• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Gəncənin Kınıqlı məhəlləsi.

E-mail Çap PDF

 


Gəncənin Kınıqlı (Qırıxlı) məhəlləsi

Nuh peyğəmbər dünyanın insanlar yaşayan hissəsini böləndə böyük oğlu Yafəsə Türküstanı və ona yaxın olan əraziləri verir. O, köçəri həyat keçirirdi. Günlərin birində onun bir oğlu olur, adını Dib Yabqu qoyur. O, böyüyür tanınmış bir xan olur və evlənir. Qaraxan, Orxan, Kürxan, Küzxan adlı 4 oğlu olur. Böyük oğlu Qaraxan vəliəhd olub, atasının yerini tutaraq padşah olur. Onun da bir oğlu olur. Qaraxan oğlunun gözəlliyinə heyran olaraq, bizim nəsildən dünyaya belə gözəl uşaq gəlməyib deyir. Uşaq bir yaşında dil açıb deyir ki, mən şah dərgahında doğulmuşam, hamı mənə Oğuz deməlidir. O gözəl, igid bir gənc kimi böyüyür. Nizə, ox atmaqda, qılınc oynatmaqda və elmdə şöhrət qazanır. Qaraxan oğlu Oğuza əmisi Orxanın qızını nişanlayır. Oğuz həmin qızı sevir və ailə qurur.

Oğuz xan dünyanı zəbt etmək məqsədilə müxtəlif ölkələrə elçilər göndərdi. Arrana, Muğana hərbi yürüş etdi. O, əmr edir ki, bütün əsgərlər ətəklərində torpaq gətirib təpə düzəltsinlər. Oğuz xan özü də ətəyində torpaq gətirib böyük bir təpə düzəldir və adını Azərbaycan qoyur.

Fəzlullah Rəşidəddin “Oğuznamə” Bakı 1992.səh-22.

Oğuz xanın 6 oğlu olur. Gün xan, Ay xan, Yıldız xan, Göy xan, Dağ xan və Dəniz xan. Oğlanları evlənirlər. Hər birinin 4 oğlu olur. Beləliklə, Oğuzlar IV əsrdə 24 boydan ibarət oldu. Oğuzun 6-cı oğlu Dəniz xanın dördüncü oğlunun adı Kınıq-yəni hər yerdə seçilən, əzizlənən deməkdir.

Kınıqlar Səlcuq xanədanından çıxdığı bir boydur. Kınıq boyu Qara Əfşar ilə Gəncəli Əfşar oymaqlarından ibarətdir.

1693-cü ildə Hama və Xumus sancaqlıqlarında yerləşdirilən oymaqlar arasında Qara Əfşar ilə Gəncəli Əfşar oymaqları müşahidə olunur. Bu axırıncı oymaq Azərbaycandan Gəncəyə gəldiyi üçün bu adı almış ola bilər.

Faruq Sümər “Oğuzlar” Bakı 1992.səh-274.

Əfşarlar oymağı Rəcəbli Əfşarı, Qara Bunduzlar Əfşarı, Bəhrili Əfşarı və başqaları olmaqla 4-5 boya ayrılır.

Türkmən Əfşarlarından olan Qırıxlı tayfasından İmamqulu adlı bir maldarın 22.10.1689 (1101)-cu ildə bir oğlu olur. Uşağa Nadirqulu adını verirlər. Uşaq böyüyüb Babaəli bəy adlı bir dövlətli kişinin 2 qızı ilə evlənir. Bu yolla tərəqqi edib tanınmış bir şəxsiyyət olur. Bu o dövr idi ki, Ermənistanı, Gürcüstanı, Xəzər dənizi ətrafı vilayətləri ruslar zəbt etmişdilər. Şimalda yaşayan ləzgi feodalları isə Şirvanın əmin-əmanlığını pozurdular.

Nadirqulu xan Cəlarilərin ona olan hörmətindən və köməyindən istifadə edib, özünün mənsub olduğu Əfşar, sonra isə Əbivərd kürd elatını özünə tabe edərək, Kəlat və Dərəcəz qalalarını ələ keçirir. Fərsiz İran şahı Təhmasibin düşməni Məlik Mahmudu məğlub edib, şahın hörmətini qazanır və bununla da saraya yaxın adam olur.

Sarayda əvvəlcə qorçi başı, sonra İranın sərkərdəsi olur. 1732 (1145h/q)-ci ildə Şah Təhmasibi taxtdan salıq, onun az yaşlı oğlu III Şah Abbası taxta çıxarır. Şahın uşaqlığından istifadə edib, dövləti özü idarə etməyə başlayır. 10.2.1736 (1149)-cı ildə III Şah Abbasın ölümü ilə Nadir Muğanda olan Cavad qəryəsinə İranın bütün feodallarını çağırır. Qonaqlara Cavadda hər bir şərait yaradılmışdı. Qurultay Səfəvi xanədanının süqutundan sonra İranın çıxılmaz vəziyyətdən xilası və yeni şahın seçilməsi məsələsini irəli sürürdü. Qurultayda Gəncə bəylərbəyi Ziyadoğlu nəslindən olan, Nadirin şah olmasına qəti etiraz etdi. Ona görə ki, Şah ancaq Səfəvi xanədanından olmalı idi. Nadir Ziyadoğlunun etirazına əhəmiyyət verməyərək, şah seçilir. Növbədə rəqibini cəzalandırmaq dururdu. Nadir Ziyadoğlunun hakimiyyətinə tabe olan Qarabağda yerləşən Kəbirli, Cavanşirlər, Otuz ikilər tayfalarını Xorasana özü ilə götürdü. Qarabağda olan 5 erməniləşmiş (Alban) məlikliyinə Gülüstan, Dizaq,Verəndə, Qrabert, Xaçın Gəncə bəylərbəyinə tabe olmamağı tapşırdı. O, bununla kifayətlənməyib Qazax, Şəmşəddil, Borçalı, Sarvan elatını və torpaqlarını Gürcü çarının hakimiyyətinə verir.

Nadirin hakimiyyətə gəlməsi vergilərin artırılmasına təsir etdi. Cana doymuş xalq ona qarşı üsyana qalxdı. Borçalı, Sarvan, Qazax, Şəmşəddil camaatının vətəndən köçməsinə səbəb oldu. Nadirin vergi siyasətinə qarşı carlılar və talalılar 1735-ci ilin fevralında silahlı üsyana başladılar. Bu qanlı üsyan döyüşlə yatırıldı. 1735-ci ilin dekabrında onlar yenidən üsyana başladılar. Nadir üsyanı yatırmaq üçün həmin bölgəyə gəlir, üsyançıların müqavimətini qıra bilməyir. 1738-ci ildə Car və Balakənlilər yenidən üsyana başlayırlar. Üsyanı yatırmaq üçün Nadir qardaşı İbrahimi ora göndərir. Üsyançılar İbrahimin qoşununu mühasirəyə alaraq, onu öldürür. Bu qırğınlardan sonra Car və Tala xalqı orada qala bilməyib Gəncəyə pənah gətirdilər. Onlar yeni məskunlaşdıqları yerə gəldikləri yerin adını verdilər. Nadir şahı isə xərabə vəziyyətdə olan İran dövlətini imperiyaya çevirən öz yaxınları 20.6.1747-ci ildə Xorasan vilayətinin Xoşab kəndində çadıda qətlə yetirirlər.

Gəncənin Qırıxlı məhəlləsi quzeydən Qızıl Hacılı, Qazaxlar, güneydən Carlılar, gün çıxandan İttilər, yuxarı Ozan, Bala Bağban, gün batandan isə Bala Malakan, Daş körpü məhəllələri ilə sərhəddir. Tarixi mənbələr Qırıxlı sözünü Kınıq bəyin adından götürüldüyünü bildirir. Bu məhəllədə Hacı Qasımlı, Hacı Qayıblı və Hacı Alılar məskunlaşıblar. Hacı Qasımlı Hacı Alılar nəslindəndir. Digər nəsil olan Hacı Kərimli isə mehrablıdır. Bu nəsillərin uluları deyilənə görə, Əfşar elinin oymaqları və tayfa tirələri Adaxlı, Araşlı, Alalı, Bəkişli, Qasımlı, Qutulu, Kınıqlı və s. olan 25 oymaqdan ibarətdir.

Əhməd Kəfəvi Əfşarları bir neçə qola ayırır. Həmin qollar Kınıqlı, Həlayir, Babalı və s. qollardır.

Tohid Məlikzadə “Salmasın on min illik tarixi” əsərində Əfşar elinin 11 tayfa tirəsini göstərir. Həmin tirələrdən biri isə “Kınıqlı (Qırıxlı)”dır. Əfşarlar Gəncədə XIII yüz illikdən məskunlaşıblar. Bu tayfa Tovuzda Dönük Qırıqlı, Düz Qırıqlı, Aşağı Qırıqlı, Yuxarı Qırıqlı, Borçalıda Qırıxlı, Daşkəsəndə Qıyıqlı, Goranboyda Qırıxlı, Gədəbəydə Qanıq dağı, Zəngəzurda isə Qırxsar dağ insanı adı ilə tanınır. Bunlar isə ulularımızın, əcdadlarımızın adından xəbər verən etnoqrafonimlərdən biridir.

Hal-hazırda Gəncədəki “Qırıxlı” məhəllə sakinlərinin ulu babaları Tovuzdan gəliblər. Qırıxlı məhəlləsində Mir Mehti ağa, onun oğlanları Mir Məsim ağa, Mir Həşim ağa yaşayıblar. Sovet hakimiyyəti qurulanda bolşeviklər dini kitabları müsadirə edərkən Mir Məsim ağaya qohumları kitablarını gizlətməyi təklif edirlər. O, isə etiraz edərək dini kitabları üzdə olan taxta rəfdə saxlayır. Mir Məsim ağanın evində axtarış başlayanda gələnlər taxta rəfdə kitabları görmürlər. Həqiqətəndə Mir Məsim ağa sınaqlı seyid olmuşdur.

Mir Məsim ağanın şəkli olmayıb. O, həmişə deyərmiş ki, şəklə can vermərəm. Canı verən Allahdır. Mərhum ağanın çox möcüzələri olmuşdur. Yerli sakinlər onu bu gün də daima anırlar. Qəbri “Səbiskar” qəbristanlığındadır.

Hacı Alılar nəslindən olan Hacı Qasım ağa Hacı Əli oğlu tayfanın seçilmiş şəxsiyyətlərindən olub. Hacı Qasım ağa Hacı Əli oğlu məhəllədə yerləşən “Qırıxlı” məscidinin tikilib başa çatdırılmasında xüsusi xidməti olmuşdur. Məhəllə sakinləri pul toplayıb məscid tikdirməyə başlayırlar. Tikinti başa çatmamış sakinlərin pulları qurtarır. Narahat olan sakinlər xəstə yatağında olan Hacı Qasım ağanın yanına gəlib vəziyyəti ona nəql edirlər. Hacı Qasım ağa isə balıncının altından pul çıxarıb sakinlərə verir və deyir: “Gedin tikintini başa çatdırın, Allah evini yarımçıq qoymayın”.

Mərhum Hacı Qasım ağa təxminən 1885-ci ildə rəhmətə gedib. Məscidin isə tikilməsi haqda kitabəsi yoxdur. Məhəllə ağsaqqallarının deməsinə görə, məscidin tikintisi 1875-ci ildə başa çatmışdır.

Hacı Qasım ağanın su dəyirmanı, mal-qara sürüləri, Todanlıda əkin sahələri olub. Böyük Bağban qəsəbəsində yerləşən keşmiş musiqi məktəbi onun mülkü olmuşdur. Mərhum “Səbiskar” qəbristanlığında dəfn olunub.

“Qırıxlı”da iki qardaş Al Qıraqlılar, Qara Qıraqlılar, Kosalılar, Dabbaqlar, Hacı Məliklilər də yaşayıblar.

“Qırıxlı” məhəlləsində Yağnalılardan olan Məşədi Kərim, Məşədi Əsgər, Ələkbər Hacı Qurbanəli oğlu da yaşayıblar.

Məhəllədə Qara Müseyib dəyirmanı olmuşdur. Məhəllə sakinləri “Xan arxı”ndan çəkilmiş kiçik arxlardan istifadə edirdilər.

1932-ci ildə “Qırıxlı”da Kirov adına kolxoz da fəaliyyət göstərmişdir.

“Qırıxlı” məhəlləsində yaşayan Hacı Həsənlilərdən Hacı Abdı Mehti oğlunun buzxanası, Üç təpədə dəyirmanı olmuşdur. O, 135 yaşında rəhmətə gedib. Sağlığında yəni, 1920-ci ildə buzxana və dəyirmanı könüllü olaraq dövlətə verib.

“Qırıxlı” məhəlləsində həmçinin “Çarıqlılar” və “Talalılar” basalağıda yerləşir.

 

Hamlet Əli oğlu Allahverdiyev

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort