• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Gəncədən yaranan Azərbaycan !

E-mail Çap PDF

 

İndi haqqında bəhs edəcəyimiz mövzu, bütün açıq və səhih mənbələrdə qeyd olunan, geniş elm ictimaiyyətində heç bir şübhə doğurmayan, dürüst məlumatlar məcmusudur. Sadəcə olaraq, tamamilə fərqli yanaşma prizmasından bu mövzunu təhlil etməyə çalışacağıq. Məqsədimiz böyük iddia ortaya qoymaq yox, bəlkə də, tam əksinə olaraq, Böyük İddiaları həyat ideallarına çevirmiş, tarixi şəxsiyyətlərimizin, qəsb olunmuş haqlarını özlərinə qaytarmaqdır !


Cavad_xan

Cavad  Xan Şahverdi Xan oğlu ( Ziyadoğlu - Qacar) 1748-ci ildə, Azərbaycanın qos-qoca, qədim qeyrət şəhəri- Gəncədə dünyaya göz açmışdı. 1786-cı ildən, 1804-cü ilə qədər,  Gəncəni idarə etmiş, sonuncu Gəncə xanı kimi Azərbaycanın şanlı tarixinə düşmüşdür.
Onun siyasi hakimiyyətə gəlişi o qədər də, asan və hamar yolla olmamışdır. Atası Gəncə xanı Şahverdi xandan (1756-1761) sonra, dövründə baş verən ictimai, siyasi təbəddülatlar fonunda, düzgün siyasi manevr imkanlarına malik olması, hadisələri düzgün qiymətləndirməsi, habelə, Qafqazda rus maraqlarının kəsişən və toqquşan maraq nöqtələrini zərgər dəqiqliyi ilə təyinetmə bacarıqlarına sahib olması,  Cavad xanın siyası qələbəsi ilə nəticələndi və o, Gəncənin xanı şərəfinə nail oldu. İdarəşilik üsuluna görə, özündən əvvəlki xanlardan tamamilə fərqli dəsti-xəttə malik olmuşdur.Etdiyi  siyasi gedişlər nəticəsində, Gəncə xanlığının nüfuzu artmış, özünün digər Azərbaycan xanları sırasında ranqlı hökmdara çevirmişdi. Artıq Gəncə xanlığı və xanlığın hökmdarı Cavad xan, Azərbaycan, həm də, Bütöv Azərbaycan uğrunda mübarizə aparmağa, bu yöndə region siyasəti deyil, az qala bütöv bir Şərq siyasəti aparmağa müvəffəq olmuşdu.
Bu bacarıqlar Cavad xanın bəlkə də, irsiyyətindən və mənsub olduğu şəcərənin genindən gələn bir xüsusiyyət idi. Çünki, məlum olduğu kimi, Cavad xan Qacarlar soyundan olub və adıçəkilən soy digər türk tayfaları kimi ( Şamlı, Rumlu, Bayat, Əfşar, Qacar, Şahsevən, Təkəlü, Ustaclı, Zülqədər, Qaramanlı və s. ) Azərbaycan Səfəvilər Dövlətinin qurucu nəsilləri kimi şöhrətlənib.
Bu nöqtədə tarixi paralellik aparmaq, zənnimcə lap yerinə düşər. 816-838-ci illər (IX əsr) ərəb istilasına qarşı Azərbaycanda baş vermiş Babək üsyanının yaranma səbəblərinə, üsyanın daşıdığı mahiyyətə, etirazların yadelli işğalçılar müstəvisində cərəyan etməsinə nəzər saldıqda, Cavad xanla Babək üsyanı arasında məntiqli əlaqə müşahidə etməmək mümkün olmur. Hər iki üsyan, yadelli işğalçılara qarşı milli mübarizə zəminində baş verməklə yanaşı, eyni zamanda hər iki şəxsiyyəti Bütöv Azərbaycan uğrunda mücadilə bağları bağlamaqdadı.  Bu nəhənglərin hətta ölüm səhnəsi belə, bir-birinə çox uyğundur. Babək də, Cavad xan da, Vətən eşqiylə fiziki məhv olmanı şüurlu şəkildə,  əqlən qəbul ediblər. Ölümün  gözünün içinə dik baxıblar. Hər iki şəxsiyyəti düşmənləri belə, yüksək qəhrəman kimi qiymətləndiriblər.
Haqqında sözügedən böyüklərimiz heç şübhəsiz ki, eyni məktəbin yetirmələri, eyni çıraqdan süzülən şəfəq parçalarıdırlar!
Cavad xan da, təbiidir ki, bu məktəbi dərindən öyrənmiş, özündən əvvəl yaşamış xalqın və millətin yaddaşına hopmuş qəhrəmanlardan ibrət götürüb, ali-vətən bulağının  çeşmələrindən qidalanmışdır.

Ozündən 5 əsr əvvəl yaşayaraq, Gəncənin və Azərbaycanın daş tarixində dərin izlər buraxmış gəncəli Bəndər də, bu qəbildən olan cahanşumul simalardandır. 1231-ci ildə monqol və gürcü istilalarına qarşı Azərbaycan milli davasının önündə gedən Usta Bəndər də, eyni amal uğrunda, Bütöv Azərbaycanı azad görmək, hürr yaşamaq, istiqlala qovuşmaq yolunda canını fəda edib. Eyni tarixi xətti qəhrəman Cavad xanda da görmək olur. Məhz bu idi Cavad xanı ucaldan, Cavad xanı qəhrəmanlaşdıran, Cavad xanı nəhəngləşdirən...
Yenə də Gəncə! Yenə də Bütöv Azərbaycan mübarizəsi! Yenə də həmişə olduğu kimi, Azərbaycana şərəf gətirən Gəncə üsyanları..!
Yuxarıda sadaladığım tarixi faktlara söykənərək, habelə, indi toxunacağım məqamlara istinad edərək, böyük  qətiyyət, cəsarət və səmimiyyətlə deyirəm ki, Azərbaycan – Gəncə, Gəncə isə Azərbaycan deməkdir ! Bu, yaşı eralarla ölçülən qədim Ana Şəhərimizin tale payına  həmişə  Bütöv Azərbaycan Savaşı düşüb! Hər zaman Milli Dövlətçilik uğrunda mübarizə, parlaq zəfərlər, unikal tarixi şəxsiyyətlər, Gəncənin adı ilə bağlı olub.
Azərbaycan Xalq Cümhuriyyətinin o zamankı Fransada yaşayan Avropa elçısı, böyük mütəfəkkir, diplomat, Üzeyir bəy Hacıbəylinin qardaşı Ceyhun bəy Hacıbəyli, öz xatirələrində, 1920-ci ilin may ayında Sovetlərə qarşı baş vermiş Gəncə üsyanını belə qiymətləndirirdi : “ Əgər Sovet Rusiyasına qarşı Gəncə üsyanı baş verməsəydi, bu çox utancverici və tariximizə ləkəgətirən bir səhifə olardı! Gəncə üsyanı, bu ləkəni üstümüzdən təmizləyib, atdı !” .
Həqiqətən də, 23 aylıq xalq hakimiyyəti formalaşdırıla və bu istiqlal yad millətlər tərəfindən istila oluna, yerli mübarizə baş verməyə... Daima Gəncə üsyanları Azərbaycan adına şərəf gətirən tarixi, şanlı səhifəmiz olub!
Bu dəfə yenə də, Gəncə ayağa qalxdı, Gəncəlilər silaha sarıldı. Ümumazərbaycan bütövlüyü uğrunda əcdadları Cavad xan kimi Vətən sevdalılarına çevrildilər...
Maraqlıdır, məmləkətin paytaxtı Bakı idi. Yenicə ayağa qalxmaq istəyən, inkişaf mərhələsini yaşayan bir Dövlət süquta uğradılır. Amma etiraz səsi yenə də Gəncədən ucalır! Həm də,  yenə,  Azərbaycan uğrunda. Difainin qurucusu və rəhbəri, Qafqaz Şeyxul-İslamı, ayətullah Məhəmməd Pişnamaz-zadə üsyanı həyata keçirmək üçün dini icazə və şəri fətva verir.  Cahangir bəy Kazımbəyli, Sarı Ələkbər və yüzlərlə, minlərlə Gəncəli meydanlarda rəşadət göstərir. Gəncə ona görə Azərbaycandır ki, milli ordu birləşmələri, digər güc strukturunun tabor və dəstələri Gəncə üsyançılarına qoşulur, rus-daşnak birləşmələrinə qarşı milli mücadilə savaşı aparırlar. Sual meydana çıxır bu zaman, əcaba, Gəncə üsyanından qabaq o zamankı Dövlət adına mübarizə nə üçün Gəncədə baş verdi? Məgər, Bakı da, daxil, digər ölkə hüdudlarında bilinmirdi ki, savaş qaçılmazdır və milli Azərbaycan ideyasını qorumaq üçün hərb lazımdır? Təbii ki, bilinirdi. Bunu Cumhuriyyətin süqutundan sonra, Gəncə üsyançılarına könüllü birləşmiş, Gəncəbasar bölgəsindən o zamankı Müsavat ordusuna qatılmış əsgərlərin mübarizədə iştirakı, həmçinin Cümhuriyyətin Gəncə liderlərinin müdafiə planlarının mövcudluğunun siyasi rəhbərlik tərəfindən məlumatlı olmaları sübut edir...
Keçmiş və gələcək tarixi paralellik apardıqdan sonra, qayıdaq Qəhrəmanımız Cavad Xana və onun siyasi mübarizəsindəki Gəncə notlarına. Bu zaman şahidi olacağıq ki, bəhs etdiyimiz ideya daşıyıcıları tələb olunanda sülh və əmniyyət siyasəti yürüdüblər, zərurət yetişəndə isə, hərbin diqtəsi ilə, yəni, hüququn gücü işləməyəndə, gücün hüququndan istifadə ediblər.
II İrakli ilə diplomatik münasibətlər yaradaraq, regionda özünə xarici müttəfiq mövqeyi  təmin etmiş Cavad Xan, bu yolla Gəncə xanlığının parçalanmamasına nail oldu. Sonra onu II İrakliyə verməli olduğu verginin ağırlığı, həmçinin, hələ Nadir Şahdan gürcülərin xeyrinə güzəştə gedilmiş Şəmşəddil və Borçalı torpaqlarının, hələ də, Gəncə xanlığına ilhaq olunmaması məsələləri narahat edirdi. Qüdrətli Xan az müddət içərisində Şəmşəddil mahalını azad edir və oğlu Uğurlunu mahala nümayəndəsi olaraq təhkim edir ki, düşmən xəyanəti baş versə, Vətən torpağını müdafiə etsin, insanların, xanlığın himayəsinə sığınmış yerli sakinlərin rifahını, sabit yaşayışını təmin etsin. Əlbəttə, bu mövzulara toxunmaqda hansısa tarixi məqamları anlatmaq iddiasında deyiləm. Sadəcə nümunəni məhz, Cavad Xanın fəaliyyətindəki hissələrdən gətirməklə, onu sübuta yetirmək iddiasındayam ki, Böyük Xan Cavad Ziyadoğlu Qacar, bu addımları ilə bütöv bir dövlət və dövlətçilik institutlarının həyata keçirdiyi siyasi manevr hərəkətlərini necə böyük, necə cahanşumul Vətən həsrəti ilə həyata keçirib! Sizcə, ərazisini xarici qüvvələrdən müdafiə etmək borcu olan, əhalisinin rifah və sabit yaşamaq haqqını tanıyan qurum Dövlət deyilmi?! Sərhədlərin toxunulmazlığı öhdəliyi uğrunda ailəsini, canını, statusunu qurban vermiş Şəxsiyyət Bütöv Dövlət adına iddialı Ədalətli Hökmdar deyilmi?! Məhz bu amillər səbəbilə qeyd edirəm ki, Cavad Xan Bütöv Azərbaycan sevdalısı, qurucusu və Böyük Savaşçı idi...
Onun Gəncə qalası ətrafında rəşadətli mübarizə və müqaviməti, Rus tarixçisi Olqa Markovanın da yazısında öz əksini bu cür tapmışdı :  
"Zaqafqaziyadakı münasibətlərin ən gərgin məsələsi olan Gəncənin tabeçiliyi məsələsi yenidən kəskinləşir."
Əlahəzrət Xanın həyat və fəaliyyətini tədqiq edərkən müşahidə edirsən ki, bu şəxsiyyət, həm AZADLIQSEVƏR insanların böyük məktəbi – Həzrəti  İmam Hüseyn ənənələrinin, həm qos-qoca ULU TÜRK yazılı mənbəsi olan ORXON- YENİSEY dil dəyərlərinin, həm də əcdadları və sələfləri olan Babəkin, Xətayinin Bütöv Vətən ideyalarının, dövründəki şəriksiz xələfidir! Azərbaycan Səfəvilər Dövlətinin qurucusu Şah İsmayıl Xətai gələcək nəsillərə vəsiyyət edirdi, “Dinimiz, Dilimiz, Vətənimiz” ! Cavad Xanın fəaliyyətində bu üç məfhumdan ibarət, böyük bir “siyasi üçbucaq kompanenti” mövcud olub. Sual oluna bilər, niyə məhz Gəncəli Cavad Xan? Və niyə məhz Gəncə? Cavablar çox sadə, gözlə görünəcək qədər çox vizualdır. Bəyəm Cavad Xanın dönəmində, yadelli işğalçılara qarşı döyüşmək meyli olan alternativ xan var idimi? Xeyr! Bəyəm Cavad Xanın dövründə meydanda tək qalmasına, şəhid olacağı açıqca məlum olan, qeyri-bərabər döyüşə atılaraq “olum ya ölüm” dileması qarşısında qalsa da, Bütöv Azərbaycan şərəfi daşıyan digər bir xan var idimi? Xeyr! Bəyəm Cavad Xanın hökmranlıq illərində, bütün Şimali Azərbaycan xanlarını rus işğalçılarına qarşı birləşdirmək, Cənubi Azərbaycan vilayət hakimləri ilə diplomatik və hərbi dialoqlara getməklə, Şərq siyasətində Bütöv Azərbaycan varlığını düşünən başqa bir xan var idimi? Yenə də, xeyr, xeyr, xeyr...!!! Təəssüf ki, min dəfə xeyr..! Bu səbəbdən Cavad Xan Babəkdən qaynaqlanan Azadlıq yolunun, Şah İsmayılla genişlənən hüriyyət yolunun, Usta Bəndərlə mühafizə olunan İstiqlalın, bütövlükdə Vətən İstihbaratının dövrü üçün yeganə siması idi...
İndi “niyə məhz Gəncə?” sualına tarixi dəlillərlə cavab verməyə çalışaq. Hesab edirəm ki, yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan var olduqca, bağımsızlıq səadətinə qovuşduğu üçün Babəkə, Xətaiyə, Bəndərə, Cavad Xana və sonradan Azərbaycan Xalq Cümhuriyyəti ( 1918 – 1920 ) qurucularına minnətdar olmalıyıq. Sadaladığım tarixi mərhələlərdə Gəncənin və Gəncəlilərin mövqeyinə şölə tutmağa çalışacam. Bu, həm də, məqalə qəhramanım Cavad Xana, dolayısı ilə aidiyyatı olan nüanslardır. Məsələn, Babək mübarizəsində Gəncənin və Gəncəlilərin üsyana hər türlü maddi və fiziki kömək etməsi, tarixi mərxəzlərdə mövcuddur. Şah İsmayıl Xətaini hakimiyyətə gətirən yerli türk tayfaları içərisində Gəncəylə bağlı sülalərin də mövcud olması sirr deyil. Gəncənin Səfəvilər Dövləti üçün əhəmiyyəti çox böyük olub. Monqol və Xarəzmşah işğallarına qarşı yenə də Gəncəli Usta Bəndər və Gəncə üsyanı məlumdur. XVIII əsr rus işğalına qarşı Gəncəli Cavad Xan və döyüşən Gəncə şərəf tariximizdir. 1905-ci ildə məxfi şəkildə təsis edilən ilk milli qeyrət təşkilatımız “DİFAİ” və onun qurucusu, rəhbəri Gəncəli Şeyx Məhəmməd Pişnamaz-zadə...1920-ci ildə Azərbaycanın sovetlər tərəfindən işğal siyasətinə qarşı çıxan yenə də Gəncə və Gəncəlilər oldu! Bu bir təsadüfdür, yoxsa tarixin ironiyası?Təbii ki, bu boyda təsadüfün olmasına inanmaq, göydə Günəşi danmağa bənzəyər!
Əziz oxucu! Yazıdan da, sübuta yetirilməsi açıq görünən, Gəncə və Gəncəlilərin, qəhrəmanım Cavad Xanın rəşadəti, milli tarixşünaslığımızda qızıl səhifələri təşkil edir. Sübuta yetirilir ki, hər zaman   anlamını ifadə edib! Bu fikirdən əndişə keçirənlər isə, yalnız qeyri-gəncəli, yəni, qeyri-azəri türkü ola bilər!  Çünki, Azərbaycanın Gəncəsi, Gəncənin Azərbaycanı, ancaq və ancaq, bir biri ilə, üzvü bağlı olan, qəhrəmanlıq həyatının yaşam tərzidir! Bir sözlə, Gəncə Tarix Yaradır!

Müəllif : Hüquqşünas-jurnalist, "Gənclər Mükafatı Laureatı", Avropa və Amerika media treninqlərinin fəxri mükafatçısı Orxan Vidadi oğlı Məmmədov (Gəncəsoy)


 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort