• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Əxilik

E-mail Çap PDF

 

Əziz dostlarım, bu məqaləmdə mən İslam tarixi ilə bağlı olaraq Gəncə şəhərində  XII-XIII- əsrlərdəki, Əxilik düşüncəsi haqqında məlumat verərək və Əxilik təşkilatının İrfan dayaqlarına əsaslanan bir elm və mübarizə təşkilatı olduğunu söyləmək istəyirəm. Fikirləriniz önəmlidir mənim üçün...
_comerd_qessab


Azərbaycan şəhərlərində sosial-iqtisadi həyatın bütün sahələrində  olduğu kimi, sənətkarlıq  istehsalında da  İslamın rolu böyük  olmuşdur.
Sənətkarlıq  istehsalında, xüsusilə sənətkarlıq təşkilatlarının daxili həyatında İslam o dərəcədə dərin  izlər buraxmışdır ki, bəzən dini-fəlsəfi mahiyyət daşıyan və  daha çox İslamın şiə məzhəbi ilə bağlı olan müxtəlif  sufi  təriqətləri ilə bu təşkilatların qarşılıqlı əlaqələrinin səviyyəsini müəyyənləşdirmək  xeyli  çətinliklər törədir. Buna əsaslanan bəzi tədiqaqatçılar sənətkar təşkilatlarının meydana gəlməsinin   Səlcuq imperiyası dövründə təşəkkül tapmış əxiliklə bağlamışlar.[1]
Böyük Səlcuq imperiyasının hakim olduğu torpaqlarda əsnaf və sənətkarlar arasında əxiliyin təşkilat halına gəlməmiş inanc, adət və ideya olaraq varlığını görürük. Çıraq, kalfa, usta sənətkar və bütün əsnafda İslami inancla milli ənənə halında yaşayan;yardım, yardımlaşma, mərdanəlik, qonaqpərvərlik hissləri və öz işinin əhli olmaq fikri əxiliyin daha təşkilat halına gəlməmiş qaydaları idi.[2]
Böyük  Səlcuq  imperiyasının dağıldığı bir zaman yerli dərəbəyliyin artmaqda olan zülm və zorakılıqların şəhərli  əsnafın özünüqoruma ehtiyacından  doğulan bu təşkilatlara mənsub olanlar,  şübhəsiz o dövrün  ideya cərəyanını təşkil  edən sufiliklə bağlı olmuşdur. Lakin digər sufilik cərəyanlarından fərqli olaraq, cəmiyyətdən uzaqlaşaraq  passiv bir həyat sürməmiş, dərvişlik etməmişlər;  əksinə onlar mübarizə məqsədilə təşkilat səhnəsinə atılmışlar.[3]
Əxilik əsasən sənətkar, peşəkar, xırda tacir və şəhər əhalisinin aşağı təbəqələrinin digər nümayəndələrini  birləşdirən ictimai-siyasi və dini xarakter daşıyan təşkilat forması olmuşdur. Bu təşkilatların ən mübariz özəyini  cavanlar təşkil ediblər, ona görə də, orta əsr mənbələrində onlara Comərdilər(farsca “cavanmərd” sözünün utilitar formasıdır) deyilib.[4]
XII – XIII əsrlərdə Əxiliyin Azərbaycanın digər şəhərləri ilə yanaşı  Gəncədə də geniş yayılmasına dair mənbələrdə tutarlı məlumatlara rast gəlinir.
Köhnə Gəncənin ərazisində yerli  əhali tərəfindən Comərd Qəssab  adlandırılan məbəd zəmanəmizə qədər gəlib çıxmışdır. Yuxarıda deyildiyi kimi, Comərd ləqəbi bilavasitə Əxiliklə bağlıdır. XII əsrdə Əxiliyin Gəncədə dərin köklər atmasını o dövrün humanist poeziyasında, xüsusilə Nizaminin həyat və yaradıcılığında müşahidə etmək olar.[5]
Beləki, Nizaminin Şeyx Əxi Fərrux Reyhani və ya Əxi Fərac Zəncanidən  dərs alması bəzi mənbələrdə qeyd olunur.  İ.Behzadi yazır ki, bəzi mənbələrə görə, XII əsrdə yaşamış böyük Azərbaycan şairi Nizami Gəncəvi də Əxilərə rəğbət bəsləmişdir. Dövlətşah Səmərqəndi “Təzkirətül – Şüəra” əsərində yazı rki, Nizami Gəncəvi Şeyx Əx iFərrux Zəncaninin müridi idi.[6]
Müəllimləri sayılan şeyxləri adlarındakı “Əxi” komponentindən məna çıxaran  bəzi müəlliflər Nizaminin ustadı olan şeyxin Əxilik təşkilatına mənsub bir mürşid olduğunu təxmin etməkdədirlər.[7]
Əxiliyin  əmələ  gəlməsinin ilk dövrlərindən başlayaraq  humanist poetik irsdə, didaktik ruhda yazılmış əsərlərdə həmin təşkilatların ictimai həyata və əxlaq  normalarına, təfəkkür  tərzinə, hətta  bədii obrazların xarakterinə güclü təsirini müşahidə etmək olar. Nizami poeziyasında humanist ideyalar ən yüksək zirvələr kəsb edir, bu humanizmin ən mühüm qida mənbələrindən biri  Əxilik  ideologiyası idi. Yüksək bəşəri arzuların və humanizmin dahi tərənnümçüsü Nizaminin müdrik, kamil  bir ustad kimi Əxilərin mənəvi  başçısı – Şeyxi olmaq üçün bütün əsasları var idi.
Uzun bıçaq və xəncərlə silahlanmış Əxilər İbn Bəttutənin yazdığına görə, zalımların qırmancı, məzlumların qeyrətli müdafiəçiləri olmuşlar, ona görə,“İqbalnamə”də Nizaminin şəhər əhlinin:

Acizin dərdinə edərək çara,
Xilaskar olarıq düşərsə dara

İsgəndər müraicətini oxuyarkən istər-istəməz Əxilərin cəngavəranə əxlaqi dəst-xəttini, bariz fəaliyyətini görürük.[8]

Əxilər Gəncə şəhərinin xarici  işğalçılardan – monqol, gürcü və Xarəzmşah  Cəlaləddindən  qorunmasında yaxından iştirak etmişlər. Onlar əhalinin mənəvi  birliyini təmin edərək düşmənə qarşı kəskin mübarizə aparırdılar. Şəhər əhalisinin mütəşəkkiliyini gəncəlilərin Atabəy Əbu Bəkrin  hakimiyyəti  zamanı birləşmiş  gürcü-şirvan  qoşunlarına qarşı müqavimətinə  əsasən mülahizə  yürütmək olar.[9]
1221-ci ilin sonunda monqollar özlərinin birinci basqını zamanı Gəncəyə yaxınlaşarkən “öyrəndilər ki, Gəncənin çoxlu cəsur sakinləri var, onların silahları çoxdur”.[10]1225-ci ildə gürcülərin  Gəncəyə hücumu zamanında güclü müqavimətə rast gələrək məğlub olmuşdular.[11]1231-ci ildə Xarəzmşah Cəlaləddinə qarşı baş vermiş qüvvətli üsyana sənətkar cəmiyyəti  olan  Əxilər və onlara başçılıq edən dəmirçi  Bəndər olmuşdur.[12]
Bununla da  güman etmək olar ki, Bəndərin özü də  “Əxi”  təşkilatının başçılarından biri olmuşdur.

Bütün bunlar göstərir ki, Əxilik orta əsrlər Gəncəsinin  ictimai-siyasi, mədəni və ideoloji həyatında mühüm rol oynayaraq dərin iz buraxmışdır.


                                                                                                                                                                                                                                   Müəllif:Tədqiqatçı Mahmudzadə Mahmud.

İstifadə edilən ədəbiyyatlar:
[1] MustafayevC. Orta əsrlərdə sənətkar təşkilatları. “Cahan” jurnalı, 1998, № 4.
[2] Çalişkan Y. Lutfiİkiz M. Kültür, sanat medeniyetimizde Ahilik. Ankara.1993, səh. 7.
[3] Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami.Bakı, 1991, səh. 39.
[4] Heydərov M. Əxilər kimdir. “Elm və həyat” jurnalı, 1978,  № 4.
[5] Heydərov M. Əxilər kimdir. “Elm və həyat” jurnalı, 1978,  № 4.
[6] Behzadi İ. Ravəndinin “Rahət-üs-südürvəayət-üs-sürür” əsəri tarixi bir mənbə kimi. Bakı, 1963, səh. 94.
[7] Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami.Bakı, 1991, səh. 38.
[8] Heydərov M. Əxilər kimdir. “Elm və həyat” jurnalı, 1978,  № 4.
[9] Bünyadov Z. Azərbaycan Atabəylər dövləti (1136-1225). Bakı, 1985,səh. 187.
[10] İbn əl-Əsir. Əl Kamil fit-tarix.Bakı, 1959, səh. 171.
[11] İbn əl-Əsir. Ə lKamil fit-tarix.Bakı, 1959, səh. 181.
[12] Bünyadov Z. Azərbaycan Atabəylər dövləti (1136-1225). Bakı, 1985,səh. 187.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort