• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Gəncə üsyanının başçısı-Usta Bəndər

E-mail Çap PDF

 

"Əxilər" Hərəkatının rəhbərlərindən biri

Bəzi tarixi şəxsiyyətlər kimi Usta Bəndər haqqında da məlumat çox azdır. Çox heyf ki, Azərbaycan xalqının bu mərd oğlunun adı uzun illər tarixin ala-toranlığında itib batmışdır. Halbuki Bəndər daim iftixarla yad edilməyə, adı əbədi yaşadılmağa layiq olan bir igid olub. Bəndər öz qeyrəti, hünəri və bir də nakam taleyi ilə qədim Gəncənin tarixinə həmişəlik daxil olub. Bəndərin başçılıq etdiyi üsyanın tarixi ilə tanış olduqca dövrümüzün o zamankı ictimai-siyasi həyatının etik və estetik normalarını, mənəvi aləmini daha dərindən öyrənirsən.

XII-XIII əsrləri əhatə edən həmin dövr Azərbaycan dövlətinin çiçəklənməsinin və tənəzülünün başlanğıcı idi. O zaman Gəncədə öz yaradıcılığı ilə Yaxın və Orta Şərq xalqlarının bədii və fəlsəfi fikrinin sonrakı inkişafını müəyyənləşdirmiş şair və mütəfəkkir Nizami Gəncəvi yaşayıb yaratmışdır. Sənətkar Bəndərin elə həyatı da həmin dövrə-XII-ci yüzilliyin sonuna, XIII-cü yüzilliyin əvvəllərinə təsadüf edir. İgid üsyançı Bəndəri də ölməz Nizamini dünyaya bəxş edən el-oba, torpaq, mühit və ictimai qayğılar yetirmişdir. Nizami Gəncəvinin dünyaya gəlməsindən bir qədər əvvəl-1139-cu ildə baş verən zəlzələ nəticəsində demək olar ki, tamamilə dağıdılmışdısa da, şəhər qısa müddət ərzində bərpa edilib öz əvvəlki şöhrətinə yüksəldi. Şəhərin tərəqqisi köçərilərin oturaq həyata keçməsinə sənətkarlığın coşğun inkişafına və əhalinin təbəqələşməsinə gətirib çıxardı. Burada toxuculuq, metal emalı, dulusçuluq və başqa sənətlər o dövr üçün artıq yüksək səviyyəyə çatmışdı.

Şəhər əhalisinin ən qabaqcıl zümrəsini Usta Bəndər və onun sənətkar tərəfdarları təşkil edirdi. Təsadüfi deyil ki, yadelli işğalçıların amansız həmlələrinə məruz qalmış Gəncənin müdafiəsinə də məhz dulusçu Bəndər kimi sənətkar başçılıq edirdi.

O dövrdə ümumən Azərbaycana, o cümlədən Gəncəyə hücumların ardı-arası kəsilmirdi. Yadelli işğalçıların hücumları, yerli idarəetmə hakimlərinin zorakılığı, əhaliyə olmazın işgəncə verməsi, zülm, talan bütün bunlar Gəncə əhalisinin səbrini aşırdı. Onlar bu talançılığa, ədalətsizliyə qarşı çıxmağa başladılar. Əhalidən xərac vergisi ikiqat, üçqat yığılırdı. Bu aclıq, talan siyasətinə, baş alıb gedən bu zülmə, xarəzmlərin zillətinə qarşı xalq üsyanı başladı. Üsyanın başında dulusçu sənətkar usta Bəndər dururdu. Bəndər zülmə, əsarətə tab gətirməyən öz həmkarları ilə birlikdə Gəncə əhalisini Xarəzmşah işğalçılarına qarşı mübarizəyə qaldırdı. 1231-ci ildə Gəncə şəhəri usta Bəndərin başçılığı altında üsyana qalxdı. Cəlaləddinin sarayı dağıdıldı, məmurlar qılıncdan keçirildi. Cəlaləddin şəhəri mühasirəyə alsa da, üsyançılar onun təslim olmaq tələbini rədd etdilər. Usta Bəndər öz döyüşçüləri ilə birlikdə açıq döyüşdə məğlub oldular. Düşmən atlıları şəhərə girib əhaliyə divan tutdular. Üsyanın 30 başçısı Gəncə qapıları yanında dar ağacından asıldı. Bəndər isə tikə-tikə doğrandı. Bəndər əzab işgəncə ilə ölsə də, xalqın qeyrətini hünərlə qoruyur, elin mənliyini mərdliklə müdafiə edir. Usta Bəndərin rəşadəti və Gəncə əhalisinin qeyrəti tarixi həqiqətə tam uyğun olaraq tariximizin ən şərəfli, parlaq səhifələrindən birini təşkil edir. Bəndər Hərəkatı ilə tanış olduqca, ötüb keçənlərə bir daha bələd olduqca doğma el-oba üçün atan qəlbin iftixarla dolur. Zənnimcə Usta Bəndərin həyatı, onun qəhrəmanlığı, xalqına olan sədaqəti Gəncə tarixinin silinməz səhifələrindən biridir. Biz də bir vətəndaş olaraq bu tarixi qəhrəmanlığı öyrənib, təbliğ etməyə borcluyuq.

Sürahi Qaffari

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort