• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

“Nizami Gəncəvi irsinin dünya ədəbiyyatına təsiri”

E-mail Çap PDF

 

 “Nizami Gəncəvi irsinin dünya ədəbiyyatına təsiri”

nizami_turbe

Şərq poeziyasının ecazkar qüvvəsi, onun müdrikliyindən söz düşəndə ilk növbədə dünya şeriyyatının aytək parlayan, günəştək nur saçan dahi Azərbaycan şairi Nizami Gəncəvi göz önünə gəlir. O hələ sağlığında özünə şeirdən əbədi bir mücəssəmə qoymuşdur. Ondan sonra yazıb-yaradan böyük sənətkarların hamısı Nizamini özlərinə müəllim, ustad kimi qəbul etmişlər.
Nizami şeriyyatı elə bir yüksək zirvəyə qaldırılmışdır ki, Azərbaycan ədəbiyyatında ondan 200 il sonra Nəsimi şair olaraq özünü biruzə vermişdir. Füzuli qədər əzəmətli şair ancaq 400 ildən sonra meydana çıxmışdır. Nizami, xalqımızı BMT-də YUNESKO xətti ilə tanıdan ilk şəxs olduğuna görə biz ona həmişə minnətdar olmalıyıq.
Şairin özü demişkən:
“Mənim xəzinəm var, “Məxzənül-əsrar”,
Boş sözlər deməyin nə mənası var?
Şeirlə ucalmaq umma dünyada,
Nizamiylə gəldi; onunla getdi o da.”
Nəzərə alsaq ki, Nizami dövründə yaşayıb-yaratmaq və hətta ondan da əvvəlki dövrdə yaşayan şairlərdən Əbü-Üla Gəncəvi, Məhsəti Gəncəvi, Qəvam Gəncəvi və Xaqani Şirvani kimi dövrünün tanınmış və görkəmli sənətkarları nəinki Nizaminin səviyyəsinə çatmamış, bəlkə də Nizami istedadı qarşısında lazımınca yüksələ bilməmişlər. Əgər bu şairlər ayrı-ayrı əsrlərdə yaşasaydılar, bəlkə də daha məşhur ola bilərdilər. Nizamidən çox sonralar yazıb-yaradan şairlərin dedikləri də elə bunu göstərir. Onlardan bəzilərinin Nizami barədəki fikirlərini bilmək bizim üçün maraqlı olardı.
Böyük Əmir Xosrov Dəhləvi fikrini belə izah edir:
“Nizami hər sözü demiş birinci,
Qoymamış cilasız qala bir inci.”
Tanınmış özbək şairi Əlişir Nəvai yazır ki, yer kürəsi daş, göylər də tərəzi olsa, yenə Nizami vəznini çəkə bilməz.
Nizamişünas rus alimi, akademik Bertels Nizamiyə belə qiymət vermişdir: “Nizami, bəşəriyyətin min illərlə düşünüb arzuladığı azadlıq, bərabərlik, sülh, demokratiya, humanizm, qadın azadlığı, əmək vasitəsiylə yüksəliş, doğru-düzgünlük haqqında hamıdan əvvəl və müfəssəl məlumat vermişdir. Biz daha ondan nə istəyə bilərik?”
Avropanın ən nəhəng filosof şairlərindən biri sayılan Hote, Nizamini poeziyanın allahı adlandırmışdır.
Bəs nə üçün Nizami bu qədər yüksələ bilmişdir? Əvvəla ona görə ki, o, dövrünün bütün elmlərini şeirə gətirmiş, ədalət və bəşəri hissləri tərənnüm etmiş, ən əsası insana hörmət və humanizm ideyalarını öz ölməz “Xəmsə”sində açıb göstərməyə nail olmuşdur. Digər tərəfdən dahi şairin rəvan dili və onun şairlik qabiliyyəti buna rəvac vermişdir. Heç şübhəsiz ki, nə özündən əvvəlki sələfləri, nə də ondan sonrakı xələflərinin heç biri hələ sağlığında “Dahi”, “Mütəfəkkir”, ”Filosof”, “Həkim” və “Şeyx” kimi ali titulları ala bilməmişdir.
Doğrudan da dünyanın bütün sirlərini açan, “Sirlər xəzinəsi” yaradan şair, bəşəriyyətin sevgi, eşq, mehr, məhəbbət tələbatın ödəmək üçün “Xosrov və Şirin” dastanı yazmaqla belə bir ülviyyətin gərəkli olduğunu vurğulayır. Şərq qadınının dəyanəti, sevgiyə sadiqliyi, onun bütün mərhumiyyətlərə dözməsi məhz “Leyli və Məcnun” əsərində öz təcəssümünü tapır. Nizami özü demişkən indi o, bir yerdə qala bilməzdi, ona görə də atını dünyanın yeddi məşhur ölkəsinə çaparaq “Yeddi gözəl” yaratdı. İndi söz meydanında toppuzunu möhkəm vuraraq öz fəlsəfi fikirlərini “İsgəndərnamə”də demiş olsun.
Yuxarıda göstərdiyimiz meyarlara əsasən böyük iftixar hissi ilə deyə bilərik ki, Nizami bu göstəricilərinə görə təkcə Azərbaycan xalqının deyil, ümumbəşəri şair olaraq bəşəriyyətin qəbul etdiyi bir simadır. Onun hər misrasından qopan öyüd və nəsihətləri bəşər övladı canlandıqca həmişəyaşıl ağacı kimi əbədi yaşayacaqdır.
Azərbaycan Nizamişünaslığından danışarkən qeyd etmək yerinə düşər ki, bu məsələ XX əsrin əvvəllərindən başlanmışdı. Bu cəhətdən M.M.Axundzadənin “Şeyx Nizaminin qəbri (Gəncə, 1909), F.B.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixinin materialları” (Bakı, 1925) kitabları diqqəti çəkir. Zaman keçdikcə Nizami yaradıcılığına maraq artır. Belə ki, M.Rəfilinin “Nizami yaradıcılığı“ əsəri bu sahədə Nizamiyə elmi yanaşmanın əsasını qoymuş olur. İlk dəfə Şərqdə Demokratik Cümhuriyyətin banisi M.Ə.Rəsulzadənin yazdığı “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” şairin həyat və yaradıcılığını öyrənmək baxımından çox faydalıdır. Əsası odur ki, M.Ə.Rəsulzadə cənabları Nizamiyə Türklük-Azərbaycançılıq prizmasıyla yanaşmışdır. XX əsrin II yarısından etibarən Nizaminin həyat və yaradıcılığını öyrənmək daha kütləvi şəkil almağa başladı. Bu xüsusda dahi şairimizin 800 və 850 illik yubileylərini əhatə etdiyindən buna dövlət səviyyəsində diqqət daha da artırıldı.
Təkcə onu demək kifayətdir ki, ulu öndər Heydər Əliyev 1979 və 1981-ci illərdə iki böyük fərman imzalayıb Nizami xəmsəsinin yeni tərcümələri üçün sərəncam vermişdir. Bu illərdə H.Araslı, Q.Əliyev, R.Əliyev, A.Rüstəmova, V.Arzumanlı və başqalarının Nizami haqqında daha ciddi işlərə imza atmaları özünü açıq şəkildə göstərmişdir. Lakin demək olmaz ki, bu bitməz-tükənməz xəzinədə hər şey yazılıb deyilmişdir. Fikrimizdə, yeni Nizamişünasların yetişdirilməsi vaxtı gəlib çatmışdır. Əlbəttə, çalışmaq lazımdır.
Ümumiyyətlə, Azərbaycan Nizamişünaslığı şərti olaraq üç mərhələyə bölünür.
1. XX əsrə qədərki dövr.
2. XX əsrin 40-50-ci illərini əhatə edən dövr.
3. Son dövr.
Bu illər ərzində Nizami yaradıcılığı ilə məşğul olan şair, yazıçı, tərcüməçi, alim kifayət qədər olmuşdur. Lakin bunların hamısına “Nizamişünas” demək doğru olmazdı. Dünya təcrübəsi onu göstərir ki, yalnız bu işlə şərqşünaslar məşğul olsalar, istənilən nəticəni almaq mümkündür. Hər şeydən əvvəl fars dilini nəinki yaxşı, mükəmməl bilmək gərəkdir. Azərbaycanca tərcümədən oxunan Nizami orjinal deyilsə “suyunun suyunun suyudur”. İndiyə qədər olunan tərcümələrdə nöqsanlar kifayət qədərdir. Bir neçə fakta nəzər salaq. “Sultan Səncər və qərarı” əslində orjinalda “qoca dul qadındır”. Bizim Nizamini təhrif etməyə haqqımız yoxdur. Bir beyti nəzərdən keçirək:
“Məndən söyləməkdir, səndən eşitmək,
Bir insan əliboş qalmasın gərək.”
Burada da “eşitmək” feli ümumiyyətlə orjinalda yoxdur. Əslində “iş görmək“dir. Bəli, Nizami yaxşı bilirdi ki, hər eşidilən sözə əməl olunmaz. Digər tərəfdən belə tərcümələr şeirin məntiqini pozur. Yenə demək istəyirəm ki, biz Nizamidən dəfələrcə az bildiyimiz üçün, onun məntiqini poza bilmərik.
Daha bir beyti nəzərdən qaçırmayaq:
“Konun bər bosəte soxənpərvəri,
Zənəm kus eqbale-Eskəndəri” (farsca).
Tərcüməsi: İndi kəlmələrdən bir büsat qurum,
Söz toppuzumu İskəndər inqilabına vurum.
Tərcümədə toppuz sözü təbil kimi verilmişdir. Görəsən Nizami nə vaxtdan təbil vuran olmuşdur? Bunların sayını artırmaq olar. Lakin belə düşünürəm ki, Nizami xəmsəsinin yeni, daha orjinal tərcüməyə ehtiyacı vardır. Çünki, respublikamızda kifayət qədər şərqşünaslar var ki, bu işin öhdəsindən layiqincə gələ bilərlər.
Şərq ədəbiyyatına Nizami Gəncəvinin təsir qüvvəsi daha bariz şəkildə özünü göstərir. Təkcə onu demək kifayətdir ki, yüzdən artıq şair Xəmsə yaratmağa çalışsa da, Nizamiyə çatmamışlar. Bunların içərisində böyük özbək şairi Əlişir Nəvainin türkcə (özbək türkcəsi) yazdığı Xəmsə qənaətbəxşdir. Ə.Nəvai dönə-dönə Nizamini özünə layiqli müəllim hesab edir. Onu qeyd etmək yerinə düşər ki, Şərqdə böyüklü-kiçikli 400-dən artıq “Leyli və Məcnun“ adlı dastan, hekayə və məqalə yazılmışdır. Bu da Nizami təsirini aydın şəkildə göstərir.
İran ədəbiyyatşünaslığında elə bir şair, yazıçı, ədəbiyyat tədbirlərində məruzəçiyə rast gəlinməz ki, Nizamidən söz açmasın. Onu demək kifayətdir ki, indiyə qədər 500 nəfərdən çox alim Nizami yaradıcılığına baş vurmuş, onun xəmsəsinin ingilis dilində dünyaya yayılmasına nail olmuşdur. Hazırda şairin 900 illik yubileyinə hazırlıq işləri gedir. Biz də öz tövhəmizi verməliyik.
Nizaminin dünya ədəbiyyatına təsirindən bəhs edərkən Qərb ölkələri özəl bir yer tutur. Şairin ümumbəşəri ideyalarından xəbərdar olan Avropa ölkələri Nizaminin humanizmi və demokratik düşüncələrindən aparıcı dövlətlərinin diqqətini dahi Azərbaycan şairi Nizaminin çəkməsi bu ölkələrin şərqşünaslarının payına düşür.

nizami_mezar
Nizami Gəncəvi ingilis şərqşünaslığında
Dünya şərqşünaslıq elmində ingilis şərqşünaslarının xüsusi yeri vardır. İngilislər Nizami irsinə dərindən maraq göstərməklə Şərq aləminə pəncərə açmışlar. “Kəlilə və Dimnə”, “Min bir gecə” kimi əfsanələr ingilisləri Firdovsi, Xəyyam, Sədi ilə yanaşı Nizamini öyrənmək təbii bir hal olaraq qəbul edilmişdir. XVII əsrdən başlayaraq Şərq ədəbiyyatı və onun böyük simalarına maraq daha da artır. Şərqşünas Krımskinin yazdığına görə Nizaminin “Leyli və Məcnun” poeması Şeksprin “Romeo və Cülyetta“ əsərində öz təsirini göstərir.
İngilis şərqşünası Blend ilk olaraq Nizami xəmsəsini tərcümə edib, onu öz xalqına təqdim etmişdir. Tanınmış ingilis şərqşünasları S.Robinson, E.Broun, A.Arberi, C.Malkolm və başqaları Nizami irsinə xeyli əsərlər yazmışlar. İngilis dilində danışan nəhəng Amerika dövləti XIX əsrin sonundan başlayaraq şərqşünasların köməyi ilə Nizami yaradıcılığına bələd olmuş, ondan faydalanmağa çalışmışlar. Amerikanın bütün universitetlərində Nizami irsinə dair xeyli işlər görülmüşdür. 1975-ci ildə P.Çelkovski “Gözəgörünməz dünyanın güzgüsü Nizami” əsərini Nyu-Yorkda çap etdirmişdir.
Nizami Gəncəvi alman şərqşünaslığında
Azərbaycan-Alman mədəni əlaqələrinin inkişafında Nizami Gəncəvinin özəl rolu vardır. Dünya klassikinin öyrənilməsində alman şərqşünaslarının əməyi danılmazdır. Jozef Hammer, Vilhelm Baxer, Fridrix Pükert, Frans Erdman, Jan Ripka kimi şərqşünasların bu sahədəki xidmətləri əvəzsizdir.
XIX əsrin sonlarında alman ədibləri V.Hote, H.Heyne Nizami yaradıcılığına müraciət etmişlər. Onların fikrincə əgər Nizamini dünya ədəbiyyatından təcrid etsək, o zaman ədəbiyyat yetim qalar.
Nizami Gəncəvi fransız şərqşünaslığında
Avropa dövlətləri arasında fransız şərqşünasları Nizami yaradıcılığına daha həssas yanaşmışlar. Onlar Nizamini XVII əsrdən başlayaraq tədqiq etmişlər. 1897-ci ildə Parisdə nəşr edilən “Şərq kitabxanası” əsəri bu sahədə dönüş nöqtəsi olmuşdur. İ.Byurno, A.Russo, K.Qotje, Lui Araqon kimi ədiblər Nizami yaradıcılığına maraq göstərmişlər. Bu sahədə tanınmış şərqşünas Anri Massenin xidmətləri böyükdür.
Avropa şərqşünaslarının Nizami yaradıcılığına bu qədər diqqəti tezliklə bütün qitə dövlətlərinə yayılmışdır. Polşa, Macarıstan, Çexiya, İtaliya, İspaniya, Estoniya, Litva, Latviya, Rusiya, Ukrayna, Gürcüstan, Orta Asiya dövlətlərində Nizami irsi ilə məşğul olan şərqşünas alimlər ordusu yaranmışdır.
Rusiyada Bartold, Marr, Bertels kimi alimlər Nizamini Azərbaycan şairi olduğunu vurğulamış və doğulduğu Gəncə şəhərini bütün dünyada tanıtdırmasından böyük fəxr ilə danışmışlar.
Nizami əlyazmaları demək olar ki, dünyanın ən mötəbər muzeylərində saxlanmaqdadır. Tehran Milli kitabxanası, Paris kitabxanası, Vyana Milli kitabxanası, Oxford Qodlian kitabxanası, Kembric, Pəncab və Kabulda, Britaniya muzeyində, Nyu-Yorkdakı Metropoliten muzeyi, Münhen, Dehli, Dublin, Kələküttə, Qahirə, Kopenhagen və s. muzeylərdə Nizami əlyazmalarına rast gəlmək olar.
Sevindirici haldır ki, Nizaminin yaşayıb yaratdığı Gəncə şəhərinə 15 ölkədən şairin 870 illik yubileyi ilə əlaqədar olaraq 150 əlyazması gətirilmişdir. Amerika alimi isə Tarix institutuna 250 nüsxə əlyazması bağışlamışdır. Demək gələcək şərqşünaslar üçün səmərəli işləmək və Nizami yaradıcılığını açmaq üçün yeni imkanlar vardır. Nizami onsuz da elə bir bitməz-tükənməz xəzinədir ki, nə qədər deyilib-yazılsa da sonu görünməyən bir laləzardır. Bu xəzinədən hamının istifadə etməsi gərəkdir.
Nəticə etibariylə belə qənaətə gəlmək olur ki, Nizami Gəncəvi təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın, bəşəriyyətin ən sevimli şairi olaraq şöhrət qazanmışdır. Onun yaratdığı obrazlar, ideyalar bəşəriyyətin hansı ölkəyə, hansı irqə və hansı millətə mənsub olmasından asılı olmayaraq, onun ruhuna, əqlinə və təfəkkürünə hakim olur. Nizami bəşəriyyət üçün nadir bir tapıntıdır. Bu qeydlər bir daha onu göstərir ki, Nizami yaradıcılığı həmişə aktual olmuş, bu gün də vacibdir və gələcəkdə də gərəklidir.

Cahan Mirbaba oğlu Ağamirov
Gəncə Dövlət Universitetinin Praktik Xarici
Dillər kafedrasının baş müəllimi
AMEA-nın Gəncə şöbəsinin dissertantı.

Джахан Агамиров
Влияние Низами Гянджеви на мирвую литературу.

Резюме

Произведение Низами “пяать поэм” являемся шедевром мировой литературы. Потому влияние Низами на мировую литературу естественно. Его гуманные мысли актуальны и сегодня. Низами Гянджеви поэт мыслитель веего человечества.

Jahan Agamirov
Nizami Gandjavi’s influence to the world literature.

Summary
Nizami’s creation was always in the center of attention of world peoples. His creation “Khamsa” reflected all the desires and wishes of mankind. Nizami is one of the rare genius of Azerbaijani people. There fore, peoples from all over the world read Nizami’s plays with great pleasure and love.

İstifadə olunmuş ədəbiyyat:
1. Ağamirov C. İran ədəbiyyatşünaslığında  Nizami Gəncəvi irsinin öyrənilməsi və tədqiqi. Bakı, 2011, 120 səh.
2. Arzumanlı V. Nizaminin dünya şöhrəti. Bakı, 1997, 184 səh.
3. Araslı H. Nizaminin həyat və yaradıcılığı. Bakı, 1967, 86 səh.
4. Bertels Y. Nizami, pyat poem. Moskva, 1968, 517 səh.
5. Dəstgerdi V. Xəmsəyə həkim Nizami Gəncəvi. Tehran, 1138, 278 səh.
6. Nəfisi S. Gəncineye Nizami Gəncəvi. Tehran, 1338, 192 səh.
7. Zərrinkub Ə. Pire Gənce Nezami Gəncei. Tehran, 1989, 326 səh.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort