• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Gəncədə Dulusçuluq sənəti

E-mail Çap PDF

 

Gəncə şəhəri yalnız Azərbaycanın deyil, bütövlükdə Şərqin ən qədim mədəniyyət, sivilizasiya mərkəzlərindən biridir. Eradan əvvəl II minilliyin sonu-I minilliyin əvvəllərini əhatə etmiş son tunc və erkən dəmir dövründə Gəncədə ictimai, sosial həyatın bir çox sahələrində əhəmiyyətli dəyişikliklər, inkişaf meylləri meydana gəlmişdir. Xronoloji baxımdan eradan əvvəl XIV-VII əsrləri ehtiva etmiş bu tarixi mərhələdə qədim sənətkarlıq ənənələrinə malik Gəncədə dulusçuluq sənəti də keyfiyyətcə bir sıra yeni xüsusiyyətlərlə zənginləşmişdir.

Ümumiyyətlə, son tunc və erkən dəmir dövründə Azərbaycan ərazisində digər müxtəlif sənətkarlıq sahələrində olduğu kimi, dulusçuluq (keramika) sənətində də əhəmiyyətli dərəcədə müşahidə olunmuşdur. Bu tarixi mərhələdə dulusçuluq məmulatlarının çeşidi, növləri artmış bərni, cam, xeyrə, çölmək kimi çoxsaylı saxsı nümunələrinin hazırlanması məişət və təsərrüfatda geniş vüsət almışdır.

Son tunc və erkən dəmir dövründə Azərbaycanın ayrı-ayrı ərazilərində monoxram və polixram boyalı qablar, müxtəlif rəngə malik cilalı, səthi pardaqlanmış, naxışlarla (ornamentlərlə), həmçinin məişət, təsərrüfat həyatını yaxud dini-mifoloji görüşləri, təsəvvürləri əks etdirən süjetlərlə bəzədilmiş dulusçuluq nümunələrinin hazırlanması bəhs olunan inkişaf prosesinin əyani sübutudur. Bu səbəbdən də son tunc və erkən dəmir dövrünə aid dulusçuluq məmulatları arasında yaraşıqlı, müxtəlif çeşidli saxsı qablar üstünlük təşkil etmişdir. Təsadüfi deyildir ki, əksər dulusçuluq nümunələri heyvan və quş fiquru, uzunboğaz çəkmə, keçidli qoşa qablar formasında hazırlanmışdır.

Qədim tarixə və zəngin sənətkarlıq ənənələri ilə fərqlənən Gəncə dulusçuluq sənətinin nümayəndələri olmuş ustad sənətkarların son tunc və erkən dəmir dövründə hazırkadıqları ağ inkrustasiyalı (minalanmış) dulusçuluq məmulatları unikal nümunələr hesab olunur. Belə ki, Gəncə və Gəncəçay vadisinin tarixi abidələrindən aşkar edilmiş bu nəfis keramika nümunələrinin hazırlanması uzun müddət qonşu bölgələrin sənətkarları üçün sirr olaraq qalmışdır. Şübhəsiz ki, Gəncə sənətkarları bu dövrdə dulusçuluq məmulatlarının, xüsusilə də saxsı qabların səthini bəzəyən naxışları xüsusi tərkibli ağ maddə ilə inkrustasiya etmək texnologiyasının sirrini müəyyən tarixi müddət ərzində qoruyub saxlaya bilmişlər. Məhz bu səbəbdən Gəncə dulusçuluq sənətinin son tunc və erkən dəmir dövrünə aid əsas səciyyəvi xüsusiyyəti ağ inkrustasiyalı yaxud cızma naxışları ağ boyaq maddəsi ilə doldurulmuş saxsı məmulatların hazırlanması hesab olunur. Qeyd olunan dulusçuluq nümunələri ictimai quruluşda baş vermiş mühüm dəyişikliklərin təsiri nəticəsində sənətkarlıq baxımından daha nəfis, keyfiyyətli və müxtəlif çeşidli olması ilə fərqlənmişdir.

Gəncə və Gəncə ətrafı ərazilərdə, xüsusilə də Gəncəçay hövzəsində müxtəlif dövrlərdə həyata keçirilmiş tarixi-arxeoloji tədqiqatlar, qazıntı işləri nəticəsində Gəncə dulusçuluq sənətinin bəhs olunan dövrə aid çoxsaylı nümunələri 2 əsas maddi mənbədən aşkar edilmişdir.

1. Yaşayış yerlərindən (məntəqələrindən);

2. Müxtəlif tipli qəbir abidələrindən;

Ümumiyyətlə, Gəncə dulusçuluq sənətinin bu tarixi mərhələyə aid olan nümunələrinin Azərbaycanın antik dövr tarixinin, xüsusilə də etnoqrafiyasının əsaslı surətdə tədqiq olunmasında çox mühüm əhəmiyyəti vardır. Əvvəla, Gəncənin qədim şəhər sivilzasiya mərkəzi kimi xronoloji cəhətdən yaşının ən azı 2700 il olmasına dair mühüm məlumatların təsbit edilməsində bu dulusçuluq məmulatlarının əhəmiyyəti maddi mənbə olaraq danılmazdır. Bundan əlavə, məlum olduğu kimi son tunc və erkən dəmir dövrü eradan əvvəl II minilliyin sonu I minilliyin əvvəllərini, yəni ibtidai icma quruluşunun tənəzzülə uğradığı və sinifli cəmiyyətin, ictimai və mülki bərabərsizliyin meydana gəldiyi tarixi mərhələni əhatə etmişdir. Bu dövrdə ictimai, sosial həyatda əhəmiyyətli dəyişikliklər baş vermiş, təsərrüfatın, müstəqil sahəyə çevrilmiş sənətkarlığın hərtərəfli inkişafına şərait yaranmışdır. Gəncə dulusçuluq sənətində qeyd edilən inkişaf prosesinin təsiri nəticəsində keyfiyyətcə təkmil, nəfis məmulatların hazırlanması və istifadəsi geniş miqyas almışdır.

Qeyd olunmalıdır ki, Gəncə dulusçuluq sənətinin son tunc və erkən dəmir dövründə meydana gələrək inkişaf etmiş sənətkarlıq xüsusiyyətlərinin genezisi məsələsinin müəyyənləşdirilməsində bu mərhələyə aid məmulatların təfsilatlı surətdə elmi tədqiqinin mühüm əhəmiyyəti vardır. Belə ki, Gəncə keramikasının bu qədim, antik dövr mərhələsini əks etdirən saxsı nümunələrinin elmi baxımdan təfərrüatı ilə öyrənilməsi və əvvəlki tarixi dövrlərə aid dulusçuluq məmulatları ilə komparativ elmi təhlilinin aparılması sayəsində qeyd olunan məsələdə bir çox tarixi məqamların üzə çıxarılması mümkündür. Xüsusilə də, bəhs olunan dulusçuluq sənəti xüsusiyyətlərinin kənardan gəlmə deyil, məhz yerli sənətkarlıq ənənələri əsasında formalaşmasının sübuta yetirilməsində bu elmi yanaşmanın əhəmiyyəti böyükdür.

Son tunc və erkən dəmir dövrü Gəncə dulusçuluq sənətinin ən mühüm səciyyəvi xüsusiyyətləri sırasında ağ inkustasiyalı keramika məmulatlarının ornament-naxış zənginliyi, dulusçuluq nümunələrinin bu naxışlarının sənətkarlıq baxımından daha dolğun, nəfis olması qeyd edilməlidir. Bu tarixi mərhələni əks etdirən saxsı məmulatlarının üzərində təsvir edilmiş ornamentlərinin çoxçeşidliliyi, naxış elementlərinin zənginliyini nəzərə alaraq onları təsnif etmək mümkündür. Bu baxımdan Gəncə dulusçuluq sənətinin son tunc və erkən dəmir dövrünə aid nümunələrinin ornamentləri şərti olaraq 3 əsas tipdə ümumiləşdirilir:

1. Həndəsi formalı;

2. Zoomorf xarakterli (heyvan, quş təsvirləri formasında olan);

3. Antromorf xarakterli (insan təsvirləri formasında olan) ornamentlər;

Bu keramika nümunələrinin mühüm tarixi-etnoqrafik mənbə rolunu oynayan ornamentləri ilə oxşar xüsusiyyətlərə malik olan məmulatlara ön Asiyanın, Yaxın və Orta Şərqin müxtəlif bölgələrində təsadüf olunması əcdadlarımızın qədim etnos və xalqlarla qarşılıqlı ictimai, sosial-mədəni münasibətlərinin mövcud olduğunu göstərir. Kaxetiya (Gürcüstan), Anadolu (Türkiyə), İran yaylası (İran), Bəlucistan (Pakistan) kimi ərazilərin bir sıra tarixi abidələri (Giyan-təpə, Bampur, Şahı-Tump, Persopal, I Sus və s.) bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Bundan əlavə, Gəncə və Gəncəbasarla yanaşı, ölkəmizin Naxçıvan, Qarabağ kimi bölgələrindən aşkar edilmiş, oxşar cəhətlərə malik olan məmulatlar çox qədim dövrlərdən bu ərazilərdə məhz əcdadlarımızın məskunlaşdığını təsbit etmiş olur. Belə ki, bəhs olunan dulusçuluq məmulatlarının müxtəlif xüsusiyyətləri-hazırlanma materialı və texnologiyası, saxsı nümunələri üzərindəki müxtəlif ornamentləri və digər cəhətlərinin qeyri-türk etnoslarına deyil, əcdadlarımıza məxsus dünyagörüşü, sənətkarlıq ənənələri ilə birbaşa bağlı olması şübhə doğurmur. Həmçinin, Gəncə dulusçuluğunun bu keyfiyyətli, nəfis nümunələrinin müfəssəl elmi tədqiqi yalnız qədim mədəniyyət mərkəzi olan Gəncənin sakinlərinin deyil, bütövlükdə xalqımızın minilliklərə istinad edən etnomental dəyərlərinin, mədəni səviyyəsinin, islamaqədərki dini dünyagörüşünün, əxlaqi dəyərlər sisteminin bir sıra mühüm cəhətlərinin üzə çıxarılmasına imkan verir.

Yaşayış abidələrindən aşkar edilmiş və daha çox əcdadlarımızın ailə və nigah münasibətləri, təsərrüfat həyatı, sənətkarlıq ənənələrinin müxtəlif cəhətlərini özündə ehtiva edən dulusçuluq nümunələri ilə yanaşı, qəbir abidələrindən də çoxlu sayda keramik məmulatlar tapılmışdır. Gəncə dulusçuluğunun bu nümunələrinin mühüm tarixi-etnoqrafik dəyəri əcdadlarımızın qədim dəfn adət və mərasimlərinin daha geniş surətdə öyrənilməsinə şərait yaratmasıdır.

Qədim və zəngin sənətkarlıq ənənələrinə malik Gəncə dulusçuluq sənətinin son tunc və erkən dəmir dövrünə aid nümunələrinin elmi baxımdan təfsilatı ilə tədqiq olunması sayəsində Azərbaycanın etnoqrafiya tarixinin bir çox sirli məqamlarının üzə çıxarılması mümkündür.

Aynur Həsənova

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort