• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Nizami Xəmsəsinin yeni, daha yaxşı tərcüməyə ehtiyacı vardır

E-mail Çap PDF

 

Hamıya yaxşı məlumdur ki, orta əsr şeir dili fars dili qəbul edildiyi üçün dahi Azərbaycan şairi, mütəfəkkir, filosof, həkim və şeyx titullarını qazanmış Nizami Gəncəvi də bu ənənədən kənara çıxmamış və öz ölməz Xəmsəsini məhz farsca yazaraq bütün Yaxın və Orta Şərqdə məşhur olub, oradan da Avropaya yol açmışdır.

Onu da qeyd etmək yerinə düşər ki, İran ədəbiyyatı, dünya ədəbiyyatının bir hissəsi olmaqla çox zəngin ədəbi köklərə malikdir. Heç təsadüfi deyil ki, Firdovsi, Xəyyam, Sədi, Hafiz kimi dünya şöhrətli misilsiz şairləri olan bir məmləkət sözün əsl və həqiqi mənasında hər cür təqdirə layiqdir. Digər tərəfdən o dövr farsdilli ədəbiyyatının C.Rumi, Cami, Rudəki, Nəvai, Bakı kimi sənətkarlarını da nəzərə alsaq, heç şübhəsiz bu ədəbiyyatın hansı zirvədə durmasını izah etməyə ehtiyac qalmır.

Fars dili orta əsr ədəbiyyatına o qədər siraət etmişdir ki, təkcə Azərbaycanda Nizami Gəncəvi ilə bir dövrdə yaşamış Xəqani, Əbü-Əla Gəncəvi, Məhsəti Gəncəvi kimi söz ustadları deyil, ondan sonrakı şairlərdən Nəsimi, Füzuli, Xətai də bundan bəhrələnmişlər.

Ümumiyyətlə götürsək, bizim klassik şairlərin hamısı XVIII əsrə qədər fars dilindən bəhrələnmişlər. Lakin, Nizami Gəncəvi bütün bu şairlərin fövqündə dayanmışdır. Onun ölməz Xəmsəsi bütün dünya dillərinə tərcüməsi bizə imkan verir ki, onu söyləyək ki, Nizami Gəncəvi ilə dünyada ikinci bir şair yoxdur ki, onunla müqayisə edək.

Nizami Gəncəvinin əsərlərini böyük ingilis şərqşünası Blend Avropaya çıxarıb tərcümə etmişdir. Məşhur özbək şairi Əlişir Nəvai, Nizami təsiri ilə öz xəmsəsini türkcə yazmışdır. Ancaq Azərbaycanda şairin 800 illiyində bu işlər vüsət almağa başlamışdır. Şairin 800-850 illiyi ərəfəsində ümummilli liderimizin uzaqgörənliyi nəticəsində 1979 və 1981-ci illərdə iki böyük fərman imzalanmışdır ki, bu isə o zamankı sovetlər dövründə akademik Bertelsin ruscaya tərcüməsindən sonrakı dövrə təsadüf edir. Yeri gəlmişkən onu da qeyd etməliyik ki, bütün tərcümələr içərisində və dolğun məlumatlarına görə Bertelsin tərcüməsi ən gözəlidir. Bu, onunla əlaqədardır ki, o, ruslar üçün 1939-cu ildə “Fars dilinin qrammatikası” kitabını yazır. Özü böyük şərqşünas olduğu üçün bu işin öhdəsindən məharətlə gəlir. Bertelsdən sonrakı dövrdə demək olar ki, bütün dünya şərqşünasları ondan faydalanmışlar.

Azərbaycanda Heydər Əliyevin iki fərmanından sonra Nizami Gəncəvi Xəmsəsindəki beş poema tərcümə edilməyə başlandı. O dövrün tanınmış şairlərindən S.Rüstəm, M.Rahim, S.Vurğun, R.Rza, M.Rzaquluzadə, A.Şaiq və A.Sarovlu bu işi öz öhdələrinə götürdülər. Bunlardan ancaq A.Sarovlu şərqşünas alim idi, qalanları fars dilini o qədər də yaxşı bilmədikləri üçün tərcümələrdə xeyli çatışmamazlıqlar mövcuddur. Xəmsənin orijinalını oxuyub bu tərcümələrə nəzər saldıqda hiss edirsən ki, Nizami Gəncəvi kölgədə qalmış, sanki bu poemaları S.Rüstəm, M.Rahim və R.Rza yazmışdır. Ədalət naminə desək, axı bunlar Nizami Gəncəvi ola bilməzlər. Fikrimizi dəqiqləşdirmək üçün bəzi beytlərə nəzər salaq:

Orijinalda: Əz mən qoftən, ze to kar bəstən,

Kəsi bikar nəmitəvan neşəstən.

Tərcümədə: Məndən söyləməkdir, səndən eşitmək,

Bir insan əli boş qalmasın gərək.

Olmalıdır: Məndən söyləməkdir, səndən iş görmək,

Bir insan əli boş qalmasın gərək.

Ümumiyyətlə, orijinalda “eşitmək” feli yoxdur. Mütərcim belə yalnışlığa yol verməklə Nizami Gəncəvi məntiqini pozmuşdur. Nizami Gəncəvi yaxşı bilirdi ki, hər eşidilən sözə əməl edilməz. Ona görə də “işləmək” felini işlətmişdir ki, əgər işləsən əlin boş qalmayacaq və öz ruzini zəhmətinlə qazanacaqsan. Digər bir misala müraciət edək:

Orijinalda: Mikuş behər vərəq ke xani,

Ta mənaye an təmam dani.

Tərcümədə: Bir elmi öyrənmək istədikdə sən,

Çalış ki, onun da mənasını tam biləsən.

Olmalıdır: Bir vərəqi oxuduqda da sən,

Çalış ki, onun da mənasını tam biləsən.

Burada da söhbət vərəqdən gedir. Kamillikdən heç əsər-əlamət yoxdur. Sonrakı beytlərdə də məntiqsiz tərcümələrə rast gəlirik. Elm-kamil, palançı-kamil, pinəçi-kamil və s. Bu tərcümələrlə heç cür razılaşmaq olmaz. Nizami Gəncəvi kimi bir dahi ola bilməz ki, misilsiz bir Xəmsə yaratsın, ancaq sinonim sözlər tapmasın? Əslində şair elmə-kamil, palançıya-mahir, papaqçıya-usta demişdir.

Bəzən də şeir və mövzuların adları belə doğru tərcümə edilməmişdir. “Sultan Səncər və qoca dul qadın” yerinə “Sultan Səncər və qarı” kimi çevrilmişdir.

“Qarı” dialektdə, ləhcədə, şivədə deyilir. Ədəbi dildə isə “qoca qadın” deyilməlidir. Gəlin şeirdən bir neçə misranı müqayisə edək:

Zülm edib bir qarıya çox uddurmuşdular qan,

O da Sultan Səncərin tutaraq yaxasından.

**********************************

Zülm edib bir qoca dul qadına çox uddurmuşdular qan,

O da Sultan Səncərin tutaraq yaxasından.

Gəlin hər iki beyti müqayisə edək:

“Qarı” demək daha güclü və obrazlı alınır, yoxsa “dul qadın”? Əlbətdə, ikinci variant daha münasibdir ki, mütəfəkkir şair də məhz onu deyib. Biz nə karəyik ki, filosofun dediklərini təkzib edək?

Belə nümunələrin sayını artırmaq da olar. Ancaq buna ehtiyac hissi duymuruq. Demək istəyirik ki, yalnız Nizami Gəncəvi kimi fenomenal bir şəxsiyyətin əsərlərinin yalnız yeganə tərcüməsi ilə kifayətlənməz olmaz.

Azərbaycanda akademik Həmid Araslı və professor Rüstəm Əliyevin yazılarından başqa Nizami Gəncəviyə dəqiq yanaşan olmamışdır. Onların güclü şərqşünas olduqları aydındır.

Göstərdiyimiz tərcümələrdən başqa ayrı-ayrı mütəxəssislər Nizami Gəncəvi Xəmsəsindəki poemalardan tərcümə etmişlər. Lakin, Xəlil Rza Ulutürk, M.Zəkiyev və X.Yusiflinin tərcümələri heç də əvvəlki tərcümələrdən fərqlənmir, bəlkə də onlardan bədiilik cəhətdən geri qalır. Yanlışlıqlar da mövcuddur.

Bütün bu yazdıqlarımızın nəticəsi kimi onu demək istəyirik ki, Nizami Gəncəvi kimi dahi bir şəxsiyyəti tək bir nəfərin tərcümə etməsi mümkünsüz görünür. Bura Nizamişünas alimlər, bacarıqlı şərqşünaslar, təcrübəli tərcüməçilər və əruzu yaxşı bilən şairlər lazımdır. Bunun üçün imkan vardır. Respublikamızda belə insanlar vardır. Sadəcə olaraq dövlət səviyyəsində onları bir yerə toplayıb bu işin öhdəsindən gəlmək olar.

Onu demək kifayətdir ki, Nizami Gəncəvi farsca yazmasına baxmayaraq, İranda onu hamı oxuyub anlasa da, elə bir il yoxdur ki, İran alimləri Nizami mövzusuna toxunmasınlar. İranda ən azı 500 müəllif Nizami Gəncəvi və onun əsərlərinin təhlili haqqında yazmışlar. Bu bitməz-tükənməz mövzu bu gün də davam edir.

Böyük İran alimi Vahid Dəstgerdi Nizami Gəncəvini 100 dəfədən çox oxumuş və alimlik ömrünün 30 ilini şairin həyat, yaradıcılığı və əsərlərinə həsr etmişdir. Alimin özünün yazdığına görə, hər dəfə Nizami Gəncəvini oxuduqda yeni fikirlər kəşf etmişdir. Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, indi İranda Nizami Gəncəvinin 900 illiyinə hələ 30 il qalmış hazırlıq işləri görülür.

Çox nəfis şəkildə şairin Xəmsəsi həm fars, həm də ingilis dilində nəşrə hazırlanıb bütün dünyaya yayılmaq məqsədini güdür. Fikrimcə, biz də qabaqlayıcı tədbirlər görməliyik. Onu da qeyd edək ki, böyük ustadımız, professor Rüstəm Əliyev vaxtilə Nizami Gəncəvi Xəmsəsinin mətnini hazırlamışdı. O mətn indi Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Onu əsas götürərək respublikamızın görkəmli alim, şərqşünas və güclü şairlərindən ibarət 7 nəfərlik bir heyət seçib bir il müddətinə onların maaşları qədər əlavə mükafat verməklə bu vəzifənin öhdəsindən gəlmək olar. Aşağıdakı alimlər məqsədəuyğun hesab edilir:

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini akademik T.Kərimi, həmin İnstitutun Ədəbiyyat şöbəsinin müdiri professor N.Araslı, AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun fars ədəbiyyatı şöbəsinin müdiri f.e.d. M.Nağısoylu, həmin şöbənin baş elmi işçisi f.e.d. N.Göyüşov, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri t.e.d. şərqşünas-alim, qəzəlxan, professor Ş.Fazil, Nizami Gəncəvi adına Muzeyin beynəlxalq əlaqələr üzrə xarici şöbənin müdiri f.e.d. Ş.Əlibəyli və Gəncə Dövlət Universitetinin Xarici Dillər kafedrasının filologiya üzrə fəlsəfə doktoru, şərqşünas, mütərcim, "Fars dili" dərslik kitabının müəllifi, bizi ilk dəfə BMT və YUNESKO-da tanıdan dünya şöhrətli şairimiz Nizami Gəncəvini Azərbaycan oxucusuna olduğu kimi çatdıra bilərlər.

Nizami Gəncəvi bizim üçün hər şey etmişdir. Biz də ona olan borcumuzu ancaq bu yolla qaytara bilərik.

İstifadə olunan ədəbiyyat:

1. Ağamirov C. Nizami yaradıcılığı. Gəncə 2005.

2. Ağamirov C. Nizami və türklük. Gəncə 2008.

3. Araslı H. Nizami Gəncəvi. Bakı 1947.

4. Araslı H. Şairin həyatı. Bakı 1967.

5. Araslı H. Nizami Gəncəvi "Sirlər Xəzinəsi". Bakı 1981.

6. Bertels Y.E. Nizami Gəncəvinin 5 poeması. Moskva 1968.

7. Dəstgerdi V. Nizami Gəncəvi. Tehran 1318.

8. Əliyev R. Nizami və dünya ədəbiyyatşünaslığı. Bakı 1981.

9. Əhmədov Ə. Nizami elmşünas. Bakı 2001.

10. Nizami Xəmsəsi. Bakı 1981-1982.

 

Cahan Mirbaba oğlu Ağamirov

Nizami Gəncəvi əsərləri yenidən Azərbaycan dilinə tərcümə edilməlidir.

Xülasə:

Məlumdur ki, dahi şair Nizami Gəncəvi öz Xəmsəsini fars dilində yazmış və bu 5 dastan dünyanın əksər dillərinə tərcümə edilmişdir. Onun Azərbaycan tərcüməsi variantında xeyli təhriflərə rast gəlinir. Ona görə də müəllif öz elmi məqaləsində haqlı olaraq məsələ qaldırır ki, şairin əsərlərinin yenidən daha mükəmməl tərcüməyə ehtiyacı vardır.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort