• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Gəncənin Sofulu məhəlləsi

E-mail Çap PDF

 

Sofulu məhəlləsi güneydən Ozan, Şah Abbas meydanı, gün çıxandan Əttarlar, Şatırçılar, Dəmirçilər, Dörd yol, gün batandan Sadan, Səfərabad, Haxlı, Tatabad, quzeydən Dəmirçilər, Qacarlar məhəllələri ilə dövrələnib. Məhəllə çox güman ki, Gəncənin yeni yerə köçməsindən əvvəl mövcud olmuşdur. Mərhum F. Əhmədov "Gəncənin tarix yaddaşı" kitabında Sofulu məhəlləsinin adı haqqında yazır: ".... azəri türklərinin etnogenezində iştirak etmiş Kəngərli tayfasının bir qolunun adı ilə bağlıdır". 1.140.

Bu fikir tamamilə səhvdir. Kəngərli eli Bəydilli, Qaracadağlı, Yurdçu, Qaradolaq, Sarvanlar, Xal - Xal, Pir Həsənli, Qızılcalı, Ağabəyli, Salahlı, Həmən, Qaraxanbəyli, Hacılar, Cəmşidli, Bilici, Qızılqışlaq, Hacatay, Qaracallı, Kəlfirli, Ərəfsəlli, Əlixanlı, Qarabulaqlı, Qara Həsənli, Rəiyyətli, Tatarlı, Bulqarlı, Divbarlı, Ələkbərli, Kərəmpa, Kürdmahmudlu qollarına bölünür.

Bizim göstərdiyimiz siyahıdan da görünür ki, Kəngərli tayfa birliyində Sofulu eli olmamışdır.

Sofulu sözü "Sufi" sözündən götürülub.

1. Sufi təriqətinə mənsub olan adam.

2. Zahid - kobud yun parçadan xirgə geyib tərki dünya olmuş dərvişlər bu cərəyana mənsub idilər.

Dərvişlər hər zaman özlərini Allah - təala, peyğəmbər və əhli-beytin mədhiyyəçiləri sayıblar. "Dərviş öz evini çiynində gəzdirər" deyimi onların laməkan olmasına işarədir. Araşdırmalar göstərir ki, dərvişlik orta əsrlərdə yayılmağa başlayıb. Diyarbədiyar gəzən dərvişlər əsasən Allahın şəninə, peyğəmbərimiz və onun əhli-beytinin şərəfinə qəzəllər oxuyub, müqəddəsləri təbliğ edən mərsiyyələr deyərmişlər.

İslam ölkələrinin çoxunda dərvişlik ayrıca təriqət hesab olunur. "Dərviş" fars sözü olub mənası qapı-qapı gəzən, sədəqə toplayan adam deməkdir. Amma əslində onlar sədəqə toplayan dilənçilər, dərvişlər tamam fərqli həyat və düşüncə tərzinə malik olublar.

"Dərviş" sözü zaman-zaman geniş coğrafi məkanda uzun müddət istifadə edilməsi səbəbiylə dəyişik və daha geniş mənalar qazanıb. Məsələn, dərvişliyin bir mənası yoxsulluq və könül zənginliyi olubsa, ikinci mənası faniliyi ifadə edib.

Dərvişlər evlənməz, ailə həyatı qurmazdılar. Özlərini islamın, Allahın təbliğinə həsr edib şəhərbəşəhər, kəndbəkənd gəzər, Tanrıya, peyğəmbərə və imamlara həsr olunan ilahi mahnılar oxuyardılar. Belə mahnılar el arasında məhz dərvişlər vasitəsilə yayılıb və yaşadılıb. Həmin mahnıların bir çoxu bu gündə ifa olunmaqdadır.

Dərvişlər özləri də müxtəlif qruplara bölünür. Müxtəlif dərviş qardaşlıqlarında ayinlər, dini hərəkətlər, qəzəl, qəsidə, mərsiyyələrin oxunma tərzi fərqli idi.

Məsələn, rifailər oxumağa, mövləvilər dövrə vurmağa, isəvilər tullanma hərəkətlərinə, şuabilər isə rəqsə üstünlük verirdilər.

Orta əsrlərdə mənəvi və ruhani həyata yönələn müsəlmanlar arasında iki qüvvətli təmayül meydana çıxıb. Bu dərviş tiplərindən birinin mərkəzi İraq, digərinin mərkəzi İranın Xorasan şəhəri olub. Cəmiyyətdə fərqli bir zümrə kimi görünən bu dərviş qardaşlıqları dindarlığın mənəvi əsaslarına həssaslıqla yanaşdıqlarını iddia etməklə özlərinə məxsus ədəb-ərkan qaydaları nümayiş etdiriblər.

Onlar özlərini camaatdan fərqli göstərən davranışlara malik idilər. Həm İraq sufilərinin, həm də Xorasan məlamilərinin dərvişliyi hər dövrdə varlığını davam etdirib və tədricən xaricə - Orta Asiya, Əfqanıstan, Pakistan, Qərbi Hindistan, Anadolu bölgələrinə yayılıb.

Müxtəlif adlar altında toplanan dərviş zümrələri bəzi fərqliliklər göstərsələr də, onların təməl qanunları eyni olub. Təməl qanunlarına görə, onlar nəfsin arzularına hakim olmağı, ölçülü və intizamlı yaşamağı, ruhi yetkinlik və mənəvi oğlunluğa çatmağı bacarmalı idilər. Dərvişlərin çətinliklərinə söykənməsi, muradına çatması üçün səbrli və dözümlü olması şərt idi.

Dərvişlərin bir xüsusiyyəti də səyyah olmalarıdır. Məscidlər, imarətxanalar, xaraba və viranələr, hətta mağaralar səyyah dərvişlərin yerləşdikləri və gecələdikləri yerlər olub. Bəzi dərvişlər isə tapdıqları yeri tərk etməyiblər. Dərviş səfərinin məqsədi əziyyət çəkmək, nəfsi çətinliklərə alışdırıb öyrətmək, məlumatlı və yaxşı hal sahibi olan kəslərlə görüşüb onlardan faydalanmaq, Allahın böyüklüyünü göstərən dəyişik şeylər görüb ibrət götürməkdir. Bəzi alimlər dərvişliyi maddi aləmdən ruhi aləmə doğru atılan mənəvi bir addım kimi də qiymətləndirirlər.

Sufi rəqslərini oynayan dərvişlər adətən saat əqrəbinin əksinə fırlanmaqla başlayıb bir növ cisimlərinin hərəkətini təqlid edirlər. Bəzi alimlər bildirirlər ki, hal-hazırda Kəbə daşının ətrafında zəvvarların dolanması mərasiminin əsasında dərviş rəqslərinin fəlsəfi əsası durur.

Dərvişlər həmişə xarici görkəmlərinə görə seçiliblər. Qılıq və paltarlarına əhəmiyyət verməyən bu adamların üst-başları toz-torpaq içində, paltarları çirkli, saç və saqqalları uzundur. Onlara görə iç üzlərinin yaxşı olması üçün xarici üzlərinin çirkin görünməsi lazımdır.

IX əsrdən etibarən xarici təsirlərlə və İslamın özü ilə uyğunlaşmayan bəzi inanc, düşüncə və davranışlara sahib dərviş birlikləri yaranıb. Məsələn, sünnilər tərəfindən qəbul edilən həqiqi və rədd edilən suru dərviş tipi buna misal ola bilər.

Sünniliyin qəbul etdiyi həqiqi dərviş yoxsuldur. Onlar bir paltar və bir loxma çörəklə açıq olmalı, hər kəsə kömək etməli, haqsızlıqlara dözüm göstərilməli, bütün insanlar sevilməlidir. Onlar yaradandan ötrü yaradılanı xoş görür, günahkar insanlardan üz çevirməzdilər.

Klassik şair Sədi Şirazi bu tip dərvişlər barədə belə deyib: "Dərviş könül əhlidir, Allah adamıdır. Tapdalandıqca, daha yaxşı məhsul verən torpağa bənzər. Dərvişin əli, könülü və bədəni boşdur, əlində mal əldə etmə arzusu olmaz, bədəniylə günaha girməz".

Böyük türk şairi Yunus İmrə isə "Sən dərviş ola bilməzsən" adlı şeirində dərvişliyin çox çətin bir yol olduğunu vəsf edib. "Bu çətinlik haqqıyla bilinsəydi, kimsə dərvişliyi istəyən olmazdı" - deyə o, yazıb.

Zaman dəyişdikcə yeni-yeni təriqətləri yaranıb. Uzun müddət dastan, lətifə, nağıl və deyimə mövzu olan dərvişlər, əsrlər boyunca ictimai və dini həyatın əhəmiyyətli bi parçası olaraq varlıqlarını davam etdiriblər.

Bu gün də İslam ölkələrində dəyişik dərviş tiplərinə rast gəlinməkdədir. Hazırda Mərkəzi Asiya və Yaxın Şərqin bəzi ölkələrində sufi dərvişlərin müvəqqəti yaşamaları üçün xanəgahlar da var.

Azərbaycan da İslam dininə ibadət edildiyi bir ölkə olduğu üçün burada da zümrələri mövcud olub, indi də var. Orta əsr Azərbaycan miniatürlərində dərviş rəqslərini təsvir edən səhifələr var. Vaxtilə İran, Türkiyə, Orta Asiyadan dərvişlər həmişə böyük ürfan alimi, Şəms Təbrizinin müəllimi Şeyx Yəhya Bakuvinin Şirvanşahlar saray kompleksindəki türbəsini ziyarətə gəlirmişlər. Bəzi araşdırmaçılar tanınmış rəssam Səttar Bəhlulzadəni Azərbaycanda yaşayıb-yaratmış ən məşhur dərviş hesab edirlər. Rəvayətə görə, vaxtı ilə Şeyx Yəhya Bakuvinin Şirvanşahlar saray kompleksindəki türbəsini ziyarətə gələn dərvişlərdən biri burada kiçik yaşlı Səttar Bəhlulzadə ilə rastlaşır və onunla bir müddət söhbət edir. Deyilənlərə görə, Səttara dərvişliyi təlqin edən həmin şəxs ona dərviş fəlsəfəsini aşılaya bilib.

Azərbaycanda Sufilik cərəyanı haqqında ilk dəfə Fuad Qasımzadə, Zümrüd Quluzadə, Solmaz Rzaquluzadə yazmışlar. Azərbaycanda orta əsrlərdə sufilik təriqətinin İran təsəvvüf rolu çox inkişaf etmişdir. Sufilik təriqətinin islam prinsiplərinə daha doğrusu şiə məzhəbinə uyğunlaşdırılıb sistem halına salan böyük islam alimi Tuslu Məhəmməd Qəzali (1059-1111) olmuşdur. O, sağlığında müasiri olduğu və şiə məzhəbinə bağlı olan böyük alim Əbu Əli ibn Sina və zəmanəmizin böyük filosofu cığatay türkü Əl Fərabi ilə elmi mübahisələr aparmış inam və etiqadı fəlsəfəyə qarşı qoymuşdur. O, sübüt etməyə çalışırdı ki, məbud olan Allah insan əqlindən kənarda olan uca bir həqiqətdir. Bu həqiqətə çatmaq üçün zəka ilə yox, məhəbbətlə qovuşmaq olar. Bu məhəbbət sufi məhəbbətidir.

O, sübut edirdi ki, kainatda görülən nə varsa Allaha məxsusdur. Ondan kənarda heç nə yoxdur. Qəzali yazırdı: "Təsəvvüf qəlbini yalnız Allaha bağlamaq və Allahdan kənarda olanlarla əlaqəni kəsməkdir." 3.32.

Şiə məzhəb sufi şairi Şeyx Fəridəddin Əttar (1137-1220) zəmanəsinin tanınmış sufi şairi idi. O, Mənsur Həllacı özünə rəhbər bilib, onun "Ənəlhəq" kəlamına mistik məna verirdi. O, özünü yaradanda yox-yaradanı özündə (cismində) bilirdi. Onun bu fikrini düzgün anlamayanlar ən nəhayət onu "Ənəlhəq"- "Mənəm Allah" kəlamına görə edam etdilər." Edam qabağı bura yığılanlar sənin qullarındır. Dinlərinə olan bağlılıq özündən və sənin rizanı qazanmaq ümidilə məni öldürmək üçün toplaşıblar. Onları əvf et. Yaxşı bilirəm ki, mənə açdığın sirləri onlara açsan, yaxud onlardan gizlətdiyin şeyləri məndən də gizlətsən bu hal başına gəlməzdi. Düzəltdiyin şeylər üçün sənə həmd olsun, dilədiyin şeylər üçün də yenə sənə həmd olsun Allahım". 4.335.

Şərq təsəvvüf (sufilik) cərəyanının ən böyük simalarından biri də Mövlanə Cəlaləddin Rumidir (1207-1273). O, Allaha qovuşmağın bir yolu olduğunu yazırdı. Bu yol ilahi eşq yolu idi. Allaha qovuşmaq ən böyük xoşbəxtlikdir. Buna çatmaq üçün Quranın daxili mənasını açmaq, Qurana Məhəmməd (s.ə.) peyğəmbərin hədislərinə müraciət etməyi əsas tutur. Qurani-Kərimin "Bəqara" sürəsinin 29-cu ayəsində buyrulur: "Hər şeyi bilən Odur".

Bu göstəriş başqa şərq sufiləri kimi Cəlaləddin Rumi üçün bir mütləq dayaqdır. "Onun"- hər şeyi bilməsi belə anlaşılır ki, "O" hər vaxt insanların qəlbindədir. Allahı hər an anmaq, yəni "dua" etmək, onu hər an "Zikr" etmək zikrin vasitələrindən biridə "Səma" - Allahı rəqs və musiqi ilə anmaqdır. Cəlaləddindən sordular:

-Eşq nədir?

Dedi: "Mən ol da bil"

İslamı qəbul etmiş Türklər təsəvvüfi (Sufiliyi) ilk olaraq dünya malında gözü olmayan, ilahi məqsədə çatmağa can atan dərvişlərdən təsəbbüf cərəyanını əkz etdilər. Bu işdə onlara dəvətçi Türk dərvişlərinin qurucusu şair Əhməd Yəsəvi (1075?-1166) olmuşdur. Əhməd Yəsəvi yaratdığı təriqəti şəriətlə uyğunlaşdırmışdı. Onun təriqətində ayin və mərasimlər mövcuddur. Onun təriqəti 10 əsasa (dayağa) söykənir.

1.Şeyxə tabelik.

2. Təriqətin rəmzlərini anlamaq və ona sahib çıxmaq.

3. Şeyxin sözlərinə və tələbinə tabe olmaq.

4. Şeyxə xidmət etmək.

5. Şeyxin etimadını qazanmaq.

6. Əhdə vəfa, anda inanmaq.

7. Müridin mal və mülkünü şeyxə verməyə hazır olmaq.

8. Başını ver - sirrini vermə.

9. Şeyxin bütün öyüd və nəsiyyətlərinə inanıb riayət etmək.

10. Allaha çatmaq üçün şeyx yolunda canını qurban vermək. Şeyx təriqətin başçısıdır. Onun bu on təliminə qeydsiz - şərqsiz əmək etməyən yəsəvi təriqət ola bilməz.

Təsəvvüfliyin isə altı fəlsəfi yolu var:

1. Mərifət - haqqı dərk etmək.

2. Səxavət - mütləq comərdlik.

3. Sidqi-həqiqi doğruluq.

4. Yəqinlik - doğruya can atmaq.

5. Təvəkkül - dolanmağa şükranlıq.

6.Təvəkkülü dərindən və dəqiq düşünmək.

Yəsəvilik türklər arasında təsis edilən ilk müsəlman təriqətidir. Türklər arasında yaranan təriqətlərdən biridə Bektaşilik, Nəqşibəndilik, Mövlanəlik, Xəltvətilikdir.

Bektaşilik təriqətinin yaradıcısı Hacı Vəli Bekdaşdır (1209-1270). O, Əhməd Yəsəvinin və loğman Parəndənin dərvişlərindəndir. Ona görə Allah insana 4 ünsürdən - 1. Su, 2. Günəş, 3. Torpaq, 4. Havadan xəlq edib. İnsanlar da 4 qrupa ayrılır.

Ariflərin əsli sudandır. Onlar mərifət tayfasıdırlar. Ariflər təmiz həmdə təmizləyici olmalıdırlar.

Zahidlər - əsilləri atəşdir. Bunlar gecə - gündüz Allah naminə yanırlar.

Mühiblər - həqiqət tayfasıdırlar. Bunların əsli torpaqdandır.

Abidlər - şəriət tayfasıdırlar. Əsilləri havadandır, hava insana qüvvət və şəfa verir.

Ariflər, Zahidlər, Mühiblər və Abidlər - "Zahir" əhlidirlər.

Sevənlər isə "Batin" əhlidirlər.

Bektaşilər fikirlərini Quran ayələri və peyğəmbərin hədisləri ilə əsaslandırırlar. Onlara görə əsl qüdsi eşq ilahi eşqdir. Eşq canı hərəkətə gətirir, yandırır. Buna "Məhəbbət" atəşi deyilir.

Bektaşilər ramazan ayını matəm ayı kimi qəbul edirlər. Çünki, bu ayın 19-da Həzrət Əli (ə.s.) yaralanıb və ayın 21-də ölüb.

Onlara görə ən gözəl ay-bayram Novruz bayramıdır. Çünki, Əli ibn Əbu Talib bu ayda doğulub. Bektaşilər Əbubəkri, Öməri, Osmanı lənətləyir. Peyğəmbərin arvadı Ayişəni pisləyirlər. Çünki o, Həzrəti Əlinin (ə.s.) əleyhidarı olub. İmam Həsən və İmam Hüseyni qatili olan Yəzidə Əməvilərə lənət yağdırırlar. Ən çox şah İsmayıl Xətainin şerlərini sevirlər.

Xətaiyəm bir haləm

Əlif üstündə dalən

Sufiyəm təriqətdə

Həqiqətdə abdaləm.

Şah İsmayıl Xətai II-ci cild 1976 səh. 5.40.

Şah İsmayıl da şerlərində Vəli Bektaşı hörmətlə xatırlayır. "Xatirə biçarə quldur Şahına Xunkar Hacı Bektaş nəzərgahına".

Əli şiru Xudadur şahi-mərdan

Məhəmməd həqqə peyğəmbər gəlübdur

Ga həqdən Zülfüqar oldu Əliyə,

Əli qulluğuna Qəmbər gəlübdür.

Azərbaycanda ələvi - şiə təlimidə mövcud olmuşdur. Bu təlim öz başlanğıcını Vəli Bektaşın Bektaşilik təlimindən götürmüşdür. Onlar Allahdan başqa yaratdığı (məbud) olmadığını qəbul edirlər. Məhəmməd (s) onun rəsulu, Əli (ə) müsəlmanların valisidir (rəhbəri) deyirlər. Onlara görə "əhli beyt"-ə bu müqəddəs ailədə Məhəmməd (s) Əli (ə), Fatimə (r) Həsən və Hüseyn (ə) daxildir. Onlara görə Hüseyndən törəyənlər və cəmi 12 imam əsasdır, müqəddəsdir.

Ələvilər üç qupa ayrılırlar: şiələr, qızılbaşlar, Bektaşilər.

"Şiələr İran ələviləridir. Tükiyədəki "qızılbaşlar" özlərini bəzən türkmən adlandırırlar. Onlar Azərbaycan türkləridirlər. "Bektaşilər" isə daha çox şəhər ələviləridirlər. Dədə və ya seyid dədə adlandırılan ələvi din başçıları keçmiş türk şamanlarının rəhbəri kimi başına qırmızı papaq qoyaraq ayinləri idarə edirlər.

Odur ki, sünnilər onlara qızılbaşlar deyirlər. 5.47.

İran şiə ələvilərindən ayrılan "Əli Allahilər" - Əlini Allah səviyyəsinə çatdırır və şirkə (günaha) mübtəla olurlar ( türklər onlara da qızılbaşlar deyirlər). Şiə ələvilərdə dünya nemətinə həvəs göstərməyib, tərki dünya həyatı sürürlər. Əllinci illərə qədər Gəncədə dərvişlik edən dindarlar var idi. Dərvişlər təsəvvüf qaydalarını əməli cəhətdən öz gündəlik həyatlarında icra edən insanlardı.

Gəncənin 1804- cü ildə çar ordusu tərəfindən zəbt olunmasndan sonra may ayında aparılmış siyahıya almada Sofulu məhəlləsində 50 ev, 191 nəfər yaşadığı qeydə alınıb. 1916 -cı ilin siyahıya alınması zamanı isə əhalinin sayı 522 nəfər olmuşdur. Yerli əhali tacirlik, papaqçılıq, şirniçilik, şərbaflıqla məşğul olurdular. Varlı ailələrin Sofulu məhəlləsinin quzeyində üzüm bağı və əkin yerləri var idi.

XIX -əsrin ortaları XX- əsrin əvvəllərində həmin bağlar Məhərrəm Kərbəlayi Abış oğlunun, Hacı Qədimin və Qalalıların kəhrizinin və Şatır arxının suyu ilə suvarılardı. Məhəllədə 1870 -ci ildə künbəzsiz məscid inşa olundu. Bu məscidə yerli əhali indi də "Tatlar məscidi" deyirlər. İrandan gələn Azərbaycan türkləri rus ordusunun polkovniki Xanbaba xana məscid tikdirmək üçün onlara köməklik göstərmələrini xahiş etdilər. O, da ona məxsus torpaq sahəsini məscid üçün bağışlayır. Məscid tikilib qurtardıqdan sonra onun qibləsinin gəci düşdüyü aşkar olur. Ona görə də mehrabda namaz qılınan zaman bir az sağa tərəf durmaq qeyd olunub.

Xanbaba xan İran şahı vəliəhd Abbas Mirzənin nəvəsi, Bəhman Mirzənin oğlu, M.F.Axundzadənin kürəkəni idi. O, işi ilə əlaqədər olaraq Tiflis şəhərində yaşayırdı.

Məhəllədə ikinci bir məscid də var idi. Onu Hacı Qədim kişi tikdirmişdi.

Tatlar məscidinin otaqlarının birində Gəncə ziyalı gəncləri 1899-cü ildə Puşkin və Nizami Gəncəvi adına qiraət otağı təşkil etdilər. Gənclərdən Nəsib bəy, qardaşı Həmid bəy, Mirzə Məhəmməd Axundzadə, Xəlil bəy və Məmmədbağır bəy Şeyxzamanov qardaşları, Məmməd bəy Mirabov və başqaları bu işdə qabaqçıl mövqe tuturdular. Onlar sonralar Gəncədə xeyriyyə cəmayətləri və məktəblərinin açılmasında da yaxından iştirak etdilər.

Məhəllədə kümbəzsiz, aynasız qadın hamamı da var idi. Ona "Qaranlıq hamam" deyirdilər. İçəriyə işığın kümbəd də yerləşdirilmiş kiçik pəncərədən düşürdü. Bu hamamın suyu odunla qızdırılırdı.

Hər il məhəllə sakinləri məhərrəm ayına ciddi hazırrlıq görürdülər. Bu ayda toy etmək, şənlik məclisləri keçirmək qəti qadağan idi. Məhəllənin baş bilən ağsaqqalları gözəl səsli mərsiyaxanları əvvəlcədən behləyirdilər. Onları Talışdan, Qarabağdan, Naxçıvandan, hətta İrandan dəvət edərdilər. Mərsiyəxanlar məsciddə Kərbəla vaqiəsini söyləyir, camaatı imam Hüseynə məhəbbət, düşmənlərinə isə lənət yağdırmağa çağırardılar. Mərsiyəxanlar nohə, sinəzən, mərsiyyə söyləyərdilər. Matəmin sonuncu günü "Şəbeh"-lə başa çatırdı. Burda ən çətin iş ondan ibarət olurdu ki, heç kim Zilli Coşən, İbn Ziyad rolunu öz üzərinə götürmürdü. Bir dəfə baş bilənlər bu rolu oynayacaq şəxsi çətinliklə də olsa tapırdılar. Onlar bir kasıb erməni tapıb ona xeyli məbləğdə pul verib, başa salıdırlar ki, kiçik yaşlı uşaqlar sənə yaxınlaşıb su istəyəndə vermə, onları qılıncla hədələ. Erməni pula şirnikib razı olur. Sən demə bu erməni heç şəbeh görməyibmiş. Kiçik yaşlı uşaqlar cırıq paltarda, saçları dağınıq üzlərinə tökülmüş halda ağlaya-ağlaya yalvarıb. "Şümürdən" su istəyəndə erməni rəhmi gəlib ağlayır və deyir: "Gəlin nə qədər istəyirsinizsə için məni öyrətdilər ki, sizə su verməyim.

Şəbeh oyunu pozulur, təşkilatçılar ermənini döyürlər ki, işimizi pozdun. Erməni qorxur ki, onu öldürərlər, yalvarır ki, məni döyməyin gələn il bu cür etmərəm.

Tatlar məscidində keçirilən matəm gecələri başqa məscidlərdə keçirilən matəm gecələrdən daha maraqlı olurdu. Səbəbi bu idi ki, əsas aparıcılar İrandan gələnlər olurdu.

Məhəllənin tanınmış yerli sakinlərindən biri də Ağa Allahverdi olub. 1804-cü ildə Gəncə xanı Cavad xan öldürüldükdən sonra o, 29 nəfər ailə üzvü və yaxın qohumlarını götürüb, qızıllarını torpağa basdırıb İrana qaçır. Özünə sədaqətli bildiyi nökəri Novruza tapşırır: "Oğul mən getdim İrana, sən evdən - eşikdən muğayət ol, gördünki bu kafirlər müsəlmanxanalara dəymir, mənə xəbər göndər gəlim. Gələn kimi sənə toy edəcəm, ev - eşik sahibi olarsan". Bir neçə il keçir. Novruzdan xəbər çıxmır. Amma Gəncədən gələnlər rusların müsəlmanlara dəymədiyini söyləyirlər. Nəhayət, ağa Allahverdi yazın sonunda birinci qiyafəsində vətənə dönür. Təcili dövlətini basırdığı yerə gəlir, görür ki, yer qazılıb boş qala qalıb. Evinin qapısı qıfıllanıb. Nəalac qalıb bəzzaz dükanına gedir, görür ki, dükanında həmişə oturduğu yerdə bir nəfər saqqalı xınalı, başında buxara papaq, qabağında xor - xor qəlyan oturub. Diqqətlə baxanda bunun nökəri Novruz olduğunu görür. Öz başına qapaz vurub deyir: "İndi sən oldun Ağa Allahverdi, mən oldum keçəl Novruz". Bu zərb məsəli Gəncədə qoca kişilərdən eşitmişəm. Onun nəvəsi Allahverdi olub. O, Peterburqda təhsil alıb vətənə dönüb, Gəncə quberniya məhkəməsində andlı icracısı olub. O, 15 fevral 1854-cü ildə gümüş, 1856-ci il 23 noyabrda isə çara vicdanla xidmətinə görə qızıl medalla təltif olunub. Hər iki medalın möhürlü sənədləri məqalə müəllifindədir.

Hacı Həsən kişi də məhəllənin sayılan şəxslərindən biri olub. Onun oğlu Əhməd 1890 -cı ildə Gəncədə mətbəə tikdirib. Həmin mətbəə indi Cavad xan küçəsində yerli tarixi bina kimi qorunur. Onun əmisi oğlu Məmməd bəy Mirabov şəhərdə "İslamiyyə" adlı mehmanxana tikdirib. Bu bina indi Heydər Əliyev küçəsində uşaq poliklinikası kimi fəaliyyət göstərir. Mirabovlar bolşeviklərin gəlişindən sonra soyadlarını dəyişib Həsənov oldular.

Məhəllə sakinlərindən biri də Hacı Əli Molla Həsən oğlu Hüseynzadə (1877-1949) olub. Onun şəhərdə tütün fabiki, ticarət mağazaları olub. Mərhum sağlığında xeyriyyəçiliyi ilə ad qazanmışdı. 1918-ci ildə Zəngəzur, Goyçə, İrəvandan qovulmuş soydaşlarımıza hər cür yardım edərdi. Sağlığında ona "millət atası" deyərdilər. Mərhum 1906-cı ilə yaradılmış Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin ömürlük fəxri üzvü olub, 200 manat üzvülük haqqı verirdi. Çox yumşaq qəlbli, əli açıq imkansızlara əl tutan bir insan olub. Ağsaqqallar söyləyirdilər ki, bolşeviklər gələndə evini, fabrikini, dükanlarını könüllü dövlətə verib Bakıya köçür, kiçik bir köşk açıb qəzet satırmış. Öləndə vəsiyyətinə görə nəşini Gəncəyə gətirib qohumlarının evindən götürüblər. Qəbri "Səbiskar" qəbristanlığındadır. Sağlığında 7 oğul 2 qızı olub. Nəvələri ABŞ-da, Kanada da, Türkiyədə yaşayırlar.

Məhəllənin qocaman sakini şərbəf Nəcəf Hacı Məhəmməd oğlu danışırdı ki, bir gün Hacı Əlini at belində çiynində tüfəng, yəhərin qaşında bir neçə ov quşu gördüm. Salam verib kefini soruşdum və ovunun uğurlu olduğunu bildirdim. Başını yelləyib alçaq səslə dedi: "Qardaş oğlu dostlar üzdən saldı onlarla ova getdim. Bunlarıda mənə onlar pay verdilər. Mən quşa, heyvana güllə atmaram, onunda balası var, yazıqdır. Heç tüfəngimin patronu da yoxdur."

(ŞƏRBƏF NƏCƏF)

Usta Nəcəf Hacı Məhəmməd oğlu (1884-1967) xoş sima, təbəssümlə, asta-asta danışan, zəhmətkeş, əməksevər bir kişi idi. O, qohum-qonşuya yarayan, onların dərdini öz dərdi bilən ağsaqqal idi. Onu Gürcüstanda , Türkmənistanda, Özbəkistanda və Azərbaycanda mahir kəlağayı ustası kimi tanıyırdılar. Gəncədə ona "Şərbəf Nəcəf" deyərdilər. Onlarla şagirdi var idi.

Məhəllənin ağsaqqallarından Seyid Həmzə uşaqlarından Hacı Mir Qasım (1840-1916) olub. Adilxan Ziyad oğlu yazır: "Gəncə əhli əbədi unudulmaz Hacı Mir Qasım Həmzə-zadənin ehsanı və onun ruhuna duaçı olar ki, həmən şəxs vücudunun ali hümməti və zəkavəti səbəbilə həmişəlik dünyaya yaxşılıqla bir ad qoydu. Məzkur Hacı vəfat edib 1916-ci ilin yanvar ayında. İki il vəfatından irəli öz qardaşları ilə bahəm Gəncə şəhərində bir böyük əsaslı çeşmə binasını qoyubdur ki, onun cəmaət ayyundan muzsuz nəfibərdar olur. Bu şəxs əlsiz-ayaqsızların dostu idi". 7.63.

Mərhumun əsli Təbrizdən olub, 9 qardaş idilər. Onların Təbrizdə Seyid Həmzə məscidi indi də durur. Mərhum Hacı Mir Qasımın övladı olmayıb. Qardaşları Mir Xəlil, Mir Hacı və Mir Ağabala kasıblara əltutan səxavətli kişilər olublar.

Sofulu məhəlləsində Cavad xanın nəvəsi Əbülfət xanın (1843-...) iki mərtəbəli kərpicdən tikilmiş evi hazırda Gəncə şəhər Tarix-Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir. Atası Əli Qulu xan 1862-ci ildə Şahzadə Bəhman Mirzənin qızı Azər-Humayunla ailə qurub. Bu izdivacdan onların 3 oğlu dünyaya gəlib. İsmayıl xan Şahverdi xan, Adil xan. Oğlu Adil xan atası haqqında yazır: "Atam hər vaxt deyərdi: "Mənim övladlarım bu dünyada hər şey - dünya malı, şan-şohrət, xidmət, hökümət və s. başdan - başa fanidir. Bu dünyada daimi xoşbəxtlik yoxdur. Bu dünyada insana müvəqqəti xoşbəxtlik bəxş etməyə qadir ola bilən bir şey varsa o da mərifət, tərbiyə, elm və əməkdir. Və bu elm ocağının elmi və snəti əsərlər və kitablar şəklində Zahir olan ləzzətli meyvəsidir". 8.19.

İsmayıl xan Ziyadxanov (1867-1920) Gəncədə anadan olub. Atası Əbülfət xan Ziyad oğlu maarifpərvər, ziyalı bir şəxs olub. İsmayıl xan Gəncə Gimnaziyasını bitirib, Moskva Dövlət Universitetinin hüquq fakültəsində oxuyub, təhsilini başa vurduqdan sonra Tiflis Dairə Məhkəməsində prokuror müavini vəzifəsində işləmişdir.

1905 - ci ildə İsmayıl xan Azərbaycanın qərb qəzalarında rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan "Müdafiə" partiyasını yaradıb.

1906-ci ildə aprelin 27-də Peterburqda açılan I Dövlət dumasında Gəncə quberniyasından deputatı seçilən İ. Ziyadxanov "Xalq azadlığı" partiyasının cinahına daxil olmuşdur. Bu partiya Rusiyanın müstəmləkə xalqlarını məhəlli muxtariyyət verilməsi uğrunda mübarizə aparmışdır. Dumadakı sərt çıxışlarına görə həbs edilib 4 ay həbsdə qalmışdır. 1917-ci ildə İsmayıl xan şəhər milis rəisi vəzifəsinə təyin edilmişdir.

1918-ci ilin martın 18-dən 22-nə dək S. Şaumyanın rəhbərliyi ilə bolşeviklər milli məsələnin düzgün həyata keçirilməməsi nəticəsində Bakıda, Şamaxıda, Qubada xeyli müsəlman qətlə yetirilmişdir. S. Lalayan tapşırığı ilə Şamaxıya göndərilən quldur-daşnak qüvvələri Şamaxını xarabəliyə döndərib, əhalisini qırdılar. Bu qırğının qabağını almaq məqsədilə Gəncədən İsmayıl xan Ziyadxanovun rəhbərliyi altında silahlı dəstələr şamaxılıların köməyinə getmişlər. Bu hərbi kömək nəticəsində əhalinin tamam qırılmasının qarşısı alınmışdı. O, habelə Dağlıq Qarabağın daşnaklarının həbs olunub Gəncəyə gətirilməsində fəallıq göstərib. 9.104.

Stepan Şaumyan İsmayıl xanın cəsarət və yenilməzliyindən çəkinərək onu "Ən təhlükəli adam adlandırıb".

1918-ci ilin may ayının 28-də Azərbaycan Demokratik Respublikası elan edildi. 1918-il 6 oktyabrda İsmayıl xan hərbi işlər üzrə müvəkkil təyin edildi və dekabrın 20-ə qədər həmin vəzifəni icra etdi.

1919-cü ildə İranla Azərbaycan arasında xarici əlaqələrin yaradılmasına, səfirlik açılmasına nail olub.

1920-ci ildə Gəncə üsyanın süqutundan sonra yeznəsi Kamil Səfərəliyevin bağ evində həbs olunub və Nargin adasında güllələnib. Mərhumun Cavad adında oğlu 80-ci illərdə Bakı şəhərində yaşayırdı. Onun şəxsi mülkü Gəncə şəhər İcra Hakimiyyətinin binasının arxasında, indiki Atatürk prospektində idi. 1944-cü illərdə uşaq bağçası kimi fəaliyyət göstərirdi.

Şahverdi xan Əbülfət xan oğlu (1871-1920) Gəncə şəhər Gimnaziyasını bitirib, Moskvada Ali hərbi məktəbə daxil olub. Məktəbi qurtardıqdan sonra hərbi suvari qoşun hissələrində xidmət edib. Birinci dünya müharibəsinin iştirakçısı olub. Gəncə üsyanı yatırıldıqdan sonra həbs olunub güllələnib.

Adil xan Əbülfət xan oğlu (1872-1935) Gəncədə anadan olub. İlk təhsilini Gəncə Gimnaziyasında alıb. Sonra Moskva Dövlət Universitetinin hüquq fakultəsində oxuyub. Adil xan Bakıda vəkil işləyən zaman Bakılı Həsənağa Bakıxanovun qızı Reyhanət xanımla ailə qurur. Qardaşı İsmayıl xan ona Gəncədə iki mərtəbəli ev tikdirib. Həmin mülk indiki Veteranlar küçəsindəki Hərbi Məhkəmə binasıdır. 1918-ci ildə o Xarici İşlər naziri vəzifəsini icra edirdi. Mərhum Adil xan 1919-cu ilin aprel ayında Cümhuriyyətin İranda ilk səlahiyyətli səfiri təyin edilib. 1920-ci ilin 28 aprelində istefa verib, İran dəmir yol şirkətinə işə düzəlib. Mərhumun 1919-1920-ci illərdə Azərbaycan Respublikası hökümətinin qeyrətli ziyalılarımızın səyi nəticəsində Türk, Rus, Fransız, İngilis dillərində Azərbaycan haqqında həqiqətləri dünyaya yayan bir sıra kitabları, sənədləri çap edilmişdir. O, yazırdı: "Azərbaycanda yüz il ağalıq etmiş, rus rejimi hər vasitə ilə Azərbaycan türklərini ruslaşdırmağa, onun milli mədəniyyətini, xarakterini aradan qaldırmağa çalışırdı". A. Ziyadxanovun 1919-cu ildə Bakıda rus və fransız dillərində nəşr olunan və Azərbaycan Respublikasının nümayəndə heyyəti vasitəsi ilə Parisdəki sülh Konqresinin iştirakçıları arasında yayılan "Azərbaycan" kitabı da bu niyyətlə qələmə alınıb. A. Ziyadxanov 1934-cü ildə İrandan Türkiyəyə mühacirət edib və ömrünün sonunadək orada universitetdə müəllim işləyib.

Sofulu məhəlləsində adlı - sanlı nəsillərdən biri də Qalalılardı. XVIII-əsrin sonlarında onlar məhəlləyə ehsan məqsədilə kəhriz çəkdirmişdilər. Onların şəhərin müxtəlif məhəllələrində mülkləri indi də durur.

Gəncə üsyanında Sofulu məhəlləsinin sakinləri də yaxından iştirak ediblər. Onlardan biri də "Difai" partiyasının üzvü olmuş çörəkçi Məşədi İsmayıl Məşədi Rza oğlu olub. Onun kürəxanası indiki Univermaq ilə şəhər İcra Hakimiyyətinin arasındakı yerdə idi. Məşədi İsmayıl 1920-ci ildə Gəncə üsyanında həlak olub. Qəbri "Səbiskar" qəbristanlığındadır.

Hacı Paşa da Gəncənin sayılıb - seçilən mülkədarlarından olub. Onun şəhərdə onlarla dükanı var imiş. 1920-ci ilin may ayında Moskvada oxuyan oğlunu qarşılamağa gedəndə yolda öldürülüb.

Tanınmış etnoqraf Qaraqaşlı Qəhrəman, general Hacıbaba Zeynalov, şərqşünas professor Cahangir Nağıyev, dünya şöhrətli metallurq, professor Nadir Qasımzadə də bu məhəllədə anadan olublar.

 Ədəbiyyat:

1. F. Əhmədov. "Gəncənin tarix yaddaşı" Bakı 1998 səh.14.

2. Ərəb və fars sözləri lüğəti Bakı 1967 səh.574.

3. Əl. Qəzali "Əl - münkiz" İstanbul 1978 səh. 32.

4.Yaşar Nuri Öztürk "Kuran və sünnete göre təsəvvuf" İstanbul 1995 səh.335.

5. Şah İsmayıl Xətai II-cild 1976 səh.40.

6. Yusif Rüstəmov "Mövlanə Cəlaləddin Ruminin sufilik fəlsəfəsi" Bakı 2006 səh.47.

7. Adil xan Ziyadxanov " Azərbaycan" Bakı 1993 səh.63.

8. Adil xan Ziyadxanov "Azərbaycan" Bakı 1993 səh. 19.

9. Xanlar Bayramov "Gəncə üsyanı 1920" Bakı 2010 səh.104.

 

Hamlet Əli oğlu Allahverdiyev

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort