• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Nizami Gəncəvinin şəxsi həyatına aid bəzi faktlar

E-mail Çap PDF

 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvidən qalan ədəbi miras Şərq ədəbiyyatında mövcud olan bütün janrları əhatə edən 48 min beytdən ibarətdir. Bunun 19 mini qəzəllər və qəsidələrə, qalan 29 min beyt isə beş kitaba daxildir. "Beş kitab" dediyimiz beş müstəqil poemadan ibarətdir. Şair özü bu beş kitabı "Pənc-gənc" (Beş Xəzinə) adlandırırdı. Təzkirəçilər beşi bir yerdə toplanmış bu məsnəvilərə ərəb termini ilə "Xəmsə" demişlər. "Xəmsə" sözü Azərbaycan dilində "Beşlik" deməkdir.

Nizami Gəncəvi dünyada bu "Beşlik" ilə şöhrətlənmişdir. Ədəbiyyatda Nizami Gəncəvi ilə "Xəmse-ye Nizami" söz birləşmələri bir-birini tamamlayan iki məşhur tərkibdir. Nizami Gəncəvini Nizami olaraq bütün şairlərdən fərqləndirən əslində elə bu beş kitabdır. Nizami Gəncəvi özü də sonuncu əsəri olan "İsgəndərnamə"nin müqəddiməsində bunu xüsusi olaraq qeyd etmişdir.

Nizami Gəncəvinin şəxsi həyatına aid məlumat çox azdır. Təzkirəçilər şairin üç dəfə evləndiyini, bir oğlu olduğunu xəbər verirlər. Şairin ilk evləndiyi qadın Dərbənd hakiminin göndərmiş olduğu qıpçaqlı bir kəniz olmuşdur. Bu türk qızını Nizami Gəncəvi son dərəcə sevmiş və onunla 1173-cü ildə ailə həyatı qurmuşdur. Canı kimi sevdiyi və əsərləri qədər istədiyi yeganə oğlu Məhəmmədin anası həmin türk gözəli olmuşdur. Qıpçaq gözəli Afaq şair "Xosrov və Şirin" əsərini yazan vaxtı 1180-ci ildə dünyasını dəyişmişdir. Şair dünya ədəbiyyatında misilsiz gözəllik örnəyi kimi yaratdığı Şirinin öz həyat yoldaşı Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən, sözü öz sevimli ömür-gün yoldaşına gətirərək deyir: "O (Şirin) mənim qıpçaqlı Afaqıma bənzərdi, bəlkə də onun özü idi". Beləliklə, Şirinlə müqayisə etdiyi qıpçaqlı həyat yoldaşının adını Afaq olduğunu bildirmişdir. Eyni zamanda oğlu Məhəmmədin bu qadından doğulduğunu belə anlatmışdır: "Türküm köçdü isə də, İlahi, türk balasını sən özün qoru". Şairin öz oğlu Məhəmmədə bəslədiyi sevginin həddi-hüdudu olmamışdır. Türk həyat yoldaşına olan istək, sevgi şairin türk balasına keçmişdir.

Şair yalnız bir həyat yoldaşı ilə evlənməyin tərəfdarı olmuşdur. Filosof Sokratın dili ilə öyüd-nəsihət şəklində söylədiyi beytlərdən birində Nizami Gəncəvi bir arvadlığın məziyyətini özünəməxsus bir üslubla açıqlamışdır: "Sənə yaraşan bir arvad sənə bəsdir, çox dostu olan dostsuz qalar. Dünyanın yeddi atası və dörd anası olduğu üçün onun işləri dolaşıqdır. Öz övladını kamil və ahəngdar görmək istəyirsənsə, öz qəlbini bir ana ilə bir ataya bağla".

İlk eşqinin yadigarı olan oğlu Məhəmməd haqqında şair daima düşünmüş və bu "türk balasını" candan gələn bir istəklə bəsləmişdir. Şair oğlunu əsərlərindən biri kimi qəbul etmiş və onu kitablarına qardaş saymışdır.

Nizami Gəncəvinin həyatı doğulduğu Gəncə şəhərində keçmiş, buradan tamamilə heç bir tərəfə ayrılmamışdır. Yalnız tədqiqatçılar qeyd edirlər ki, Xaqani Şirvani ilə birlikdə bir dəfə Həcc ziyarətinə getmişdir. Təvazökarlıq Nizami Gəncəvi həyatının ana xətti olmuşdur. O, bütün poemalarını Gəncədəki dərvişxanəsinin dörd divarı arasında, kimsədən heç bir şey ummadan yazmışdır. Öz ruzisini o kimsədən deyil, ruzi paylayan Allahdan gözləmişdir. Təvazökarlıqla gözütoxluq şairin əsas məziyyətlərindən biri olmuşdur. Şairin fikrincə adam öz gözütoxluğu ilə əsl böyüklüyünü tapır.

Nizami Gəncəvi bəzi məddah şairlərdən fərqli olaraq, hökmdar saraylarından daim uzaqlaşmışdır. Şairin fikrincə, padşahla durub oturmaq pambıqla odun münasibətinə bənzəyir.

Nizami Gəncəvi həyatı və yaradıcılığı daim bizim üçün kamil bir məktəbdir. Bu məktəbdən faydalanmaq hər kəs üçün vacibdir.

Dahi şairin bir müddət əvvəl 870 illik yubileyi Gəncə şəhərində geniş miqyasda keçirildi. Nizami Gəncəvinin məqbərəsi önündə təşkil olunmuş tədbirdə dünyanın bir çox ölkələrindən gəlmiş şairlər, yazıçılar, siyasi xadimlər iştirak etdilər. Bu tədbir bir daha bütün dünyanın Nizami Gəncəviyə olan sevgisinin, hörmətinin təzahürü idi.

Nailə Abbasova

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort