• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Xoyskilərin mühacirət həyatı

E-mail Çap PDF

 

Fətəli Xan Xoyskinin qardaşı, general Hüseynqulu xanın nəvəsi: “Böyüklərimiz hər gün Azərbaycana dönmək ümidi ilə yaşayırdılar...” - MÜSAHİBƏ
Kərim Mehmetzadə: “28 mayda Gəncə paxlavası bişirərdilər. İçinə badam qoyub üstünə yağ çəkərdilər. Gələn-gedən çox olduğuna görə, hərəyə bir dilim verərdilər...”

İstanbul. Mayis Əlizadə - APA. 28 may 1918-ci ildə elan edilmiş Şərqin ilk cümhuriyyətinin ilk hökumətini quran Fətəli Xan Xoyskinin qardaşı,  general Hüseynqulu xanın nəvəsi Kərim Mehmetzadənin APA-ya müsahibəsi

 

- Babanızın qardaşı Fətəli Xanın hökuməti Gəncədən Bakıya köçəndən sonra Hacı Zeynalabdin Tağızadə Fətəli Xanın yanına gedərək deyib ki, yeni dövlət qurursunuz, pula ehtiyacınız  var, sərvətimin hamısı əmrinizdədir...

 

- Fətəli Xanın Tiflisdə qətlə yetirilməsi Azərbaycan tarixinin ən acı hadisələrindən biridir. O cür yetişmiş və Şərqin ilk cümhuriyyətini elan etmiş insanların taleləri niyə nəhs gətirməliydi?.. Bunu anlamaq mümkün deyil. Babam Hüseynqulu Xan İsrafil bəylə İstanbula gələr-gəlməz buradan Polşaya gediblər. Polşa dövləti İsrafil bəyə polkovnik rütbəsi verərək orduda işə götürüb. Babam isə yaşlı olduğuna görə, ona fəxri rütbəsi qalmaqla passiv iş veriblər.

 

- Bəs onlar İstanbula yenidən nə vaxt qayıdıblar?

 

- İkinci Dünya müharibəsi bitəndən sonra. Çox əziyyət çəkiblər. 1944-cü ildə təxminən 1000 nəfər azərbaycanlı İsveçrə-İtaliya sərhədində olub. Anam İstanbula gələndə 4, anamın kiçik qardaşı Zahid Xan isə 1 yaşında olub. Zahid Xan da İkinci Dünya müharibəsi başlamadan Polşaya gedib. Müharibə bitər-bitməz İtaliyaya gedən legionerlərin demək olar ki, hamısı Türkiyəyə gəlib.

 

- Neçənci ildə gəliblər?

 

- Yanılmıramsa, 1946-da gəliblər. Anamın kiçik qardaşı Zahid dayım isə Misirə gedib, orada bir müddət qalandan sonra Amerikaya mühacirət edib, dünyasını orada dəyişib. İstanbulda olanlar hər gün ümid edirdilər ki, Azərbaycan bu gün müstəqilliyinə qovuşacaq və onlar geri dönəcəklər. Bizə gələndə, xüsusilə hərbçilər daima xəritənin üstündə nələrisə müzakirə edirdilər. İndi Qarabağda vəziyyət necədir? Ordu quruculuğu çox mühüm işdir. Torpaqlar azad edilməlidir. Mən o günləri ən yaxın zamanda görmək istəyirəm.

 

- Sovet işğalından sonra babanız Hüseynqulu xan İsrafil bəylə bir müddət Gəncəni müdafiə edərək ölkəni tərk edib İstanbula gəliblər. Nə əcəb ruslar onları yaxalaya bilməyib?

 

- Babamgil İstanbula Batumdan gəmiyə minərək gəliblər. Güman edirəm ki, onlarda rus pasportu olduğuna görə fürsətdən istifadə edərək gəmiyə minə biliblər. Nənəm isə 4 uşağıyla İstanbula gəlmək üçün 2 il əziyyət çəkib. Bəlkə nənəmin də rus pasportu olub, ancaq göstərməyə  qorxub. Nənəm milli hökumətimizin səhiyyə naziri Xudadat bəy Rəfibəyli ilə  liseydə eyni sinifdə oxuyub. Xudadat bəyin oğlu Kamil bəylə ailə dostu idik. Kamil əminin oğlu Aydın bəy təxminən 3 ay qabaq vəfat etdi. Dəfn mərasimində hamımız iştirak etdik. Yaşımız irəlilədikcə qohumların və dostların xeyir-şərində yaxından iştirak etməyə çalışırıq.

 

- 1960-cı illərdə müəyyən dərəcədə yumşalma oldu. O vaxt heç Azərbaycana gedib-qayıdan olmadımı?

 

- Professor Əhməd Cəfəroğlunun bacısının oğlu Saleh Gəncəyə gedib-gəldi. Bir müddətdən sonra Salehin vəfat etməsi hamıda belə bir şübhə yaratdı ki, sovetlər onu zəhərlədi. Ona görə başqaları getməyə tərəddüd etdilər. Ruslar insanları öldürmək üçün müxtəlif metodlardan istifadə edirdilər. Məsələn, İsrafil bəyi zəhərləyib öldürmüşdülər, Fətəlibəylini isə öz otaq yoldaşı qətlə yetirmişdi.

 

- Ailəniz türkologiya sahəsində Türkiyənin ikinci professoru olmuş Əhməd Cəfəroğluna da yaxından kömək etmişdi, elə deyilmi?

 

- Cəfəroğlu hələ 1919-cu ildə İstanbula oxumağa gələndə Hacı babam ona xalçalar verib ki, satıb pul qazansın. Amma Cəfəroğlu ticarəti bacarmayıb, elmin dalınca gedib. Cəfəroğlu Ləvəntdə ev almışdı, Hüseynqulu babam demişdi ki, Əhməd bəy qurdun ulamadığı yerdə ev alıb. (Gülürük – M.Ə.)

 

- General Hüseynqulu Xan İstanbula gələndə hansı soyadı götürmüşdü?

 

- Xoy Xan soyadını. Xan Xoyun əksini. Bəzən bankda işim olanda və ya telefon nömrəsi alanda soruşurlar ki, ananın qızlıq soyadının ikinci hərfi nə olub? Ona görə Han Hoy soyadını tez-tez xatırlayıram. Babam 1958-də, nənəm isə 1959-da vəfat etdi...

 

- Tiflisdə çıxan “Molla Nəsrəddin” jurnalının ilk nömrələri babanıza necə çatdırılmışdı?

 

- Hacı babam İstanbulda olduğu kimi, Qafqazda və İranda da tanınan etibarlı bir adam olub. Onun 1870-ci illərin ortalarında aldığı bu binaya  Həsən bəy Zərdabi də qonaq gəlib.

 

- Zərdabi babanızı haradan tanıyıb? Burada nə vaxt qonaq olub?

 

- Həsən bəy Zərdabini bu binaya Əli bəy Hüseynzadə gətirib. Bu, təxminən 1889-90-cı illərə təsadüf edir. Hüseynzadə Sankt-Peterburqdan İstanbula 1889-cu ildə gəlib, İttihad və Tərəqqi Partiyasının qurucuları arasında yer alıb. Hacı babam Hüseynzadəyə çox güvənib. Hüseynzadə İttihad və Tərəqqi Partiyasının qurucularından olduğuna görə, axtarışa verilib. Hacı babam onu 1 ildən də çox bu otaqda gizlədib. Hüsenyzadə bayıra çıxmayıb. Bakıda yazılmış kitablara baxdım, o bir ili Hüseynzadənin həyatının “naməlum ili” kimi yazırlar. Babamın ondan yeganə xahişi bu olub ki, burda qaldığını heç kim bilməsin. Hüseynzadə deyib ki, arxayın ol, ittihadçılar sirr verməzlər. Hüseynzadə daha sonra övladlarına belə burda yaşamasına dair heç nə deməyib. Hacı babamın Üskudarda qəsri olub. Hüseynzadənin bu otaqda çəkdiyi yağlı boya tablolarından biri Hacı babamın Üsküdardakı qəsridir. (Əlini uzadıb göstərir – M.Ə.) Hüseynzadə uzun müddət Süleymaniyyə tərəfdə - İstanbul Universitetinə yaxın yerdə yaşayıb, daha sonra onlar da Üsküdara köçüblər. Hacı babamgil Üsküdardan Amerikan tipli kiçik gəmisiylə Eminönünə keçib bu karvansaraya gəlirmişlər. Ona görə Əli bəy Hüseynzadə Həsən bəy Zərdabini buraya qonaq gətirəndə babam Zərdabini böyük məmnuniyyətlə qarşılayıb. Zərdabinin gəlişindən sonra Qaspralı, Topçubaşı, Yusifbəyli də müxtəlif vaxtlarda burada Hacı babamın qonaqları olublar. Babamın Tiflisdəki dostları onun ziyalı, elmə və mətbuata dəyər verən adam olduğunu bildiklərinə görə, “Molla Nəsrəddin” jurnalının ilk nömrələrini ona göndəriblər. Daha sonra Hacı babam dərgiyə abunə olub. Təsəvvür edin ki, 1910-cu ildə Hacı babam Nyu Yorkda xalça mağazası açıb. Atamı əvvəlcə İstanbuldakı Amerikan kollecində oxudub, sonra Massaçusetsə göndərib, atam orada həm kollej təhsilini tamamlayıb, həm də universitet təhsili alıb. Divarda gördüyünüz 1917-ci il tarixli M.A.C. bayrağı da kollecin simvoludur.

 

- Mirzə Ələkbər Sabirin 1912-ci ildə çıxmış “Hophopnamə”sini də babanıza o vaxt göndərmişdilər?

 

- Bu, çox nadir kitablardan biridir. Bakıda Hacı Zeynalabdin Tağızadənin mətbəəsində çap edilib.

 

- Təəssüf ki, Sabir o kitabın çapını sağlığında görə bilməyib. Tağızadənin xəbəri olmadan kitabın çapı üçün mətbəədə 700 manat pul istəyiblər, Sabirin isə o qədər pulu olmayıb. Ölümündən sonra Tiflisdə qadınların əl işləri və ərzaq satışından  əldə edilən pulla kitab çap edilib.

 

- Bir nəfər mənə demişdi ki, bu kitabı ver, cildlətdirib gətirim. O adama dedim ki, “Hophopnamə” mənə bu şəkildə gəlib çatıb, onu bu şəkildə saxlamaq mənə  çox xoşdur. Mən də övladıma bu şəkildə əmanət verəcəyəm.

 

(Daha sonra 350 illik karvansaray binasının terrasına çıxırıq. Kərim əmi qarşı tərəfdəki hamamı göstərib deyir ki, Fatih Sultan Mehmet İstanbulu fəth edəndə bu hamamı tikdirib – M.Ə)

 

- Nağı Keyqurunun (Şeyxzamanlı) da mağazası bu tərəflərdə idi?

 

-  O tərəfdə idi. (Əli ilə göstərir – M.Ə.) Kiçik oğlu Yavuz vəfat edəndən sonra ticarət işləri davam etmir. Yavuz bəyin xanımı Leyla bizim qohumumuzdur. Onu görməyə gedərdik. İndi İstanbulda deyil, yoxsa bu günlərdə gedə bilərdik. 28 may gəlir axı..

 

- Nağı Keyqurun xatirələrində yazır ki, 1950-ci illərin əvvəlində SSRİ-nin İstanbuldakı baş konsulu ondan Lavrenti Beriyanın əleyhinə yazılı ifadə almaq üçün mağazaya gəlib, ancaq Nağı bəy onunla danışmayaraq mağazaya gəlməməsini istəyib.

 

- Nağı bəy milli dövlətin təhlükəsizlik idarəsinin rəisi olanda Beriya ona casusluq edib. Amerikada bir müddət qaldı, gələndən sonra vəfat etdi. Onun qardaşı Məmməd Bağır bəy Müsavat Partiyasının Gəncə millət vəkili olub. Bolşeviklər onu tutublar, Nağı əmi nə qədər çalışıbsa, onu həbsdən buraxdıra bilməyib, Məmməd Bağır bəyi güllələyiblər. Nağı bəy əvvəlcə Trabzona, sonra İstanbula gəlib. Böyük oğlu da Amerikada vəfat etdi. Böyüklərimiz də, bizlər də çox yaxın münasibətlər içində olmuşuq. Evimizin qapısı həmişə Azərbaycandan gələnlərə açıq olub, hamı bizə yığışardı. 28 mayda badamlı Gəncə paxlavası bişirərdilər. İçinə badam  qoyub üstünə yağ çəkərdilər. Gələn-gedən çox olduğuna görə, hərəyə bir dilim verərdilər. Deyəsən, indi o paxlavanı bişirmirlər...

 

- Hüseynzadənin qızı Feyzavər xanım sizə çox salam göndərdi. Bu yaxınlarda bizi evinə dəvət edəcəyini dedi.

 

- Sağ olsun. Çağıranda mütləq gedək. Mənim də ona salamımı yetirin. Atasının burada qaldığını bilmirmiş. Bir neçə dəfə gəldi, çox həyəcan keçirdi...

 

Qeyd: Mehmetzadələr üçün sanki müqəddəs olan, Əlibəy Hüseynzadənin  çəkdiyi 4 yağlı boya tablosunun, “Molla Nəsrəddin” jurnalının ilk nömrələrinin komplektinin,Hophopnamə”nin 1912-ci il nəşrinin, bir çox qiymətli sənədin və tarixi antikvar əşyanın saxlanıldığı otağın qapısını bağlayıb aşağı enərkən Kərim əmi yavaş  səslə deyir: Cavad xanın nəslindənik. Həmişə şərəf və ləyaqətimizi qorumuşuq. Gəncə Azərbaycan üçün çox önəmli bir şəhərdir, Azərbaycanın qəhrəmanlıq simvoludur...

Mənbə:www.apa.az

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort