• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Gəncənin Şərəfxanlı məhəlləsi

E-mail Çap PDF

 

Şərəfxanlı elinin köç etməsi səbəblərini Çələbilər məhəlləsi məqaləsində qeyd edilib. Tarixi faktları təkrar etməmək xatirinə əsas məsələyə keçək. 

Şərəfxanlılar Gəncə şəhərində bu günki N.Nərimanov, Səfəvilər, H.Z.Tağıyev küçələrində Mollacəlilli və Çələbilərlə qarışıq yaşayırdılar. 1905-ci il erməni-müsəlman qovğası zamanı Gəncə çayının sol sahilinə köçən Şərəfxanlılar bir müddət qapılarda kirayənişin, bəzi ailələr tanışlarının, qohumlarının evində yaşadılar. 1906-cı ildə yaradılmış Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin köməkliyi sayəsində onlar Şahsevənlər məhəlləsinin günbatan hissəsində boş torpaq sahəsi alıb ev tikdilər. Burda içməli suyun olmaması üzündən onlar nə heyvandarlıq nə də əkinçiliklə məşğul ola bilmirdilər. İçməli suyu Şahsevənlər kəhrizindən gətirirdilər. Şərəfxanlı məhəlləsinin günbatan hissəsində heyvandarlıqla məşğul olmağa qismən şərait var idi. Bu “Quru qobu” adlanan susuz boş torpaq sahəsi idi. Gəlmə əhali dabbaqlıq, şərabçılıq və xırda ticarətlə gün keçirirdilər.

Şərəfxanlı məhəllə sakini Məmməd Alı oğlu Ələkbərov söyləyirdi: “Atam söyləyirdi ki, bizim evimizi ermənilər yandırdı. O zamanlar onlar silahlı biz isə silahsız idik. Ailəmiz qaçıb Şahsevənlər məhəlləsinin günbatan hissəsində indiki Eminbəyli küçəsində torpaq sahəsi aldıq ev tikdik. O zamanlar atam dəmirçilik edirdi. Suyu uzaqdan gətirirdik, şəraitimiz çox pis idi. Amma qorxumuz yox idi. Arada bir müddət sakitlik yarandı. Atam gedib ermənilərin içində 1914-cü ildə bir uçuq dam aldı. Yerində bir mərtəbəli ev tikdirdi. Bənnalar o zaman İrandan gəlmişdilər. Bu bina qədim Mollacəlilli məhəlləsində yerləşirdi (M.Y.Axundzadə küçəsi 30 №-li ev. Binanın fasadında tikilmə tarixi 1333h/q yazılıb). Artıq mən böyümüşdüm atama köməyim dəyirdi. Günlərin birində atam öldü, anam ermənilərin içində yaşamaqdan qorxurdu. Onlar anama deyirdilər: “Ay qız qorxmursan burda yaşayırsan? Sənin başını kəsərlər”. Bundan sonra anam ermənilərin hədə qorxularından ehtiyat edib, dəyər-dəyməzinə evimizi ermənilərə satıb indiki yerə köçdük. 

Şərəfxanlı elinin bir hissəsini XVIII yüzillikdə Qarabağda, Ağdamın yanında Şərəfxanlı adlı kənd salmışdılar. Güzəranın ağırlığı hər zaman sadə insanları narahat edib. Elə buna görə də əhalinin bir yerdən başqa yerə köçməsi hər bir zaman olub.

“1916-cı ildə Güney Azərbaycanın Qaradağ mahalının Utu kəndində Hüseyncavan Mikayıl oğlu dünyaya gəldi. Atasının erkən vəfatından az sonra anası Zöhrə xanım bir yaşlı Hüseyni və üç qızı götürüb Quzey Azərbaycana gətirməyə məcbur olmuşdur. Ailə bir müddət Ağdam rayonunun Şərəfxanlı kəndində, sonra Goranboyun Dəliməmmədli qəsəbəsində məskunlaşdılar".

Sonralar Şərəfxanlı elinin bəzi üzvləri Goranboy, Göy-göl bölgələrində müxtəlif kəndlərdə yaşamağa başladılar. Gəncədə yurd salmış Şərəfxanlılar 1912-ci ildə məhəllədə üstü dam şəklində 4 otaqlı məscid inşa etdilər. 1920-ci il Gəncə üsyanında öldürülmüş beş nəfər Şərəfxanlını o zamanlar şəhər qəbristanlığında dəfn etmək mümkün olmadığı üçün məscidin həyətində dəfn etdilər. Dəfn olunmuş bu şəxslərin kimliyini öyrənmək mümkün olmadı, onların qəbri indi də durur. Sovet hakimiyyəti dövründə bu məhəllənin əsas küçəsinə Eminbəyli adını verdilər. Məscid bu küçənin 60 saylı mənzilində yerləşir. Sovetlər dönəmində məscid M.F.Axundov adına 7№-li natamam orta məktəbə çevrildi. Sonralar bu məktəb ictimai iaşə idarəsinin kulinariya məktəbi oldu. Hazırda bina xüsusiləşdirilib. Binanın çöl hissəsində məscid tikilən zaman əkilmiş çinar ağacları indi də durur. Hazırda məhəllədə Şərəfxanlılar, Qaragözlülər və Ayrımlar yaşayırlar.

İrandan köçüb gələn ellilər Goranboy bölgəsində Qaradağlı, Sarab, Xoylu kəndlərini saldılar və gəldikləri yerin adını yeni məskən saldıqları yerlərə verdilər. Goranboy bölgəsinin Qaradağlı kəndində olan “Tat oğlu” kəhrizi əhalinin İrandan gəldiyindən xəbər verir. Gəncəbasar əhalisi İrandan gəlmiş soydaşlarına səhvən " tat " deyirdi. Qaradağdan istərsədə Xoy və Sarabdan gələn soydaşlarımızın içindən tanınmış alimlər, şairlər, mühəndislər çıxıb.

Hamlet Əli oğlu Allahverdiyev

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort