• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Nazim Rza İsrafiloğlu

E-mail Çap PDF

 

Kino, televiziya rejissoru, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kino-festivallarının laureatı Nazim İsrafil oğlu Rzayev 1941-ci il yanvar ayının 11-də Gəncə şəhərinin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Nazim Rza İsrafiloğlunun ata babası Rza Əsədullayev Gədəbəy bölgəsində tanınmış xeyriyyəçilərdən biri olmuşdur. Ana babası isə "Difai" partiyasının Gəncə şöbəsinin katibi, ilk nizamişünas Mirzə Məhəmməd Axundzadə olmuşdur. Nazim Rzanın atası İsrafil Rzayev və anası Hafizə Axundzadə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu (indiki ADAU) bitirərək, uzun illər baytarlıq sahəsində çalışmışlar.

Nazim Rza 1945-ci ildə ailəsi ilə birlikdə Bakıya köçür. Nazim Rza Bakı şəhər 1 saylı orta məktəbdə oxumuş, lakin həmin tədris ocağının hərbi-təmayüllü məktəbə çevrilməsi ilə bağlı təhsilini öncə 44, sonra 7 və 14 saylı məktəblərdə davam etdirmişdir. Orta məktəbdə oxuyarkən, eyni zamanda 1 saylı şəhər Musiqi məktəbində də təhsil almış və 1956-cı ildə fortepiano ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirmişdir. Nazim Rza orta məktəbi bitirdikdən sonra istehsalatın müxtəlif sahələrində çalışmış, 1959-64-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsində təhsil almışdır. 1964-cü ildə Bakının Suraxanı bölgəsindəki S.Orconikidze adına Mədəniyyət Sarayında bədii rəhbər vəzifəsində çalışmış, elə həmin ilin axırlarından 1965-ci ilin sonuna kimi hərbi xidmətdə olmuşdur.

Nazim Rza 1966-cı ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinomatoqrafiya İnstitutunun (hazırda Sankt-Peterburq İncəsənət Akademiyası adlanır) televiziya rejissorluğu fakültəsinə daxil olmuş və 1971-ci ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirmişdir. Nazim Rzanın diplom işi "İnsan Xəzəri xilas edir" televiziya filmi artıq Beynəlxalq və Ümumittifaq kinofestivallarında mükafat və xüsusi diplomlar almışdır.

Nazim Rza İsrafiloğlu televiziya sahəsində ilk işinə dublyaj şöbəsində başlamış, eyni zamanda musiqi, kinoproqram, sənaye redaksiyaları ilə də əməkdaşlıq etmişdir. 1969-cu ildə təşkil olunmuş "Ekran" yaradıcılıq birliyində kinorejissor vəzifəsinə dəvət olunmuş və Nazim Rzanın yaradıcılıq fəaliyyəti o vaxtdan bu birliklə sıx bağlı olmuşdur. Nazim Rza İsrafiloğlu 2000-ci ilin sonuna qədər 45-dən artıq sənədli film çəkmiş, 1978-1993-cü illərdə iqtisadi problemlərə həsr edilmiş 200-ə yaxın televiziya proqramının müəllifi, rejissoru və aparıcısı olmuşdur. Nazim Rza Azərbaycan tarixi, xüsusilə də Bakı nefti və dünya neft tarixinin tədqiq edilib öyrənilməsi sahəsində geniş elmi araşdırmalar aparmışdır. Azərbaycan mətbuatında müntəzəm olaraq publisistik yazılarla çıxış edir.

Nazim Rza 1992-97-ci illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu fakültəsində "Rejissorluq və aktyorluq sənəti" fənni üzrə kurs rəhbəri vəzifəsində çalışmışdır.

Nazim Rza eyni zamanda Azərbaycan televiziyasında müəllif filmlərinin yaradıcısıdır. 7 müstəqil filmi özündə birləşdirən və 12 seriyadan ibarət olan Azərbaycan elmi-publisistik kinoserialının müəllifi və quruluşçu rejissorudur.

Nazim Rza İsrafiloğlu 1974-cü ildən Azərbaycan Kinomatoqrafçılar İttifaqının və 1991-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Ailəlidir, bir övladı və bir nəvəsi var.

Kitabları:

Odlu Məmləkət (Bakı, 2002-ci il).

Neft və Cahan Savaşı (Bakı, 2005-ci il).

M.M.Axundzadə (Bakı, 2006-cı il).

Neft. Qlobal münaqişələr mənbəyi (Bakı, 2009-cu il).

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort