• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Qaradağlı Qaçaq Qara Aslan

E-mail Çap PDF

 

(öndə Qaradağlı Qaçaq Qara Aslan və arxada Qaçaq Cəmil)

Azərbaycanda qaçaqçılıq hərəkatı XIX əsrin II yarısından daha geniş vüsat almağa başlamışdır. Azərbaycanda qaçaqçılıq hərəkatına böyük zərbə 1920-ci ildə bolşevik hökuməti qurulduqdan sonra vuruldu. Bu dövrdə millətimizin neçə-neçə igid, ərənləri tutularaq sürgünlərə, işgəncələrə, repressiyalara və güllələnmələrə məruz qalmışdır. Qaçaqçılar hərəkatı ölkəmizin əsasən Gəncəbasar, Şimal və Qarabağ bölgələrində cərəyan etmişdir.

Gəncəbasarlı qaçaqlardan Ramazanlıları, Dəli Alını, Qaçaq Məcid ağanı, Qaçaq Məmmədqasımı, Qaçaq Qəmbəri, Sarı Ələkbəri və Qandal Nağı kimi yüzlərlə bu qəbildən olan el qəhrəmanlarının adını çəkmək olar.

El içərisində öz adı ilə şöhrət tapan belə qaçaqlardan biri də Qaradağlı Qaçaq Qara Aslan idi. Aslan Qara Tağı oğlu İsmayılov 1893-cü ildə indiki Goranboy rayonun Qaradağlı kəndində anadan olub. Qara Tağının əsli Qazaxın Çaylı kəndindəndir. XIX əsrin II yarısında Qazaxın Çaylı kəndinin Dəmirçilər nəslindən üç qardaş Qara Tağı, Qara Nağı və Qara Məmməd öz el-obalarından köçərək Qaradağlı kəndinə gəlir. Qardaşlardan Qara Tağı bu kənddə məskunlaşaraq Qaradağlıda qalır. Lakin digər iki qardaş Göyçəyə köçərək Göyçənin Qaraqoyunlu kəndində məskunlaşırlar. Qara Tağının ömür-gün yoldaşı Yetər xanım ilə izdivacından Aslandan başqa, İslam, Mələk Səlmi, Həmayıl və Gülsüm adlı övladları dünyaya gəlmişdir.

O dövrdə Goranboyun Xoylu kəndində olan ermənilər ilə kəndin müsəlman əhalisi arasında dava-dalaş düşür. Qarşıdurma vaxtı ermənilər Qara Tağını güllə ilə vurub öldürürlər. Bu xəbəri eşidən Qara Aslan həmin gündən atasının qatillərindən bir-bir öc alaraq qaçaqlığa başlayır. Xəyanətkar ermənilərlə heç zaman barışmayan Qara Aslan həm atasının ölümündən həm də ermənilərin müsəlman əhaliyə qarşı törətdikləri qırğınlardan bərk sarsılır. Gənc yaşlarında qaçaqçılıq hərəkatına qoşulan Qara Aslanın sorağı qısa bir zamanda bütün Gəncəbasar bölgəsinə və Göyçə mahalına yayılır. Eyni zamanda Qara Aslanın Göyçədə məskən salan qohumlarından Qaçaq Cəmil də bu dövrdə qoçaqlıqda heç də ondan geri qalmırdı. Qaçaq Cəmilin erməni zabit və generallarına qan uddurması bütün Göyçəyə səs salmışdır. Qara Aslanın bu dövrdə yaxın dostları Ramazanoğlu Rüstəm, Gəncəli Dəli Əli, Qapannılı Məşədi Bayram-Əli və Qanaqçı oğlu Aslan olub. Qaçaq Qara Aslan 1920-ci ildən sonra Gəncəbasar və Göyçədə bolşevik hökumətinə qarşı baş verən silahlı qiyamlarda iştirak edib.

Qara Aslanın əyalısı Balçılı kəndindən Göyçək Əhməd qızı olub. 1929-cu ildə onun Göyçək xanım ilə nigahından bir oğlu dünyaya gəlir. Qara Aslan dostu Ramazanoğlu Rüstəmin şərəfinə oğlunun adını Rüstəm qoyur. Azərbaycanda bolşevik hökuməti qurulduqdan sonra Sovet hökumətinə qarşı çıxan bəylərə, ağalara, mülkədarlara və o cümlədən qaçaqlara qarşı bir-birinin ardınca arası kəsilməyən qara yellər əsir. Bu qanlı qadalı illərin yeri Qaradağlı Qara Aslandanda yan keçmir. Belə ki, o dövrdə Gəncə Qəza Komitəsinin birinci katibi Əliheydər Qarayev tərəfindən Qara Aslana qarşı ittihamlar irəli sürülərək onu aradan götürməyə çalışırlar. Bu minvalla Əliheydər Qarayev Qara Aslanı yanına çağırtdıraraq ona dostu Ramazanoğlu Rüstəmi öz əlləri ilə gətirib dövlət idarəsinə təhvil verməsi tələbini qoyur. Çiyinlərinə düşən ağır yükdən bərk narahat olan Qara Aslan isə tam əksinə Ramazanoğlu Rüstəmin izini itirir. Bu illərdə Qara Aslan dəfələrlə incidilir. Onun yaxın qohumları isə mühakimə edilir. Qara Aslanın yeganə varisi mərhum Rüstəm kişi müsahibəsində atasından belə bəhs etdi: “Atam Qara Aslan mənim 2 yaşım olanda repressiya qurbanı olub. Onu 1931-ci ildə güllələyiblər. Mən atam haqqında nə bilirəmsə də anamdan və atamın yaxın qohumlarımdan eşitdiklərimdir. Onu bilirəm ki, atamın 2 yaxın dostu olub. Bunlar Gəncəli Dəli Əli ilə Samuxlu Ramazanoğlu Rüstəm idi. Onu deyə bilərəm ki, 1931-ci ildə bir çox qaçaqlar və bəylər kimi atamın da Türkiyəyə və İrana keçməyə imkanı olub. Ancaq nə atam nə də dostu Dəli Əli qeyrətlərinə sığışdırmayıblar ki, biz arvad və uşağı burada köməksiz qoyub necə qaçaq bu bizim kişiliyimizə yaraşmaz. Atasından danışarkən Rüstəm kişinin hər dəfəsində ahıl yaşında olmasına baxmayaraq qeyri ixtiyari olaraq o, ayağa durur və gözləri dolurdu. O, böyük həvəslə atasının başına gələn hadisələri geniş şərhlə izah edir və onu uşaq yaşlarında itirdiyindən qəhərlənirdi”. Qara Aslan cəmi 38 il ömür sürür. Dövrün qəddar rejimi digər mərd oğullarımız kimi onun da aradan götürülməsinə nail olur. Lakin onlar yaddaşlarda əməlləri, igidlikləri və cəsarətləri ilə bu gün də yaşamaqdadır.

"Difai" qəzeti

№01 (48) 16-31 Yanvar 2013-cü il.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort