• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Gəncə xanlığının Qarabağ xanlığı ilə münasibətləri tarixindən

E-mail Çap PDF

 

genceden_shushaya

XVIII əsrin ortalarından Azərbaycanda müstəqillik uğrunda mübarizə gücləndi. Məhz bu mübarizə nəticəsində Azərbaycan torpaqlarında 18-ə qədər müstəqil və yarımmüstəqil feodal dövlətlər, xanlıqlar yarandı. Məhz bu dövrdə maraqlı tarixi olan xanlıqlardan Qarabağ və Gəncə xanlığı idi. Yaranmış xanlıqlar arasında iqtisadi və siyasi əlaqələr zəif olsa da, aralarında tez-tez müharibələr baş versə də bu mahiyyət etibarilə itirilmiş Azərbaycan dövlətçiliyinin bərpası idi.

Gəncə xanları əslən türk tayfası olan Qacar nəslindən idilər, onlara Ziyadoğlu da deyirdilər. Xanlığın əsasını Şahverdi xan Ziyadoğlu qoymuşdu. Gəncə xanlığının əlverişli hərbi strateji mövqedə yerləşməsi, bəzi xanlıqları o cümlədən Qarabağ xanlığının və Kartli-Kaxetiya hakimiyyətlərinin diqqətini özünə çəkirdi. Gəncə xanlığına göz dikənlər onun iqtisadi təsərrüfat zənginliyini Şərq ticarətinin aparıldığı mühüm mərkəz olmasını nəzərdən qoymurdu.

XVIII əsrin II yarısından başlayaraq hərbi siyasi və böyük ticarət-iqtisadi əhəmiyyətə malik olan Gəncə xanlığına iddia edən Quba xanlığı və Kartli-Kaxetiya çarı ilə birgə hərəkət edən Qarabağ hakimi arasında başlanan kəskin mübarizənin obyektinə çevrilir.

Gəncə xanlığının hakimi Məhəmməd-Həsən xan 1778-ci ildə qardaşı Məhəmməd xan tərəfindən öldürülür. Xanlıqda, o qardaşını əvəz edir. Məhəmməd xanın dövründə Gəncə xanlığı hərbi-iqtisadi cəhətdən xeyli zəifləyir ki, bundan da II İrakli və onunla ittifaqda olmuş Qarabağ hakimi istifadə edir. Müttəfiqlər 1780-ci ildə Gəncə qalasını mühasirəyə aldılar. Məhəmməd xan ciddi müqavimət göstərə bilmədi. Bundan sonra Məhəmməd xan İbrahimxəlil xan tərəfindən kor edilərək, qardaşı Rəhim xanla birlikdə Şuşa qalasına salınır. Qaliblər eyni vaxtda iki hakim-Həzrətqulu bəyi və Key-Xosrov Andronikaşini Gəncəyə hakim təyin etdilər. Gəncədə 6 ilə yaxın iki hakimiyyətlilik hökm sürdü.

II İrakli və İbrahimxəlil xanın münasibətlərinin kəskinləşməsi nəticəsində, yerli feodalların köməyi ilə Qarabağ xanı qələbə çaldı və II İraklinin nümayəndəsi şəhərdən qovuldu. Gəncə əhalisi 1783-cü ildə Hacı bəy Ziyadoğlunun başçılığı ilə üsyan etdi və Qarabağ xanının nümayəndəsini şəhərdən çıxardı. Gəncəli Məhəmməd xanla birlikdə İbrahimxəlil xan tərəfindən Şuşa qalasına salınan Rəhim xan əsirlikdən qaçdı və hakimiyyəti ələ aldı. Kartli-Kaxetiya çarı ilə Qarabağlı İbrahim xan arasında yaranmış ittifaq nəticəsində Gəncə xanı tabe edilsə də, bu asılılıq nominal xarakter daşıyırdı. Gəncə hakimləri onların hücumlarını həmişə mərdliklə dəf etmişdir. Yalnız illik xərac ödəməklə kifayətlənmişdir. Bəzən də Gəncə xanları öz öhdəliklərini yerinə yetirməyərək tələb olunan məbləği ödəməkdən imtina edirdilər. Bu isə son nəticədə tez-tez baş verən toqquşmalara və bir xanın digəri ilə əvəz edilməsinə gətirib çıxarırdı.

Qarabağ xanı İbrahimxəlil xan Gəncə xanlığını özündən asılı vəziyyətə salmaq fikrindən daşınmamışdır. O, II İrakli ilə birlikdə Gəncəyə hücum etdi. Cavad xan II İrakliyə bac verməli idi. Çox keçmədi ki, xan bundan imtina etdi. Nəticədə şəhərə ciddi ziyan dəydi.

Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı Qarabağlı İbrahimxəlil xan və II İraklidən çox ziyanlar və təzyiqlər görən Gəncəli Cavad xan şahla həmrəy olduğunu bildirdi. Hətta Qacarın Tiflisə hücumu zamanı qoşun ilə ona yardım etdi. Bu hərəkətinə görə Qacar Cənubi Qafqazı tərk etdikdən sonra II İrakli və İbrahimxəlil xan Cavad xanı cəzalandırmağı qərara aldılar və Gəncəni mühasirəyə aldılar. Cavad xan 1000 gürcü əsiri azad etdikdən və bac verəcəyini bildirdikdən sonra təbii ki, Gəncəni dağılmaqdan xilas edə bildi və öz müstəqilliyini qorudu.

Gəncə xanlığı ilə Qarabağ xanlığının münasibətlərinə aid yuxarıda qeyd edilən fakt və məlumatlar bir daha bu qənaətə gəlməyə əsas verir ki, Rusiya imperiyasının Şimali Azərbaycan ərazisini işğalının ən böyük səbəbi Azərbaycanda mövcud olan xanlıqların xarici təhlükələrə qarşı birləşmək əvəzinə, daima bir-biri ilə ədavət aparmaları olmuşdur.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort