• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Əliqara bəy Məhəmmədli

E-mail Çap PDF

Gəncə Üsyançıları silsiləsindən


İnsan ömrünün mənası çox yaşamaqda, uzun ömür sürməkdə deyil, necə yaşamaqdan, hansı məqsədlər və amallar uğrunda mübarizə aparmaqdan ibarətdir. Xalqımızın tarixinə nəzər saldıqda öz qəlbini, mənalı ömrünü xalqın rifahı uğrunda mübarizəyə sərf etmiş olan bir çox fikir, düşüncə fədailərinə rast gəlmək olur. Bu cür insanlar haqq işi uğrunda mübarizəyə daha çox vaxt və enerji sərf etdiyinə görə əslində cismani olaraq az yaşayır, lakin xidmət etdiyi xalqın qəlbində əbədi olaraq qalırlar.

Ömrünün mənasını xalqa, millətə xidmət etməkdə görən bu cür təfəkkür fədailərdən biri Gəncə Üsyanının fəal iştirakçısı, pedaqoq Əliqara bəy Məmmədovdur.

Məmmədov Əli (Əliqara) bəy Hacı Yəhya oğlu 1893-cü ildə Gəncənin Ozan məhəlləsində anadan olmuşdur. Əli bəyin atası Hacı Yəhya ağa dövrün mütərəqqi fikirli dindarı olmuşdur. Anası Molla Leyla Məmməd-Bağır qızı isə Bala-Bağman məscidində ərəb dərsi demişdir.

İlk təhsilini Gəncədə Mədrəsədə alan Əli bəy Məmmədov Qori Müəllimlər Seminariyasını bitirmişdir. 1912-ci ildən 1920-ci ilə qədər Gəncədə Məktəbül-Xeyriyyədə, Məktəbül-Ruhaniyyədə və Gəncə Sisyanov məktəbində türk-lisani müəllimi işləmişdir. Mirzə Abbas Abbaszadə, Böyükmirzə Məhəmməd, Mirzə Cavad və İdris Axundzadə ilə birlikdə çalışmışlar. Əli bəy Məmmədov 1917-ci ilin mart ayında Gəncədə Nəsib bəy Yusifbəyli tərəfindən yaradılan “Türk-Ədəmi Mərkəziyyət” partiyasının ən fəal üzvlərindən biri olmuş, eyni zamanda Gəncə Milli Komitəsinin Gənclər Təşkilatında fəaliyyət göstərmişdir. Əli əfəndi Məmmədov 1920-ci ildə baş verən Gəncə üsyanının ən fəal iştirakçılarından biri olmuşdur. Üsyan amansızcasına yatırıldıqdan sonra şəhərdə kütləvi həbslər və repressiyalar başlamışdır. Üsyanın bir çox fəalları ölkəni tərk edərək mühacirətə üz tuturlar. Həmin vaxt Əli bəy Məmmədov bir müddət Gəncədən uzaqlaşmaq qərarına gəlir və adını dəyişdirərək sənəddə Əliqara kimi qeyd etdirmişdir. Əliqara bəy Məmmədov Gədəbəy rayonuna gedərək orada yenidən müəllimlik fəaliyyəti ilə məşğul olmağa başlayır. Qısa müddət ərzində müəllimlikdən Gədəbəy rayon Maarif şöbəsinin müdiri vəzifəsinə təyin edilərək, həmin vəzifədə 1937-ci ilin sonlarına qədər çalışır.

1937-ci ildə Mir-Cəfər Bağırov Gədəbəy rayonuna səfər edir. Gədəbəy rayonunda Əliqara bəy Məmmədovdan şübhələnərək onun Müsavatın zabiti olduğunu və adını dəyişdirdiyini anlayır. Mir-Cəfər Bağırov Gədəbəydən getdikdən 3 gün sonra Əliqara bəy Hacı Yəhya oğlu Məmmədov həbs edilərək müvəqqəti olaraq Bayıl təcridxanasında saxlanılır. Onun Gəncədə və Gədəbəydəki evlərində axtarış aparılaraq bütün əşyalarını və şəxsi arxivini müsadirə edirlər.

Əliqara bəy Hacı Yəhya oğlu Məmmədov 5 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə Nargin adasında güllələnmişdir. Həyat yoldaşı Məmmədova Məşədi Yaqut Məşədi Xudaverdi qızı Azərbaycan SSRİ CM-nin 72-73 maddələri təqsirli bilinərək SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi XDİK-nin 29 may 1938-ci il qərarına uyğun 2 il müddətinə səsi alınmışdır. (MTN-nin arxiv materialları əsasında yazılmış “Anaların Fəryadı kitabı”-Şəfiqə Məmmədova, Bakı-2006).

Əliqara bəy Məmmədov haqqında bəraət isə ölümündən 52 il sonra verildi.
Azərbaycan SSRİ Prokurorluğunun 19 iyun 1990-cı il rəyinə əsasən Əliqara bəy Hacı Yəhya oğlu Məmmədova bəraət verilmişdir.

Əliqara bəy Hacı Yəhya oğlu Məmmədov XX əsrdə Gəncənin yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən biridir.

Vüqar Həsənbəyli

"Difai" qəzetinin redaktoru

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort