• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Şirin Həsən oğlu Rzayev

E-mail Çap PDF

Maestro Şirin

(Şirin Rzayev və Fikrət Əmirov)

Gəncə simfonik orkestrinin və dirijorluq məktəbinin yaradıcısı, şəhər xor sənətinin inkişafında əvəzsiz xidmətlər göstərən, əməkdar mədəniyyət işçisi Şirin Həsən oğlu Rzayev 25 aprel 1942-ci ildə Gəncənin Əttarlar məhəlləsində anadan olmuşdur. Atası, dəyirmançı İbrahimin oğlu Həsən kişi uzun müddət Gəncə şəhər Təmizlik İdarəsində xəzinədar işləmişdir.

Şirin Rzayev 1959-cu ildə Gəncə şəhər 1 saylı orta məktəbi bitirmiş və Gəncə şəhər Musiqi Texnikumunda kamança şöbəsində təhsil almışdır. Texnikumu fərqlənmə diplomu bitirdikdən sonra 1961-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Xor dirijoru" fakültəsinə daxil olmuşdur. Xalq artisti, tanınmış bəstəkar Cahangir Cahangirovun sinfində təhsil alan Ş.Rzayev 1965-1967-ci illərdə Leninqrad (Sankt-Peterburq) şəhərində sovet ordusu sıralarında əsgəri xidmətdə olmuş və hərbi orkestrdə dirijorluq etmişdir. Ş.Rzayev hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirmiş, 1968-ci ildə Konservartoriyanı fərqlənmə diplomu ilə bitirmişdir. Ş.Rzayev hələ tələbəlik illərində Ü.Hacıbəyovun "Koroğlu", C.Verdinin "Otello" və P.Çaykovskinin "Qara toxmaq qadın" operalarına xormeysterlik etmişdir. İstedad və qabiliyyətini nəzərə alaraq Ş.Rzayevi bitirdiyi Konservatoriyada müəllim kimi saxlamışlar. Bir ildən sonra isə Şirin Rzayev Q.Hüseynli adına Gəncə Musiqi Məktəbinə direktor təyin olunmuş və 1969-74-cü illərdə bu vəzifədə çalışmışdır.

Şirin Rzayev 1969-cu ildə Gəncədə ilk simfonik orkestri yaratmış, onun bədii rəhbəri və dirijoru olmuşdur. Korifey bəstəkarımız Fikrət Əmirov bu orkestri belə dəyərləndirmişdir: " Vaxtilə böyük Üzeyir Hacıbəyov Gəncədə bir neçə dəfə olmuşdur. Hər dəfə Qədim Gəncəyə gələndə burada yeni-yeni bədii kollektivlər yaratmaq, təşkil etmək arzusu ilə yaşamışdır. İndi kaş Üzeyir bəy sağ olaydı və Gəncəmizdə təşkil edilmiş bu istedadlı kollektivi öz gözləri ilə görəydi...Bax, bizim üçün bundan əziz, bundan qiymətli, bundan böyük hədiyyə nə ola bilərdi ki?!". Bəli, Üzeyir bəyin bu istədiyini Gəncədə ilk olaraq Şirin Həsən oğlu Rzayev həyata keçirdi.

Şirin Rzayev həmçinin uzun müddət Gəncə Musiqi Texnikumunda müəllim, sonradan direktor vəzifəsində çalışmışdır. 1980-ci ildə Ş.Rzayev Gəncədə xor sənətinin inkişafı naminə "Şərəfxanlı" el nəğmələri teatrı folklor xorunu yaradır. Əsasən xalq mahnılarını, bəstəkarlarımızın milli kaloritdə xalqın ruhuna uyğun gələn mahnılarını repertuarına daxil edən Şirin Rzayev, yaratdığı bu yeni kollektivin bədii rəhbəri və dirijoru olaraq az müddətdə Respublikada, onun hüdudlarından kənarda məşhurlaşır. "Şərəfxanlı" el nəğmələri folklor xoru 1981-ci ildə Moskva şəhərində keçirilən Ümumittifaq festivalında yüksək səviyyədə iştirak edir və kollektivin rəhbəri Şirin müəllim qızıl, kollektiv isə gümüş medalla təltif olunur. SSRİ Mədəniyyət Nazirliyinin və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin "Fəxri fərman"larına layiq görülən kollektiv fəaliyyət göstərdiyi 10 ildən artıq müddətdə demək olar ki, bütün dövlət səviyyəli tədbirlərdə iştirak edərək, mükafatlara layiq görülmüşlər. Həmçinin, "Şərəfxanlı" el nəğmələti folklor xoru ölkəmizi Türkiyə, Rusiya, Gürcüstan, Moldova, Ermənistan və Almaniya Respublikalarında layiqincə təmsil etmişlər.

1985-ci ildə "Zəhmətkeşlərin estetik tərbiyəsində göstərdiyi xidmətlərə görə" Şirin Rzayevə "Respublikanın Əməkdar Mədəniyyət işçisi" fəxri adı verilmişdir.

(Bəstəkar Soltan Hacıbəyov və Şirin Rzayev 1971-ci il.)

Şirin Rzayev 1990-cı ildə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunur. Həmin ildən də etibarən Şirin Rzayev "Göy-göl" dövlət mahnı və rəqs ansamblına rəhbərlik etməyə başlayır. Şirin Rzayevin rəhbərliyi ilə ansambl fəaliyyətinə görə müxtəlif fəxri fərmanlara, diplomlara layiq görülür.

Şirin Rzayev 1997-ci ildə Filarmoniyadan ayrılaraq sevimli dirijorluq fəaliyyətini Gəncə Dövlət Kamera Orkestrində davam etdirir. 1995-2005-ci illərdə Gəncə Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olan Ş.Rzayev, hazırda Gəncə Musiqi Kollecində və pedaqoji fəaliyyətini davam etdirir. Respublikada iki ildən bir keçirilən musiqi məktəbləri xor kollektivlərinin müsabiqəsində Ş.Rzayev fəal iştirakına və Samux rayon Sərkar kənd Musiqi Məktəbinin Uşaq xorunu yüksək səviyyədə hazırladığına görə, 2009 və 2011-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Fərman"ına layiq görülmüşdür.

Şirin Rzayev Gəncənin ictimai-siyasi və mədəni həyatında da yaxından iştirak etmişdir. O, 1980-ci ildən 1990-cı ilədək IV çağırış Şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir.

Şirin Rzayev 1970-ci ildə ixtisasca musiqiçi olan Nurlana xanımla ailə həyatı qurmuşdur. Şirin Rzayev iki qız, bir oğul atası və dörd nəvə babasıdır.

Milli musiqi mədəniyyətimizin inkişafında öz xidmətlərini göstərmiş və önəmli töhfələrini vermiş Şirin Həsən oğlu Rzayevə Allahdan can-sağlığı arzulayırıq.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort