• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Maşallah Abbasəli oğlu Məmmədov

E-mail Çap PDF

 

Şəhidlərini unudan millət məhvə məhkumdur!

“-Bağışlayın, bağışlayın məni! Bağışlayın cəbhə dostlarım. Söz vermişdim ki, qospitaldan yanınıza qayıdacağam. Sözümə xilaf çıxdım. Qayıda bilmədim. Vallah əcəl imkan vermədi... Yoxsa...Bağışlayın məni, bağışlayın cəbhə dostlarım!..”

Maşallah Abbasəli oğlu Məmmədov 1974-cü ildə Gəncə şəhərində anadan olub. 27 saylı orta məktəbi bitirdikdən sonra, 1993-cü ildə hərbi xidmətə çağırılıb. Lakin Maşallah atası ilə birlikdə Biləcəri çağırış məntəqəsinə gedərkən Qazıməmməd yolunda avtomobil qəzasına düşüblər. Atası həlak olub, özü isə ağır xəsarət alıb. Bir müddət müalicə olunduqdan sonra həmin ilin iyul ayında Azərbaycan Milli Ordusunda həqiqi hərbi xidmətə başlayıb.

1994-cü il yanvarın 28-də Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən qızğın döyüşdə düşmən səngərinə daxil olarkən aldığı ağır yaradan qospitala göndərilən rəşadətli döyüşçü, dostlarına qayıdacağını vəd etsə də, ilk dəfə idi ki, vədinə xilaf çıxdı.

Məmmədov Maşallah Abbasəli oğlu ölümündən sonra, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 24 iyun tarixli 859 nömrəli Sərəncamı ilə “AZƏRBAYCAN BAYRAĞI” ordeni ilə təltif edilmişdir.

Bölük komandiri M.İ.Bəbirovun imzaladığı xidməti xasiyyətnamədən:

Sıravi Məmmədov M. A. 1993-cü ilin iyulundan bizim taborun əsgəri idi. Fiziki cəhətdən müəyyən qüsuru olmasına baxmayaraq, qeyrətinə güvənən igid lazımi distansiyaları keçərək xüsusi təyinatlı hissədə xidmət etmək istəyi ilə bizim tabora gəlmişdi. Elə ilk günlərdən fədakarlığı, işbilənliyi bütün əsgər yoldaşlarına örnək idi.  

Döyüş bölgəsinə gəldiyimiz vaxtdan sıravi Məmmədov cəsur hücumçu, sərrast döyüşçü idi. Hamı ona oxşamağa, ondan öyrənməyə çalışırdı. Təxminən otuza yaxın döyüşdə iştirak etmişdi. Və hər dəfə də Maşallahın olduğu qrup ağılasığmaz manevrləri, taktiki gedişləri ilə hamını mat qoyurdu-cəsarətlə döyüşür, sarsıdıcı zərbələr endirirdilər. Döyüşdən qayıdanda əsgər yoldaşları fəxrlə ondan danışır, sərrast atəşlərlə neçə düşmən öldürdüyünü sadalayırdılar. Qranatomyotçu olsa da, hücumda rabitəni də özü götürür, lazım olanda başqa silahlarla da düşmənin başına od ələyir, hamıdan qabaq düşmən səngərinə girməyə tələsirdi və həmişə uğurla geri dönən Maşallah ona verilmiş adı bir daha doğrultduğunu qeyd edirdi.

Dəfələrlə güllə yağışı altından yaralı daşımış, dəfələrlə dəqiq atəşi ilə yoldaşlarını xilas etmişdi.

Belə uğurlu xidmətinə görə Taborun igid əsgər komandirləri tərəfindən təşəkkürnamələrə və fəxri fərmanlara layiq görülmüşdü.

Son döyüşdə - 28 yanvar 1994-cü ildə Qaraxanbəyli kəndi uğrunda gedən döyüşdə düşmən səngərinə girərkən aldığı ağır yaradan qospitala göndərilən rəşadətli döyüşçü dostlarına qayıdacağını vəd elədi və xidmət etdiyi dövrdə birinci dəfə yanıldı...

O, nümunəvi qiymətlərlə bitirdiyi 27 №-li orta məktəbin ilk şəhidi oldu. Taborumuz ən ləyaqətli döyüşçülərindən birini itirdi...

Hərbi hissə komandanlığı hələ qeyd eləmədiyim çox çox qəhrəmanlıqlarına görə ölümündən sonra sıravi Məmmədov Maşallah Abbasəli oğluna ”Azərbaycan bayrağı” ordeni təqdim edib.

Əsgər yoldaşlarının tələbinə əsasən Tabor komandanlığı Gəncə şəhər İcra Hakimiyyəti başçısından israrla xahiş edir; igid əsgər Vətənin ən yüksək mükafatına layiq olduğuna görə, həmyerliləri üçün tarix boyu bir qəhrəmanlıq nümunəsi olacağına görə və döyüş dostları üçün bir and, ziyarət yeri olacağına görə, ölməz döyüşçümüzün adının doğulub böyüdüyü Gəncə şəhərində əbədiləşdirilməsi üçün onun adının küçə, tərbiyə və təhsil müəssisələrindən birinə verilməsini vacib bir məsələ kimi həll edəsiniz!

Biz Vətənin azadlığı uğrunda qəhrəmancasına həlak olmuş müqəddəs şəhidlərimizin ruhu qarşısında baş əyirik.

N saylı h/h-nin II Taborunun III bölüyünün komandiri:Bəbirov M.İ.

17.04.94.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort