• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Gəncənin Ozan məhəlləsi.

E-mail Çap PDF

                                                                                                             Gəncənin Ozan məhəlləsi

Ozan məhəlləsi böyüklüyünə və qədimliyinə görə Gəncənin digər məhəllələrindən fərqlənir. Məhəllə şərti iki hissədən ibarətdir. Birinci hissə adi “Ozan”, ikinci hissə isə “Dal Ozan” kimi tanınır. Birinci hissə quzeydən-“Qaramanlı”, güneydən “Böyük malakan, İtti küçə”, gün batandan “Şahsevənlər”, gün çıxandan isə “Dal Ozan” və “Bala Bağban”la haşiyələnib. “Dal Ozan” quzeydən “Sofulu”, gün çıxandan “Zərrabi”, güneydən “Bala Bağban”, gün batandan “Ozan” və “Səbzavat” ilə dövrələnib. Bu məhəllələrdə tikilmiş yaraşıqlı binalar və burda yaşayan mülkədarların çoxluğu bizə buranın ən gəlimli-gedimli məhəllə olduğunu deməyə əsas verir. Tarixi mənbələr XIII-XIV yüzillikdə xalq sənətkarlarının yaşadığı yerlərə “Ovzan” deməsi haqda məlumatlar var. XVI-XVII yüzillikdə şəhərin indiki yerə köçməsi zamanı köhnə Gəncədə yaşayan “Ovzanlar” çox gümanki, yeni yerdə də öz qonşuluq, qohumluq əlaqələrini saxlamaq məqsədilə bir yerdə məskunlaşmışlar. Qədim enosumuz Dədə Qorqudda da “Ozan” sözü işlədilir. Ozan əski türklərdə aşıqlara deyilirdi.

Ozan məhəlləsinin “Ləmsə” yolu üstə tikilmiş məscidin bəzi mənbələrdə tikilmə tarixi 1884-cü il kimi göstərilir. Hətta məscidin Hacı Abbas tərəfindən tikildiyidə bildirilir. Çox təəssüf ki, müəlliflər məscidin kitabəsini düzgün oxumayıblar. Məscidin başmaqxanasının içində, giriş qapısının üstündə onun hicrətin 1201-ci ilində tikildiyi aydın yazılıb. Ozan məscidi 1783-cü ildə xalqın pulu hesabına tikilib. Hacı Abbas XIX yüzilliyin ortalarında anadan olmuş və yerli mülkədar olmuşdur. Ona məxsus olan iki mərtəbəli ev XIX əsrin sonu XX əsrin əvvəllərində tikildiyini göstərir. Hacı kəndin ona məxsus olması da yanlış fikirdi. Hacı kənddə onun mülkü olub. Ləmsə yolu 1820-ci illərdə salınıb. Gəncəlilər almanlara o zamanlar “Ləmsə” deyirdilər. Bu yol başlanğıcını Bala bəy Verdiyevin evinin qənşərindən götürüb, indiki Rəssamlıq məktəbi, İtti küçə, Bala Bağban, Todanlı, Üç təpə məhəllələrindən Göy-göl rayonuna kimi uzanırdı. Məhəllənin ortasında (Təbriz küçəsində) “Bəylik basalağı” yerləşir. Burada Əsgər bəy, Şəmil bəy, Cavad bəy, Hüseyn bəy, İbrahim və Həsən bəy qardaşları, Süleyman bəy, Hacı Hüseyn bəy, Sünnülər-Məşədi Məmməd bəy və s. bəylər yaşayırdılar. Onlar əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurdular.

Məhəllənin əhalisi içməli suyu “Ozan” və “Hacı MirQasım ağa” kəhrizlərindən, əkin yerlərini isə “Xan arxı” suyu ilə suvarardılar. “Ozan” kəhrizi başlanğıcını Qızıl qayadan götürürdü. Bu kəhriz “El yolu” (İsmət Qayıbov küç.) ilə gəlib Bala Bağbandan dönüb “Səbzavad”ın güneyindən Ləmsə yolu ilə gəlirdi. Bəzi məhəllələrdə yeri hələ də qalmaqdadır. Kəhrizin çəkilməsində Məşədi Böyük bəy, Əsgər bəy, Hacı Yəhya ağa və Məşədi Musanın xidmətləri olmuşdur.

Hacı MirQasım ağa kəhrizi başlanğıcını Qızıl qayadan götürüb El yolu ilə gəlirdi. Bu kəhrizdən hal-hazırda da istifadə olunur. Onun tikilmə tarixi isə 1914-cü ilə təsadüf edir.

Ozan məhəlləsində Gəncə üsyanının fəal iştirakçısı, pedaqoq Əliqara bəy Məmmədov, inqilabçı Fərhad və Hidayət Eminbəylilər, rejissor Adil İsgəndərov, professor Kəbutər Səfərov, Niyaz Səfərov, Rəhim Mehtiyev, Zülfüqar Məmmədov yaşayıblar. Çar ordusunun polkovniki olmuş Şahverdi xan Ziyadxanovun mülkü də bu məhəllədə yerləşirdi. Ev bir mərtəbəli olub, kərpiclə tikilmişdir. Təxminən, 1960-cı illərdə ev uçurularaq, yerində 1 saylı orta məktəbin yeni korpusu inşa olunmuşdur.

Məhəllədə XIX yüzillikdə mövcud olmuş bu gün isə dillərdə adı qalmış, özü olmayan “Qırx kilimçi”, “Xocalı” basalağı da olmuşdur. Bu basalağın yerində isə “Mahrasa bağı” məhəlləsi salındı. “Mahrasa bağı” adlı yaşayış məhəlləsi ayrıca bir elmi-tədqiqat işi olduğu üçün onun haqqında sonralar məlumat verəcəyik.

“Dal Ozan”

“El yolu” ilə “Dik küçə”nin (M.A.Abbaszadə) kəsişdiyi yerdə İsmayıl bəyin 2 mərtəbəli yaşayış evi yerləşir. 1918-ci ildə Gəncədə yerləşən İran səfiri Seyid Cəfər xan bu binada otururdu. Onun anası Gəncəli qızı idi.

1920-ci ildə rus-bolşevik əsgərləri evləri talayır, sakinlərdən qızıl, gənc qız və gəlinlərdən şəhvət tələb etdiyini bilən səfir, insanları qorumaq üçün şəhərin bir çox evlərinin üstündə İran bayrağı astırardı ki, guya həmin binalarda İran təbələri yaşayır.

El yolu küçəsində xeyriyyəçi Bala Məşədinin 2 mərtəbəli evi (İ.Qayıbov 9) indi də qalmaqdadır. Bu küçədə “Difai”çi Molla Məhəmməd Pişnamazzadənin də mülkü (İ.Qayıbov 12) yerləşir. Bu küçədə Bağır bəy Rəfibəylinin də 2 mərtəbəli evi şəhərdə ən yaraşıqlı binalardan biridir. Bu bina bir zamanlar orta məktəb, rəssamlıq məktəbi də olub. Hal-hazırda Gigiyena və Epidemiologiya mərkəzi bu binada fəaliyyət göstərir.

1948-1950-ci illərdə Gəncə Tibb Məktəbinin arxa tərəfində “Buzxana” da fəaliyyət göstərmişdir.

Bu küçədə həmçinin Cümə məscidinin bir zamanlar axundu olmuş “Zübrət əl Təvarix” (tarixlərin əsası) kitabının müəllifi Şeyx Həsən Axundzadə də yaşamışdır.

Məhəllədə Gəncə çayının sol sahilində 2 daşlı “Tümən” dəyirmanı da olmuşdur. Dəyirmanların xarabalığı indi də qalmaqdadır. “Dal Ozan”la “Zərrabi” məhəlləsinin arasında Hacı Xudu (Çökək) dəyirmanı da var idi.

Bu küçənin sonunda “Səbsikar” qəbristanlığı yerləşir. El arasında bu qəbristanlığın yerli Axundovların (göy-göyərti) əkin yeri olduğu və qəbristanlıq üçün vəqf olunduğu deyilir. Nəzərinizə çatdırmaq istərdim ki, Gəncədə yerli Axundovlardan başqa Qabaqtəpəli Həsən Axundov da yaşayırdı. Onun nəsli bu gün Axundov soyadını daşıyır.

Bu qəbristanlıqda Əsgər ağa Gorani, Abdulla Tofiq Sur, “Difai”çi Mirzə Məhəmməd Axundzadə, Ələkbər bəy və Cavad bəy Rəfibəylilər, Mirzə Abbas Abbaszadə, Hacı Əli Hüseynzadə, Tahir bəy və Gəncənin tanınmış nəsillərinin türbələri yerləşir. Mərhum Abbas Səhhət və Məhəmməd Hadi də bir zamanlar bu qəbristanlıqda dəfn edilmişdilər...

Hamlet Əli oğlu Allahverdiyev

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort