• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Hacı Əli Hüseynzadə

E-mail Çap PDF

Gəncə xeyriyyəçilərindən biri

Azərbaycan xalqının xeyirxah, millətin maariflənməsində öz töhfəsini verən, təəssübünü çəkən insanlardan biri də haqqında söhbət açmaq istədiyimiz vətənpərvər, gəncəli Hacı Əli Hüseynzadədir. Bu insan öz xeyriyyəçiliyi, millət təəssübkeşliyi ilə öz dövründə Azərbaycanda çox hörmətli şəxlərdən biri kimi tanınırdı. Hacı Əli Hüseynzadə Gəncə şəhərində anadan olmuş, elə bu şəhərdə də vəfat etmişdir. Onun müqəddəs qəbri Gəncənin Səbiskar məzarlığındadır.

Hacı Əli Hüseynzadə XX əsrin əvvəllərində Gəncədə böyük Tütün Fabrikinin (Fabrik ötən əsrin 60-cı illərinə qədər Gəncə Univermağından Sofulu küçəsinə tərəfdə yerləşirdi. 40-dan çox otağı olan fabrikdən Sovetlər dövründə AKTİ-nin tələbə yataqxanası kimi istifadə olunurdu.) sahibi olmuşdur. Bu tütün fabrikində xeyli sayda insanlar çalışırdılar. Hacı Əli fabrikdə fəhlələr üçün yataqxana, yüksək xidmətli yeməkxana tikdirmişdir. Şəhərin yaşlı sakinlərinin dediyinə görə, Hacı Əli çox mərhəmətli, xeyirxah, insanların qayğısına qalan, ağır təbiətli bir şəxsiyyət olmuşdur. Hacı Əli Hüseynzadə həmçinin 1906-cı ildə yaradılan Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin ömürlük fəxri üzvü olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Cəmiyyətin ömürlük fəxri üzvləri Hacı Əli ilə birlikdə 4 nəfərdən ibarət olmuş və həmin şəxslər hər ay cəmiyyətə 200 manat üzvlük haqqı ödəyirdilər. Hacı Əli Gəncədə millətin xeyrinə, vətənin müstəqilliyi naminə atılan hər bir addıma, tədbirlərə, hətta Gəncə üsyanına belə yardımçı olmuşdur.

hac_li_hseynzad_ve_ailsi

Hacı Əli 1918-20-ci illərdə Ermənistandan qovulmuş 20 mindən artıq azərbaycanlı qaçqınlarının Gəncədə yerləşdirilməsi üçün təmənnasız işlər görmüşdür. Ümumiyyətlə, imkansıza əl tutmaq, millət xeyrinə görülən hər bir işə dəstək olmaq bu insanın həyat prinsipi olub.

Hacı Əli xeyirxah, qayğıkeş bir insan olmaqla bərabər, bacarıqlı və işgüzar bir fabrikant olmuşdur. Fabrikdə istehsal olunan tütün kəhraba kimi sarı saçaqlı və ətirli idi. Fabrikdə 10 adda siqar buraxılırdı. Səxavətliyinə görə, Hacı Əli ildə bir dəfə siqar qutularından birinin içərisinə bir ədəd qızıl onluq qoyardı. Bütün bunlara görə də, tütün fabriki Azərbaycanda çox məşhur idi və hər kəs Hacı Əlinin fabrikinin məhsulunu alardılar.

Hacı Əli öz qazancı hesabına fabrikin nəzdində məktəb açdırmışdır. Bu məktəbdə 100-ə yaxın uşaq təhsil alırdı. Hacı Əli məktəbə Gəncənin ən yaxşı müəllimlərini cəlb etmişdir. Məktəbdə təhsil pulsuz idi. Təhsil haqqını Hacı Əli ödəyirdi. Hacı Əli məktəbdə dərs deyən müəllimlərə yüksək əmək haqqı ilə birlikdə, ildə iki dəfə pulsuz paltar, gündə 3 dəfə pulsuz yemək də verirdi. O, müəllimlərdən əsil vətənpərvərlər tərbiyə edib yetişdirməyi tələb edirdi. Ona görə də, Hacının məktəbini bitirənlərin hamısı dərin savadlı olurdular. Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Hacının da qara günləri başlayır. Ona qarşı təqib və təzyiqlər günü-gündən artmağa başlayır. Onu da başqa vətənpərvər və ziyalı insanlar kimi həbs etmək istəyirlər. Belə olan halda, Hacının məktəbində savad almış 73 nəfər vəzifə sahibi olan gənclər öz imzaları ilə Leninə teleqram vuraraq bildirirlər ki, Hacı Əli öz xalqının maariflənməsinə, xeyirxah işlərə öz malını-mülkünü sərf etmişdir. Onlar Lenindən xahiş edirdilər ki, Hacı Əlinin toxunulmazlığını təmin etsin. Lenindən müsbət cavab alındıqdan sonra Hacıya heç kim toxunmur.

Hacı Əlinin 7 oğlu (Ələsgər, Ramiz, Faxrəddin, Həsən və s.) və 2 qızı olmuşdur. 1927-ci ildə Hacının ailəsinə qarşı təqiblər başlayanda oğullarından biri olan Həsən Türkiyəyə gedir və orada Vətən həsrəti ilə ömrünü başa vurur. Hacı Əlinin nəvəsi Səlcuq Gəncər Vaşinqtonda, digər nəvələri və qohumları isə Ankara və Gəncə şəhərində yaşayırlar.

Haci_Ali

Qədirbilən Gəncəlilər fabrik, məktəb açan, kimsəsizlərə əl tutan, qaçqınlara yurd-yuva quran rəhmətlik Hacı Əli Hüseynzadənin xeyirxah əməllərini heç vaxt unutmaz və onu gələcək nəsillərə bir örnək kimi göstərərlər.

 

Vüqar Həsənbəyli

 

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort