• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Gəncənin Tapqışlaq məhəlləsi

E-mail Çap PDF

 

Gəncənin Tapqışlaq məhəlləsi quzeydən Şərəfxanlı, Şahsevənlər, günçıxandan Lətifli, güneydən Qazaxlar, günbatandan Quru qobu ilə həmsərhəddir. Məhəllə indiki Təbriz küçəsinin bir hissəsində yerləşir. Tapqışlaq məhəlləsinin əhalisi Gəncə ətrafı kəndlərdən, bölgələrdən gəlmədirlər, bura heyvanların qışlaq yeri olub. Məhəllə sakinləri heyvandarlıq, üzümçülüklə məşğul olurdular. Əkin yerlərini və məişətdə işlətdikləri suyu 1956-cı ilə qədər "Xan arxı"ndan götürdülər. Məhəllədə Məşədi Məmmədtağı dəyirmanı da var idi. Məhəllə sakinləri möhrədən üstü kümbədsiz məscid də tikmişdilər. Sovetlər birliyi dövründə (1934-cü ildə) məscid Qızıl Əskər kolxozunun ambarına çevrildi. O zamanlar məscidin bir hissəsində 3 otaqlı 4 illik ibtidai məktəb var idi. Bu məktəb Şərəfxanlı məhəlləsində (Eminbəyli küçəsində) olan M. F.Axundzadə adına 7 illik natamam orta məktəbin şöbəsi idi. Tapqışlaq məscidinin yerini vəqf etmiş Xədicə qarının nəvəsi məscidinin yerində ev tikdirdi. Vaxtı ilə bu məhəllədə Hacı Hilal, Kərbəlayi Qəmbər və onun uşaqları yaşayırdı. Hacı Hilalın övladı yox idi. O, bərbərlik edir, həmçinin diş çəkirdi. Ağsaqqallar söyləyirdilər ki, xüsusiçilik dövründə orucluq yayın əvvəlinə düşmüşdü. Hacı Hilal oruc tutmağına baxmayaraq erkən durub taxıl biçərkən, günorta vaxtı gün onu vurur. Hilal baba huşunu itirib yıxılır. Qonşular haraya gəlib Hacının üzünə, başına, ağzına su töküb ayıldırlar. O, özünə gələndə qonşulara etirazını bildirir ki, nə üçün onun orucunu pozublar? Hacı Hilal əməli saleh insan olub.

Böyük Vətən müharibəsinə getmiş kişilərin kiçik yaşlı uşaqlarını bir yerə yığıb, bozbaş bişirib onları yedirdər sonra isə onlara sünnət edərmiş. Hacı Hilal babanı tanıyanlar onu indidə xoş niyyətlə yad edirlər. Məhəllədə həmçinin Kərbəlayi Qəmbərində insani keyfiyyətlərindən indi də danışırlar. Mərhumun 3 oğlu olub. Böyük oğlu İsrafil Gəncə şəhər dəmir yolunun rəisi, Mikayıl Rabitə Nazirliyində çalışıb. Kiçik oğlu Şirin isə müharibəyə gedib gəlməyib.

Məhəllədə Qara gözlülər tayfasının heyvan saxlamaq üçün nəyələri (daşırı) var idi. Onlar Gəncəyə Mingəçevirin Hürüuşağı kəndindən gəliblər. "Qaragözlülər İranın Həmədan əyalətində yaşayan türk dilli tayfa olub, Səlcuqların dövründə Ön Asiyaya gəlmələri ehtimal olunur. Qaragözlülərin adı mənbələrdə XIV-cu əsrdən çəkilir" 1.62.

Qacarlar dövründə bu əyalətə Qaragözlü oymağından çıxan hakimlər başçılıq edirdilər. Qaragözlü oymağının Hacalı, Aşıqlı və başqa tayfaları da var. Oymağın bir çox şəxsiyyətləri İranın ictimai-siyasi həyatında aparıcı rol oynayıblar. "Hazırda Həmədan bölgəsində hamılıqla oturaq həyata keçmiş və kəndlərdə yaşayan Qaragözlü oymağının Şamluların qalığı olduğu bilinir, ancaq Şamlunun hansı obasından və ya obalarından olması hələ təyin edilməmişdir. İndi İranda bəydilli adında əhəmiyyətli bir təşəkkülə təsadüf edilmədiyi üçün ehtimal ki, Qaragözlülər bəydillilərin törəmələridir".  2.299.

Tarixi mənbələrdə Qaragözlülərin 1570-ci illərdə Türkiyədə də yaşamaları haqqında məlumat var. Burada Qaragözlülərin eymur oymağının qollarından birinin olduğu göstərilir və onların Avstriyaya hərbi səfərə cəlb olunması haqqında da yazılıb.

Bu oymağın nümayəndələrindən Hacı Abdulla xan Qaragözlünün, Hacı Məhəmməd xan Qaragözlünün, Həsən xan Qaragözlünün, Məhəmməd Hüseyn xan Qaragözlünün, Əbdülqasım xan Qaragözlünün, Məhəmmədcəfər Məczubun və başqalarının adı məlumdur.

Qaragözlü oymağının adı ilə bağlı Azərbaycanda da toponimlərə rast gəlinir. Zəncanın İçrut, Səidabad və Qoltuq bölgələrində qərar tutan Avşar tirələrindən biri də Qaragözlülər tayfasıdır. Hacı Məhəmməd xan Qaragözlü bu oymağın bir tirəsini Qaradağ vilayətində yerləşdirmişdi.

Gəncədəki Qaragözülər isə hazırda şəhərin M.Müşfiq və Eminbəyli küçələrində yaşayırlar. Qaragözlülər Sovet hökumətinin ilk illərində Azərbaycanda üç soyada ayrıldılar və Abbasov, Cəfərov, Qaragözov soyadı ilə tanındılar. Xüsuçilik dövründə isə Mahrasa bağında, Aşıqlar məhəlləsinin cənubunda, Şahsevənlər məhəlləsində əkin yerləri var idi. Qaragözlü Kərbəlayi Aslan və qardaşı Kərimin Tapqışlaqda mal-qara yataqları var idi. Onlar heyvanlarını qışda burada saxlayır, yazda isə dağlara aparırdılar.

Azərbaycanın xalq artisti Ələddin Abbasov, qardaşı həkim-polkovnik Ələkbər Abbasov, Az.N.K.İ.-nin kafedra müdiri Talıbzadə Rza, BDU-nun müəllim-professoru Əlövsət Abbasov, Şəmil Talıbzadə məhz Qaragözlülər tayfasındandırlar.

Ədəbiyyat:

1.A.S.E.III-cild Bakı 1979 səh.62.

2.Faruq Sümər "Oğuzlar" Bakı 1992 səh.299.

Hamlet Əli oğlu Allahverdiyev

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort