• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Ələddin Abdulla oğlu Əsgərov

E-mail Çap PDF

 

Əməkdar elm xadimi, professor, baytarlıq elmləri doktoru 

Ələddin Abdulla oğlu Əsgərov 1926-cı ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1942-ci ildə o, Gəncə şəhərindəki 1 saylı orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (ADAU) baytarlıq təbabəti fakültəsinə daxil olmuşdur. 1947-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq keçmiş Səfərəliyev rayonunda (Samux) həkim işləmişdir.

1948-ci ildə AKTA-nın Mikrobiologiya kafedrasının aspirantı olmuşdur. 1951-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Həmin ildən professor elmi adı almışdır. 1965-ci ildən kafedra müdiri vəzifəsində işləyib. Rusiya Aqrar Təhsil Akademiyasının həqiqi üzvüdür, 600-dən artıq müxtəlif istiqamətli elmi, ictimai-siyasi məqalə və digər əsərlərin, 60-dan çox kitabın, dərslik, dərs vəsaiti, monoqrafiya, bədii-elmi kitabın, 10 ixtiranın, 12 təsərrüfata tətbiq edilən tövsiyənin müəllifidir. Alimin rəhbərliyi altında 14 nəfər elmlər namizədi və doktoru hazırlanmışdır. O, dünya üzrə insan ekologiyası, kainatın anatomiyası, insanın mənşəyi, təkamül təliminə yeni baxış, həyatın yaranma tarixinə dair, ölməzlik kimi təlimlərin ilk müəllifidir. Ələddin Əsgərovun təbiətin və ətraf mühitin mühafizəsi və sanitariya-gigiyena kimi dərslikləri 4 dəfə təkrar çap olunmuşdur.

Ələddin Əsgərov Azərbaycan dilində "Kənd təsərrüfatı heyvanlarının gigiyenası" dərsliyini tərtib edən ilk alim olmuşdur. Sonralar bu dərslik dəfələrlə müxtəlif düzəlişlərlə 7 dəfə təkrar çapdan çıxmışdır. Bu nəşr əsasında ilk dəfə kənd təsərrüfatı heyvanları üçün texniki-layihə və zoogigiyenik normalar hazırlanmış, tövsiyələr kimi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmişdir.

Ələddin müəllim müxtəlif istiqamətli sahələr üzrə də qələmini sınamışdır. O, gigiyena, ekologiya, bədii, elmi-kütləvi kitabların - "Bilirsinizmi?", "Nələr olmur bu dünyada?", "Təbiətin mühafizəsi", "Ətraf mühitin qorunması", "İnsan və təbiət", "İnsan ekologiyası", "Ekologiya və poeziya", "Təkamül təliminə yeni baxış", "Ovçuluğun əsasları", "Ailə ekologiyası", "Müasir ekologiya" (2004-2007) və s. dərsliklərin və digər əsərlərin müəllifidir.

Onun kitabları Azərbaycanın hər yerində geniş oxucu auditoriyasına malikdir. Ekologiya üzrə tədqiqatları 1972-ci ildən 1988-ci ilə qədər Azərbaycanın ali məktəblərində istifadə edilən ilk və yeganə dərslik olmuşdur. Bu gün də onun dərslikləri ali tədris ocaqlarında geniş istifadə edilir.

Professor Ə.Əsgərov tərəfindən təbiətin mühafizəsi (1972), dərman bitkilərinin qorunması (1970), keçmiş Alüminium zavodunun tullantılarına qarşı mübarizə yox, müharbə (1969), su mənbələri və içməli suların öyrənilməsi (1967-ci ildən), neft tullantılarının dezinfeksiya təsirliyi (Neft-Kimya İnstitutu ilə birgə 1960-1972-ci illər), təbii dağ minerallarının yem əlavəsi kimi istifadəsi (Geologiya İnstitutunun əməkdaşı professor H.Mahmudov ilə birgə) və s. məsələlər öyrənilmiş, ixtiralar edilmiş və Moskvadan müəlliflik şəhadətnamələri alınmışdır. Siqaretə qarşı mübarizə (1988), əməkhaqqı (1993) və s. haqqında məqalələrlə çıxış etmişdir.

Alimin "Gəncənin tarixi yaddaşından" və "Gəncə salnaməsindən bir yarpaq" (2000-2003) kitabları oxucuların diqqətini cəlb etmişdir. Ə.Əsgərovun "Gəncənin tarixi yaddaşından" kitabı bu diyarın ən görkəmli şəxsiyyətlərinə, alimlərinə və bu yurddan bəhrələnənlərin elmi-yaradıcı irsinin öyrənilməsinə həsr edilmişdir.

Ələddin Əsgərov ekologiya üzrə tədris planına ilk dəfə olaraq 1995-ci ildə "İnsan ekologiyası" mövzusunu daxil etmişdir. Bu problemə insanın özü ilə əlaqədar olan ailə, şəxsiyyət, poeziya, dil, din, tərbiyə, turizm və incəsənət kimi məsələlər də daxil edilmişdir. O, ölkənin, millətin, xalqın səadətini sanitariya-gigiyena və ekologiya məsələlərinin həllində görürdü. Həmin problemlərə çoxlu elmi məqalələr həsr etmişdir.

Ələddin müəllim elmi axtarışlarına və ixtiralarına görə hələ keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin və digər ali orqanların fəxri fərmanlarına, müxtəlif medallara, diplomlara və müəlliflik şəhadətnamələrinə layiq görülmüşdür.

Elmin inkişaf etdirilməsində, ixtisaslı kadrlar hazırlanmasında xidmətlərinə görə 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Ələddin Əsgərova Əməkdar Elm Xadimi fəxri ad verilmişdir.

Ələddin Əsgərov doqquz il baytarlıq təbabəti fakültəsinin dekanı, yeddi il Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində işləmişdir. Vaxtilə Gəncə Şəhər Təbiəti Mühafizə Cəmiyyətinin üzvü, şəhərin Ekologiya cəmiyyətinin sədri olmuşdur. O, 45 ildən artıq ADAU-nun Elmi Şurasının üzvü olub.

Ələddin Abdulla oğlu Əsgərov 2013-cü il aprel ayının 9-da Gəncə şəhərində vəfat edib.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort