• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Əli Musa oğlu Quliyev

E-mail Çap PDF

 

SSRİ EA-nın akademiki, üzvi kimya, neft kimya və neft emalı sahəsində görkəmli alimlərdən biri, Azərbaycan respublikanın əməkdar elm xadimi, iki dəfə SSRİ Dövlət və Azərbaycan SSRİ Dövlət mükafatı laureatları, kimya elmləri doktoru, professor, Azərbaycan SSRİ Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun direktoru Əli Musa oğlu Quliyev 1912-ci il may ayının 31-də Gəncə şəhərinin Bağbanlar qəsəbəsində anadan olub. Atası Məşədi Musa o dövrdə Bağbanlarda yaxşı tanınırdı. Məlumdur ki, Bağbanlarda keçmişdə əsas peşə bağçılıq hesab edilirdi. Bu bağlara suyun tənzimlənərək verilməsi işinə isə Məşədi Musa özü nəzarət edirdi. Deyilənə görə su paylama məsələsində ondan heç kəs narazı qalmazdı. Amma taleyin işinə bax ki, akademik Əli Quliyevin atası özü öz işinin qurbanına çevrilib. İki qonşu arasında düşən mübahisəni sakitləşdirmək üçün araya girərkən qəfildən başına dəyən bel ilə dünyasını dəyişmişdir. Atalarını vaxtsız itirən Quliyevlər ailəsinin ağrılı–acılı günləri başlayır. Lakin, anaları Zəhra xanımın halal zəhməti hesabına 7 uşaqlı ailə başqalarına bir qarın çörəyə möhtac olmur.

Gənc Əli 1927-ci ildə Gəncə şəhər Rus-Tatar məktəbində ibtidai təhsilini bitirib, Bakı Pedoqoji Texnikumuna daxil olur. Texnikumda təhsilini başa vurduqdan sonra, 1931-1934-cü illərdə Goranboy rayonunun Borsunlu və Goran kəndlərinin ibtidai məktəblərində müəllimlik edir.

Beləliklə, 1934-cü ildə ziyalımızın Bakı həyatı başlıyır, daha dəqiq desək elmi ixtiralarının bünövrəsi qoyulur. 1934-cü ildə ali təhsil almaq məqsədilə Bakıya gələn Əli Quliyev S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə daxil olur. 1939-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib Dövlət imtahan komissiyasının qərarı ilə üzvi kimya kafedrasında assistent vəzifəsində saxlanılır. O, hələ tələbə ikən, 1937-ci ildə V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı Sənaye İnstitutunda elmi fəaliyyətə başlayır. Əli Quliyev 1940-cı ildə Sov İKP sıralarına qəbul edilir. O, 1941-1942-ci illərdə V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı Sənaye İnstitutunda qurğu rəisi, daha sonra isə mühəndis vəzifəsində çalışır.

Böyük vətən müharibəsi illərində V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı Sənaye İnstitutunda ölkənin müdafiəsi üçün elmi-tədqiqat işləri aparan sektorlar və briqadalar yaradılır. Əli Quliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə o dövrdə çox mühüm əhəmiyyəti olan tank əleyhinə yandırıcı butulka ampulalarının resepti hazırlanır və müvəffəqiyyətlə sınaqdan keçirilir.

Məhz, Böyük vətən müharibəsi illərində Əli Quliyev faciəvi, lakin çoxlarına örnək ola biləcək bir hadisə ilə üzləşir. Burada da erməni məfkurəsi özünü göstərir. Akademik bir maddə kəşf edir və göstəriş verir ki, heç kəs bu maddəyə yaxınlaşmasın. Anacq bir erməni laborant hər vəchlə akademikin bu nailiyyətinin üstündən xətt çəkməyə çalışır. Məhz, erməni laborantın xəlvəti olaraq akademikin elmi kəşfinə müdaxilə etməsi Əli Quliyevi böyük bir itkiylə üz-üzə qoyur. O bir qolunu itirir. Hər şeyə rəğmən akademik istəyinə nail olur. 2-ci dünya müharibəsində Əli Quliyev qələbəyə töhvəsini kəşfinin alınacağına inamını itirmədən və ən əsası qolunun biri olmadan verir.

Alim həmçinin yanğın tərəfdən döyüş sursatlarının reseptini hazırlayaraq, onların istehsalını təşkil edir. Geniş miqyasda mühüm dərman maddələri və yuyucu vasitələr yeni katalitik proseslər işləyib hazırlayır. Əli Quliyevin bilavasitə iştirakı ilə aviasiya benzininin yüksək oktan ədədli kompanenti olan alkilbenzol işlənib hazırlanıb, sənayedə istehsal edilir. Doğma vətənimizə hədsiz məhəbbəti akademiki xüsusi tapşırıqları fədakarlıqla yerinə yetirmək üçün bütün bilik və bacarığını sərf etməyə vadar edir.

Hökumət tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyinə görə o,”Şərəf nişanı” ordeni, ”Qafqazın müdafiəsi” uğrunda , “1941-1945-ci illər Böyük Vətən müharibəsində əmək rəşadətinə görə” və.s medallarla təltif edilir.

1943-cü il Əli Quliyev Kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Təbii qazda heksametilentetraminin alınması” mövzusunda dissertasiya müdafiə edib alimlik dərəcəsi alır.

Əli Quliyev 1944-cü ildə “Təbii qazda heksametilentetraminin alınması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib Ali Attestasiya Komissiyasının qərarı ilə kimya elmləri namizdi dərəcəsinə və baş elmi işçi adına layiq görülür.

Əli Quliyev Sovet ittifaqında sürtkü yağları və yanacaqları istehsal edən mərkəzlərdən biri olan Azərbaycan SSR Aşqarların yaradılması probleminin həll edilməsi işində heç də kənarda qala bilməzdi. Təsadüfi deyildir ki, sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk sovet aşqarı məhz Azərbaycanda V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı Sənaye İnstitutunda Əli Quliyevin rəhbərlik etdiyi laboratoriyanın apardığı məhsuldar əməyin sayəsində yaradılaraq, sənaye miqyasında tətbiq edilib. Aşqarların böyük əhəmiyyətini nəzərə alaraq, müharibədən sonra 1945-ci ildə xüsusi laboratoriya yaradılıb və ona Əli Quliyev rəhbərlik edib.

1948-ci il SSRİ Nazirlər Sovetinin qərarı ilə neft yağlarının keyfiyyətinin yüksəldilməsi üsulunu işləyib hazırladığına görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülür. 1951-1960-cı illər S.M.Kirov adına ADU-də üzvi kimya kafedrasının müdiri olur. 1952-ci il SSRİ Ali Təhsil Nazirliyi yanında AAK-ın qərarı ilə kimya elmləri doktoru alimlik dərəcəsinə və “Neft kimyası” kafedrası üzrə professor elmi adına təstiq edilir. Alim 1952-56-cı illərdə V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı Sənaye İnstitutunun 4 nömrəli şöbəsinin rəisi təyin olunur. 1953-cü il 2-ci dəfə keçmiş Bakı şəhər Şaumyan rayon Zəhmətkeş Deputatları Sovetindən deputat seçilir. 1956-1959-cu illərdə V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı Sənaye İnstitutunda yağ aşqarları laboratoriyasının müdiri təyin edilir. O, 1958-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1 il sonra isə akademiyanın həqiqi üzvü seçilir.

Görkəmli alim 50 illik elmi fəaliyyəti ilə aşqarlar kimyası sahəsində elmi məktəb yaratmışdır. Onun məktəbinin yetirmələri sırasında 19 elmlər doktoru, 60-dan çox elmlər namizədi var.

Ə.M.Quliyev neft kimyası, aşqarlar kimyası və üzvi kimyanın mühüm problemlərindən bəhs edən 600-dən çox elmi əsərin, o cümlədən 200-ə yaxın ixtira və 10 monoqrafiyanın müəllifidir. 1972-ci ildə çapdan çıxan "Yağlara və yanacaqlara əlavə edilən aşqarların kimyası və texnologiyası" monoqrafiyası keçmiş Çexoslavakiyada slavak və Macarıstanda macar dillərinə tərcümə olunmuşdur.

Alimin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, iki dəfə "Qırmızı Əmək Bayrağı", üç dəfə "Şərəf Nişanı" ordeni, beş dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və bir neçə medalla təltif edilmişdir. Yüksək təsirli aşqarların sintezi və onların istehsalı texnologiyasının hazırlanması işlərinə rəhbərlik etdiyinə görə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 2 qızıl və 4 gümüş medalına layiq görülmüşdür.

Böyük alim Əli Quliyev məhz ölkəmiz müstəqillik qazandıqdan sonra haqqın dərgahına qovuşdu. 2-ci dünya müharibəsi illərində vətəni üçün sağlamlığını fəda edən gənc Əli, ahıl yaşında torpaqlarımızın erməni qəsbkarları tərəfindən alınması ilə barışa bilmir. Alim 1992-ci ildə Bakı şəhərində dünyasını dəyişir.

Akademik Əli Məşədi Musa oğlu Quliyevin xatirəsi əbədiləşdirilmiş, 1992-ci ildə 80 illik yubileyi ərəfəsində yaradıcısı olduğu Aşqarlar Kimyası İnstitutuna onun adı verilmişdir.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort