• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

İlyas Bərxudar oğlu Quliyev

E-mail Çap PDF

 

İlyas Bərxudar oğlu Quliyev 5 noyabr 1930-cu ildə Goranboy rayonunun Qarqucaq kəndində anadan olmuşdur. Qarqucaq kənd 7 illik orta məktəbi bitirdikdən sonra, ailəsi ilə birlikdə Gəncə şəhərinə yerləşmişdir. 1949-cu ildə Gəncə şəhər 9 saylı Sənət məktəbinə daxil olaraq, "bənna" ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə Bakı Qərb Neft Tikinti Trestinin 2 nömrəli Tikinti İdarəsində başlamışdır. İlyas Quliyev 1953-cü ildə hərbi xidmətə getmiş, əsgərliyi başa vurduqdan sonra Gəncəyə qayıdaraq burada Rayonlararası 3 nömrəli Tikinti-Quraşdırma Trestinin 30 nömrəli Tikinti İdarəsində bənna işinə qəbul olunmuşdur. 1958-ci ildə İdarədə kompleks briqadaya rəhbərlik etmişdir. 1965-70-ci illərdə İlyas Quliyev Gəncə İnşaat Texnikumunun axşam şöbəsində təhsil almış, "Sənaye və Mülki binaların tikintisi" ixtisasına yiyələnmişdir.

Gəncə Gil-Torpaq, Maşınqayırma və Avtomobil zavodlarının, Gəncə Filarmoniyasının, Xəstəxana, Teatr, Məktəb və çoxmərtəbəli binaların, Yeni Gəncə, Gülüstan, Aliminiumçular yaşayış massivlərinin tikilməsi və salınması işlərində briqadaya başçılıq etmiş, Gəncə şəhərinin böyüməsinə və şəhərsalma mədəniyyətinin yüksəlməsində böyük əmək sərf etmişdir.

İlyas Bərxudar oğlu Quliyev 1966-cı ildə 7-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilmiş, göstərdiyi əmək rəşadətinə görə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdir. İ. Quliyev 1971-ci ildə əmək sahəsində əldə etdiyi nailiyyətlərə görə "Lenin Ordeni" ilə də təltif olunmuşdur. Quliyev 1972-1977-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki GDU) tarix fakültəsini qiyabi olaraq bitirmişdir. 1974-cü ildə "Oktyabr" ordeni ilə təltif olunmuşdur. İlyas Quliyev 1975-ci ildə 9-cu çağırış SSRİ Ali Sovetinin yenidən deputatı seçilir. 1978-ci ildə Azərbaycan Dövlət Mükafatına layiq görülür.

İlyas Quliyev 1981-ci ildə Gəncə şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunur. İ.Quliyev elə həmin ili "II Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunur. 1980-85-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı Komitəsinin üzvü kimi də fəaliyyət göstərmişdir. İlyas Quliyev 1985-ci ildə 3-cü dəfə 11-ci çağırış Azərbaycan Ali Sovetinə deputat seçilərək fəaliyyətini davam etdirmişdir.

Bənnalıqdan dövlət qulluğuna qədər yüksəlmiş İlyas Quliyevi sənətinə bağlılığı, zəhmətə qatlaşmağı, sadəliyi, işinə məsuliyyətlə yanaşması, insanlara diqqət və qayğılı olması onu həyatda daha da ucaltmışdır. Yaşadığı ömrü boyunca yaxşı işlər görmək, insanların çətinliklərini həll etmək İlyas Quliyevin həyatının qayəsi olmuşdur.

İlyas Bərxudar oğlu Quliyev 27 dekabr 2003-cü ildə Gəncə şəhərində vəfat etmişdir.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort