• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Böyükzadə Elşən Böyük oğlu

E-mail Çap PDF

 

Böyükzadə Elşən hələ 4-5yaşından hərbçi olmaq istəyirdi. Həmişə əmisinin tankçı olduğunu, onun əsgəri şəkillərini görüb həvəslənərək hərbçi olmağı arzulayardı. Əmisinin zabit papağını alıb başına qoyaraq: “Mən də mütləq tank komandiri olacağam” deyərdi. Elşən Böyükzadə 1993-cü ilin sentyabrında nişanlanmışdı. Yazda toyu olacaqdı. Amma......

Böyükzadə Elşən Böyük oğlu 17 avqust 1972-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. 1978-ci ildə 2 saylı səkkizillik məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1985-ci ildə İ.Qayıbov adına 1 saylı orta məktəbin 7-ci sinifini bitirmiş, hərbçi olmaq həvəsiylə həmin il C.Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olmuşdur. 1988-ci ildə sənədlərini Kazan Ali Hərbi tank komandirləri məktəbinə vermiş, lakin qəbul ola bilməmişdir. 1989-cu ildə Saratov Ali Hərbi Kimyəvi Mühafizə Mühəndisləri məktəbinə qəbul olmuşdur.

1992-ci ilin fevralında “Vətənim Azərbaycan əldən getdiyi bir vaxtda mən burada necə sakitcə dərsə gedim, mən hadisələrə laqeyd qala bilmərəm” deyə 3-cü kursdan məktəbi yarımçıq tərk etmək istəmiş, lakin atası Elşən bu fikrindən döndərmişdi. Ancaq 1992-ci ilin noyabrında, 4-cü kursda olarkən Bakı Ali Ümum hərbi komandanlıq məktəbinin 4-cü kursuna yerini dəyişməklə Vətəninə dönmək istəyinə nail olmuşdur. 1993-cü ilin mayında Bakı Ali Ümum hərbi komandanlıq məktəbini bitirərək, müstəqil Azərbaycan Respublikasının Silahlı qüvvələrinin Tovuz rayonunda sərhəd zonasında yerləşən N saylı h/hissəsində “Kimyəvi mühafizə” rotasının komandiri vəzifəsinə təyinat almışdır. Həmin h/h 1993-cü ilin iyulunda ləğv edildiyi üçün leytenant E.Böyükzadə 1993-cü ilin avqustunda Gəncənin Hacıkənd-Göygöl bölgəsini qoruyan 701 saylı h/hissədə “Kimyəvi mühafizə” rotasının komandiri vəzifəsinə təyin olunmuşdur. O, burada öz rotasıyla Toğana 1-ci və 2-ci körpü, Sarısu və s. mövqelərə nəzarət etmişdir.  1993-cü ilin dekabr və 1994-cü ilin yanvar-fevral aylarında Kəlbəcər rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşaraq Yanşaq yaşayış ərazisinin azad edilməsində iştirak etmiş, sonra o, bir müddət öz rotasıyla Qaragöl, Şişdağ mövqelərində müdafiədə dayanmışdır.

Lakin 1994-cü il 10 fevralında Kəlbəcər rayonunun düşməndən azad edilmiş Yanşaq kəndi ərazisini qorumaq üçün aparılan əməliyyat leytenant E.Böyükzadənin son döyüşü olur. Fevralın 11-i səhər saat 9-dan 11-ə kimi düşmən mövqelərimizi top atəşinə tutmuş və sonra piyadalarla hücuma keçmişdir. Bu zaman E.Böyükzadə və əsgəri Elçinlə birlikdə ağır yaralanmış əsgər Baxşəlini döyüş zonasından çıxarmaq istəyərkən Elşəni və əsgərini düşmən snayperinin gülləsi yaxalamış, əsgər həlak olmuş, Elşən isə yaralanmışdır. Ağır yaralanan komandir E.Böyükzadə düşmənlə təkbaşına döyüşərək, sağ qalmış əsgərlərin mühasirədən çıxmasına şərait yaratmış və özü döyüş meydanında düşmənlə təkbətək vuruşmuşdur.

Bu döyüşdən sonra leytenant Elşənin taleyi bu günədək naməlum qalmış, ailəsinin tək ümid çırağı olan Elşən itkin düşmüşdür.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort