• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Mühacirətdə istiqlalçı bir şair: Həmid Dönməz

E-mail Çap PDF

 

hemid donmez

 

1920-ci ildə Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğala məruz qaldıqdan sonra çoxlu sayda işğalla barışmayan, sovet repressiyaları ilə üz-üzə olan şəxslər ölkəni tərk etmək məcburiyyətində qaldı. Onlardan biridə Həmidov Həmid Həbib oğlu idi. O Azərbaycan ədəbiyyatı və siyasi mühacirət tarixində Həmid Dönməz adı ilə tanınır. Həmid Dönməz 1900-cu ildə Gəncə şəhəri İmamlı məhəlləsində dünyaya göz açıb. Onun babaları əslən Güney Azərbaycanın Marağa şəhərindəndir. Qacarlar dövründə Bakıya gəlmiş onun babası Həmdullahın 4 oğlu (Əhəd, Səməd, Həbib, Abdullah ) və 1 qızı ( Rəxşandə ) olmuşdu.

Həmid Dönməz ilk təhsilini Gəncədə Şah Abbas məscidində fəaliyyət göstərən “Məktəbi-Ruhani”-də almışdı. Bu məktəb dini məktəb adı altında fəaliyyət göstərsədə orada gizlicə dünyəvi elmlərdəndə dərs verilirdi.

1894-cü ildə Gəncə şəhərinin varlılarından tanınmış Hacı Məhəmmədhüseyin Rəfioğlu ilə həyatını vətən yolunda fəda edən istiqlal aşiqi Cavad xanın soyundan Ziyadxanoğlu Əli ağa Gəncədə bir məktəb açmağa qərar vermişdilər. Fəqət bunlar Çar idarəsi və Rus despotizminin milli şurun inkişafına xidmət edəcək müxtəlif müəssisələrin yaradılmasına maniə olacağına bildikləri üçün bu yeni irfan yuvasına “Məktəbi Ruhani” adını verməyi münasib görmüşlər (1).

Həmid Dönməz Türkiyədən gizlicə gələn kitablarla oxuyaraq təhsilini davam etdirirdi. O zaman tamamilə ana dilində oxumaq azadlığı müsəlman türklərə məhdudlaşdırılmışdı.

1918-ci ildə milli Azərbaycan Höküməti qurulduqdan sonra idarələr və məktəblər türkləşincə müəllim olan Həmid Dönməz 1924-cu ilə qədər Gəncədə bir Türk xanımı olan Xuraman xanımın müdiriyyəti altında 19-cu qız məktəbində müəllimlik etdi. 1924-25-ci dərs ilində təhsil və məsləkini artırmaq üçün Bakı Ali Pedoqoji İnstutuna verilən türkçə tərbiyə haqqında imtahanı nazmən gözəl yazdığına görə üstün dərəcə ilə məktəbə qəbul edilib.

1925-26-cı kurs imtahanlarını bitirdikdən sonra məktəbdə olarkən diyar qəzeti olan “Örnək”qəzetinə vermiş olduğu “boynun bükük, bənövşəm, mənəkşəm” ünvanlı yazıdan dolayı dəfələrcə sorğuya çəkilmiş, Kominist tələbə ittifaqı sədri Əbdualı Sərdarlı adındakı agent vasitəsi ilə hər növ azadlığını məhdudlaşdıraraq addım-addım izləndirilib.

Həmid Dönməzi 6 iyul 1926-cı ildə Gəncədəki İmamlı məhəlləsindəki evlərində gecə saat ikidə basqın edərək həbs etdilər. Bu əməliyyatda 10 mindən artıq kasıb, işçi, kəndli olduğu kimi yüksək təhsilli, həkim, müəllim, mühəndis, iqtisadçıda var idi. O cümlədən Həmid Dönməzin dostları, qohumları və yaxınlarındanda həbs olunanlar var idi.

Həmid Dönməz 1927-ci ildə ÇEKA-nın işgəncə və basqıları altında yaşamış. Sonra İrana keçə bilmiş və Türkiyənin İrandakı hərbi ataşesi Hüsaməddin Tuğaçın köməkliyi ilə Türkiyə gedə bilmişdi.

Bununla Həmid Dönməzin Türkiyədə siyasi mühacirlik həyatı başlayır. Həmid Dönməz Türkiyədə böyük ədəbi irs yaradıb. Onun istiqlalçı və vətən sevgisi ilə silahlanmış şeirləri Azərbaycanlı mühacirlərin qəlbini dağlamışdı. Həmid Dönməzin 50 mindən artıq beyiti mövcuddur (2).

Həmid Dönməz Türkiyədə Azərbaycan Kültür Dərnəyinin fəaliyyətində yaxından iştirak edib, Azərbaycan Türk Kültür Dərgisində özünün maraqlı şeirləri ilə çıxış edib. Dərgidə Almas İldırım, Kərim Yaycılı, Mustafa Teymur Atəşli, İldəniz Qurtulan və s dəyərli şairlər kimi H.Dönməzində şeirləri oxucularda dərin iz buraxıb.

Onun müxtəlif mövzularda yazdığı şeirləri rəngarəngliyi ilə, mövzu genişliyi ilə diqqəti cəlb edir. İstiqlal, Vətən sevgisi, vətən həsrəti, milli oyanış və milli dirəniş şeirlərin əsas mövzusunu təşkil edir.

Onun şeirləri arasında 28 may mövzusu xüsusi yer tutur. “28 may üçün” adlı şeirində 28 may həsrəti, yanğısı şairi kədərləndirir, dərd qəmini bu sözlərlə ifadə edir şair :

Yolunu gözləyir qan dolmuş gözüm

Həsrətindən yandım...var gizli sözüm

Kimsə bu hicrana dözməz... mən dözüm ?

Dərdimə O, özü dərman eləsin....

16 may 1956-cı ildə İğdırda yazmış olduğu “Məni yaşadan əməl onun qoxusu” şeiri 28 maya aid yazılmış şeirlər arasında xüsusi yer tutur. Şeirdən parçaları oxuduqca insanın qəlbini dağlayır :

 

 

Min doqquyuz on səkkiz mayda doğulmuşdu O,

Iməkləyən o bala bir tesanut balası...

Anası azad bir diyardı, qəhraman doğmuşdu O,

Milli iradə deyilən qüdrətdən aldı bəzəyi !...

 

Tıpış Tıpış gedərdi hələ nə xoş əməyi !..

Mavi gözlü, al yanax, yaşıldandı köynəyi

Ay ulduzlu rozeti adəti idi sevməyi...

Duruşu çox gözəldi, nə xoş idi boy buxunu

 

Gözü gülərdi! Baldan şirin idi sözləri

Can evimdən vurmuşdu cazibəli gözləri,

Məni məhv edən odur inandırım sizləri!...

Məndə ondan doğmuşdu şairlik duyğusu.

 

Zərif gülüşlü idi, yaxşı kəşfli idi

Kaplan kimi kükrəyən, aslan duruşlu idi

Qəlbi daima mərhəmət hissli, vuruşlu idi

İki il yaşadı, xoşbəxt idi ölkəsi...

 

Nə yazıq ki, fələk ayırdı bizi o gözdən

Məni onun həsrəti qocaltmışdı bu tezdən

Onu tapana kimi gedəcəyəm bu yoldan !...

Məni yaşadan əməl odur, onun qoxusu!...

Həmid Dönməz şeirlərində həmdə Hikmət Dəmir Qarslı imzası ilə çıxış edirdi. Şeirlərində doğulduğu Gəncə və sonrakı həyatında önəmli rol oynayan Qarsla bağlı şeirlər xüsusi yer tutur. 1920-ci ildə Azərbaycan Cümhuriyyəti Sovetlər tərəfindən işğal edildikdə Gəncədə may ayında işğala qarşı üsyan baş vermişdi. Həmin zaman Həmid Dönməzin 20 yaşı var idi, o özüdə üsyan iştirakcısı və şahidlərindən idi. Bu onda dərin iz buraxmış, Gəncənin halına yanan Həmid Dönməz şeirlərində bunu yanğı ilə qey etmişdi. Hikmət Dəmir Qarslı imzası ilə Gəncə üsyanı ilə bağlı yazdığı “Yenə qan, göz yaşı sel təki axırmı Gəncə ?” şeiri bu mövzuda önəmli yer tutur.

Yenə üstündə buludlar gəzirmi ? qan ilə

Yenə ütündə mərmi parçası bərabər olub vulkan ilə

Yenə sellər qarışıb axmadımı ? al qan ilə

Şübedalar yatağı, qanlı kasavet o gecə

Yenə qan, göz yaşı sel tək axırmı Gəncə ?

Yenə sağnak yağış ilə sovrulmuş misket

Partlayırmı ? başın üstə O qudurmuş misket

İnsanı parçalayıb yerlərə vurmuş misket

Çəkmədi kabusu üstündən hələ O məncə

Yenə qan, göz yaşı sel tək axırmı Gəncə ?

Yenə məscidləri tutmuşmu ? zülam atəşinə

Yenə zalım sürüsü, ovçu düşürmü arxanca ?

Yenə vəhşilikdən o xalq çıxdımı dağlar döşünə ?

Yenə qəlbini oyurmu gizli əl hiyləgərcəsinə

Yenə qan, göz yaşı sel tək axırmı Gəncə ?

Quşqara daşdımı ! süpürə götürə qız gəlini

Doydumu quru qobu uddu minlərcə ölünü ?

Yenə gizlədimi qəhbə agent o qan gölünü

Yenə içdən yandırırmı səni o xaincə

Yenə qan, göz yaşı sel tək axırmı Gəncə ?

Altı gün şimşək olub sağnaq ilə müttəfiqi

Sarsıtdı yer, göyləri, titrətdi buludları, üfüqləri

Üstünə yağdırıb vəhşi sürüsü qan eynilə

Atdı həllac kimi O, sanki edib əyləncə

Yenə qan, göz yaşı sel tək axırmı Gəncə ? (3)

Şeirləri arasında Gəncə ilə bağlı “Gəncə” şeiri daha çox sevilənlər arasındadır.

Qoçaqlarla dolmuş idin sən, yer-yer,

Cavad xan tək yetişdirdin neçə ər,

Sənsən mənim dilimdəki tək əzbər:

Gül açardı o gözlərin gülüncə,

Həsrətindən yandım, yandım ah Gəncə !

Qarsa aid şeirləri arasında “Qarsın qalası” adlı şeiri xüsusi yer tutur.

Qoçaqlarla dolu sənin hər yanın

Tarixdə daşmışdır şöhrətin şanın

Sənlə öyünür dostun, düşmənin

Elimin samanı qarsın qalası

Yurdumun xaqanı qarsın qalası !

Ömrü boyu Azərbaycana qovuşmaq dərdi ilə yaşadı Həmid Dönməz. O Azərbaycanın düşdüyü bu çətin durumu heç bir zaman həzm edə bilmədi. Həmişə arayış və ümid içində oldu. Azərbaycan onun üçün eşq, sevgidir, sevgilidir. Ona qovuşmaq üçün hər yola baş vurmuşdur. Baxın tək sevgilisi Azərbaycan üçün bülbüllə necə dərtləşməkdədir.

Əsirlərdir bir yaram var sağalmaz,

Bülbül sən... dərtlisən, yoxsa mənmi ?

Dərdimin çarəsi, loğmanda tapılmaz,

Bülbül sən dərtlisən, yoxsa mənmi ?

 

Aldılar zülm ilə əlimdən yarı

Qaçırdı bir alçaq ol vefakarı

Cəhənnəmə döndü yarın diyarı

Bülbül sən dərtlisən, yoxsa mənmi ?

 

İndi o günlər həmişə xatirə qaldı,

Qəddar fələk bizi dərbədər saldı.

Qanımla yetişən güllərim soldu

Bülbül sən dərtlisən, yoxsa mənmi ? (4)

 

27 Aprel 1920-ci il şairə ən çox təsir edən günlərdən biridir. Azərbaycan Cümhuriyyətinin işğala məruz qalması şairi düşmənə nifrətlə alovlandırır.

O cənnət istilaya məruz qaldığı qanlı gün

Matəmə çevrildi şənlik, şadlıq və toy

Bir heçdən qanla söndü çıraları hər evin

Yarım əsr keçdi sağalmır bu yara

Olduq kölə və əsir bar-bar Ruslara.

 

Həmid Dönməzin ədəbi yaradıcılığı və Azərbaycan istiqlalı uğrunda apardığı mücadilə siyasi mühacirət tarixində dərin iz buraxıb. Azərbaycan Türk Kültür Dərgisinin müxtəlif saylarını gözdən keçirərkən orada Həmid Dönməzin təsirli və milli ruhlu şeirlərini gördükdə oxumadan keçmək olmur. Çünki onun şeirlərinin çoxsu Azərbaycan tarixinin bir çox səhvələrini gözlər önündə canlandırır.

Həmid Dönməz 1996-cı il 11 mart tarixində həyata gözlərini yummuş, 13 mart tarixində Ankara Hacı Bayram Məscidində qılnan namazdan sonra Qarşıqaya məzarlığında dəfn edilmişdi (5)

Yazının hazırlanmasında Həmid Dönməzin və şəxsi arxivindən köməklik göstərdiyinə görə Həmid Dönməzin nəvəsi Mələk xanıma öz təşəkkürümü bildirirəm. Xatırladım ki, bir çox şeirləri Mələk xanımın köməkliyi ilə əldə etmişəm.

 

  1. Azərbaycan Türk Kültür Dərgisi, Ankara, 1958, say: 70, səh: 5
  2. Aygün Attar, Səbahəddin Şimşir- Tarixdən günümüzə Türkiyədə yaşayan Azərbaycan Türkləri, Ankara, 2013, Səh: 235
  3. Azərbaycan Türk Kültür Dərgisi, Ankara, 1982, say : 240, səh : 23
  4. Azərbaycan Türk Kültür Dərgisi, Ankara, 1982, say : 229, səh : 31
  5. Aygün Attar, Səbahəddin Şimşir- Tarixdən günümüzə Türkiyədə yaşayan Azərbaycan Türkləri, Ankara, 2013, Səh: 235

 

 

 

Politoloq,tədqiqatçı:CEYHUN NƏBİ


 

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort