımov Məşədi (Bala Məşədi) Kərbəlayı Qasım oğlu 1870-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Kərbəlayı Qasım kişinin 3 oğlan övladı olmuşdur. Bala Məşədi övladlardan kiçiyi olmuşdur. 1881-ci ildə Kərbəlayı Qasım kişinin ortancıl oğlunu quldurlar öldürür. 11 yaşında olan Bala Məşədi odlu silah əldə edərək, qardaşının qisasını alır və axtarıldığı üçün bir müddət yaxın qohumları tərəfindən gizlədilir. Sonradan Bala Məşədi Gəncədə sayılıb seçilən bir şəxs olur. O dövrdə təşkil olunan cıdır yarışlarında dəfələrlə qələbə çalır. Deyilənə görə, o zaman Gəncənin xanı olan Hüseynqulu xan ona yaxınlaşaraq qələbə münasibətilə təbrik edir və qızlarından birini ona vermək istədiyini bildirir. Lakin Bala Məşədi üzrxahlıq edərək, özünün bir qədər çılğın olduğunu söyləyir və deyir: “Sən xan, mən bəy. Mən söz götürən deyiləm. Qızın mənim qabağımdan qayıdıb söz desə, aramızda inciklik olar, xan”. Bala Məşədinin hərəkəti Hüseynqulu xanın o qədər xoşuna gəlir ki, deyilənə görə, Gəncəbasar ətrafında yerləşən bir neçə kəndi və Kürqırağı meşə zolağının bir hissəsini ona hədiyyə edir. Bala Məşədi qısa bir müddətdə həmin ərazilərdə böyük bir təsərrüfat qurur və yüzlərlə adamın həmin təsərrüfatda işləyib dolanması üçün şərait yaradır. Bununla yanaşı, yaşadığı Gəncə şəhərində böyük qardaşı Hacı Əli Qasımov ilə birlikdə mülklər alıb, imkanlarını daha da genişləndirirlər. Onu da qeyd etmək lazımdır ki, Bala Məşədidən 20 yaş böyük olan Hacı Əli Qasımov eyni zamanda nəslin ağsaqqalı olmuşdur. O, XX-ci əsrin əvvəllərində milli dirçəliş yolunda hərtərəfli fəaliyyət göstərmişdir. Hacı Əli Qasımovun böyük maddi imkanları olmuş və o, sərvətinin böyük hissəsini xalqın və millətin rifahı yolunda sərf etmişdir. Hətta deyilənə görə, Hacı Əli Qasımov həmin dövrdə Bakı şəhərinə şollar suyunun çəkilişinə öz maddi yardımı ilə dəstək vermişdir. Bütün bu işlərdə Bala Məşədi öz böyük qardaşının yaxın köməkçisi olmuşdur. O zamanlar Qərbi Azərbaycandan köçkün düşmüş ailələrə hər cür köməklik göstərmiş, onların Gəncədə yerləşmələri, iş tapmaları, yaşamaları üçün hər cür imkan və şərait yaratmışdır. Qərbi Azərbaycandan köçkün düşmüş əvvəlki nəsillərin xatirələrinə görə, XX-ci əsrin əvvəllərində Göyçə mahalından bir neçə şəxs Bala Məşədinin yanına gələrək şikayət edirlər ki, bir quduzlaşmış erməni dəstəsi Göyçə mahalında azərbaycanlılara göz verib işıq vermirlər hətta, qız-gəlinlərimizi gəlib qaçırıb aparırlar. Bu sözlərdən qəzəblənən Bala Məşədi Göyçəlilərdən bir qədər möhlət istəyir və bir həftə sonra Göyçəyə gedərək həmin erməni dəstəsinin üzvlərinin başlarını kəsib dəsmala bükülmüş vəziyyətdə Gəncəyə gətirir.

Bala Məşədi həmçinin 1905-1906-cı illərdə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı gizli fəaliyyət göstərmiş “Difai” təşkilatının fəal üzvlərindən biri olmuş, təşkilata maddi dəstək göstərməklə yanaşı, özü gizli şəkildə bəzi əməliyyatlarda iştirak etmişdir. Gəncə ağsaqqallarının söylədiyinə görə, bir gün Bala Məşədi məlumat alır ki, “Poqos” adlı bir nəfər erməni Xankəndində ermənilərin topladığı pulu Tiflis şəhərinə-qubernatora rüşvət kimi aparır ki, Xankəndinin erməniləşdirilməsini rəsmiləşdirsinlər. Bunu eşidən Bala Məşədi təkbaşına Gəncə şəhərinin yaxınlığında (indiki Nizami Gəncəvinin məqbərəsi ətrafında) həmin erməninin qarşısını kəsərək, onu güllə ilə vurub öldürür. Sonra onun rüşvət kimi apardığı pulları götürüb, üzərinə də bir qədər pul əlavə edir və silah almaq üçün qaçaq Dəli Alıya verir. Sonralar Gəncə şəhərində təşkil olunmuş dəstə məhz, bu silahlarla silahlandırılır. Həmin dəstə o zaman ermənilərin Gəncəyə basqınının qarşısını alır və “Hacı Məlik” düzündə (indiki G.Q.K-nın arxası) 2000-ə yaxın erməni öldürülür.

Ötən əsrin əvvəllərində Türkiyədə quraqlıq və aclıq olan zaman Bala Məşədi öz təsərrüfatından bir neçə vaqon buğda-taxıl qardaş Türkiyə Cümhuriyyətinə göndərmişdir. Dəqiq məlumatlara görə, Mustafa Kamal Atatürk Bala Məşədinin bu hərəkətinə görə, ona təşəkkür məktubu ünvanlamışdır. Lakin Sovet Hakimiyyəti qurulan zaman onun qohumları ehtiyat edərək Bala Məşədinin Atatürklə çəkdirdiyi şəkillərini, sənədlərini yandırmışlar. Yalnız üç il əvvəl, o dövrün Gəncə ziyalıları barədə kitabla əlaqədar material toplanan zaman arxivdən Bala Məşədi, Nəsib bəy Yusifbəyli, Pişnamazzadə qardaşları, Mirzə Abbas Abbaszadə və digər şəxslərin bir yerdə çəkdirdikləri şəkli tapılmışdır.

Azərbaycanda ilk Demokratik Respublika qurularkən Bala Məşədi könüllü olaraq evlərindən birini istifadə etmək üçün Müsavat Hökümətinə hədiyyə vermişdir.

Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra isə başlanan repressiyalara Hacı Əli Qasımov, Bala Məşədi və onların ailələri də məruz qalırlar. Onların var-dövlətləri hökümət və digər qüvvələr tərəfindən talan edilir və müsadirə olunur. Sovet Hakimiyyəti qurularkən bir-çoxları Bala Məşədi və qardaşı Hacı Əli Qasımova Türkiyəyə köçməyi təklif etmişlər. Lakin Bala Məşədi və qardaşı Hacı Əli Qasımov ailəsini, Vətənini buraxıb heç yerə getməyəcəklərini bildirmişlər.

1934-cü ildə Bala Məşədini ailəsi ilə birlikdə Qazaxıstana sürgün edirlər.

1937-ci ildə isə Bala Məşədi sürgündən geri qayıtmış, lakin qısa bir müddətdən sonra yenidən qardaşı Hacı Əli Qasımov ilə birlikdə həbs edilərək, 1937-ci il oktyabr ayının 29-da Bala Məşədini 67 yaşında, qardaşı Hacı Əlini isə 81 yaşında Nargin adasında güllələyirlər.

Bala Məşədinin 9 qızı və Aral adlı bir oğlu olmuşdur. Təəssüf ki, oğlu uşaq ikən vəfat etmişdir. Hal-hazırda Bala Məşədinin 3 qızı Gəncə şəhərində yaşayır. Bala Məşədinin Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində 80-ə yaxın nəvə, nəticə və kötücəsi vardır ki, onların da böyük əksəriyyəti ziyalı şəxslərdir.

Beləliklə, «Difai»çi Bala Məşədi xalqının, millətinin qorunması, müdafiəsi yolunda əlindən gələni əsirgəməmiş və vətənpərvər bir şəxsiyyət kimi yaddaşlara yazılmışdır.

(Bala Məşədinin Xəsədərəli kəndindəki dağıdılmış mülkü)

Vüqar Həsənbəyli

"Difai" qəzetinin redaktoru

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort