• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Məhsəti Gəncəvi - 900

E-mail Çap PDF

 

mesheti_gencevi

Dünya ədəbiyyatı sivilizasiyasına Azərbaycan xalqının bəxş etdiyi orta əsr klassik şairlərinin ən uca zirvəsində duran xanımlar xanımı Məhsəti Gəncəvidir. Təsəvvür etmək çətin deyil ki, XI əsrdə dünyanın heç bir yerində bu qədər qüdrətli qadın şairəsinə rast gəlmək mümkün deyil. O, nəinki təkcə şairə, eyni zamanda ilk şahmatçı qadın, ədibə, musiqiçi və müəllimə kimi tarixə düşmüşdür. Onu demək yerinə düşər ki, Məhsəti Gəncəvi Azərbaycan intibahın yetişdirdiyi ən dəyərli sənətkarlarından biridir. Bu dövrdə yetişən Əbu-Üla Gəncəvi, Xaqani Şirvani, Fələki və Nizami Gəncəvi kimi söz ustadları yer almışlar. İntibahın bu dahilərin yetişməsində rolu olduğu qədər, onların da intibahın özünə verdiyi tövhələr göz qarşısındadır. Bu dövr Gəncə şəhərinin inkişafı və onun ipək yolu ticarət qovşağı olması ilə də səciyyəvidir. Bu şəhərdə sənətkarlıq və elm xüsusi bir yüksəlişdə olmuşdur.

Məhsəti xanım Gəncəviyə gəldikdə isə onu qeyd etmək lazımdır ki, o dövrün tam mənzərəsi barədə məlumatlar azdır. Məhsətinin həyat və yaradıcılığı haqda da elə mükəmməl məlumat yoxdur. Lakin ayrı-ayrı mənbələrdə və müxtəlif təzkirəçilərin yazdıqlarından müəyyən bilgilər almaq olar. Bu baxımdan bütün mövcud yazıları nəzərdən keçirmək məqsədə müvafiq hesab edilməlidir. XX əsrdə Nigar Rəfibəyli Məhsəti Gəncəvi rütbələrini 5 dəfə Azərbaycan dilində çap etdirmişdir.

Azərbaycan mənbələrinə istinad etsək, ilk öncə Firudin bəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi kitabı I cild və Həmid Araslının Azərbaycan ədəbiyyat tarixi və problemləri kitabı, eyni zamanda R.Hüseynovun “Məhsəti necə varsa” monoqrafiyası üzərində dayanmaq daha etibarlı olardı. Əsas odur ki, Məhsəti xanımın 1088-ci ildə Gəncədə anadan olduğu öz təsdiqini tapır. Azərbaycan alimləri içərisində Məhsəti xanım haqqında ən geniş məlumatı R.Hüseynov vermişdir. Rəfael müəllim onun farsca yazdığı bütün məlumatları dilimizə tərcümə etmiş və 245 mənbədən istifadə edərək elmi şəkildə Məhsəti Gəncəvi yaradıcılığını açmağa çalışmışdır. Lakin böyük İran alimi Taheri Şəhabın Tehranda dərc etdiyi Məhsəti Gəncəviyə həsr etdiyi kitab daha çox diqqəti cəlb edir. Belə ki, müəllifin əsərində bütün Şərq təzkirəçiləri və Avropa-rus alimlərinin elmi fikirləri Məhsəti həyat və yaradıcılığını əks etdirən nə varsa toplamışdır. Bizcə, Azərbaycan oxucusu üçün bu daha böyük marağa səbəb ola bilər.

Yazdığımız məqalə Məhsəti Gəncəvi - 900 yubiley xarakterli olduğu üçün istifadə olunmuş ədəbiyyat məqalənin sonunda göstərilmişdir.

Şəhab Taheri: Məhsəti Gəncəvi barəsində bir neçə söz.

Dünya ədəbiyyatının qadın şairlərindən bəhs edərkən öncə gözümüzün önündə fars dilli ədəbiyyatın ən parlaq nümayəndəsi Məhsəti xanım Gəncəvi dayanır. Məhsəti xanım buludlardan damlayan bir mirvari damcısıdır. O, yerdə Gülüstanın ən gözəl gülü kimi ətir saçmışdır. Məhsəti hicri tarixinin VI əsrində təsadüf edən söz ustasıdır. O, şeirlə bərabər musiqi sahəsində də poeziya məclislərini bəzəyirdi.

Ustad Səid Nəfisi: Məhsəti İran-İslam şair aləminin ən parlaq simasıdır. O dövrdə Şərq qadınları ancaq çadra altında olduqları halda, məhz Məhsəti xanım bunu atıb açıq söz deməyə cəsarət etmişdir. Maraqlıdır ki, Avropa qadınları o dövrdə kişilərlə yan-yana otursalar da cürət tapıb şeir deməyə cəsarət edə bilməmişlər.

Məhəmməd Həsən xan: fars dilində Məhsəti kimi hələ şeir yazan bir xanıma rast gəlməmişəm. Doğurdanda bu qadının fitri istedadı hamını heyrətə salır.

Dövlətşah Səmərqəndi: Öz təkirəsində Sultan Səncər Səlcuqi sarayında şeir söyləyən ilk qadın Məhsəti olduğunu yazır. Məhsəti xanım hətta kişi şairlərindən heç də geri qalmırdı.

Lütfəli Bəy Azər: Məhsəti bütün şeir dərnəklərində iştirak edir, bəzən sırf Gəncə qadınları məclislərinə qatılırdı. O, Gəncə xətibinin oğlu Tacəddin Əmir Əhmədin məşuqəsi olmuşdur.

Şeyx Nizami Gəncəvi də onlarla əsər yazmışdır, ancaq təəssüf ki, bu əsər bizə gəlib çıxmamışdır.

İsmayıl Əmir Xızı Təbrizi: Nizaminin Məhsətiyə həsr etdiyi kitab olmuşdur. Bu əsər 185 rübaidən ibarət olmuşdur. Burada Məhsətinin də 110 rübaisi toplanmışdır. Görünür Nizami, Məhsəti və Əmir Əhməd deyişməsini oxuyubmuş.

Həmdulla Mostufi: “Özünün seçilmiş tarix” kitabında Məhsəti rübailərindən söhbət açır. Onlardan bəzilərinin mahiyyətini açmağa çalışır.

Məhsətinin dövrü və həyatı necə idi? 

Məhsəti Gəncədə doğulmuşdur. Onun həyatı haqqında çox az məlumat var. Ancaq təzkirələrdə bəzi məqamlara toxunulur. Bizim də bunlarla kifayətlənməkdən başqa yolumuz yoxdur. Yazılanlara görə o, 14 yaşında 14 gecəlik ay kimi öz gözəlliyi ilə seçilir və şeirlərini yazmağa başlayır. Onun rübailəri çox şirin və qadın incəliyi ilə seçilir.

Məhsəti nə deməkdir?

Şairənin adının mənası haqqında müxtəlif fikirlər vardır. Mir Abbas Mir Bağırzadə yazır ki, onun mənası Mənicə və ya Mənijədir (şən şaqraq) deməkdir. Rəşid Yasəmiyə görə bu ad mürəkkəb söz olub “ən böyük varlıq” deməkdir.

Məhsəti dövrü və onun səciyyəsi.

Məhsətinin atası Gəncə ruhanilərinin biri olmuşdur. O, qızını dörd yaşında məktəbə göndərmişdir. Bu, Məhsətinin istedadlı olduğunun göstəricisidir. O, 10 yaşına qədər təhsil görür, Məhsəti bu məktəbdə musiqi təhsili alır, gözəl ud və çəng çalır. Digər tərəfdən gözəl nəğmələr oxuyur. Bununla bərabər rəqs etməyi də bilirdi. 12 yaşında atasını itirir. Anası ilə qalan Məhsəti məclislərə gedir və istedadı ilə diqqəti cəlb edir. Gəncə hakimi Məhsətini öz sarayına dəvət edir. Sultan Mahmud Məhsətiyə 3 buynuzdan şərab içməyi təklif edir. Məhsəti 2 buynuz şərab içib üçüncünü isə içə bilməyib dayanır. Şah deyir ki, nə üçün içmirsən? Məhsəti cavabında öküzün 2 buynuzu olar, mən də sizin əmrinizi yerinə yetirdim. Şah bu cavaba heyran qalır.

Əli Quyəm yazır ki, Məhsəti 28 yaşına çatanda əsrarəngiz gözəlliyə malik idi. Göz, kiprik, qamət, xurmayi saçları, qonçə dəhanı, qəmzəsi isə afəti – can idi.

Məhsətinin eşq məcarası Əhməd Əmirlə olmuşdur. Elə bunun bariz nümunəsi kimi onlar arasındakı deyişmələri bir divan olmuş və hazırda AMEA Füzuli adına əlyazmalar fondunda saxlanılır.

Məhsətinin cəsədi və qəbri haqqında bir neçə məlumat.

Bu barədə Mir Abbas Mir Bağırzadə yazır ki, (“Yeni fikir” qəzeti 256-cı nömrə 25 noyabr 1923-cü il) 1922-ci ildə bir dəfn komissiyası Nizami Gəncəvini yenidən dəfn etmək istəyirlər. Buraya Mirzə Məhəmməd Axundzadə, Cavad Bəy Rəfibəyov və Mir Kazım Mir Süleymanzadə daxil idi. Onlar Nizami cəsədini şəhərin xiyabanlıq hissəsində Şah Abbas məscidinə gətirmək və orada dəfn etmək istəmişlər. Yığılan şəhər əhalisinin pulundan bir qəbir inşa etmək istəmişlər. Lakin ruslar onu müayinə etmək bəhanəsiylə Sankt-Peterburqa aparmışlar. Nizaminin yanındakı Şeyx düzündəki ikinci qəbr isə Məhsəti olduğu güman edilir. Ustad V.Dəstgerdi isə o qəbrin Afaqa aid olduğunu söyləyir. Bəlkə Nizami Afaqı çox sevdiyi üçün öz vəsiyyətinə görə öz qadınının yanında dəfn edilmişdir. Hər halda tarix hələ öz sözünü deməmişdir. Deyilənlərə görə, Məhsətinin öz divanı olmuşdur. Bundan əlavə bütün Şərq şairlərinə xas olan məsnəvi, qəzəl, qəsidə və s. şeirləri də yox deyildir. Bizə gəlib çatan onun 200 rübaisidir ki, bu da şairə xanımımız haqqında, onun fəlsəfi fikir aləmi barədə çox mətləblərdən xəbər verir.

Məhsəti xanım məşhur İran şairi Ömər Xəyyamla bir dövrdə yaşamış və hər ikisi rübai ustadı kimi tanınmışlar. Məhsətinin qadın və Xəyyamdan bir qədər əvvəl yazdığını nəzərə alsaq, onda onun bir böyük məktəb qoyub getdiyinə heç bir şübhə yeri qalmır. Hər iki böyük sənətkardan bir neçə rübai misal gətirərək onların fəlsəfi fikirlərini anlamaq bizim üçün maraqlı olar.

Məhsəti xanımdan nümunələr:

Hicrinlə çəkdiyim qəmlərdən dünən,

Dost kimi ağladı halına düşmən.

Eşqindən o qədər nalə çəkdim ki,

Şam da əhvalına yandı ürəkdən.

 

Məni yerə yıxıb o qəssab kəsdi,

Dedi: güman etmə bu, son nəfəsdi.

Düşüb ayağıma o, üzr istədi,

Demə, ayağımdan soymaqmış qəsdi.

 

Hünərin səfası acıdır madəm,

Odur ki, hünəri içmir bir adam.

Alçaq insanların cəhalət odu,

Hünəri küləyə vermişdir tamam.

 

Ömər Xəyyam rübailərdən seçmələr:

Bilinməz nə vaxtdan hərlənir bu tas,

Nə vaxt pozulacaq bu gözəl əsas?

Belə incə mətləbləri əzizi-mən,

Insan ağlı ilə dərk etmək olmaz.

 

Əlimdə  olsaydı əgər iqtidar,

Bu qədim dünyanı kökündən yıxar,

Yenidən elə bir aləm qurardım,

Ki, hamı yaşardı azad, bəxtiyar.

 

Ruhuma aynadır yanağın sənin,

Gözümə sürmədir dodağın sənin,

Deyərdim gözümün üstündən yeri,

Qorxuram inciyə ayağın sənin.

 

Məhsəti və Xəyyam kimi böyük dahilər ancaq belə yaza bilərlər. Xəyyam sonda oxucusunu yormamaq üçün deyir:

“Dünyaya gəlməyimdən olmadısa xeyir ,

Mən dünyadan gedirəm, ziyan ha deyil?!”

Yox, gözəl Məhsəti və həkim Xəyyam!

Siz indi də, gələcəkdə də bəşəriyyətə lazımsınız.

Çatır qaşlarını xəyala dalır,

Siz gəncləşirsiniz, tarix qocalır...

 İstifadə olunmuş ədəbiyyatlar:

  1. Azərbaycan Ədəbiyyatı tarixi, Bakı, Elm 2007, II cild, 630 səh.
  2. Köçərli F. Azərbaycan Ədəbiyyatı tarixi, Bakı, 1984 I cild, 346 səh.
  3. Dünya uşaq ədəbiyyatı, Bakı, 1987, 323-353 səh.
  4. Araslı H. Azərbaycan ədəbiyyatı tarixi və problemləri, Bakı 1998, 77-82 səh.
  5. Rəfibəyli N. Məhsəti rübailəri, Bakı, 1940, 60 səh.
  6. Sultanov M. Rübailər aləmində, Bakı, 1989, 18–40 səh.
  7. Hüseynov R. Məhsəti Gəncəvi rübailəri, farsca, Bakı, 1985, 191 səh.
  8. Hüseynov R. Məhsəti necə varsa , Bakı 1989, 334 səh.
  9. Yusifli X. Məhsəti Gəncəvi, Bakı, 1984, 197 səh.
  10. Pişnamazzadə S. Məhsəti Gəncəvi, “Gəncənin səsi” Gəncə , 18 yanvar 2013
  11. Nağısoylu M. Məhsəti Gəncəvi əlyazmalarda, “Ədəbiyyat qəzeti” Bakı , 30 noyabr 2012.
  12. Əlibəyli Ş. Məhsəti Gəncəvinin dil xüsusiyyətləri, Bakı, 2012, 28 səh.
  13. Məcmulye şüəra, ərəb, fars, türkcə, Tehran, 1236, 276 səh.
  14. Məhsəti divanı, farsca 123 səh. Əlyazma.
  15. Məhsəti Gəncəvi və Əmir Əhməd divanı, 326 səh. əlyazma.
  16. Taheri Şəhab, Divane Məhsəti Gəncəvi, Tehran, 1336, 88 səh. 418 beyt.
  17. Bertels Y. Nizami və Füzuli, Moskva  1963, 77-81 səh.
  18. Yan Ripka, Məhsəti Gəncəvi, Praqa, 1967, 40 səh.
  19. Frist Meyer, gözəl Məhsəti, Visbaden, 1963, 165 səh.

 

Ağamirov Cahan Mirbaba oğlu

GDU-nun baş müəllimi

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort