• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Məcid ağa Şəkibəyov

E-mail Çap PDF

 

(Bu yazımızda XX əsrin əvvəllərində Gəncəbasarda, Gədəbəyin əsilzadə ağası, erməni qənimi, antisovet qaçağı Məcid ağadan bəhs edəcəyik. Hansı ki, həmin ağa 1905, 1918-1920-ci illərdə erməni-türk davasının qəhrəmanı olub, Şəmkir döyüşündə mərdlik göstərib, 1920-ci ildə baş verən Gəncə üsyanında öz dəstəsilə birlikdə iştirak edib və ən əsası 1929-1930-cu illərdə Şura Hökuməti əleyhinə yerli əhalinin silahlı çıxışına başçılıq etmişdir).

XVIII-ci əsrin sonu XIX-cu əsrin əvvəllərində Zaqafqaziyada Rusiyanın hərbi-siyasi fəaliyyəti nəticəsində çoxsaylı dəyişikliklər meydana çıxmağa başladı. Azərbaycanın xanlıqlardan ibarət olması vahid bir qüvvə kimi rus işğalına qarşı uğurlu mübarizəni faktiki olaraq mümkünsüz etdi, həm də ermənilərin xəyanətkarlığı və gürcülərlə bağlanan “Georgiyevsk traktatı”ümumilikdə regionda hərbi balansı rusların və xristian qüvvələrinin xeyrinə dəyişdi. Buna görə də elə XIX-cu əsrin ilk illərindən gürcü çarı II İrakli vəziyyətdən istifadə edərək Qazax-Borçalı ellərinə qarşı amansız hücumlar təşkil etməyə başladı. Bu hadisədən sonra həmin torpaqlarda qərarlaşan aborigen türk tayfaları Azərbaycanın müxtəlif hissələrində məskunlaşmaq məcburiyyətində qaldılar, köç edən tayfaların sırasında kəsəmənlilər və s. tayfaların adı da var idi. Tarixi mənbələrdən məlum olur ki, Qazax mahalından köç edən tayfalardan birinə mənsub olan Yaqub ağa o zamanlar Gəncə xanlığı ilə Qarabağ xanlığı arasında yerləşən və bir yanı isə Göyçə mahalına söykənən el arasında “Şah Talası” kimi tanınan ərazidə məskən salır, günümüzdə bu ərazi Gədəbəy rayonunun ərazisinə aiddir və Kiçik Qafqaz dağları ilə tamamlanır. XIX-cu əsrdən etibarən Yaqub ağanın nəsil-şəcərəsi Yaqublular kimi tanınmağa başlayır, Yaqublular o Yaqublular idi ki, sonralar Azərbaycanın bu bir parçasında qəhrəmanlıq tarixinin şanlı səhifələrini yazacaqlardı, bu nəsil, o nəsil idi ki, Əsgər ağa, Qara Musa, Məcid ağa, Qurd İsmayıl kimi tarixi şəxsiyyətləri yaradacaqdı və erməni-türk, eləcə də bolşevik rejiminə qarşı mübarizənin avanqardına çevriləcəkdilər.

Beləcə, XIX-cu əsrdən etibarən burada məskunlaşan Yaqublular erməni-türk sərhəddini qoruyan ictimai-hərbi qüvvəyə çevrilə bilirlər, Yaqub ağanında sonra nəslinin davamçısı kimi Məmməd ağa Şəkibəyov əsrin sonlarına qədər həyatda yaşayır və ömrünün xəzan zamanında taleyinin hökmü ilə Sibir sürgünlərində iyirmi beş ilini çürütməli olur, qəribə idi ki, Çar hökümətinə boyun əyməyən və yeri gəldikdə onların əl tulası olan ermənilərin cavabını verən Məmməd ağanı öz silahıyla vura bilirlər. Əsrin sonlarında Qazaxdan baş qaldıran Qaçaq hərəkatının görkəmli nümayəndəsi Qaçaq Kərəmlə əlaqədə suçlandırılan Məmməd ağa gecənin birində həbs edilir. Əlbəttə ki, Məmməd ağa özü də Qaçaq Kərəmi açıq-aşkar müdafiə etdiyini gizlətməmiş və bu isə ona baha-başa gəlmişdir, sonralar bu ərazidə çoxluq təşkil edən və zümrəcə yuxarı silkə mənsub olan Yaqubluların xalq arasında nüfuzlarının olmasından yararlanan Çar hakimiyyəti onlara yerli idarəçiliyi güzəştə getmək məcburiyyətində qalır, nəhayət, XX-ci əsrin ilk illərindən etibarən yerli idarə orqanları və həm də bu ərazidəki torpaqların sahiblik hüququ tamamən bu nəslin ixtiyarına verilir. Artıq uzun müddətə sürgünə göndərilmiş Məmməd ağanın yurdunda isə onun oğlu əməlləri ilə indi də xalqın canlı yaddaşında yaşayan Məcid ağa Şəkibəyov öz fəaliyyətini davam etdirməyə başlayır.

XX-ci əsrin əvvəllərindən etibarən Cənubi Qafqazda və dünyada siyasi hadisələr gərginləşməyə başlamışdı. Çar Rusiyasına tabe olan btüün müstəmləkələrdə eləcə də Azərbaycanın Gədəbəy rayonunda milli-münaqişənin təzahürü geniş vüsət tapmışdı. Əvvəlcə onu qeyd edim ki, bu regionun qədim Azərbaycan torpağı olan, indi isə ermənilərlə məskunlaşdırılan Göyçə mahalı ilə qonşu olması hadisələrə ciddi müdaxiləni zəruri edirdi...

1905-1907-ci illərdə baş qaldıran erməni-türk savaşının məkanlarından biri də Gədəbəy idi ki, bu mübarizənin məhz avanqardı Məcid ağa, Mustafa ağa, Məlik ağa, Xınna dərəsindən Mika, Həmzə və digər ətraf ərazilərin bəyləri, ağaları idi.

1905-ci ildə silahlanmış erməni quldurları Zəngəzurda, Göyçədə silahsız əhaliyə divan tutaraq, minlərlə soydaşlarımızı soyqırıma məruz etmiş, olmazın cinayətlər torətmişdilər. Gədəbəylə diz-dizə olan Göyçədə Andronikin vəhşiləşmiş əsgərlərinin cinayətlərinə tarix dözə bilmirdi. Belə bir vaxtda Şah Talasında toplaşan yerli müqavimət dəstəsi Məcid ağa və onun əmisi oğlu Mustafa ağanın və Məlik ağanın başçılığı ilə hərəkətə başlayır. 1905-ci ilin payız aylarında Şah Talasından sakit və düşməni şübhələndirmədən əməliyyata başlayan Yaqubluların dəstəsi Cil və Pənbək (indiki Krasnoselo rayonu) kəndləri arasında gecə ikən mövqe tutaraq sabahın açılmasını gözləyirlər. Sabah açılanda isə gördükləri mənzərədən dəhşətə gəlirlər, kəndlərin azərbaycanlılar yaşayan hissəsi dağıdılıb, hələ də tüstülənən evlərdən qucaq-qucaq xalça-gəbə çıxarılır, tövlələrdən isə mal-qara qənimət kimi aparılırdı. Yüzlərlə meyit kəndarası yolda tapdaq altında təhqir edilirdi. Gördükləri mənzərədən dəhşətə gələn bəylər, ağalar ermənilərə yaxşı bir qulaqburması vermək qərarına gəlirlər. Cil əməliyyatı nəticəsində Andronikin buradakı dəstəsindən bircə nəfər belə xilas ola bilmir, işin maraqlı tərəfi o idi ki, bu döyüşdə igidlərimiz cəmisi bircə pulemyot gülləsi sərf etmişdilər, gecəikən iki təpənin arasında mövqe tutan bəylər, ağalar nəzərə almışdılar ki, hər iki təpədə erməni postu yerləşir. Qaranlıqdan yararlanan Mustafa ağa postun birinə güllə atır və dəstə dərəni tərk edir. Gülləyə məruz qalan post elə güman edir ki, qarşı tərəf artıq ələ keçirilib, cavab atəşinə başlayan üzbəüz postlar bir-birini məhv edirlər. Demək olar ki, bu hadisədən sonra həm orada yaşayan ermənilərin səsi kəsilir, həm də uzun müddət burada onları görmək olmur. Lakin düşmənin xəbisliyi zaman keçdikcə yenə də özünü göstərməkdə idi. Tarixdən bilirik ki, məlum 1828-ci il Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycanda erməni ailələri yerləşdirilmişdi. Belə yerlərdən biri də məhşur Çənlibel kəndi (Şəmkir rayonunun ərazisidə olan Çardaqlı kəndi) idi. Qeyd edim ki, həmin ərəfədə burada bircə nəfərdə olsa yerli əhalidən nümayəndə yox idi və daimi hakimiyyətdən dəstək alan silahlı əhali ətrafındakı aborigen əhalini qorxu altında saxlayırdı. Və elə müharibənin gedişində də bu böyük erməni kəndi az rol oynamamışdı. Yaqublu ağaları müharibənin gedişində bu kəndin təchizatını və əlaqələrini kəsmək üçün ciddi fəaliyyətə başlayırlar. 1907-ci ilin isti avqust günlərinin birində Ermənistandan Çənlibel kəndinə kömək üçün gələn iki mindən çox erməni yaraqlısı Gədəbəyin civarında peyda olur. Günortadan sonra Başkənddə (Artsvaşen) dincələn dəstə üzvü Gədəbəyə doğru ağır-ağır hərəkətə başlayır. Ermənilərin hərəkətini izləyən Məcid ağanın dəstə üzvləri Qızıl torpaqda Xınna dərəsinin boğazında və dərənin girişində mövqe tutaraq bu azğın kütləni gözləməyə başlayır. Bu dəstə əslində Şəmkir və Mədən (Gədəbəy) əhlinə divan tutmağa gəlirdisə də, bir azdan özünün hansı divana məruz qalacağını bilmirdi. Xınna dərəsində cəmi otuz adamla iki min yaraqlıya qalib gələn Yaqubluların bu zəfərini hələ də yaddaşlardan anladanlar yaşamaqdadı.

Beləliklə, birinci müharibədə göstərdikləri igidliklə yadda qalan Yaqublular sonralar xidmətdə daha da fərqlənərək hökümət qarşısında xüsusi hörmətə layiq oldular və əhali arasında xilaskar kimi qarşılandılar. Təbii ki, 1918-ci ilin məlum hadisələrinə qədər erməni quldurlarının Gədəbəy və Göyçədə faktiki fəaliyyəti qeydə alınmır. Çar Rusiyasını titrədən məhşur inqilab bir çox xalqlarla yanaşı Azərbaycana da azadlıq bəxş edir və əlbəttə ki, bu da öz növbəsində Qafqazda da siyasi-hərbi fəaliyyətə zəmin yaratmış olur. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması böyük hadisə olmaqla yanaşı, yerli əhali tərəfindən də geniş dəstək əldə etmiş olmuşdur. Çar İmperiyası zamanından idarəçiliyi həyata keçirən yerli kadrlara da geniş imkan verilirdi. Əlbəttə ki, bu cür milli aksiya Məcid ağa başda olmaqla dəstəklə qarşılanırdı. Hələ Tiflisdən yenicə Gəncəyə köçərək fəaliyyətə başlayan Milli Şuranın rəhbəri M.Ə.Rəsulzadə ilə görüşdən sonra Yaqublulara da belə bir məzmunda tapşırıq verilir ki, yerli təhlükəsizlik təmin edilməklə yanaşı, ermənilərin potensial təhlükəsini də önləməyə çalışsınlar. Bu isə təsadüfi deyildir ki, əvvəli müharibədən fərqli olaraq düşmən indi burada geniş meydan açmağa qorxurdu, milli höküməti əvəz edən sovet höküməti müstəqilliyimizə son qoymaqla yanaşı, eləcə də torpaqlarımızı bölüşdürməyə başlamış, insanlarımızı məhv edirdi. İlk günlərdən bəylərin, ağaların fiziki məhvini öngörən bolşeviklər tezliklə qərb bölgəsinə ayaq basaraq milli qırğına start verməyə başladılar. Bolşeviklərin siyasətini qəbul edə bilməyən Yaqublular ciddi-silahlı savaşa hazırlaşmağa başladılar. Tezliklə bütün narazılar bir dəstə halında birləşərək sovet qoşunlarının Şah Talasında həmləsini gözləməyə başladılar. Amma buna qədər ilk zərbə artıq endirilmişdir. Mustafa ağanın namərdcəsinə həbsi hamımın hiddətinə səbəb olmuşdur. Şəkərbəy kəndinin idarəçisini danışıq aparmaq adı ilə təkbətək görüşə dəvət edən ÇEKA onun təkliyindən yararlanaraq tutmuş və müvəqqəti olaraq Şəmkir həbsxanasına yollamışdır. Yolda isə qəribə bir hadisə baş vermişdir. Ermənilərin kompakt yaşadıqları Çardaqlı kəndindən qolubağlı keçmək istəyən Mustafa ağa bu hərəkətə qəti etiraz edir və mübahisə də onun istədiyi kimi həll olunur. Vuqarlı olaraq əlindəki silahla ermənilərin içindən keçərək gedir. Orada isə ürəyi partalayan Mustafa ağanı edam etmək düşmənə nəsib olmur. Digər tərəfdən isə baş verənlərdən nəticə çıxaran Məcid ağa imkanı olsa da İrana getməkdən vaz keçir və Kiçik Qafqaz dağlarını özünə səngər edərək müharibəyə hazırlaşır. 1929-cu ilin payızına qədər mübarizə aparan bir çox qaçaq dəstələri məhv edilsə də, Qara Qayada Məcid ağanın öhdəsindən gəlmək mümkün olmur. Bunu görən mübarizə dəstəsi müraciət edərək rəhbərlərindən yeni qüvvə tələb etməli olur və 1930-cu ilin soyuq qış ayı həlledici il kimi tarixə həkk olunur. Buna qədər isə Gəncə üsyanında fəal iştirak edən Məcid ağa, Mustafa ağa, Məlik ağa, Xınna dərəsindən Mika və Həmzə sovetlər hökümətinin qənimi kimi qəbul edilirdi.

Nəhayət ki, bütün Azərbaycan ərazisində milli-müqaviməti qıran yadelli işğalçılara və yerli əlaltılara yalnız ucqarlarda kiçik dəstələr şəklində fəaliyyət göstərən üsyançılara qarşı son və həlledici hücuma başladılar. Qəribə idi ki, hələ də müqavimət göstərən azsaylı qaçaqlardan biri məhz Məcid ağa və onun dəstəsi sona qədər bu hücuma sinə gərmək əzmində və fikrində idilər. 1929-cu ilin qışından batalyon komandiri Arbuzovun rəhbərliyi altında əməliyyata başlamaq əmri verilir. Əsil hərbçi və taktikaçı olan Arbuzov hücuma başlamamışdan əvvəl yerli camaatın köməyindən yararlanmağı qərara alaraq elan verdirir ki, kim Məcid ağanın yerini söyləsə ona öküz və xəs veriləcəkdir. Bundan başqa Məcid ağa ilə arası olmayan bir sıra nadürst sapı özümüzdən olan baltaların da iştirakı ilə mümkün variantlar hazırlanır və onun harada qərarlaşacağını təxmin edirlər. Dekabrın soyuğunda Şah talasına hücuma keçən sovet əsgərləri buraya daxil olduqda Məcid ağanın sarayında yalnız arvad-uşağın qaldığını aşkar edir. Məcid ağa ailəsini hökümətin əlində qoymaqla onlara toxunulmayacaqlarını yaxşı bilirdi, o dövrün kişilik ənənələrində qadına, ailəyə toxunulmazdı, hətta düşmən olsa belə və Arbuzov başa düşürdü ki, kişiyanə bir hərəkətlə elə də uzaqda olmayan, dağları özünə səngər edən insanla döyüş aparmalı olacaqdır. Arbuzovun əmri ilə evi tərk edən ailənin üzvlərini həbs edirlər və topların istiqamətini onun ikimərtəbəli evinə yönəldirlər. Uzunmüddətli davam edən yaylım atəşindən sonra evin divarları sadəcə cuzi bir formada zədələnir və öz varlığını ta sovetlərin dağıldığı günə qədər qoruyub saxlayır. Yalnız son illərdə qızıl tapmaq arzusu ilə yerli camaatın bəzi üzüqara nümayəndələri hörgü daşlarını dağıdırlar amma o evin yeri və daşları hələ də qalmaqdadır. Arbuzov əməliyyata başlamamışdan əvvəl yerli dağlıq şəraiti öyrənmək məqsədilə bir qrup rus əsgərini kəşfiyyata yollayır, bütün bunları isə qənşərdən “binokulla” izləyən Məcid ağa çovğunun çaşdırdığı əsgərləri əsir alaraq, yaxın adamlarının onları öldürmək təklifinə rəğmən o, bu əsgərlərə dəymir, yalnız Qara Musanın ciddi-cəhdindən sonra bu 8 xristian rus əsgərlərini müsəlman qaydasında sünnnət etdirir. Hər biri 18-20 yaşlarında olan bu əsgərlər bir qaşıq qanla canlarını qurtara bilirlər. Bunlardan vəcdə gələn Arbuzov Məcid ağanın kişiliyinə heyran qalaraq onu öz gözlərinə ucaldır və öz işinə daha ciddi yanaşmağa başlayır. Tarixi məlumatlara görə həmin ilin amansız qışında qarın çox yağması və dözülməz şaxtalar vəziyyətin dramatik həddə gəlib çıxmasına səbəb olur. Rus ordusu Keçi dərəsinin dolaylarında qərarlaşan qaçaqlara tərəf dəfələrlə hücuma keçsələr də hər dəfə də ciddi itkilər verərək geri çəkilirlər. Bu cəhdlərin birində isə Arbuzov dizindən ağır yaralanaraq mübarizə meydanını müvəqqəti tərk etməli olur. Və beləliklə də davam edən bu savaşın ömrü qarı şaxtasıyla 1930-cu ilə qədəm qoyur.

Uzun zamandan bəridir ki, o yerlərin qocaları hələ də Məcid ağa əfsanəsi haqqında öygü ilə danışır və fəxrlə yad edirlər o insanı...Bəli 1930-cu ilin dəhşətli qışı Sovet höküməti ilə mübarizə aparan qaçaqların sonu olur. Son qüvvələrini toparlayan qaçaqlar uzun müddətli və son bir müharibəyə hazırlaşırlar. Keçi dərəsində dağların döşündə və Qara qaya yaylağında qurulan üst-üstə üç səngər dağın qartallarının müdafiəsini təşkil etməkdə davam edirdi. Bu cür açıq hücumlarla onları məğlub olacağından ümidini itirən hökümət yeni-yeni yollara əl atmağa başlayırdı . Gecə hücuma keçən ordu külli miqdarda canlı itki verərək geri dönməli olur.

Qırmızı bayraqlı ordu komandanlığı ciddi-cəhdlə ilin sonunadək antiinqilabı ünsürləri və onların dəstələrinin ləğv etməyi bir vəzifə kimi qarşıya qoyurdu.

Bu müddət ərzində qaçaqlar da öz növbəsində silah və ərzaq ehtiyatını qoruyaraq yazadək-qar əriyib dağ yolları açılanadək vuruşmağı qərara alırlar. Deyilənə görə, həmin ilin qışı olduqca sərt keçir və qaçaqlara olmazın əzablar gətirsə də, onlar mətanətlə sinə gərməkdə davam edirlərdi. Ta o vaxtadək ki, onları bu səngərlərdən çıxara biləcəklərdi. Qoşun rəhbərliyi hər gün ciddi yerli adamlar hesabına casusluq fəaliyyətini genişləndirir və ələ düşən ilk imkandan faydalanmağa çalışırdı. Elə buna görə də il kiçik çillə üstünə dönəndə Sibir kimi soyuq şaxtalı fevral gecəsində dərəyuxarı hücum əmri verilir. Bu gecə həqiqətən də dözülməz soyuq olduğundan yuxarı postda növbə çəkən qaçaq orta postda keşik çəkən həmkarının yanına enir ki, olduğu müddətdə burada həm vaxtını keçirsin, həm də işinə bilsin. Amma onun ağlına gəlmirdi ki, buraxdığı bu səhv tək onun özünün deyil, bütün qaçaqların canı bahasına olacaqdır.

Qoşun nəhayət dərəbaşındakı səngərə çatır və buranı zəbt edir. Komandirin əmrinə görə onlar səngərə doluşaraq qaçaqların nə vaxt gələcəyini gözləyirlər.

Iki saatdan sonra xəbərsiz-ətərsiz fit çala-çala səngərə daxil olan qaçaq namərd gülləsinə can verir. Alt səngərdə keşik çəkən digər qaçaq naməlum bir tüfəngdən açılan güllə səsini duyunca nəsə pis bir şeyin baş verdiyini anlasa da, səngərini tərk etməyərək gözləməyi qərara alır. Bir neçə saat gözləyən qoşun heç kəsin gəlməyəcəyinə əmin olduqdan sonra ikinci postu tutmaq üçün aşağıya doğru hərəkət edir.

Bayaqdan səngərdə nigarançılıqla gözləyən Niftalı ağa yaxınlaşan qoşunu görən kimi ilk gülləsini xəbər məqsədilə dərəboşluğuna boşaldır.

Gecənin şirin yuxusunda olan Məcid ağa Niftalı ağanın qoşa lülləsindən atılan güllə səsini eşidincə hamını ayağa qaldırır.

Uşaqlar, bu Niftalı ağanın xəbərdarlığıdır özü də xeyirli məqsədlə deyil. Tez silahlanın və ehtiyatla bayıra çıxın. Yuxarıda isə Niftalı ağa qeyri-bərabər döyüşdə həlak olur.

Qısa müddətdə yuxarıda nə baş verdiyini anlayan Məcid ağa təcili son hərbi yığıncağını çağırır və qısa zamanda qərar qəbul etməli olduğunu bildirir. Uzunmüddətli bir mübarizənin bu cür bitəcəyindən sarsılan əksər qaçaqlar onun daha davam etdirilməsinin mənasız olduğunu bildirirlər. Nəhayət Məcid ağa qəti qərara gəlir, hər kəs azaddır, mənimlə gəlmək istəyən gələ bilər.

Məcid ağa ilə yalnız onun böyük oğlu Cəmşid ağa və qohumu Mahmud ağa getməyi qərara alırlar. Məcid ağanın bu üç nəfərlik dəstəsi dağ yolu ilə Çətindərə adlı qədim yaşayış məskəninə hərəkət etməyə başlayır. Dəstədən ayrılan qaçaqlar Allah ümidi ilə Avasalı kəndinə gələrək gecəykən Məcid ağanın tanışlarından olan Məmməd kişinin qonağı olur və hallarından xəbərdar olan Məmməd kişi qonaqları evində yox, həyətində yığılan qarğıdalı tayasının içində gizlədir.. Uzun zamandan bəri sonuncu səngərdən səs gəlmədiyini anlayan qoşun ora daxil olduqda heç kəsi tapmır, güclü küləyin isə qarı sovuraraq izi itirdiyini görürlər. Yerli casusların ağıllarına ilk gələn o olur ki, kəndə tərəf yollansınlar və qaçaqları orada axtarsınlar.

Məmməd kişi qaçaqları axtaran qoşunun gəldiyini eşidən kimi kiçik oğlu ilə bərabər onlara xəbər göndərir. Qara Musa başda olmaqla bütün qaçaqlar həbs edilirlər. Yeni təyin olunmuş komandiri əvəz edən Arbuzov isə sağalaraq öz vəzifəsinə qayıdır və tutulan qaçaqların arasında Məcid ağanın olmadığını görüncə fəxr hissi ilə köksünü ötürür.

Bu qaçaqları mühakimə edən Şura hökuməti isə onlara güllələnmə hökmü kəsərək icranı yerinə yetirir. Amma hələ də Məcid ağanı ələ keçirmək mümkün olmurdu. Silahdaşlarının həbsindən və güllələnməsindən xəbərsiz olan Məcid ağa gecə ilə öz ətrafındakılarla birgə Çətindərə istiqamətinə yol alırlar. Çətindərə indiki Gədəbəy rayonu ilə Daşkəsən rayonunun aralığında qədim yaşayış məskənidir və yerli əhali uzun müdddət bundan öncə bu dağlar qalasında məskunlaşmışdır. Ağalığının gəlhagəl vaxtında Məcid ağa buraya tez-tez ova gələr və günlərlə burada dostlaşdığı İsgəndər kişinin qonağı olardı. Elə indi də bura yan alması bu səbəbdən idi ki, İsgəndər kişinin köməyi ilə burada bir neçə gün daldalanaraq bir tərəfə çıxsınlar. Dəstə qaranlığın düşməsindən istifadə edərək qara damlardan birinə yanaşdılar və qapını taqqıldatdılar. Qapı astaca aralandı, İsgəndər kişi Məcid ağanın gəldiyini görən kimi cəld onları içəri dəvət edir və gecəni burada qonaq saxlayır. Söhbət əsnasında olanlardan xəbər tutan İsgəndər kişi onları daha etibarlı bir sığınacaqda gizlətmək üçün fikirləşir və qərara gəlir ki, növbəti gecə ağaları qarşıda yerləşən qayanın içində otağabənzər kahada yerləşdirsin. Yenə də səhərə yaxın bir qədər ərzaqla Məcid ağanı qayada yerləşdirən İsgəndər kişi arxalarınca da qoyun sürüsünü keçirərək izi silir. Amma nə qədər ehtiyatlı olsada qonşusu Ələsgər Məcid ağanı görə bilir və tanıyaraq onları izləyir.

Qara Musanın ələ keçməsindən və Məcid ağanın tutulmamasından sonra mübarizə hələ də davam etdirilirdi. Yerli casusların ehtimalına arxalanan Arbuzov dəstənin hara gedə biləcəyi ehtimalı üzərində baş sındırır və onun ətraf ərazilərdəki dostları haqqında raport tələb edir. Çətindərədə İsgəndər kişi ilə əlaqəsi olduğuna dair xəbərdən sonra Arbuzov ora göndərilən casusun hansı xəbərlə qayıtmasını səbirsizliklə gözləyir. Casus İsgəndər kişidən bu haqda nəsə öyrənə bilməsə də qonşunun satqınlığı nəticəsində məlumatla geri dönür və nəticədə qoşun silahlanaraq qarlı dağ yolları ilə Çətindərə yaylağına son döyüşə yola düşür.

Bu dünyaya vəfasız deyənlər həqiqətən də çox vaxt yanlmış olmazlar desək, daha düzgün olardı. Zəmanənin qırdı-qaşdılığını görəndən sonra, bir stol arxasında çörək kəsdiyin dostunun vəfasızlıq elədiyi bir dövranda, ağsaqqallar incə-incə köks ötürərək köhnə zəmanədəki, köhnə kişiləri tez-tez xatırlamağa başlayırlar. O dövrün vurub-tutan insanlarının simasında Məcid ağanı hamı xatırlayır, o insanların özləri qanun-qayda idilər, dağdan ağır kişilər, hələ də ürəklərdə özlərinə qurduqları abidə ilə yaşayanlar, uzaqgörənlikləri igidlik və cəsurluqları ilə ağıllarda qalırlar. Məcid ağa gözdən-könüldən uzaq, hamının unutduğu bir bölgədə misilsiz tarix yazmağı bacardı. Ermənilərin Gədəbəy bölgəsinə hücumunun qarşısını aldı və Azərbaycanın sovetlər tərəfindən işğalından sonra milli-azadlıq mübarizəsinə başladı. Biz çox qəribə millətik, tariximizi öyrənməklə heç olmasa harada səhvə yol verdiyimizi başa düşərik, elə bu ağaların məğlubiyyətinin səbəblərinə baxanda məlum olur ki, öz içimizdən olan xainlərin ucbatından baş verdiyi önə çıxır. Bu günün özündə də, o insanların həyatda olanları tarixin məzəmməti qarşısında əzabla yaşamaqdadırlar. Bəli, Məcid ağa Azərbaycan tarixinin öyrənilməmiş. Gizli qalan bir tarixidir şərəflə və şanla yazılıb...

Çətin dərədə qalın qar keçilməz bir bəndi-bərə əmələ gətirmişdi. Yollar, çaylar, bu qalın ağ yorğanın altında yuxuya dalmışdı. Dağlar vüqarla qış günəşinin altında parıldayırdı, bir yandan dərələrdən qalxan qalın duman zirvəyə doğru yorulmadan sürünə-sürünə qalxırdı. Bir azdan dağların sis dumandan görünməz olacağına heç bir şübhə yox idi. Hər yan səngər idi. Hər yan qaçaqlara alınmaz qala idi. Təbiət özü sinəsinin sipər edərək oğullarını yaxınlaşan qırmızı ölümdən qorumağa çalışırdı.

Qırmızı ordu son döyüşə hazırlaşırdı. Bu döyüş hər şeyin sonu olacaqdı. Gədəbəyin sovetləşməsi nəhayət, başa çatacaqdı. Bu faktiki işğal idi, amma nə yazıqlar ki, bir çox kəndlilər və satqınlar bunu anlamaqda aciz idilər, ərazini yad ordu işğal edir, sənsə ona könüllü yardım edəsən ki, rahatlıqla məhkum olunasan.. Sovet ordusu dolama yollarla minlərlə əsgərini Çətin dərəyə gətirib-çıxara bildi. İsgəndər kişi sorğu-suala çəkildi, Məcid ağa haradadı? Heç bir cavab almayan qoşun ətrafı aramağa başladı, qarlı dağlarda, adamvuran şaxtada bu mümkün deyildi, bunu bildiyindən İsgəndər kişi rahat idi. Hökumət Məcid ağanı tapa bilməyəcəyini anladığı üçün yerli əhalini ələ almağa çalışırdı. Kim Məcid ağnın yerini xəbər versə ona bir cüt öküz xışı veriləcəkdi. Hamı dağda-daşda Məcid ağa axtarırdi... Qələmli kəndində Qaranın oğlu Keçəl də satqınların arasında idi. Ümid edirdi ki, o, Məcid ağanı tapacaq və bu mükafatı qazanacaqdır. Bunu bilən Qara kişi oğlunun bu yoldan çəkindirməyə çalışmışdı, cavabında onların dövranı getdi dədə, deyə etiraz etmişdi. Qara kişi zamanında Məcid ağanın qapısında işlədiyini, çörəyini yediyini unutmamışdı. Ona görə də, oğluna bunu xatırlatsada bir faydası olmadı və əvəzində ata qarğışı qazandı, get, ona Məcid ağa demərəm gülləni ağzına atmasa, qoşunun önündə idi Keçəl, İsgəndər kişinin qonşusu Məcid ağanın yerini xəbər vermişdi. Kişini qonşusunun namərdliyi yaman sarsıtmışdı. Amma sonadək heç kəsə heç nə demədi. Keçəl və qonşusu başda olmaqla qoşun ağaların gizləndiyi qayanı əhatə etmişdi. Amma buranı necə alacaqlarını bilmirdilər. Qara kahaya yol yalnız onun dibində bitən palıd ağacına çıxmaqla mümkün idi. Amma bu işi kim edəcəkdi, Məcid ağa bir səhər qoşunun onları əhatə etdiyini görəndə ani və qəti bir qərarla son döyüşə hazırlaşmaq haqqında qərar verdi. Lakin bundan öncə yanında olan sevimli oğlu Cəmşid ağanı yola salmalı oldu, Cəmşid ağa getmək istəməsə də Məcid ağa, get, tezliklə arxanca gələcəyəm, deyə bildirdi.

Nəhayət, tək qalan Məcid ağa oturub öz gizləndiyi evində düşmənini qarşılayan yaralı aslan kimi düşmənini gözləməyə başladı. Plan tökən komandir isə qərara aldı ki, birinci olaraq Məcid ağaya xəbərdarlıq etsinlər, bunun üçün Keçəli qayaya göndərdi, ayağı dolaşa-dolaşa palıd ağacına dırmaşan Keçəl ağaya necə yaltaqlıq edəcəyini düşünürdu. Ağa dürbini gözündə müşahidə apararkən lap gözünün qabağında bir motal papağın qaraldığını görür, dürbini yerinə qoyur, ehmalca onatlanı götürür və ucuyla papağı itələyib salır qabağında işıldayan Keçəl başı gördükdə az qaldı ki, çaxmağı çəksin. Amma qərara aldı ki, görsün bu kimdi, sualında keçəl, Məcid ağa mən filankəsin oğluyam deyib, ağanı qılıqladı. Məqsədin nədi bala, ağa, qoşun sizi əhatəyə alıb təslim olmağınızı tələb edirlər, ağa nolar ki, bala, əvvəl düş mənə bir səhəng su gətir, ağadan səhəngi alıb yerə düşdükdən sonra keçəl: Məcid ağa, daha sizin zamanınız keçdi, mən sovet hökümətinin düşməninə həyat verə bilmərəm, deyə ağzını açıb bağıranda səsi yarıda kəsildi, dibindən üzülmüş ağac kimi yerə gəldi, ağzının içinə atılan güllə keçələ lazım olan qismətini bəxş etmişdi...

Məcid ağanın ipə-sapa yatmayacağını anlayan komandir, bu dəfə İsgəndər kişini Məcid ağanın yanına göndərməyi qərara aldı. Məcid ağa İsgəndər kişini əsəbi qarşılayaraq, İsgəndər kişi: ağa, təslim olma onlar bunun üçün məni yolladılar və ağa əllərinə qurban olum ki, o əclafın payını verdiyin üçün İsgəndər kişi, deyə ağa səsləndi, mənə su gətir.. Ağacı yarıya qədər düşən İsgəndər kişini qəfil açılan atəş səsi dayandırdı, ürəyi üşürgələndi, bir saniyə belə itirmədən qabı yerə ataraq, yuxarı dırmandı, kahanın ağzından içəri girdikdə al-qan içində inləyən Məcid ağanı görərək özünü itirdi, içəri girmək istədi, ağanın hayqıran səsi onu saxladı, gəlmə, səni öldürərəm, inan ki, öldürərəm. İsgəndər kişi geri çəkilməli oldu, ikinci atəşlə sanki kişinin bütün dünyası yıxıldı, təkrar içəri girdikdə Məcid ağanı arxasıüstə uzandığını gördü, özünü irəli atdı, artıq gec idi, ağanın başını sinəsinə sıxaraq Məcid ağa, nə etdin, deyə bağırdı, Məcid ağa ikinci gülləni ürəyinə vurmuşdu. Bir müddət sonra ağanın nəşini qayadan endirdilər, Arbuzov bu neçə müddətdə onu bu dağlarda səfil edən insana baxırdı. Bu kişinin mərdliyinə vurulmuşdu, bir də əlində tutduğu onatılan onu hər şeydən çox təəccübləndirdi, Məcid ağa canına qıymazdan qabaq “Məcidi Məcid vurdu” yazmışdı silahının üstündə, Məcid ağanın ölümü böyük bir nəslin tarixinin sona çatması idi.

Cəmşid ağa isə atasından ayrıldıqdan sonra qısa müddətdə tutulmuş və ÇEKA onu xalq düşməni kimi mühakimə edərək güllələnmə hökmünə qərar vermişdi. Son nitqində bir çox qaçağın onun üzünə durmasını qeyd etmişdi. Sonradan məlum olur ki, tutulan qaçaqların hamısı öz canlarını qurtarmaq üçün Cəmşid ağanın üzünə durmuşdularsa da, xilas ola bilməmişdilər. Məcid ağanın sol əlinin barmağında heç bir zaman çıxarmadığı üzüyü vardi. İvanovkada Məcid ağanın nəşinə baxmağa gələnlərin sayı yox imiş, Əliqulu adlı birisi də varmış ki, ağanın barmağında bu üzüyü gördükdə saymazyana ağanın meyidinə yanaşar və barmağını bıçaqla kəsərək üzüyü götürərkən, bunu görən Arbuzov dəhşətə gələr, əclaf, sən nə edirsən, əgər Məcid ağa sağ olsaydı bunu etməyə cürətin çatardımı? deyərək tapançasını çıxarır və Əliqulunu yerindəcə güllələyir..

Hadisədən bir neçə gün keçdikdən sonra, gecə Məcid ağaya daim sadiq olan şəxslər qaranlığın düşməsindən istifadə edərək, Məcid ağanın nəşini sakitcə oğurlayaraq, onun təhqir olunmasına yol verməyərək gizlincə dəfn edirlər.

 

Əziz Əlibəyli

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort