• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Həmid Araslı

E-mail Çap PDF

 

 

Həmid Araslı 1909-cu ildə Gəncədə ruhani ailəsində anadan olub. Həm də elə belə ruhaninin yox, din və dinşünaslıq aləmində məşhur olan, islami mətləblərlə bağlı bir sıra kitabların, məqalələrin, tərcümələrin müəllifi Məmmədtağı Ərəszadənin ailəsində. Ərəszadənin ərəbcədən tərcümə etdiyi "Təşrih-i fəraiz"i bu gün əldədir. Axund Məmmədtağı dini publisistikada hətta Mirzə Ələkbər Sabiri də şikayətlənməyə vadar edəcək qədər fəal imiş...

Qəzetə şeir aparan Sabir hər dəfə Həmid Araslının atası Ərəszadənin uzun yazılarının səhifəyə qoyulması səbəbilə "yerimiz yoxdur" cavabını eşidəndən sonra dözməyərək bir taziyanə də yazıb:

 Molla Ərəszadənin, vah, yenə mabədi var,

 Yazdığının yox sonu, ənənə mabədi var.

 Gündə çıxan qəzetənin bircəsi boş keçməyir,

 Bir gecəlik mətləbin min sənə mabədi var.

Təbii ki, Məmmədtağı Ərəszadə çox istəyirdi özünün də dində, dinşünaslıqda mabədi - davamı olsun və oldu da.

Atasını da, anası Dürrəbəyimi də erkən itirən Həmid ailəsinin məzacına və dövrün dəbinə uyğun olaraq mollaxana təhsili almağa başlayır. 6 yaşında Gəncədə, Şah Abbas məscidinin nəzdindəki mədrəsəyə verilən Həmid 11 yaşında bu ürfan evindən ayrılanda artıq ayrı zaman başlanırdı. Şuralaşan Azərbaycana bilikli ruhanilər yox, savadlı müəllimlər lazım idi.

Həmid Arasılı Gəncə darülmüəlliminə - kişi müəllimlər seminariyasına daxil olur və 1921-1926-cı illərdə orada savad alır.

Həmid müəllim sonralar da çox oxuyur - həm saysız-hesabsız kitabları mütaliə edir, həm də təhsilini artırır.

1929-cu ildə Həmid Araslının Bakı həyatı başlayır. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur. Institutu vaxtından əvvəl bitirib 1932-ci ildə Gəncə şəhərinə qayıdaraq maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunur. 1932-ci ildə Bakıya gəlib aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərq şöbəsində müdir işləyir. Həmin illərdə Şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmaq kimi mühüm bir işə başlayır və tezliklə yaratdığı fondun direktoru olur.

Hələ institutda oxuduğu illərdə Şərq ruhlu, Şərq mədəniyyətli, Şərq zövqlü, Şərq etiqadlı ziyalı gənc idi Həmid Araslı. Sonralar tələbələrinə də məhz bu yolla getməyi məsləhət görürdü.İnstitut illərində “Gənc qələmlər cəmiyyəti” nin üzvü,komsomolçu şair olub.O vaxtdan Araslı Azərbaycan və şərq əlyazmalarını toplayıb Əlyazmalar fondunu yaratmaq kimi mühüm işə girişərək milli əlyazma irsini tədqiq etmək işinə xüsusi maraq,qayğı göstərir.Əbəs yerə deyil ki, 40-50-ci illərdə o,Nizami adına Ədəbiyyat institutunda əlyazma və mətbu əsərləri,yazıçıların şəxsi arxivlərini alan komissiyanın sədri olur.

Həmid müəllim gəncəliydi və 1920-ci ilin mayından, Şuralar tarixinin ilk ən möhtəşəm antisovet üsyanından,yəni Gəncə üsyanından sonra bu şəhərdən olanların hər birinə dövlətin şübhəli, belbağlamaz münasibəti vardı. Üstəlik, bu cavan camaat arasında xüsusi sayğı bəslənən nəslin, hörmətli-izzətli bir dinçi ocağın törəməsiydi, yazı-pozu ilə məşğul idi.Və nəhayət 1937-ci il yetişir.Həmid Araslının yaşı elə idi ki, əsl tutulası vaxtı idi.Ancaq tale onu qoruyur.

Həmid Araslının da minlərlə parlaq ziyalımızdan biri kimi qurban getməsi mümkün idi və onun millətimiz üçün nə qədər əhəmiyyətli bir sima, müstəsna şəxsiyyət olduğunu dolğunluğu ilə təsəvvür etməkçün bir anlıq mütləq fərz etməliyik ki, Həmid müəllimi itirsəydik, nələrsiz qalardıq, hansı boşluqla üzləşərdik.

Həmid Araslı 1930-cu illərdə ədəbiyyatşünaslığa gələndə, qədim söz sərvətlərimizi araşdırmağa başlayanda artıq bu yolun qüdrətli yolçuları, parlaq cığıraçanları yetərincə "seyrəldilmişdilər". Firidun bəy Köçərli 1920-dəcə güllələnmişdi. Salman Mümtaz, Hümmət Əlizadə, Əmin Abid, Vəli Xuluflu, Hənəfi Zeynallı... və kimlər,kimlər.....ədəbiyyatşünaslığımızda kəsərli sözü, çəkisi olan hər kəs məhv edilirdi. Keçmiş mədəni mirası öyrənmək həyat üçün təhlükəli bir məşğuliyyətə çevrilmişdi. Ayrı-ayrı xalqların milli simalarını asta-asta qeyb etdirərək onları bir-birində itirmək, qatmaqarışıq və məchul bir sovet xalqı kimi şəkillənən kütlə yaratmaq başlıca məqsədi olan təzə ideolojinin nəzərində inadla dünəni eşələmək, milli yaddaşı dirçəltmək elə düşmənçiliyə bərabər əməl idi.

Təsadüfi deyil ki, 1937-ci ildə artıq aspiranturanı da, namizədlik dissertasiyasını da bitirən, bir neçə elmi kitabın və dərsliyin müəllifi, Yazıçılar İttifaqının üzvü Həmid Araslını yaradıb rəhbərlik etdiyi Şərq Əlyazmaları Fondunda məhz sovet məfkurəsinə zidd əski əlyazmaları toplayıb tədqiq etdiyinə görə tutduğu vəzifədən də, komsomoldan da xaric edirlər.

Bu xaricetmədən həbsxanaya isə bircə addımlıq yol qalırdı. Lakin,atdığı hər addımın məsuliyyətini başa düşən Həmid müəllim növbəti öülm-qalım addımını da uğurla ata bilir.

Araslının başqa qorxunc günahı da vardı - bir çox dünya kəşfiyyatlarının casusu damğası vurulan keçmiş müəllimi Bəkir Çobanzadə ilə müntəzəm yazışması və onunla dostluq əlaqələri qurması.Zaman o zaman idi ki, kimi aparırdılarsa, əsərləri də yığılır, yandırılır, yasaq edilirdi.

Amansız dövrü bilənlər bilir ki, həmin məqamda Həmid Araslının etdiyini etmək sadəcə bir ədəbiyyatşünasın doğrunu ifadə etməsi deyildi. Əsl qəhrəmanlıq idi. Həmin sözü deməkçün ayağa qalxmaq dövrün şərtləri içində o dünyaya gedib gəlməyə bərabər idi.

Əlbəttə ki, insan Cənnəti mərdanəliyin və dəyanətin sınaqdan çıxdığı belə anlarda qazanır.

Və əlbəttə ki, Həmid Araslının yeri Behiştdir.

Ömrünü həsr etdiyi Nizaminin, Füzulinin yanı...

Nizamişünas alim Rəfael hüseynovun dediyi kimi :”Bu gün Azərbaycan balaları böyüyür. Aralarında neçə Oğuz, neçə Beyrək, neçə Tural, neçə Selcan...

Mən çox istəyirəm ki, həmin Oğuzlar, həmin Beyrəklər, həmin Turallar, həmin Selcanlar, bütün indililər və sabahlılar bilsinlər ki, Dədəmizin Kitabını, Qorqud söyləmələrini bu xalqın ruhuna hopduran, nəcib əməlini yerinə yetirərkən olmazın sarsıntılara məruz qalan ilklərdən birincisi də Həmid Araslı olub”.

Azərbaycan kommunistlərinin rəhbəri Mircəfər Bağırov partiyanın XVIII qurultayındakı çıxışında "Kitab-i Dədə Qorqud"un daşını daş üstdə qoymur: "Bəzi ədəbiyyatşünaslar və yazıçılar siyasi sayıqlığını və məsuliyyət hissini itirərək uzun illər ərzində bu zərərli, xalqa zidd kitabı Azərbaycan eposu adı ilə təbliğ etmişlər. "Dədə Qorqud" xalq eposu deyildir. Bu kitab başdan-başa soyğunçuluq və qırğın məqsədilə Azərbaycana gələn oğuz köçəri tayfalarının hakim yuxarı təbəqəsini tərifləməyə həsr edilmişdir. Bu kitab tamamilə millətçilik zəhərilə doludur, müsəlman olmayan başqa xalqlara, əsasən qardaş gürcü və erməni xalqlarına qarşı yazılmışdır".

1951-ci il may ayının 5-də "Ədəbiyyat qəzeti" "hiddətlənirdi": "Pantürkistlər tərəfindən Azərbaycan ədəbiyyatının qədim abidəsi kimi qələmə verilən "Dədə Qorqud" eposunun mürtəce burjua millətçilik mahiyyəti son zamanlaradək ifşa edilməmişdir.

Deyirdilər ki, "Dədə Qorqud" eposunun Azərbaycan xalqı ilə, onun tarixi, folkloru və dili ilə heç bir əlaqəsi yoxdur. "Dədə Qorqud"da Azərbaycan xalqı üçün yabançı olan həyat tərzi, adət və ənənələr təsvir edilib.

"Dədə Qorqud" eposunun açıqdan-açığa mürtəce və burjua millətçilik mahiyyəti daşımasına baxmayaraq, bəzi ədəbiyyatşünaslar və dilçilər, xüsusilə H.Araslı və Dəmirçizadə bu eposu geniş təbliğ etməyə başlayaraq onu Azərbaycan xalq yaradıcılığının "görkəmli" abidəsi kimi, X və XI əsrlərdəki həyat tərzi, adət və ənənələri haqqında guya ən mötəbər təsəvvür yaradan "çox böyük tarixi abidə" kimi qələmə verirlər.

Həmin ərəfələrdə Həmid Araslı yüksəlişdə idi. 1940-1941-ci illərdə yeni yaranan Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində elmi katib vəzifəsində çalışırdı. O vaxtdan 1945-ci ilə qədər qurulması davam edən ekspozisiyanın mətninin müəllifi, baş məsləhətçisi və rəhbəri də o idi.Bununla yanaşı, Ədəbiyyat institutunda qulluqdaydı, 1941-ci ildə orada Qədim ədəbiyyat şöbəsini yaradaraq ilk müdiri də özü olub, 1945-də isə irəli çəkilərək institut direktorunun elmi işlər üzrə müavini təyin edilib.Həmid Araslı 1943-cü ildə "XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı tarixi" mövzusunda dissertasiya müdafiə edərək alim adına layiq görülən barmaqla sayılacaq qədər az araşdırıcılardan idi.1944-cü ildə isə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə seçilmişdi.

Və qəfildən təqiblər başlanır.

Sovet hökuməti insanı bir an içində zirvədən yerə çırpmaqda mahir idi, bu rəzalətin bütün məkrli fəndlərinə bələd idi.

Araslı bir göz qırpımında tutduğu bütün vəzifələrdən xaric edilir.Ancaq o sınmır,əyilmir,öz araşdırmalarını davam etdirir.

Alim Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi hadisə olmadığını, şairi ictimai-mədəni yüksəlişlə səciyyələnən əlamətdar bir dövr, mərhələnin yetirdiyini söyləyir. H.Araslı Nizaminin Qumdan olması haqqındakı əfsanəni də alt-üst edib.

Alim digər Şərq xalqlarının ədəbi irsinə də geniş maraq göstərib, Azərbaycan ədəbiyyatı və klassiklərimizlə bağlı olan Şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini də tədqiq edib, orta əsrlər Azərbaycan ədəbiyyatının əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi də məşhurlaşıb.

Həmid Araslının 1961-ci ildə Vətəninə və Vətən övladlarına yazdığı məktubda bir qədim bayatı vardı:

Apardı çaylar məni,

Həftələr, aylar məni.

Yüküm qurğuşun idi,

Yordu bu taylar məni.

Onun çiynində daşıdığı ürəyində, beynində, varlığında gəzdirdiyi, həyatı boyu qayğısını, təəssübünü çəkdiyi yük qurğuşundan qat-qat ağır Söz Yükü idi.

Bu müqəddəs yükü şərəflə daşıyanlarsa heç zaman yorulmaz!..

Böyük alim, akademik Həmid Araslı kimi.

 

                                                                                                                                                                                                                                                                                                                                                                                                          1-ci hissə

                                                                                           2-ci hissə

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort